Xarakterik rənglər
axtarışında
Son bir neçə onillikdə bədii təfəkkürü,
düşüncəsilə ədəbiyyata gələn yeni
nəsil təbii ki, dövrün ədəbiyyatını
yaratmaqla özünüifadəyə maraqlıdırlar. Bu, sovet
rejiminin süqutundan sonra meydana gələn azad ruhlu əsərlərdə
özünü daha qabarıq formada göstərir. Əslində bu azadlıq daxili bir inama, vicdanın səsinə
tapınanda dəyərli olur. Nə gizlədək,
bəzən sərbəstliyimizi kin-küdurətə, şəxsi
ambisiyalara qul edəndə azadlığın rəngləri də
qarışır. O zaman həyat gerçəkliklərindən
uzaq düşən yazıçının
özünüifadəsi çətin ki, baş tuta...
Təxminən üç ay əvvəl “Yada
düşdü” jurnalında “Sevgi məbədində
vaxtsız ölüm” adlı bir hekayə oxudum. Hadisələrin
dinamik inkişafı, müəllifin özünün də
bir iştirakçı kimi əvvəldən axıracan
baş verənlərin mərkəzində olması,
yaşanılan ömrün puçluğuna şahidliyi, faciəni
doğuran səbəb, nəhayət, xoşbəxtliyin qara
sonluğu mənə maraqlı göründü. Nədən ki, müəllifin baş verənləri
haysız-küysüz bir formada təsviri cəlbedici idi.
“Ölüm mələyi”nin
yaratdığı mənzərə uzun zaman gözlərimin
qarşısından çəkilmədi. Müəllif faciəli
sonluğun biabırçı mənzərəsini arxa plana
keçirməklə, oxucunu iki sevdalının bir can kimi əbədiləşməsilə
bu sevginin haqqına inandıra bilib. Əbədi
sevginin faş olmuş mübhəmliyi mentalitetimizin qəbul
etmədiyi formada baş versə də, faciəyə məntiqi
ləyaqət gətirə bilib. Burda
müəllifin ədəbi cəsarəti, axına
qarşı getməsi özünəxas dəst-xəttin ifadəsidir.
Haqqında söz
açdığım hekayənin müəllifi gənc
yazıçı Natiq Məmmədlidir. Natiq
ixtisasca tarixçidir, tarix üzrə fəlsəfə
doktorudur. Amma taleyini jurnalistikaya
bağlayıb, söz adamı kimi özünü məhz
burda tapıb. “Kaspi” qəzetinin baş
redaktoru, Əməkdar jurnalistdir. Onu da qeyd edim ki, “Kaspi”nin şənbə saylarında ədəbiyyatımız,
mədəniyyətimizlə bağlı verilən yazılar
qəzetin ətrafında zövqlü oxucu auditoriyası
toplaya bilib.
Söhbətimin əvvəlindən duyulduğu kimi, bu
yazıda Natiqin bədii yaradıcılığından
söhbət açmaq fikrindəyəm. Əslində
jurnalistika ilə yazıçılıq ədəbi
yaradıcılıqda qoşa qanad kimidir. Bunlar
hər zaman bir-birini cilalayan və tamamlayan peşədirlər.
Son illərdə Natiqin bədii
yaradıcılıqla məşğul olması və bu sahəyə
də kifayətcə ciddi yanaşması
yaradıcılığın ədəbi qolunda da
özünü ifadə etməsi istəyi ilə əlaqədardır.
Onun “Sevgi məbədində vaxtsız ölüm” hekayəsi
ətrafında ədəbi zövqünə
inandığım iş yoldaşım Azər Sarıyevlə
fikirlərimi bölüşəndə o, mənə Natiqin
“Ləyaqət düsturu” kitabını oxumağı məsləhət
bildi.
