Kamal Atatürkün vəfatı
münasibəti ilə
Kamal Atatürkün vəfatı heç kimi laqeyd
buraxmadı. Bəşəri miqyaslı bir hadisəyə
çevrildi. Böyük insanın cənazəsi
önündə təkcə göz yaşlarını saxlaya
bilməyən türk xalqı sayğı duruşuna
dayanmamışdı. Demək olar ki,
dünyanın bütün mədəni xalqları bu kədərə
şərik çıxmışdılar.
Türk
xalqı əbədiyyətə qovuşan böyük
övladına, Türkiyənin xilaskarına, Türkiyə
Cümhuriyyətinin qurucusuna özünün son borcunu
yalnız Türkiyə üçün deyil, Qərbi Avropa
üçün də səciyyəvi olmayan bir şəkildə
verdi.
17
milyonluq xalq təsəvvürə gətirilməsi çətin
görünən səmimiyyətlə, bir nəfər kimi
milli qəhrəmanının ölümünə ürəyin
dərinliklərindən gələn acı göz yaşları
axıdırdı. Çünki xalqın son mənzilə
yol saldığı həmin məğlubedilməz qəhrəman
tənəzzülün dəhşətli illərində tək
qəhrəmanlar üçün deyil, bütöv Türkiyə
üçün ağlayan türk insanının göz
yaşlarını silmişdi.
İyirmi
il bundan əvvəl o zamanlar hələ Mustafa Kamal kimi
tanınan Kamal Atatürk Versaldakı dünya
ağalarının iradəsinə qarşı
çıxmağa özündə cəsarət tapmışdı.
Bu elə bir zaman idi ki, türk xalqı bir
zamanlar möhtəşəmliyi ilə hər kəsi heyrətə
gətirən, amma məlum Sevr müqaviləsinin ağır
şərtləri altında şərəfsiz duruma
salınan Osmanlı imperatorluğunun xarabalıqları
altında can çəkişməkdə idi.
Bu elə
bir zaman idi ki, türk vətənpərvərlərinin
böyük əksəriyyəti sadəlövh şəkildə
“dünyanın vicdanını” necə oyatmaq, diplomatik yollarla
keçmiş Osmanlı imperatorluğunun tarixən sırf
türklərə məxsus torpaqlarının heç olmazsa,
bir hissəsinin toxunulmazlığını qorumaq, İstanbul
ziyalılarının fikirlərinə o qədər də əhəmiyyət
vermədən Türkiyə üzərində Britaniya, yaxud
Amerika himayəsi təmin etmək barəsində
düşünürdülər. Məhz belə bir zamanda
Kamal Paşa aydın və qəti şüarla meydana
çıxdı:
“Milli iradəyə əsaslanan, hüquqları məhdudlaşdırılmayan,
müstəqilliyi qeyd-şərtsiz qəbul edilən
Türkiyə qurulmalıdır”.
Qısa zamanda xalqın milli-azadlıq mücadiləsinə
çevrilən məlum Anadolu hərəkatı
başlandı. Hər kəsə bəlli olduğu kimi həmin
müharibə Antantadan “Kamalın üsyankar quldurlarını
sakitləşdirmək üçün” mandat almış
işğalçı yunan ordusuna qarşı
aparılırdı.
“Üsyankar
generalın” şüarı isə “Ölüm, yaxud milli müstəqillik !” idi.
Anadolu kəndlisinin
taleyinə yazılan ağlagəlməz yoxsulluq, səfalət
və dilənçilik şəraitində üç ildən
(əslində Türkiyə 12 ildən çox müharibə
alovu içində qarsalanmışdı; Birinci Dünya
savaşından əvvəl Balkanlarda hərbi əməliyyatlar
aparmağa məcbur olmuş, sonra isə özünün
Afrikadakı ərazilərini qorumaq üçün
İtaliya ilə üz-üzə gəlmişdi) çox
davam edən mübarizə sonda türklərin parlaq qələbəsi
ilə başa çatdı. Versaldakı
dünya ağalarının hərtərəfli dəstək
verdikləri işğalçı yunan ordusu Qərbi Anadolu
çöllərində darmadağın edildi. Birinci
Dünya müharibəsi zamanı Dardanel boğazından
keçib Rusiyanın köməyinə can atan ingilis-fransız
desantını öz cəsur strategiyası ilə diz
çökdürərək sularda qərq edən Kamalın
sərkərdə şöhrətinə “Qazi”, yəni məğlubedilməz
adı da əlavə olundu.
