Sözə ehya veriləndə...
Ver
sözə ehya ki, tutduqda səni xabi-əcəl
Edə hər
saət səni ol uyğudan bidar söz
Füzuli
Füzulinin poetik olmayan şeiri yoxdur. Füzulinin
poetikası – Füzulinin şeiri deməkdir. Poetika şeirin geyimi, forması, bəzəyi –
sözün hüsnüdür.
Çox
gözəl bir nəzmdir kim,
vermiş
ustadın əli
Hüsni
– məzmunu ibarətlə
bu
cür zinət ona
Hüsn zəncirinə
hər kəs
bağlanıb olmuş əsir
Çoxları
şəklinə heyrandır,
çoxu
məzmununa. (III c. s.12)
Bu beytlərin müəllifi dahi Füzuli “şeir fəziləti
də bir elmdir” – deyirdi.
Poetika şeir fəzilətinin – şeir elminin sirri deməkdir. Bu sirri
açmaq Allahın işinə qarışmaq qədər
çətin və günahdır. Çünki
“söz yaradanın mədhi sənası – nəğməsidir
ki, o qeybin gizli aləmində həqiqətlər cəvahirindən
ətək-ətək şabaş edib qeyri-məhdud xəzinələr
yaratmış, məhdud hərflərin dəyişməsi ilə
hər xəzinəyə bir açar ixtira etmişdir” (III c.
s. 12)
Füzuli şeiri poetik bir tilsimdir. Onu açmaq
üçün Şərq poetikasını, sufizmi, islam
ehkamlarını, dinin sirlərini, sözün sehrini, ərəbin
zehniyyətini, farsın duyğusal aləmini, Şərqin
üç əsas dilində – ərəb, fars və türkcə
qəzəlini batini aləmini, müəmma sənətini
bilməlisən.
“Müəmma əslən ərəbcədir. Örtmək,
gizlətmək mənasında olan təmiyə sözündən
düzəldilmiş sifətdir.
Müəmma qədim ədəbiyyatımızda
mühüm yer tutur, xüsusən şairlər bu şəklə
daha çox əhəmiyyət verirdilər.
Çünki müəmma yazmaq və onu aça bilmək,
xüsusi hazırlıq tələb edir. Çətin
müəmma yaza bilmək üçün bir neçə
dil bilmək, əbcəd hesabının müxtəlif elmlərinin
rəmzi mənasını yaxşı mənimsəməklə
bərabər, məharətli tapmaca qurmağı bacarmaq, tiz
fəhmlik tələb olunur” (akademik Həmid Araslı).
Füzuli şeiri başdan ayağa poetik müəmmalarla
doludur. Onun
poetik füqurları
bədii- fəlsəfi müəmma
yuvalarıdır. Gözəlin yaşmağını
açmadan onun dodağının qönçə, dişlərinin
sədəf, dilinin şəkər olduğunu müəyyən
etmək olmaz:
Dəhənin
dərdimə dərman
dedilər cananın,
Bildilər
dərdimi, yoxdur
dedilər dərmanın.
Əlsində
dəhan – ağız yoxdur: dodaq var, dil var, diş var – bir də
onların yerləşdiyi nəfəs boşluğu. Qəlb sözün yuvası, ağız isə
sobasıdır. Söz bu sobada bişib,
yetişib aləmə çıxır. Təsadüfi
deyil ki, ulular “Sözü ağzında bişirib
çıxar!” – deyiblər. Füzulinin bir dənə də çiy, bişməmiş
SÖZ-ü yoxdur.
Ey
camalın “qülhüvallahü – əhəd”
Surətin
yazısı “Allahus – səməd”
– belə deyirdi Füzulidən xeyli əvvəl
İmadəddin Nəsimi! Orta əsrlər
poeziyasında Söz özündə kainatın min bir sirrini əks
etdirən insan hüsnünü vəsf etmək
üçün lazım idi. Fəqət ev
təkcə təsvir vasitəsi deyil, varlığında həqqin
nurunu gəzdirən surəti açmaq üçün yeganə
açar idi:
Heyrət,
ey büt, surətin
gördükdə lal eylər məni,
Surəti
– halım görən surət
xəyal
eylər məni.
