“Dedin, gətirmir səninki... ”

Esse-xatirə

 

 

 

 

 Ömür-ömür qırılıb,

Çiliklənib bu dünya.

Boş xırman yeri olub,

ləklənib bu dünya...

 

Dünyaya gələn hər insan öz taleyini yaratmaq gücündə deyil. Belə bir güc Tanrının öz seçilmişlərinə bəxş etdiyi qismət payı, bir kəramətdir. Bir də Adəm övladının dünyaya gəlişi hər zaman əzizləri üçün nə qədər yaddaqalan olubsa, həyatdan gedişi isə onu sevənlər, doğmalar tərəfindən uzun müddət bir o qədər unudulmayan, ağrısı, acısı həmişə qövr edən bir yanğı olub...  Xatırlayıb düşündükcə hər birimizin yaddaşımızın bir küncündə ilişib qalan bir neçə xatirə belə əlbəəl onları yada salıb sərf-nəzər etməyə kifayət edər. Bəlkə də yüzlərlə, minlərlə insanın arasında daim özünü axtaran, ancaq axtardığını da tapıb ona yetişə bilməyən, elə bunun da ağrı-acısı ilə iç dünyasında özü-özünü didib tökən, dərdi-səri ilə yalqız, tənha qalmağa çalışan, fəqət, gözlərinin gur işığının arada söngüyüb özələməsini, həm də heç də bunu gizlətməyib aşkarca bədirləyən, çoxlarından ötrü yanmağa can atan insanlardan biri də mənim indi xatırladığım bu xatirələrimin qəhrəmanı şair – Allahverdi Məmmədli idi.

 

 

Dedin gətirmir səninki...

Gətirmir, qoy gətirməsin...

Yaz yelpikli bu rüzgarın

Gətirdiyi ətir bəsim...

 

 

Təmiz havası, saf suyu burada yaşayan, elə sakinləri olduğu insanların da hərtərəfli daxili zənginliyinə nüfuz, sirayət edən Lerikin füsunkar bir guşəsində, Zuvandın yuxarı Amburdərə adlı bir kəndində 1947-ci ilin yayında, hələ qarşıdakı olacaqlardan xəbərsiz, “Quşam yer adlı qəfəsdə, Tanrı ilə nəfəs-nəfəsdə...” demək üçün dünyaya Allahverdi adı ilə bir körpə gəlmişdi.

“Elin bu baş-o başı olmaz”, deyiblər. Ancaq bir eldən, eyni bir bölgədən olsaq da, çox gec görüb tanımışdım Allahverdi Məmmədlini.

...Bir payız günü Bakıdan iki şairin rayona qonaq gəldiyini eşitdim. Yanıma dəvət etdim, görüşdük. Onlardan biri çoxdan tanıdığım gözəl şairimiz Camal Yusifzadə, o biri isə  o gün ilk dəfə üzünü gördüyüm Allahverdi Məmmədli idi. Açığını deyim ki, adını eşitsəm də, o vaxta qədər bu dəyərli şairin nə özü ilə, nə də yaradıcılığı ilə hələ tanış deyildim.

Mərkəzdən gələn şairlərlə işdən sonra qonaq evində yenidən bir də görüşüb birlikdə şam elədik. Bax, o gün orada, gecədən xeyli keçənədək davam edən söhbətimizdə mən Allahverdinin şeirlərini o ki var dinlədim, söz-söhbətindən zövq aldım, səmimiyyəti, saflığına görə ona elə bu ilk görüşümüzdən “quşum qondu”,  yaxın, isti münasibətimiz, dostluğumuz başladı.

Elə Allahverdi də ilk tanışlığımızdan məni, necə deyərlər, qəbul eləmişdi. Tez-tez “gərək mən sizi çoxdan tanıyaydım”,– deyə elə hey təkrar edirdi. Lakin nə yazıqlar olsun ki, Allahverdinin vaxtsız ölümü onun ömrü ilə birgə bizim dostluğumuzu da yarıda qoydu...

