M.Ə.Rəsulzadə Atatürk
haqqında
Azərbaycan
Cümhuriyyətinin qurucularından biri, görkəmli fikir
adamı, siyasi xadim və publisist Məmməd Əmin Rəsulzadənin
doğumunun 130 illiyinin qeyd olunduğu bu günlərdə onun
indiyə qədər tədqiqatçıların diqqətindən
kənarda qalan diqqətəlayiq siyasi publisistika nümunələrindən
birini “525-ci qəzet”in oxucularına təqdim etmək istəyirəm.
Polşada siyasi mühacir kimi yaşadığı illərdə
Məmməd Əmin bu ölkədə çıxan
mühacir nəşrlərində, eləcə də polyak mətbuatında
Azərbaycan, rus və polyak dillərində aktual mövzulu, kəskin
problemlərə toxunan polemika ruhlu onlarla məqalə dərc
etdirmişdi.
Həmin yazıların bir qismi ilk dəfə Polşa arxivlərindən
və mətbuatından bu sətirlərin müəllifi tərəfindən
toplanaraq “Azərbaycan siyasi mühacirətinin irsindən” (rus
dilində, Varşava, 2010-cu il) kitabında
elmi ictimaiyyətə təqdim olunmuşdu.
Rus dilində
çap olunan “Kamal Atatürkün vəfatı münasibəti
ilə” məqaləsi adından da göründüyü
kimi, Türkiyə milli-azadlıq hərəkatının
lideri, Türkiyə Cümhuriyyətinin qurucusu
Atatürkün vəfatı günlərdə – 1938-ci ilin
noyabrında qələmə alınmış və Qafqaz
Dağlıları Xalq Partiyasının Varşavada
çıxan mətbu orqanının – “Şimali Kafkasya –
Severnıy Kavkaz” məcmuəsinin son saylarından birində dərc
edilmişdi. Bu
jurnalda azərbaycanlı mühacirlərin məqalələri
bir qayda olaraq iki dildə – Azərbaycan və rus dillərində
verilirdi. Çox güman ki, yazının
çapından az sonra jurnalın nəşrini
dayandırması onun orijinalının (Məmməd Əmin
mühacirət dövründəki bəzi məqalələrini
rus dilində yazdığından bu variant da istisna edilməməlidir)
yaxud tərcüməsinin işıq üzü görməsinə
imkan verməmişdi.
Azərbaycan siyasi mühacirətinin lideri yalnız
Türkiyənin deyil, bütün türk dünyasının
üzləşdiyi böyük itkiyə laqeyd qala bilməmişdi. Atatürkün
xatirəsinə sonuncu ehtiramı göstərməyi, onun
çağdaş Türkiyə üçün
gördüyü cahanşümul işləri bir daha
xatırlamağı və xatırlatmağı özünə
borc saymışdı. Yazı həm də
beyni sovet ideologiyası ilə zəhərlənməmiş,
fikirlərini açıq və sərbəst ifadə etmək
imkanına malik olan Azərbaycan vətənpərvərinin həqiqi
və səmimi duyğularının ifadəsi idi. Başqa sözlə desək, Məmməd Əmin tək
özünün, yaxud siyasi mühacirlərin adından deyil,
Vətəninin adından danışırdı.
Obıvatel
nöqteyi-nəzərindən M.Ə.Rəsulzadənin
Atatürk haqqında bu qədər isti sözlər deməsi,
onun yeni Türkiyə tarixindəki yerini və rolunu son dərəcə
yüksək qiymətləndirməsi, hətta şəxsiyyəti
və dövlətçilik fəaliyyəti
qarşısında müəyyən pərəstiş
hissini gizlətməməsi qəribə görünə bilər.
Çünki Atatürk Məmməd Əminə
sıcaq münasibəti ilə seçilməmişdi. Əslində,
“uman yerdən küsərlər” prinsipi ilə hər şeylərini
– uğrunda savaş açdıqları istiqlalı, Vətəni,
ailələrini, mübarizə dostlarının çoxunu
itirmiş azərbaycanlı mühacirlərin yeni Türkiyə
liderindən inciməyə müəyyən əsasları
vardı...
Çünki
1933-cü ildə, Türkiyə Cümhuriyyətinin 10 illik
yubileyi münasibəti ilə Ankaraya gələn sovet
marşalları S.M.Budyonnı və K.E.Voroşilov Stalininin bu
ölkədən aparılan antisovet təbliğatının
qarşılıqlı əlaqələrə zərbə
vurması haqqında mesajını Atatürkə
çatdırdıqdan sonra Məmməd Əmin Rəsulzadə
başda olmaqla azərbaycanlı siyasi mühacirlərin əksəriyyəti
Türkiyədən çıxarılmış, Avropa
ölkələrinə, ilk növbədə Polşaya sığınmaq məcburiyyəti
qarşısında qalmışdılar. Azərbaycanla
birlikdə özlərinə tarixi Vətən
saydıqları Türkiyəni itirmək onlar
üçün asan olmamışdı.
Lakin Məmməd Əmin Atatürkü bəlkə də
daxilən məmnun qalmadığı belə bir addım
atmağa vadar edən səbəblərdən xəbərsiz
deyildi. Digər tərəfdən, o, şəxsi incikliklərinin,
yaxud kiçik intiqamlarının əsirinə çevrilsəydi,
heç zaman Azərbaycanın siyasi tarixində indi
qazanmış olduğu yüksəkliyə ucala bilməzdi.
Məmməd Əmin sovet əsarəti
altına düşmüş türk xalqlarının
nümunə götürəcəyi model, arxalanacağı
güc mərkəzi kimi Atatürkün qurduğu yeni,
çağdaş, dünyəvi Türkiyənin əhəmiyyətini
yaxşı anlayırdı. Ona görə
də şəxsi taleyində yaşadığı
ağrı-acıları bir tərəfə buraxaraq yeni
Türkiyənin və onun qurucusunun atəşin tərəfdarı
və tərənnümçüsü kimi
çıxış edirdi.
Atatürkün qısa müddətdə həyata
keçirdiyi olduqca mühüm islahatlar içərisində
Məmməd Əminin diqqətini ən çox cəlb edən
türk liderin öz ölkəsində qanunçuluğun və
demokratiyanın əsaslarını qoyması idi. Məhz həmin
inqilabi dəyişikliklərin nəticəsində Qazinin
ölümü ölkədə heç bir daxili çəkişmə
və hakimiyyət didişməsi yaratmamışdı.
Hər şey Ana Yasanın – Konstitusiyanın tələbləri
əsasında sivil qaydada həyata keçirilmişdi.
Məmməd
Əmin Türkiyəyə Atatürkün vəfatından təxminən
on il sonra qayıtmışdı. 1950-ci ildə ölkə həyatında bərqərar
olan həqiqi çoxpartiyalılığı, Azərbaycan
Cümhuriyyətinin seçdiyi idarəçilik üsulunun –
parlamentarizmin Türkiyədə qələbəsini
görmüşdü. Münasibətlərin necə dəyişdiyinin,
əski bütlərin necə
qırıldığının şahidi olmuşdu. Amma
heç zaman Atatürkü və Atatürk irsini təftişçiliyə
qalxmamış, onun ölümünün isti izi ilə
yazdığı sözlərə, fikirlərə həyatının
sonuna qədər sadiq qalmışdı.
Budapeşt, 15 yanvar 2014.
Məmməd
Əmin Rəsulzadə
Vilayət Quliyev
525-ci qəzet.-
2014.- 25 yanvar.- S.14.