Siyasi baxımdan yenidən dirilmiş Türkiyənin
yunan cəza ordusunun məhv edilməsi nəticəsində
qazandığı hərbi zəfər tezliklə öz beynəlxalq
təsdiqini tapdı. Yeni Türkiyə ilə Antanta dövlətləri
arasında tarixə Lozanna sazişi adı ilə daxil olan
sülh müqaviləsi imzalandı.
Lakin Kamal və onun rəhbərlik etdiyi milli hərəkat
özlüyündə böyük olan bu tarixi qələbə
ilə kifayətlənmək istəmirdi. Nəticədə
xarabazarlığa çevrilmiş yoxsul Anadolu Antantanı
öz qərarına yenidən baxmağa məcbur etdi. Az qala bütün dünyanın taleyi ilə
istədiyi kimi qəti və iddialı bir şəkildə
davranan Antantanı...
Təkcə Türkiyənin yeni sərhədlərini
müəyyən etmək hələ yetərli deyildi. Növbədə daha
çətin, eyni zamanda daha ciddi və şərəfli vəzifə
dayanırdı: geridə qalmış ölkəni müasir
sivilizasiyanın şərtlərinə cavab verəcək səviyyəyə
qaldırmaq lazım idi. Yalnız belə olduğu təqdirdə
müstəqillik uğrunda mübarizənin
çoxsaylı qurbanlarına tarix qarşısında haqq
qazandırmaq imkanı yarana bilərdi. Yalnız belə bir
Türkiyə mübarizələr bahasına əldə
etdiyi müstəqilliyi tam qoruyub saxlaya bilərdi.
Yeni, milli
Türkiyə köhnəliyin onu əli-qolu vəziyyətdə saxladığı orta əsrlər
bataqlığından çıxmaq üçün
bütün qüvvələrini səfərbər etməli
idi.
Beləliklə, zəfər çalmış milli
inqilabın nəhəng fəaliyyəti başlandı. Türkiyə
Cümhuriyyəti elan edildi. Mustafa Kamal
ölkənin ilk prezidenti seçildi və ömrünün
sonuna qədər həmin vəzifədə qaldı.
Bir müddət bundan öncə Türkiyə
Cümhuriyyət qurulmasının 15 illiyini qeyd etdi. Tarixən qısa olan bu
dövrün yubiley günlərində yekun vurulan hadisələri
Avropa xalqlarının tarixində az qala bütöv əsrləri
əhatə etmişdi.
Kamal Atatürkün inqilabı sayəsində yalnız
Osmanlı sülaləsi tarix səhnəsindən silinmədi. Xilafətlə
bağlı qurumların da varlığına son qoyuldu.
Bütün həyat tərzi ilə başdan-başa
teokratik bir dövlət olan Türkiyə tam dünyəvi
dövlətə çevrildi. Pozitivist mövqedə dayanan Türkiyə
Cümhuriyyəti insan zəkasının və fikrinin orta əsrlər
sxolastikasından, daşlaşmış dini ehkamların
buxovundan həmişəlik azad etdi.