Sağlığındakı son kitabını –“Bizi ayrılıq gözləyir”i elə o görüşümüz zamanı, qonaq evində üstünü yazıb mənə bağışladı.

Budur, indi şairin şeir və poemaları toplanmış, “Dünya” nəşriyyatı tərəfindən 1997-ci ildə çapdan çıxmış o kitabı, bir də onunla bağlı xatirələrimlə baş-başayam...

Allahverdi Məmmədli bu kitabını belə bir müəllif sözü ilə çap etdirmişdi: “Ürəyi qanad taxıb sinəmə uçan bacım Rəziyyəyə sonsuz sayqılarla...”

Bəri başdan, elə əvvəldən burasını da deyim ki, onda hələ Allahverdidə xəstəliyin izi-sorağı yox idi. Rəziyyə xanımın da təkcə bacı məhəbbəti ilə deyil, doğma ana kimi gecəsini gündüzünə qatıb xəstə şairin qulluğunda duracağına hələ var idi...

Belə deyirlər ki, Qu quşu öz yaşamı boyunca dilə gəlib nəğmə demir, səssiz-səmirsiz yaşayıb, lal-dinməz ömür sürür. Ancaq... ancaq bircə dəfə oxuyur, o da son nəfəsində... oxuyur və öz quş ömrünü o nəğmə ilə də başa vurur. Mənsə fikirləşirəm ki, Qu quşu heç son nəfəsində də ötüb nəğmə demir, sadəcə olaraq özü öz ağısını çağırıb haray çəkir. Və...

 

Allahverdi də öz sonuncu kitabı ilə sanki illərlə içində, qəlbində kök salan ağrıları-acıları hayqırır, ruhunu silkələyib öz “mənini” qıyya çəkir:

 

 

... Məni ayrılıq gözləyir –

Gedim görüm nə söz deyir...

Gedim,

Görüşüm,

Gəlim...

 

Bax, beləcə, qıyya çəkib ancaq birdəfəlik    çıxıb getmir, “qayıdım, gəlim”, ümidi ilə sözünü deyir...Öz “avtoportretini” eyni adlı bir şeirində şair belə təsvir edirdi.

 

 

Onun çiyinləri asılqan idi,

Boynuna bənd olmuş əymə asılqan.

Köhnə köynəyini, köhnə şərfini,

Köhnə pencəyini asmışdı ordan.

İçində sınanla sınıb içində

Bağrının başına basardı dərdi.

Asılqan çiynindən atıb sevinci,

Gətirib yerinə asardı dərdi...

 

Görkəmli söz ustalarından söhbət düşəndə çox vaxt “filankəs düşündürən şairdir” ifadəsi genə-bol işlədilir.

 

Allahverdi Məmmədli də həqiqətən oxucusunu düşündürən, həm də sızlada-sızlada, göyüm-göyüm göynədib düşündürən bir şair idi. Oxuduqca oxucusunu öz ruhu ilə həmsöhbət etməyi bacaran şair idi. Şeirlərini oxuduqca üzünü görməyənlərin, onu tanımayanların  da nəzərində öz portretini yaradırdı.

Qüdrəti çatsa yan-yörəsindəkilərə də öz ömür payından  illəri bağışlamağa hazır olan ipək xasiyyətli, kimsənin bədxahı olmayan, pisliyini istəməyən bir insan içindəki ağrıları oxucunun ürəyini  çəkib aparan poetik bir dillə misralara çevrilib necə də sənətkarlıqla ifadə edir:

 

   

 

Kök qırmağa köklənənlər,

Budaq-budaq təklənənlər...

Kürəyimi teyləyənlər,

Sinəm var – namərd deyiləm!

Başqa bir şeirində isə:

Söz dedim, başına ip salmadı vaxt,

Üzü mənə baxan, dağ olmadı vaxt!