Füzuli şeirinin novatorluğu, bədii-poetik bənzərsizliyi
haqqında çox yazılıb. E.Bertels, B.Çobanzadə, Mir Cəlal,
H.Araslı, Ə.Cəfər, Məmməd Cəfər,
M.F.Köprülü, M.Quluzadə, S.Əliyev kimi
füzulişünaslar bu istiqamətdə də dəyərini
zaman-zaman qoruyub saxlayan mötəbər söz söyləmişlər.
Onların fikirlərinə qədrşünaslıq ifadə
edir və bildiririk ki, hər zamanın, hər nəslin öz
Füzulisi var. Klassikin dahiliyi də elə məhz bundadır
ki, o hər gələn nəsillə, hər yeni tarixlə
yenidən doğula bilir. Dahilər
üçün, dahiyanə Söz üçün zaman
anlayışı yoxdir, o heç kəs və nə ilə
hesablaşmır. Çünki “Füzuli
şeiri üslub, sənət və bədii keyfiyyətcə
indiyə qədər heç bir şairin çıxa bilmədiyi
bir pillədə durur.
...Əsl şeir dil ilə musiqi arasında xüsusi bir
sənətdir. Şeir dilin musiqisi və musiqinin dilidir”
(Əkrəm Cəfər).
Füzulinin şeiri, onun poetikası haqqında onun
müasiri Əhdi Bağdadidən tutmuş bu günə qədər
çox dəyərli mülahizələr söylənilib. Müxtəlif
məqalələr nəzərə alınmazsa Azərbaycanda
Füzulinin poetikası haqqında ilk monoqrafik tədqiqatı
1940-cı ildə Mir Cəlal yazıb. Böyük
yazıçı və alim Füzuli poetikasının
kamilliyini qeyd etmək üçün yazır: “Füzuli
yalnız Azərbaycan xalqının,
yalnız öz əsərinin deyil, bütün bəşəriyyətin,
renessans dövrünün, böyük sənətin
böyük oğludur...
Füzuli sənətinin qüdrətini,
miqyasını, məziyyətlərini təhlil və təyin
etmək bir nəfərin, bir elmi məktəbin, hətta bəlkə
də bir elmi nəslin işi deyildir” (professor Mir Cəlal).
500 ildən artıqdır ki, tarix özü Füzuli
poeziyası ilə məşğuldur. Fəqət,
hələ Füzuli şeirinin poetik sehrindən baş
aça bilmir, onun qarşısında sevgisini və acizliyini
etiraf etməklə məşğuldur. Çünki
“Füzuli böyük lirikdir... ədəbiyyat tarixində hər
şairə bu ad verilmir. Böyük lirik
hər şeydən əvvəl həssas dahi insan,
böyük mütəfəkkir deməkdir. ...Füzuli
sənətinin iki əsas canlı məsdəri var: eşq və
idrak... Füzuli sevirdi. Füzulini
başa düşmək üçün hər şeydən
əvvəl sevən qəlbə malik olmaq lazımdır”
(akademik Məmməd Cəfər). Sevən qəlb : – Füzuli şeirinin enerji mənbəyi
buradadır. O, həm eşqin, həm də qəmin
yuvasıdır. Füzuli lirikası bu ülviyyət
yuvasından pərvazlanır.
Şərqdə şair olmaq çətin və şərəfli
idi. Çünki Şərq cəmiyyətləri
yüksək əxlaq, mənəviyyat üzərində
qurulmuşdu. Füzuliyə qədər Firdovsi, Əbu
Nüvas, Xaqani, Nizami, Hafiz, Şirazi, Nəsimi, Nəvai kimi
dahilər həm Şərq poetik kanonlarını, həm fəlsəfi
təlimlərini məhz insana böyük sevgi ifadə edən
humanizm-mənəviyyat üzərində qurmuşdular.
Bayrağında humanizm sözü yazılmış,
emblemində insan həkk olunmuş Şərq İntibahı
da, Xaliqin Məxluqa qovuşması haqqında mistik təlim
olan sufizm də nurunu Tanrıdan almış mənəviyyata əsaslanırdı. Füzuli
poetikası özündə İslam əxlaqını yaşadan
türk mənəviyyatının ecazkar Söz çələngi
idi.
Füzuli poetikasını, Füzuli Söz-ünün
ecazını adi təfəkkürlə, yer düşüncəsi
ilə açmaq olmaz. Çünki bu Söz səmadan – ərşdən gəlirdi:
Sözə
xor baxmaq olmaz; hər bir söz
Ərşdəndir gəlib hədiyyə bizə.