Bəşər övladının həyatı mahiyyətini
bir kimsənin bilmədiyi alın yazısı – “qismətlə”
idarə olunmur. Fərdlərin
və xalqların taleyinə hökm edən insan ağlı və
iradəsidir. Bu mənada Türkiyənin
bütün köhnə təsisatları əsaslı dəyişikliyə
məruz qalmışdır. Din hər bir vətəndaşın
şəxsi işi elan olunmuşdur. Hüquq
sistemi və ədliyyə şəriətin müdaxiləsindən
tam təmizlənmişdir. Yeni qanunlar
yaradılarkən əsas kimi İsveçrə hüquq
kodeksi götürülmüşdür. Türkiyədə
qadınların hüquqları sadəcə kişilərlə
bərabərləşdirilməmişdir. Təcrübədə onlar daha öncül
mövqelərə çıxarılmışdır. İndi türk qadını həyatın və cəmiyyətin
bütün sahələrində məsul vəzifələr
tutmaqdadır.
Mədəniyyət sahəsində əsl möcüzələr
baş vermişdir.
Yaxın Şərqin işıqlı zəkalarının
əsrlər boyu qəlblərində yaşatdıqları
arzu – ərəb əlifbasının islahı Kamalın
zamanında həyata keçirilmişdir. İndi Türkiyə latın əlifbasından istifadə edir. Bir vaxtlar demək olar ki, başdan-başa savadsız
kəndlilərdən ibarət Türkiyə əhalisinin
böyük əksəriyyəti indi oxuyub-yazmağı
bacarır. Milli mədəniyyətə və
tarixə yeni istiqamət verilmişdir. Gənclərə
elm, incəsənət və texnika sahəsində
dünyanın mədəni xalqları ilə ayaqlaşmaq
yönündə nəcib hisslər
aşılanmışdır.
İqtisadiyyat sahəsində nəhəng addımlar
atılmışdır.
Atatürkün gəlişinə qədər yolsuz-izsiz
vəziyyətdə olan Türkiyə indi başdan-başa dəmiryolları
ilə əhatə edilmişdir. Bataqlıqlar
qurudulmuş, kanallar qazılmışdır. Ticarət donanması yaradılmışdır.
Sənaye inkişaf etdirilmişdir. Fabrik və zavodların bütöv bir şəbəkəsi
qurulmuşdur. Əvvəllər demək
olar ki, heç bir sənaye gücünə malik olmayan
Türkiyə indi özü kağız, şəkər və
digər zəruri tələbat mallarının
istehsalçısıdır. Hələ
mən ağır sənaye müəssisələri,
manufaktura kombinatları haqqında danışmıram. Bütün xarici konsessiyalar dövlət tərəfindən
satın alınmışdır. Banklar,
kooperativlər, kənd təsərrüfatı kredit cəmiyyətləri
açılmışdır. Əməyin
və kənd təsərrüfatının qorunması
istiqamətində qanunlar hazırlanıb qəbul
edilmişdir.
Müasir Türkiyə texniki cəhətdən
yaxşı təchiz edilmiş, Avropa tipli təlim
görmüş, qismən motorlaşdırılmış və
yeni silahlarla silahlanmış orduya malikdir. Türk hərbi
donanması bərpa edilmiş, aviasiya
yaradılmışdır. Hərbi sənaye
istehsalı nizama salınmışdır.
Müharibədən əvvəlki Osmanlı
imperiyası ilə müqayisədə əhalisinin sayca xeyli
azalmasına baxmayaraq müasir Türkiyə beynəlxalq siyasətdə
müqayisəyə gəlməyəcək dərəcədə
ciddi çəkiyə malikdir. İlk növbədə
Mustafa Kamal müharibədən sonrakı Avropanın ən
diqqətəlayiq dövlət xadimlərindən biri kimi
özünün böyük şəxsi nüfuzu ilə yeni
Türkiyənin mənəvi gücünü əhəmiyyətli
dərəcədə yüksəltmişdir. Digər tərəfdən,
ölkə daxilində islahatçılıq siyasətinə
geniş yer verən Cümhuriyyət Türkiyəsi Kamal
Atatürkün yürütdüyü ardıcıl
sülhsevər siyasət nəticəsində həm Balkan bölgəsinin liderinə
çevrilmiş, həm də öz sıralarında
Yaxın Şərqin “Səədabad paktı” adlı əməkdaşlıq
anlaşmasını imzalamış dörd müsəlman
dövlətini birləşdirən şərq blokunun
memarı kimi çıxış etmişdir.