Baxtımın üzünə olmadı vaxt

Hamı “adam oldu” məndən savayı...

deyə-deyə haray çəkirdi.

Sonra da:

–“Min ildi dünyanı yandırır çölüm,

Min ildi söndürə bilmirəm, Allah!

İçimdə  sellənən arxı” heç kimin

Başından əndərə bilmirəm, Allah!-

 

deyəcəkdi, yanıqlı misraları ilə ürəkləri ağrıdacaqdı, bəzən də sətiraltı fikirləri ilə çoxlarını düşüncələrə qərq edəcəkdi. Axı, hər dəfə əlini Allaha uzatmaqdan qorxub çəkinməzdi. Bəlkə bu da ona Allahın verdiyi bir böyük istedadın təsirindən doğurdu...

Doğulub boya-başa çatdığı yerlər, yaşadığı mərkəz Bakı şəhəri – Vətənin hər bir guşəsi ona əziz və doğma idi.

“Çəkil əfsanəsi” adlı bir şeirini Allahverdi belə tamamlayırdı:

 

   

 

...Bu çəkil Qaxlı,

Qazaxlı.

Muğanlı, Şirvanlı çəkil,

Samuxlu, Şabranlı çəkil,

Qubalı, Salyanlı çəkil.

(Allah, indi bildim onu

Niyə belə qanım çəkir!)

 

Allahverdinin anadan olduğu kənd də ötən əsrin 50-ci illərində keçmiş SSRİ-in dövlət sərhədlərinin “etibarlılığını” qorumaq adı altında boşaldılıb bütün sakinləri öz dədə-baba yurd-yuvalarından, dağdan arana köçürülmüşdü. Sonralar insanların tədricən qayıdıb öz yurd-yuvalarını abadlaşdırdığı Yuxarı Anburdərəyə hər yolum düşəndə, rüzgarın sərt üzünün pozub yağmaladığı kalovları qalmış köhnə yurd yerlərini görəndə yadıma Allahverdi  düşərdi. Axı Allahverdi doğulduğu kənddən ayrılığın hər bir anını həsrət yanğısı ilə yaşayıb.

Yanımda olsaydı, elə hey istəyərdim ondan soruşam ki, ay Allahverdi, bu kənddə nə qədər yaşadın? Bu kəndin  gözəl, təmiz havasından heç doyunca ciyərlərinə çəkdinmi? Allahverdi də yəqin ki, cavab vermədən mənalı-mənalı, başını sinəsinə əymədən göy üzünün özü kimi saf kənd havasını içinə dolduraraq gülümsünərdi. Gözləri, baxışları haradansa-hara tuşlanar, uzaqdan gələn bir  atlıya baxırmış kimi əlini qara, sıx qaşlarının üstünə qaldırıb, sanki mənim sualımı eşitmirmiş kimi, “hələ bir hovur otur görək, qulaq as gör  mən nə yazmışam” – deyə söz boxçasını özünəməxsus səxavətlə ortaya töküb:

 

 

Yolum hara düşsə, əlimi açıb

Bu kəndin adına güvənməyim var.

Məni qovuranda həsrətin sacı

Üstümə bu kəndin yağışı yağar...-

 

–məni bu nisgilli sualımdan yayındırmağa çalışardı...

 

Bəlkə də gözlərində iki damla qəm yağışı da lillənib duracaqdı... Yal-yamacında səkən xınalı kəkliklərin səsindən səsinə ovqat qatıb çiçəklərin ətrindən nəfəsinə çəkərək hər addımda rastına çıxan kol dibindən boylanan fağır, ürkək dovşanların ovçu gülləsindən qaça bilməyən canından öz canına bir həyəcan da qatacaqdı o gün... “Kənd adamlarının ürəkdən gələn salam-kalamından sarı çox darıxıram, ay qardaş!” demək istəyəcəkdi, deməyəcəkdi bəlkə də. “Eyni dərddaşıq axı, sözə nə lüzum var ki bu arada”. Amma yox...Yenə də sözlə ülfət bizi çəkəcəkdi bir araya, bir süfrədə o ki var belə söz bərəkətindən pay alan nemətlər yeyəcəkdik onunla, Allah bilir...