Ərşdən gələn Söz fərqini – yerin bəzəyi
olmaq üçün insanın qəlbində məskən
salır. “İlahi feyzdən bir xəzinə” olan “söz
yaradanın mədhi-sənası – nəğməsidir ki, o
qeybin gizli aləmində həqiqətlər cavahirindən ətək-ətək
şabaş edib qeyri-məhdud xəzinələr yaratmış,
məhdud hərflərin dəyişməsilə hər xəzinəyə
bir açar ixtira etmişdir” (III.c s. 12). Cism ilə can
kimi söz də mənadan asılıdır deyirdi Füzuli
kimi sözün şəklinə – hüsnünə, kimisi də
mənasına vurulur. Canı cismdən, ruhu bədəndən
ayırmaq mümkün olmadığı kimi, sözü də
mənadan ayırmaq mümkün deyil. Füzuli
sözü mənalı sözdür, çünki onun əsasında
elm dayanır. Və bizim fikrimizcə bu təkcə
yer insanının tanıdığı – həyatdan, müəllimdən,
kitablardan öyrəndiyi elm, elmi idrak deyil. Bəlkə də daha çox səmadan Günəşin
şüası, Ayın ziyası ilə süzülüb gələn
elmi fəhmdir. Şair məşhur qəzəllərindən
birində yazır:
Nə
bilir oxumayan
müshəfi-hüsnün şərhin
Yerə
gökdən nə üçün endigini
Quranın
(I c. s.
194)
Füzuli deyir ki, müshəf olunmuş – lülələnmiş,
bükülü kağızda olan hüsnün-yazının
şərhini oxumayan Quranın göydən yerə enməsinin
mənasını bilə bilməz. O gizli surəti gözlə, qulaqla
yox, fəhmlə oxuyan, duyan, bilən Quran hikmətinə vaqif
ola bilər. Füzulinin
poetikası da belədir; onu “qəvandi – ədəbiyyə”
terminləri ilə açmaq olmur. Füzuli
poetikasının sehrini – həm şəklini və həm də
mənasını şərh etmək üçün bir əlin
ərşdə, bir əlin fərşdə olmalı, səmadan
nazil olmuş dörd müqəddəs kitabı –
“Tövrat”ı, “Zəbur”u, “İncil”i və “Quran”ı dərindən
bilməlisən. Füzuli
poetikasını açmaq ulduzlara yol açmaq qədər
çətindir. Farsca şeirlər “Divan” ının da barəsində
şair etiraf edir ki, “çətin anlaşılan ibarələr
və məzmun incəliyinə qarşı
yaradılışında bir məhəbbət vardır” (III
c. s.16). Füzuli bir dənə də olsun nə
artıq nə də təsadüfi söz işlətməmişdir.
“Çətin anlaşılan sözlər” dedikdə o, məcazi,
müəmmalı, poetik baxımdan mükəmməl sözləri nəzərdə
tutur. Bəziləri uzun müddət Füzuli şeirini poetik
çətinliyini şairin ərəb, fars
sözlərində istifadə etməsi ilə əlaqələndirmişlər.
Böyük dilçi Ə.Dəmirçizadə “Ədəbi
dilimizin inkişafında Füzuli mərhələsi” adlı
qiymətli əsərində bu məsələyə
doğru izah verir: “Füzuli elə ərəb və fars
sözləri seçilib işlətmişdir ki, bunların
bir qismi hələ Füzulidən çox qabaq Azərbaycan
dilinə daxil olmuş və azəriləşmişdi, digər
qismi isə qısa, yüngül, asan olduğu
üçün, tezliklə mənimsənilə bilən,
güman ki, Füzuli qəzəlləri vasitəsilə daha
çox yayılan və azərbaycanlılar tərəfindən
sonralar mənimsənilmiş olan sözlərdir”. Füzuli dilə hakim olan sənətkardır.
O, Şərqin üç böyük – üç əsas
dilində ərəb, fars və türk
dillərində Şərq ədəbiyyatının əsas
lirik janrı olan qəzəl nümunələri
yaratmışdır. Bir daha xatırladaq ki, Əbu Nüvas ərəb
qəzəlinin, Hafiz fars qəzəlinin, Nəvai Türk qəzəlinin,
Mövlanə Füzuli isə həm ərəb, həm fars,
həm də türk qəzəlinin ustadı hesab oluna bilər.