Kitabdakı
hekayələri oxuyub başa çıxanda hiss etdim ki,
düşüncəmdə yazıçının həyat
müşahidələrinin, qəhrəmanların yaşadığı
ömür-günün içərisindəyəm. Bəri başdan onu deyim ki, hekayələrin səmimiliyi
özünün təhlilini doğuran bədii detallar, təsvirlər,
lövhələrlə zəngindir. Duydum ki, Natiq
uşaqlıq çağlarından üzü bu yana, ətrafında baş verən hadisələrə
biganə qalmamış, həmişə nələrinsə
axtarışında olmuşdur. Müşahidələrini
yelə verməmiş, onları bədii lövhələr,
illüstrasiyalar kimi hafizəsində hifz etmişdir.
Bu ədəbi axtarışların xarakterik
formaları, hekayələrdə təsvir olunmuş həyat
materiallarının, zəngin faktların sadə və lakonik
şəkildə ifadəsi onun uğuruna
hesablanmalıdır. Burda fərqinə vardığım əsas
amil müəllifin bütün hadisələrin içərisində
olması, onları ədəbi məhsula çevirə bilmək
bacarığı idi. Yazıçı
bütün hekayələrində özünəməxsus
orijinallıqla görünür. Adama elə
gəlir ki, Natiq küçədə, ictimai yerlərdə
prototip olacaq qəhrəmanları ilə yanaşı
addımlayır, onları davranışından, səsindən-sözündən
tanıyır. Bu adamlar yaddaşını
tərk etməmiş gördüyü cizgilərin rəngini
seçməyə, ayırmağa, ən başlıcası
da bu rəngləri qarışdırmamağa
çalışır. Elə xarakterik rəngləri
həyatın özündə axtardığına görədir
ki, bu cəhdi, zəhməti uğurlu alınır. Belə axtarışlar Natiqin
yaradıcılığında vərdişə
çevrilib.
Özünütəsdiqin çətin yoluna düşən
gənc qələm sahibi heç kimi təqlid etmədən,
fərdi qaydada qurduğu yaradıcı təsərrüfatında
ədəbi məhsullarını yetişdirir. Natiq hekayələrinə
maraqlı giriş verməyi bacarır. Bu
girişin özü artıq süjetin inkişafına təkan
verir. Sanki hansısa bir qəsrin
qapısını açırsan, qarşında hər
şeyi yerli-yerində, öz rəngində görürsən.
Maraqlı görünən tərəflərdən
biri də budur ki, müəllif həyat gerçəkliklərini
xarakterik detallarıyla yazıya gətirərkən ona
düşünülmüş sonluq verməyi bir məqsəd
kimi qarşısına qoymur. Bu vəzifəni
halına-xasiyyətinə bələd olduğu personajın
üzərinə qoyur. Elə bu səbəbdən
də çox zaman hekayənin məhz gözlənilməyən
bir sonluqla bitməsi insanı uzun zaman öz təsirində
saxlayır. Bu da yaxşı bir novella
sonluğunu xatırladır.
Natiqin hekayələrində çeşid-çeşid
personajlar – ləyaqət alverçisi, kor, kloun, məmur, bivec
oğullar, oğru... var. Müəllif projektorun gur
işığını müxtəlif peşə, əqidə
sahiblərinin ləyaqətinə, mənəviyyatına
salır. Təkcə “Ləyaqət düsturu”nda deyil,
başqa hekayələrin də məğzində dayanan insan əxlaqının,
ləyaqətinin, milll dəyərlərin qorunma məsələsidir.
N.Məmmədlinin “Ləyaqət düsturu” hekayəsində
oxucunu düşündürən qəhrəmanın
düşdüyü vəziyyətdir. Hansısa qəzetdə
bir jurnalistin tənqidindən qızışıb
özündən çıxan birisinin “şərəf və
ləyaqətinin” dəyərinin ödənilməsindən
ötrü məhkəməyə müraciət etməsi
fikri qəhrəmanı gülünc vəziyyətə
salır. Yazıçının bu əsərində
insan ləyaqəti obyekt kimi axtarışdadır. Burda hekayənin qəhrəmanı Cəsarətin dəyərləndirmək
istədiyi ləyaqət hissinin əslində özündə
olmaması məsələsi ortaya çıxır. Bəlkə
də müəllif insan əxlaqının başlıca
meyarı olan ləyaqət amilini – bu bədii detalı daha şaxəli
süjet ətrafında inkişaf etdirə bilərdi. Görünür, yazıçı janrın tələbinə
uyğun olan lakonikliyi itirməməkdən ötrü,
axtarışa çıxarılan “ləyaqətə”
yığcam forma verərək rəngli bir tablo
yaratmağı düşünmüşdü.