Hər görüşümüzdə, hətta ölüm yatağında olanda da Allahverdi Yuxarı Amburdərəyə birgə gedəcəyimiz barədə istəyini dönə-dönə dilə gətirirdi. Fəqət, amansız ölüm onun bəlkə də saysız hesabsız neçə-neçə  arzusu kimi  bu istəyini də ürəyində qoydu.  Ancaq sonralar mən Yuxarı Amburdərəyə  yenə dəfələrlə gedib gələsi oldum.

Hər dəfə də bu axar-baxarlı kəndə yolum düşəndə  Savalanla göz-gözə dayanan, tikanlı məftillərin arxasında, kəhrizin döşündə vadi boyu adda-budda gözə dəyən evlərin arasındakı köhnə yurd yerlərinə, yarı uçuq kalovlara baxdıqca çox sevdiyi, xəyallarında yaşatdığı doğma kəndinə birlikdə getməyimizə əli çatmayan, qismət olmayan dostumu yad edirəm.

Allahverdinin doğulduğu, dünyaya göz açdığı o kənddə nə qədər yaşadığını özü yanımda olsaydı soruşardım, soruşardım ki;

–Dost, sən bu kolovlardan hansının divarları arasında dünyaya gəlmisən, bu yerlərin torpağı neçə müddət sənin  dabanlarını sığallayıb?!.

Soruşa bilmədim ki, ay qardaş, “Sən harda doğulmusan?O şeirlərinin ilhamı hardan dolub sənin qəlbinə?” Bəlkə də o kənd üçün hələ də burnunun ucu göynəyir:

 

 

O kəndin buludu boşalar-dolar,

çiçəyi çırtlayar çiçək nənəmin.

Qələmə arzular qələmim olar-

Daşların ovcunda cücərər dənim.

 

Şeirlərindən duyulur ki, şair kəndindən uzaq düşsə də, ömrü boyu elə o kənddə yaşamaq fikri, xəyalı ilə qol-boyun olub, şeirləri ilə qanadlanıb uçubdu oralara.

Fəqət, illər keçdikcə, dönüb arxada qoyub gəldiyimiz keçmişə boylandıqca kol dibində boynubükük bənövşə sayağı yolumuzu gözləyən balaca bir kənd evi də fikrimizdə-xəyalımızda boy verib görünür. Həyətindəki cığırları ot basmış, hətta divarları belə göyərmiş, yarıuçuq bir kənd evi.  Daşına-divarına anamızın həzin laylası hopduğundan burda hər şey elə əziz və doğma gəlir ki adama... Atamızın ağayana, təkəbbürlü səsi hələ də qulaqlarımızda cingildəyir...Analı günlərini, atalı günlərini bəlkə də belə xatırlayırdı Allahverdi, əslində xatırlamır, onları andığı hər günə ağı deyirdi şeirinin dili ilə:Yaşadıqlarını, ürəyindən keçənləri mücərrəd formadan çox uzaq, öz istədiyi kimi, özünə tam arxayın, sanki  “elə belə də olmalıdır” fikri ilə misralara hopdururdu Allahverdi. Onun şeir misraları nə qədər də sadə və axıcıdır. Elə bil bütün istədiklərimizdən bir az da var o misralarda... Havadan, sudan, daşdan, dənizdən, hətta ölümdən belə yazanda əli əsmir onun...