Bir tərəfdən
Avropada daim Balkan dövlətləri ilə, o biri tərəfdən
isə Şərqdə İranla
münaqişə vəziyyətində olan köhnə
Osmanlı imperatorluğunun yerində biz indi bütün Yaxın Şərqdə
möhkəm sülhün və siyasi sabitliyin
başlıca təminatçısı
rolunda çıxış edən yeni Türkiyəni
görürük.
Yeni Türkiyəyə göstərilən beynəlxalq
etimad və inam özünü onun Qərbi Avropanın
mühüm iqtisadi mərkəzləri ilə əməkdaşlığında
daha aydın şəkildə büruzə verir. Ağır sənaye
sahəsindəki beşillik planına Britaniya
kapitalının yaxından cəlb etməklə ilə bir
sırada Türkiyə bu yaxın zamanlarda İngiltərə
və Almaniyadan da böyük maliyyə kreditləri
almışdır.
Kamal Türkiyəsinin uğurla həyata keçirilən
xarici siyasəti Qərbi Avropa ölkələri ilə
faydalı iqtisadi əməkdaşlığa şərait
yaratmaqla bir sırada Lozannada açıq buraxılmış
bir sıra siyasi problemləri də ağrısız həll
etməyə imkanı vermişdir. Onların sırasına “boğazlar üzərində
nəzarət” (Montre) və Aleksandretta sancağı (Xatay əyaləti)
ilə bağlı məsələlər daxildir.
Kamal haqqında danışarkən yeni Türkiyənin
Sovetlər siyasəti deyilən məsələnin üzərindən
sükutla keçmək imkan xaricindədir. Bir çox kənar
müşahidəçilərdə belə təəssürat
yarana bilər ki, Türkiyə Cümhuriyyəti ilə Sovetlər
arasındakı dostluq münasibətləri prinsipial ideoloji əsasa söykənir.
Lakin belə mülahizə yürüdənlərin
fikirləri Türkiyədə cərəyan edən hadisələrin diqqətli təhlili
zamanı heç bir tənqidə dözmür. Kamalizmin əsas mahiyyətini həqiqi milliyyətçilik
təşkil edir. Bu nəyin bahasına
olursa olsun vətənini dünyanın müasir mədəni
millətləri səviyyəsinə yüksəltməyə
çalışan Anadolu vətənpərvərinin milliyyətçiliyidir.
Qarşıya qoyulan məqsədə
çatmaq üçün ölkənin demoqrafik cəhətdən
gücləndirilməsi də daxil olmaqla ictimai həyatın
bir sıra sahələrində nəhəng addımların
atılması tələb edilirdi. Kamal son
savaşlar nəticəsində əhalisi seyrəlmiş, daha
da yoxsullaşmış və geridə qalmış Anadolunun
bütün müsəlman və türk dünyasının
yükünü öz üzərinə götürməsi
ideyasını mümkünsüz sayırdı. Bu məqsədlə də o,
düşünülmüş şəkildə panislamizm
siyasətindən imtina etmişdi. Belə
bir addım öz növbəsində ona hər şeydən
öncə Sovetlərlə siyasi əlaqələr yaratmaq
imkanı vermişdi. Sovetlər isə məlum
olduğu kimi, Anadolunun Avropa imperializmi ilə mübarizəsinin
başlanğıcında maraq və mənafeləri türk
milli hərəkatı ilə üst-üstə düşən
yeganə siyasi qüvvə, yeganə dövlət idi.