İnsan
xilqətinin ali dəyəri olan bu keyfiyyət
“Ləyaqət düsturu”ndan start götürərək onun
digər hekayələrində də davam etdirilir. Yəni müəllif xarakterik rəngləri
başqa-başqa istiqamətdən öyrənir. Onların görkəmindən tutmuş, səsində,
hərəkətlərində nəyisə canlı vermək
üçün gördüyü,
seçib-aradığı rənglərdən obrazların
aydın və dolğun görünməsində məharətlə
istifadə edir. Belə yaxınlıqda
onları yetərincə tanımağa
çalışır. İnsanın həyat
tərzini, əməllərini həyatın özündə
müşahidə etməsi, duyması oxucunu bu gerçəkliklərə
inandırır.
Onun əsərlərində hadisələrin baş verməsindən
başlamış, süjetin inkişafı prosesi, ideyanın
təsir gücü özünüifadəyə
tapınır.
Yazıçı çox sadə, həm də
maraqlı görünən məqamları və tərəfləri
həyat materiallarının timsalında yığcam, intellektual
təhkiyəsilə diqqətə çatdırır. Bütün hadisələr müəllifin göz
yaddaşından keçir. Həm də
sadəcə görünüb keçmir. Korun görüb keçdiyi yasəmən
ağacının ətrindən başlamış, əyri-üyrü,
daşlı-torpaqlı daldabucaqlar da oxucunun gözləri
qarşısından kinolenti kimi ötür. Burda bədii təsvirlər, düşüncələr,
dialoqlar canlıdır, duyumludur, eşidiləndir. Elə Natiqin hekayələrinin yaddaşı xəfif
bir meh kimi oyatmasının bir səbəbi də budur.
“Mən bu şəhərin küçələrini,
döngələrini kələ-kötüründən,
insanların, heyvanların səsindən,
ağaclarını, güllərini qoxusundan tanıyıram”
(“Korun gördüyü gələcək”), ifadəsi əslində
korun necə aydın, iti baxışlara malik, zəngin həyat
təcrübəsinə, yaşadığı dünyaya
bağlı bir insan olduğunu göstərir. Ən əsası
da korun gördüyü gələcəyi bəzi kortəbli,
kor düşüncəli açıq gözlərin görə
bilmədiyinə oxucunu inandırır. Dünya
işığından məhrum olan bir kişinin
gördüyü gələcəkdə insani münasibətlərin
kobudcasına pozulduğunu, nizam-tərəzinin itdiyini, həyat
rənglərinin qarışdığını göz
önündə canlandıranda adam getdiyi
gələcəyin özündən qorxur. Əslində bu
qorxunun içində hər cür ədalətsizliyə bir
üsyan var: İnsanlar! Xəbisliyi, acgözlüyü, əyrini,
yalanı gələcəyə qoymayın!
Harınlamış,
gözünü pul örtmüş ləyaqətsiz
Lütfinin (“Kloun”) kloun qiyafəsində olan adama təhqiramiz
yanaşması, onu kişi saymaması əslində
özünün bu yüksək addan məhrum olmasını
yazıçı hekayə boyu xarakterik detallarla
açır. Müəllif bu kəsikliyi o qədər
aydın rənglərlə yaradır ki, hətta Lütfinin
azyaşlı oğlu da bu tabloda atasıyla klounun
arasındakı xarakterik rəngləri aydın görə
bilir.
“Uşaq
pıçıltıyla: – Sən kişisən, – dedi. – Mən
klounam, – cavab verdi. – Bəs kişi
kimdi? – Kişi sənin atan, əmin, dayın... – Mən də
kloun olmaq istəyirəm... – uşaq bu dəfə bərkdən
dedi”.