Allahverdini özünün dediyi kimi, “bəxti gətirməyən” şair də hesab etmək olmaz. Hər bir şairin, elə onun da istedadı şəksiz ki, minlərin həsəd apardığı bəxtiydi. Hələ BDU-nun Jurnalistika fakültəsinin 3-cü kursunda oxuyarkən Tələbə Elmi Cəmiyyətin xətti ilə Allahverdi yeganə tələbə olur ki, respublikamızdan Qazaxıstan Dövlət Universitetində elmi məruzə ilə çıxış etmək hüququ qazanır. Bu, əlbəttə ki, Allahverdinin hələ gənc ikən necə bir biliyə, savada, erudisiyaya malik olmasının göstəricisi idi. O, “Məmməd Cəfərin publisistikasında ədəbi-bədii tənqid” mövzusunda bir məruzə ilə çıxış edib xüsusi diplomla mükafatlanmışdı.

Dilimizin səs ahənginə uyğun ənənəvi üslubda yazıb yaradan elə şairlərimiz də var ki, indi dəbdə olan postmodernizm, hansısa izmlərdə şeirlər yazır, yaradıcılığı da dəbə uyğunlaşdırırlar. Həm də vəzn, qafiyə, ölçü, dilimizin ahəng qanunlarına məhəl qoymadan. Deyirlər ki, indi yaradıcılıq azad, sərbəstdir. Axı, fikir plüralizmi mövcuddur. Mənsə düşünürəm ki, yaradıcılıq elə həmişə azad olub da. Sözə sərhəd qoyulsa da, ancaq heç vaxt zirehli sipər olmayıb axı.

Əgər sözə sipər olsaydı, ona sərhəd qoyulduğu illərdə qələmə alınan, hələ bundan sonra da neçə-neçə nəsillərə xidmət edəcək əvəzsiz  ədəbi nümunələr yaranmazdı.

Azərbaycanda çap olunan bir çox qəzet və jurnallarda ən kiçik vəzifədən başlayaraq ən yuxarı vəzifələrə qədər yüksələn Allahverdi Bakıdan uzaq bir bölgədə doğulsa da, paytaxtda böyük bir ədəbi ortamda tanınıb özünə yeni dostlar tapmışdı. Allahverdi o dövr üçün çağdaş şeir formasında yazırdı. Bir çox qapılarda sərt üzlərlə rastlaşsa da, öz şeir dəsti-xəttini dəyişmirdi və indiki bir çox gənclərin  indi üz tutduğu ədəbi formanı o hələ ədəbiyyata ötən əsrin 80-cı illərində gətirənlərdən biriydi.

Bax indi çoxunun can atdığı üslubda şeirləri Allahverdi qırx il əvvəl yazırdı, həm də milli ahəngdə.

O təbiəti də bir başqa vurğunluqla vəsf edirdi. Quşlardan, çiçəklərdən heç kimin yazmadığı bir tərzdə söz açır, öz dili ilə onları danışdırır, onlara dil verir, can verir və əlbəttə ki, qarşılığında da onlardan ilham almağı bacarırdı:

 

 

Gördüm,

Götürdüm.

Nənəmuçdan,  arıdan, 

kəpənəkdən, qırğıdan

Gördüm-götürdüm-

Üzünə oldum,

Üzüqoylu Yer üzünün yanında,

Üzüqoylu göy üzü!

 

 

Onun misralarındakı fəlsəfə və güc vəhdət halında birləşir, şeirini məzmununu dolğunlaşdırır. Əslində onun irili-xırdalı hər bir şeirini tam, bütöv bir mənanı özündə daşıyan bitkin  bir əsər hesab etmək olar.

Növbəti bir şeirində şair öz ağrısı ilə oxucusunu az qala göz yaşlarında boğur.

 

 

Bir içim gülüşçün içim gülləyib,

Di gəl, neynim, nənəm,

qönçəm gülməyib.

Dedin “ağlamaqdan heç kim ölməyib”-

Üzümə üz tutub mən də ölmədim...