Lakin buna
baxmayaraq, Türkiyə heç zaman yerli kommunistlərlə
mübarizəni dayandırmaq, habelə yorulmaq bilmədən
“dost” Ankaranı bolşevikləşdirmək
üçün cəhdlər göstərən Moskva
İnternasionalının agentlərini təqib etmək niyyətindən
əl çəkməmişdir. Ankaranın
Moskva ilə siyasi eşqbazlığı lap
başlanğıc mərhələdə, hələ Qafqazda
bolşevizmin yayılmasının Avropa imperializmi ilə
mübarizədə Türkiyənin mövqelərini möhkəmləndirəcəyi
fikri zehinlərə hakim kəsildiyi bir vaxtda Ankara-Moskva
münasibətləri başda məlum Mustafa Sübhi olmaqla
türk kommunistlərinin üzləşdikləri faciəli
aqibət nəticəsində yasa döndü. Mustafa Sübhi öz qərargahı ilə Moskvadan
Türkiyəyə qayıtdığı zaman Trabzon
limanında sulara qərq edildi. Lakin bu qətiyyətli
addım da kommunizmin kamalçılığa qarşı
gizli mübarizəsinin dayandırılmasına gətirib
çıxarmadı. Öz növbəsində Kamal da
heç zaman bolşevizmi təqibdən əl çəkmədi.
Hər
şeydən şübhələnən Moskvanın Türkiyə
hökumətinin yürütdüyü siyasi xəttə
hücumları da ara vermir. Kremldə
Ankaranın “Avropaya istiqamət götürməsinə” həmişə
bir qorxu hissi ilə baxırlar. Türkiyənin
təqib etdiyi bu siyasət isə son zamanlar türk-ingilis
yaxınlaşması nəticəsində özünü
daha aydın şəkildə büruzə vermişdir.
Az müddət bundan əvvəl İstanbulun “Sabah” qəzeti Moskvada nəşr
olunan “Jurnal de Mosku” məcmuəsinin imperialist dairələrin
Anadoluya nüfuz etmələri və bu yolla “Türkiyənin
müstəqilliyini təhlükə altına almaları”
haqqındakı həyəcan dolu xəbərdarlığına
kəskin cavab verməli
olmuşdu. “İnsanları milli xüsusiyyətlərə
görə fərqləndirmək istəməyən, Vətənə
məhəbbət hissindən məhrum olan kosmopolitlərin
bizə, türk milliyyətçilərinə milli qürur
hissi aşılamaq fikrinə düşmələri yolverilməzdir ”- deyə qəzet
yazırdı. Həmin məqalədə daha sonra deyilirdi:
“Görünür, Moskvadakı dostlarımızı Almaniya və
Britaniyadan aldığımız son kreditlər narahat edir. Axı bu məsələdə bizim Sovet
İttifaqı ilə də əməkdaşlığımız
olub. Burada hansı təhlükə
haqqında söhbət gedə bilər? Biz
hələ faşistlərin Türkiyədəki fəaliyyəti
barəsində heç bir şey eşitməmişik. Kommunistlərin ölkəmizdə həyata
keçirdikləri təxribatçılıq əməlləri
barəsində isə çox tez-tez yerli qəzetlərin məhkəmə-cinayət
bölməsində müxtəlif xəbərlər oxuyuruq”.
Sonda isə qəzet sovetlərə “Türkiyənin
daxili işlərinə qarışmamağı” məsləhət
görür. Türk müəllifinin dili ilə məqalədə
deyildiyi kimi, “biz hətta özlərini dost kimi qələmə
verdikləri təqdirdə də başqalarının
iç işlərimizə burunlarını
soxmalarını xoşlamırıq”.
Kamalizm ideologiyası – milli
inqilabçılıqdır. Bu ideologiya
qarşısına ümumbəşəri sivilizasiyanın bəhrələrinə
qovuşmaq, Avropanın qabaqcıl ölkələrinə
çatmaq məqsədini qoymuşdur. Həmin
məqsədə yetişmək üçün istifadə
olunan metodlarda müharibədən sonrakı totalitar milliyyətçiliyin
səciyyəvi xüsusiyyətlərini görmək
mümkündür. Təsadüfi deyil ki, Böyük
Britaniyanın “Tayms” qəzeti Kamal Atatürkü müharibədən
sonra bütün dünyanı bürüyən xaos içərisindən
çıxmış ən böyük şəxsiyyətlərdən
biri adlandırarkən dövrün başqa heç bir
liderinin onun qədər böyük və uğurlu fəaliyyət
göstərə bilmədiyini xüsusi qeyd etmişdi.