Əslinə baxsan Füzuli poetikası
Füzuli qəzəlinin poetikası deməkdir.
Füzuli yazıb: “Qəzəl aşiqin könül dərdini
mərhəmətli sevgilisinə açması və ya məşuqun
öz halını sadiq aşiqinə bildirməsidr... Qəzəlin özünəməxsus bir dili və
müəyyən kəlmə aləmi vardır” (III c, s. 16).
Qəzəldür
səfabəkşi – əhli-nəzər
Qəzəldir
güli-bustani-hünər
Qəzəl
bildirir şairin qüdrətin
Qəzəl
artırır nazimin şəhrətin
Qəzəl
de ki, məşhuri dövran ola
Oxumaq da,
yazmaqda asan ola.
Burada orta əsrlər nəzəri fikrinin qəzələ
verdiyi əsas nəzəri tələblər öz poetik əksini
tapıb. Dahi şair öz şeirlərini təvazökarlıqla
“dünya görməmiş yeniyetmələr, qürbət
çəkməmiş yetimlər” (III c. S. 19)
adlandırırdı. Çox çəkmədi
ki, bu yeniyetmələr və yetimlər öz hüsnü, zərif
ruhu və dərin fəlsəfəsi dünyanı fəth
etdi, onlara təslim olmayan bir dənə də olsun şeirsevər
qəlb qalmadı, Muğam pərisinin qanadlarında
könülləri ehtizaza gətirdi. “Füzuli
yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı
janr və forma cəhətdən inkişaf edərək
yüksək zirvəyə qalxmışdır. Birinci növbədə lirik şeir formaları
Füzulinin qüdrətli qələmi ilə
canlanmış, ideya və bədii cəhətdən qüvvətli,
ahəngdar və təsirli olmuşdur. Azərbaycan
bədii dilinin, onun bədii təsvir və ifadə vasitələrinin
zənginləşdirməkdə, şeirin canlı xalq dili ilə
əlaqələrini möhkəmləndirməkdə
Füzulinin xidmətləri xüsusilə böyükdür”
(Professor Mirzağa Quluzadə).
Füzulinin poeziyası XIII-XVII əsrlərdə çiçəklənən oğuz – səlcuq mədəniyyətinin bədii- fəlsəfi yekunu, onun dili həmin mədəniyyətin linqvistik mərhələsi idi. Füzulinin poetikası dərin mənalar üzərində bərqərar olan kamil bədii forma idi. Füzuli ədəbiyyatımıza türk sözünün yeni çoxmənalı – məcazi imkanlarını gətirdi. Füzuli özünə qədər dəbdə olan elm dili – ərəbcənin, şeir dili – farscanın qarşısına türk sözünün elmi poetikasını çıxardı. Türk dilinin haləsi Füzuli istedadından nurlanaraq təkcə Azərbaycan, təkcə türk deyil, bütün Yaxın Şərq ədəbi aləmini nura qərq etdi. Məhz Füzuli ecazı sayəsində türk dili öz mehvərindən çıxaraq dünyəviləşdi. Bu dil yenilməz türk ruhunun bədii tərcümanı idi.
Füzuli poetikasının əsasında elm və şeir dayanır, onun şeirini açmaq üçün elmini dərk etmək lazımdır. “Bu qoşa zehni düşüncə yönümləri bir-biri ilə qarşılıqlı təmasda olmuş, biri digərini nəzarətdə saxlamış, bir-birini şərtləndirib pərvazlandırmış, son nəticədə bədrlənib alim-şair Füzuli möcüzəsini yaratmışdır” (professor Sabir Əliyev).
Şərq şairlərinin bəlkə də, heç birində intellekt, söz və ruh bu qədər üzvi şəkildə, bu qədər səmimi tərzdə birləşməyib. Füzuli şeiri saf və səmimidir, burada dil ülviyyət məqamında dayanır. Çünki bu dil ilahi hüsnü, pak eşqi və müqəddəs kədəri tərənnüm edir.
Füzuli poetik sisteminin birləşdirici qüvvəsi, düyün nöqtəsi, eləcə də şairin lirik qəhrəmanı “Məndə Məcnundan füzun şairlik istedadı var // Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var” deyən Füzuli özüdür.
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
filologiya elmləri doktoru, professor
525-ci qəzet.-
2014.- 25 yanvar.- S.19.