 

 

Sanki Allahverdi hər şeirini tamamladıqca onları bir kənara qoyur, öz yazdıqlarına heç dönüb baxmır, onlar sarıdan narahat olub özlüyündə baxmaq ehtiyacı da hiss etmirdi özünə güvənərək yazırdı. Şeirlərindəki hər misranın gücünə və qüdrətinə inanaraq onları qələmə alırdı. Bəlkə də yazdıqlarını eləcə qələmə alıb Allah ümidinə buraxır, bununla da: “beləliklə gedin, mənim kimi özünüzü doğrultmağa çalışın”, demək istəyir:

 

 

Məni bülbül bilmə, gülmə,

Ağladıban gülmə, gülüm.

Nə dibçəyim var, nə gülüm-

Nə dibçəyi gül edənəm.

 

 

Hər bir şairin və yazıçının özünəməxsus, bəlkə də özündən xəbərsiz təhtəlşüur ən çox müraciət etdiyi, üz tutduğu  daimi bir mövzu olur: dünya, sevgi, ayrılıq, yağış, yol, nə bilim daha nələr... Bütün yazılarında ancaq gülümsəyən Günəş, bitməz səadət, maneəsiz sevgini tərənnüm edən biri varmı!? İlk baxışdan sanki içində bir qəribçilik yaşadan Allahverdi Məmmədli üçün də belə bir mövzu da var idi ki, bu da qəm, üzüntü, iztirab idi. Əlbəttə ki, hər kəsi özü kimi heç tanıya bilməz. Nəyin qəmi, nəyin iztirabıdırsa, Allahverdi belə deyir:

 

 

Duz yanındakı qənd kimi

Gözü gözlərdən nəm çəkir.

Ətini qızmar şişə çək-

Yenə deməz ki, qəm çəkir.

Canı-cəsədi daş dibçək,

 

Ürəyi tər gül ləçəyi.

Dinmir-elə bilirsiniz

Nə dili var. Nə dilçəyi?!

 

 

Real bənzətmədir, bu təsvir öz dövrü üçün çox yeni idi. Bir-birini təkrarlayan bəzi şairlərdən fərqli idi Allahverdi. Bu fərqlilik də indi onu cismani yoxluğunda belə unutdurmur.

Hələ 1984-cü ildə, “dünyanın yaxşı vaxtı” dediyimiz bir zamanda Allahverdi sanki olacaqlardan xəbərdar kimi yazırdı:

 

        

 

Bu necə məmləkətdi,

Necə ölkədi, Tanrım

“Azadlıq”- xirtdəyimdə

Qanlı ilgəkdi, Tanrım!

 

 

Bu sətirlər onun vətəndaşlıq cəsarətinin, millilik hisslərinin bariz nümunəsidir.

Əslində sovetlər dövründə belə bir şeir yazmaq, necə deyərlər, hər oğulun işi deyildi, bax belə bir şeiri isə Allahverdi Əbdül oğlu o vaxtlar yazmışdı. Hətta arxasınca da  Qışqırmaq istəyirəm, Mənə səs vermir səsim, Dartır ilgəyi məhbəs, Gedir gəlmir nəfəsim”, – deyə repressiyaya uğramış və bəlkə də artıq repressiyadan çıxmış bir fədai kimi xalqının, Vətəninin ağrı-acısını dilə gətirirdi.

 

1992-ci ildə şəhid soydaşlarımıza yazdığı bir şeirdə isə ölümü poetik boyalarla rəngləyir, Vətən yolunda ölən oğulların “al günəş rəngində” ki ölümünü yaza-yaza  bu rəngdəki “ölümlə olumu” birləşdirirdi:

 

Ölüm nə rəngdə olur-

Qara,

Qırmızı,

Sarı?!

Geyib qanlı yollar

Yürüyür bahadırlar-

Hansı ölümə sarı?

 

 

“Hər kəsin ürəyində bir çeşməsi var”, deyirlər. Söz çeşməsi, fikir çeşməsi, ümid çeşməsi və s. İnsan özü yaradır o çeşməni və özü də o çeşmədən dadaraq yaşayır, ömür sürür.İçindəki çeşmələrdə boğulub ölənlər, çeşmələri quruyanlar da olur, min təəssüf! Allahverdi isə qəlbindəki söz, ağrı çeşməsi ilə yeri gələndə lap Tanrıdan ötrü də ağlayırdı:

 

 

Qalıb bəndəsinin əlində naçar

Bir əlcə uşaqtək hıçqırır Tanrı.