“Mənim
birinci yalanım”da mövzunun peşəkarcasına işlənməsi,
ömrün kiçik bir zolağında yaşanılan həyatın
təsviri o qədər səmimi, xarakterikdir ki... Bu yalan
müəllifin hələ həyatın isti-soyuğuna
alışmadığı, rənglərini ayırd etmədiyi
bir vaxtda baş
vermişdi. Amma yalan baş tutduqdan sonrakı mənzərə
ona əsl həqiqəti dərk etməkdə
yardımçı olur. Mətbuat aləminə
gəlişi, jurnalistin peşəsinə münasibəti, gənclik
köynəyində olan müəllifin baş verənləri
düzgün qiymətləndirməsi üçün
gerçək materialdır.
Həyatın bir-birindən
fərqli görünən rəngləri anaların söhbətində
də aydın nəzərə çarpır. Oğulların yaxşı, yaxud pis olması nədən
yaranır? Həyatın xoş, yaxud bəd
görünən tərəfləri bir yandan tale
yazısıdırsa, başqa bir tərəfdən, onun
göz açdığı mühitdən, ailədən əxz
etdiyi tərbiyəyə söykənir. Sən bir dərdə
bax! Beş oğlun ola, o da... “Beşi də qənim kəsilib ömrümə-günümə.
Biri türmədə, biri “rusetdə”,
üçü də ki, avaradı. Biri-birinə
dəyməz, biri də heçinə” (“Yaxşı
anaların oğulları”). Lakin bu analarla yol
yoldaşı olan bir başqa ana da var. Bu ana 19 yaşında
şəhid olmuş oğlunun ad günündə onun
uyuduğu “Şəhidlər Xiyabanı”na gedir...
Natiq Məmmədlinin “Dolma” hekayəsi əvvəldən axıradək tünd rənglərlə xarakterizə olunur. Milli təəssübkeşlik hissilə dolu olan bu hekayə oxucunu başdan sonacan həyəcanda saxlayır. Qafqazlıların Tiflisin “Suliko” restoranında üzləşdiyi vəziyyəti doğrudan da sakit izləmək olmur. “Dolma”da üç-dörd cümlə ilə xislətini açan erməni Rubiklə, “ağ rəngdə yalanları” ilə onu ifşa edən azərbaycanlının, adı çəkilən xörəyin kimin mətbəxinə məxsus olması üstündə mübahisəsi və araya düşmüş gərginliyi yumşaltmağa çalışan gürcü Vadonun müdaxilələri bütün rənglərin tündləşdiyi nöqtədir. Rubikin dolmanı erməniləşdirərək “bizdə onun yüz cür növü var”, deməklə qonşusuna məxsus olan hər şeyi özününküləşdirmək siyasətinə müəllifin nifrəti tüğyan edir.
Mən onun bütün hekayələrində ən kiçik detala, ştrixə belə, ehtiyatla yanaşdığını gördüm. Yəni o, rəngləri düz seçməkdən ötrü gördüyü, yaşadığı həyata ədəbi forma verərək işləməyi üstün tutub. Ona yad olan, qoxusunu, rəngini duymadığı, seçmədiyi hadisələrə ürək qızdırmadığından yaxın düşməyib – bildiyindən yazıb.
O, yazdıqlarıyla heç kimə ibrət dərsi keçmir, sadəcə, yaşadığı həyatı, çoxumuzun fərqində olmadığımız bulanıqlığı durultmaq, hər şeyi öz rəngində, öz biçimində görmək, yaşadıqlarını ədəbi düşüncəsində sahmanlayaraq ədəbiyyata gətirmək arzusundadır. Bu arzunun gerçəkliyə apardığı yol çoxlarının həyatda görmədiyi, seçə bilmədiyi xarakterik rənglərdən keçir. Natiq Məmmədli əlinə qələm aldığı vaxtdan belə xarakterlərin, belə rənglərin axtarışındadır.
Bu axtarışlarında gənc yazıçıya uğurlar arzulayıram.
Şəfəq Nasir
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2014.- 25 yanvar.- S.18.