Kamal Atatürk möcüzəsinin özəllikləri
ondadır ki, o, Avropaya qarşı savaş açmaqla bir
sırada ölkəsinin avropalılaşdırılması
istiqamətində ciddi uğurlar qazandı. Sovetlər İttifaqı ilə
siyasi dostluğa əsaslanmaqla bir sırada ölkəsinin daxilində
kommunizmin bütün təzahürlərini boğdu. Panislamizm və panturanizm ideologiyasına zərbələr
endirməklə bir sırada milli-azadlıq hərəkatını
məqsədyönlü və düzgün şəkildə
qurmaq nəticəsində Şərqdə yeni Türkiyəyə
böyük rəğbət qazandırdı. Bu mənada türk-müsəlman dünyasında
Kamal Türkiyəsinə göstərilən hörmət və
ehtiram İstanbul sarayının hətta təsəvvürünə
də gələ bilməzdi.
Yeni İranda, yeni Əfqanıstanda və digər
müsəlman ölkələrində islahatçı meyllər
birbaşa Kamal Türkiyəsinin təsiri altında meydana
çıxmış və yayılmışdır. Təsadüfi
deyil ki, Tehran sarayı Atatürkün ölümündən
sonra oyanan Şərqin bu mənəvi rəhbərinin vəfatı
ilə əlaqədar ölkədə bir aylıq matəm mərasimi
elan etmişdir.
Kamal Atatürkün başqa bir möcüzəsi
İstanbuldakı Aya Sofya abidəsi üzərində
xaç, yoxsa aypara ucaldılması məsələsini
Süleyman peyğəmbərə məxsus müdrikliklə
həll etməsidir. Onun qərarı ilə bu möhtəşəm
abidənin Bizans mədəniyyəti muzeyinə çevrilməsi
qərara alındı. Bu addım bir tərəfdən
Atatürkün ağır məğlubiyyətə
uğratdığı və indi artıq müttəfiq kimi
yeni münasibətlər qurduğu öz faciəsinə
göz yaşları axıdan Yunanıstanla münasibətləri
nizamlamağa təkan verdi, o biri tərəfdən
isə mədəni dünyanın türk liderinin universal zəkasına
heyran kəsilməsinə daha bir imkan yaratdı.
Kamaldan sonra Türkiyənin aqibəti necə olacaq?
Həmişə belə hallarda olduğu kimi bu suala cavab vermək üçün onun həyatdan getməsi ilə nə baş verdiyinin və dəfnində necə bir mənzərə yarandığının mahiyyətinə varmaq lazımdır. Mənzərə isə belə idi:
17 milyonluq xalq heyrətamiz birlik nümayiş etdirdi. Əbədiyyətə qovuşan Prezidentinin vəsiyyətini sözbəsöz təkrarlayan türk gəncliyinin qeyri-adi coşqunluğuna heyran qalmamaq mümkün deyildi. Türk gəncliyi heç bir çətinlik və məhrumiyyətə baxmayaraq, istənilən şəraitdə öz böyük rəhbər və atasının qoyub getdiyi ən qiymətli irsi – Türkiyə Cümhuriyyətini göz-bəbəyi kimi qoruyacağını vəd edirdi. Bunun ardınca isə Mustafa Kamal zəkası ilə yaradılmış Konstitusiya maşını heç bir maneə ilə üzləşmədən hərəkətə gəlir. Saat mexanizmi kimi dəqiq işləyən Türkiyə Böyük Millət Məclisi 24 saat ərzində toplanır və Atatürkdən sonra Türkiyənin ikinci adamı sayılan İsmət İnönünü yekdilliklə prezident seçir.
“Simali
Kafkasiya –
Severnıy
Kavkaz”,
1938, ¹
55-56, s.19-21
Rus dilindən tərcümə:
Vilayət Quliyev
525-ci qəzet.-
2014.- 25 yanvar.- S.15.