Süfrətək yer üstə sərdiyi göyü

Görüb ayaq altda qışqırır Tanrı...

 

 

Onun çox incə, zərif sevgi duyumu var idi və sevgiyə möhtac olduğu qədər də ümidsiz idi şair. Bu ümidsizlik onun əl-qolunu bağlayır və o, özünə qapanaraq hisslərini belə misralara çevirirdi:

 

 

Gülü qürbət eldə solan qəribin

Çiçəyi çırtdayan həsrəti kimi

Sevəsən məni sən!

Elə sevəsən-

Balamın canına and içib deyim:

 “Anam da heç məni sevməyib belə.”

 

 

Allahverdi Məmmədlinin poeziyası yəqin ki, bundan sonrakı  dövr və zamanlarda da təzə, müasir olacaq.

 

Əslində onun özü üçün ağlamağı “sair yalan”ı idi. O ağladıqca başqaları üçün “gün ağlamağa” çalışırdı. “Ürəyimdə açan çiçək”, “Haçandır görüşmürük”, “Bizi ayrılıq gözləyir” şeirləri və poemaları, “Mərdlərə körpü oldum” povest-şəhadətnamə kitablarının müəllifi olan Allahverdinin əsərləri rus, ukrayna, moldav, tuva, bolqar, türk və başqa dillərə də tərcümə edilib. Onun öz oxunaqlığını, təravətini saxlayan əsərləri hələ də bizləri özünə cəlb etməkdədir. Neçə-neçə gəncin titrək addımlar atdığı bir vaxtda əlindən tutaraq ədəbiyyatın çalpaşıq yollarında onlara arxa olur, kömək edir. Belə şairlər əlbəttə ki, cismani yoxluqlarında belə yaşamaq qüdrətinə malik olurlar. Onlar ən azından xeyirxah əməllərinin işığında hər zaman xatırlanır və anılırlar.

Gözəl şair, publisist, sadə bir insan olmuş Allahverdi Məmmədli hər görüşdüyü və münasibətdə olduğu istər yaradıcı, istərsə də qeyri-yaradıcı insanlarda güclü təsir buraxmağı bacarıb. Çöhrəsindəki məsumluqdan doğan sadəliyini itirmədən yaşayıb, yaradıb, üzdə olan bir çoxlarından daha layiqli işlər görsə də, heç vaxt özünü gözə dürtmədən həyatını haysız-küysüz başa vurmağı özünə şərəf bilib.

Allahverdinin oğlanları ataları kimi söz, sənət adamı olmasalar da, elə o kişinin adına layiq vətəndaş, Vətən övladlarıdırlar. Ləyaqətli oğullar əslində həm də atalarının yarımçıq ömrünün ardını, davamını yaşayırlar.

Belə hesab etsək, balalarının bu dünyada varlıqları da Allahverdini sevənlərə indi bir təsəllidir. Bir də ki, 2 iyun 2000-ci  ildə bu sətirlərin müəllifinin imzası ilə Allahverdi Məmmədlinin xatirəsinin əbədiləşdirilməsi, Lerik qəsəbəsində (indiki Lerik şəhərində) küçələrdən birinə şairin adının verilməsi barədə bir sərəncam qəbul edildi. Əlbəttə, indi Allahverdi müəllimin bitkin ədəbi yaradıcılığı, hər cür qeyri səmimilikdən uzaq, elə yaradıcılığı qədər də dolğun şəxsiyyəti haqqında düşünəndə dağlar diyarında abad bir küçənin şairin adını daşıması da hələ ki onun özünə, yaradıcılığına tanış olanlara bir təsəlliyə çevrilir.

 

Allahverdi Məmmədli hələ keçən əsrin 80-cı ilərində yazdığı “Qəfil ölsəm” şerində deyirdi:

 

 

Qara torpaqlarda gömülüncə,

Qara-qara qarışqalara yem olunca.

Qara torpaqlara gömülüb-

Qara-qara qarışqalara yem olub

Ölüncə

Bağlamayın gözümü.

Ağ yaylıqlar-

Qara ayrılıqlarla

Örtməyin üzümü.

Qoyun doyunca baxım

Sizə

Bu vida günü –

Baxım gün uzunu...        

 

Tale qisməti belə gətirdi ki, Allahverdi qəfil ölmədi. Sağalmaz bir dərdə düçar olub bir ara yataq dustağı oldu.

Onun xəstəliyini qələm dostumuz, nəcib və kübar bir qadın, təəssübkeş, dostcanlı, qədirbilən bir xanımdan, cənub bölgəsinin sənət dərgisi olan “Söz”ün təsiçisi və baş redaktoru Sevda Əlibəylidən eşitdim.

On beş il bundan qabaq, 1999-cu ilin bir erkən payız günü Sevda xanım mənə zəng vurub:

– Xəbəriniz var, – dedi, – şair Allahverdi xəstədir. Burada Lənkəranda yaşayan bacısı Rəziyyə xanımgildə yatır.

Söz-söhbətindən bilirdim ki, şair dostum erkən yaşlarda yetim qalıb. Böyük bacısı Rəziyyə xanım istəkli qardaşına atalıq, analıq edib. Onu böyüdüb, boya-başa çatdırıb.

Doğurdan da, həyatın qəribəlikləri çox imiş... Taleyin işinə bax ki, indi sağalmaz dərdə düçar olduğu, xəstə yatdığı vaxtlarda da bacısı cani-dillə sevimli qardaşının qulluğunda durmuşdu. Qardaşı ilə birgə amansız xəstəliyə qarşı mübarizə aparırdı.

Vaxtaşırı Lerikdən Lənkərana enir, xəstəyə baş çəkirdim. Sağalıb ayağa durması üçün dostlarla birgə mən də əlimdən gələni əsirgəmirdim.

Vəziyyəti ağır, əlacsız olsa da, Allahverdi nikbin idi. Həyat eşqi o qədər güclü idi ki, xəstəliyinə qalib gəlib sağalacağına inanır, hər dəfə mənə yataqda yazdığı təzə bir şerini oxuyur, “qoy bir bu yorğan-döşəkdən durum, Zuvanda, Ambuldərəyə sizinlə gedəcəyəm”,  deyirdi.

Lakin nə yazıqlar ki, o yurd yerini mənimlə birgə  gəzib dolaşmaq ona qismət olmadı.

Xəstəliyi uzun sürmədi. 1999-cu ilin dekabr ayının 18-də Allahverdi bu dünya ilə vidalaşıb səssiz-səmirsiz gözlərini yumdu...

Bu da həyatın digər bir qəribəliyi ki, yetmiş yaşının tamamını Allahverdinin evində keçirən Rəziyyə bacısı da elə qəflətən mərhum qardaşının evində dünyasını dəyişdi.

Bunlar da dünyadan vaxtsız getmiş – neçə-neçə söz adamı kimi sağlıqlarında öz layiqli qiymətini almamış unudulmaz, köhnəlməyəcək köhnə dostum Allahverdi Məmmədlinin misralarıdı:

 

Bir kənd qəbiristanı var-

Ev-eşiyim ordadı.

Ərşə çəkilmiş yuxum,

Gül beşiyim ordadı.

 

O “Gül beşiyində” rahat uyu, dostum! İndi bundan artıq sənə nə arzulayım?!.

 

Yanvar,  2014-cü il

 

Şabran

Novruz Nəcəfoğlu

525-ci qəzet.- 2014.- 25 yanvar.- S.16;28.