Avrasiyanın gələcəyinə
mükəmməl elmi baxış
Bu gün bütün istiqamətlərdə olduğu
kimi, ictimai-siyasi və humanitar elmlər sahəsində də
Azərbaycanın inkişafı mühüm nailiyyətlərlə
müşayiət olunmaqdadır. Bu, hər şeydən
əvvəl ölkəmizin sivilizasiyalararası dialoq məkanı
kimi tanınmasında və bütün dünya ölkələri
tərəfindən Azərbaycanın siyasi, mədəni, dini
tolerantlıq nümunəsi kimi qəbul olunmasında öz təsdiqini
tapır. Milli elmi-humanitar düşüncəmiz
Azərbaycanı türk dünyasının, türk
dünyasını isə planetar həyatın bir hissəsi və
hərəkətverici qüvvəsi kimi görməyə,
qavramağa imkan verən münasibətləri
aktuallaşdırmağa səy göstərir. "Ümumbəşəri zəncir"də
sivilizasiyalararası münasibətləri "türk həlqəsi
ilə" möhkəmləndirməyə
çalışan bu yeni metodoloji kontekstin önə
çıxarılması bu gün həm bizim
üçün və həm də bütün dünya
üçün olduqca vacibdir. Bu baxımdan, yenicə
çapdan çıxmış "Türk Dövlətləri
Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı
türk dünyasının problemlərinə yeni elmi-
metodoloji yanaşmanı sərgiləyən uğurlu bir
nümunə hesab etmək olar. Tanınmış
alimimiz, fəlsəfə doktoru Cavanşir Feyziyevin uzun illər
ərzində apardığı elmi axtarışların nəticəsi
olan bu tədqiqat əsərini Avrasiyanın gələcəyinə
mükəmməl elmi baxış kimi dəyərləndirmək
olar. Hələ əsərin əlyazmasını
oxuyarkən Cavanşir Feyziyevin çağdaş
dövrümüzdə türk dünyasının
qarşılaşdığı və gələcəkdə
də üzləşə biləcəyi problemlər barədə
düşüncələri, təklif etdiyi
çıxış yolları və irəli
sürdüyü model məni çox təsirləndirdi.
Yaxından tanıdığım ziyalı
dostumun mənsub olduğumuz müqəddəs bir
dünyanın - Türk dünyasının keçmişi və
bu günü barədə dərin bilgiyə malik
olmasından və sinəsində bu dünyanın gələcəyi
barədə dərin narahatlıqlarla dolu bir ürək gəzdirdiyindən
çox məmnun oldum.
Həqiqətən də son dərəcə sürətlə
dəyişən, gözlənilən və gözlənilməz
risklərlə dolu dünyada yaşayırıq. Qərbin siyasət dəhlizlərində
formalaşdırılıb meydana buraxılan "qloballaşma",
"inteqrasiya", "insan haqları",
"demokratiya", "beynəlxalq hüquq normaları"
barədə qulaqbatırıcı
çağırışlar dünyanı ağzına
alıb gedir. Kifayət qədər güclü
hərbi-iqtisadi potensialı olmayan ölkələr bu
çağırışların, daha doğrusu supergüclərin
xüsusi məqsədlərlə yeritdiyi siyasətin yedəyində
getməyə məhkumdurlar. Dünyanı dəfələrlə
bölüşdürmüş və
yaşadığımız planetin, o cümlədən Şərqin
sərvətlərini öz ölkələrinə
toplamış böyük dövlətlər
"qloballaşma" və "inteqrasiya" siyasətinin
cilovunu öz əllərində saxlayırlar. "İnsan
haqları", "demokratiya", "beynəlxalq hüquq
normaları" barədə çağırışlar isə
supergüclərin dünyanın müxtəlif bölgələrini
öz təsir dairəsində saxlamaq üçün
düşündükləri, həm də zahirən çox
cəlbedici olan vasitələrdən başqa bir şey deyil.
Dünyanı ədalət, beynəlxalq
hüquq normaları deyil, ədalətsizlik və güc idarə
edir. Bəs qalan xalqlar, o cümlədən
yenicə müstəqilliyə qovuşmuş türk dövlətləri
üçün çıxış yolu nədədir?!
Belə bir taleyüklü sualın tarixi dəlillərə
söykənərək elmi əsaslarla
cavablandırılması baxımından Cavanşir Feyziyevin
böyük məmnuniyyətlə oxuduğum bu əsəri
çox qiymətli bir tədqiqatdır. Müxtəlif
elmi dərgilərdə və mətbuatımızda tez-tez
çap olunan elmi-publisistik məqalələri ilə
geniş maraq doğuran fəlsəfə doktoru Cavanşir Feyziyevin
"Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın
Avrasiya modeli" adlı əsəri də məhz belə
araşdırmalardan biridir.
Türk
dünyasının problemlərinə həsr olunmuş
çoxsaylı əsərlərin əhəmiyyətini qeyd
etməklə yanaşı, mən bu kitabın müstəsna
dəyərini onda görürəm ki, burada Türk Dövlətləri
Birliyi ideyası ilk dəfə olaraq sistemli surətdə,
konseptual bir model kimi, geniş və dərin təhlillər əsasında
irəli sürülür. Hər bir suveren türk
respublikası - Azərbaycan, Türkiyə, Qazaxıstan,
Özbəkistan, Türkmənistan, Qırğızıstan,
Şimali Kipr Türk Respublikası və onların müasir
inkişaf səviyyələri, eyni zamanda, digər dövlətlərin
ərazisində bu və ya digər statusda yaşayan türk
toplumları haqqında, tarixi əlaqəli şəkildə
gərəkli informasiyalar verilir. Kifayət qədər
geniş kontekstdə və çoxspektrli yanaşmada türk
dünyasının birliyi bütövlükdə müasir
beynəlxalq həyatın aktual problemi kimi
qaldırılır.
Fikrimcə,
müəllifin uğurla əsaslandıra bildiyi başlıca
imperativ belədir: Avrasiya geopolitikasını tarixən yaradan
- türklər olmuşdur, bu gün onu yaşadan da türklərdir
və gələcəkdə də türklər
olmalıdır! Məhz bu kontekstdə müəllif
Türk Dövlətləri Birliyi ideyasını bütün
Türk dünyası üçün böyük önəm
daşıyan vahid strateji istiqamət kimi dəyərləndirir.
Kitabda bu ideya türk dünyasının
tarixi-siyasi inkişafının məntiqi nəticəsi kimi
irəli sürülür. Doğrudan da, türk
dünyası özünün əzəli Vətənində
- Avrasiyanın özəyində bənzərsiz bir
sivilizasiyasının elə möhtəşəm tarixi təməlini
yaradıb ki, bu təməl üzərində Türk Dövlətləri
Birliyini yaratmaq - uzun əsrlər kərpic-kərpic tikilən
binanın son qatını tamamlamaq kimi labüddür.
Müəllifin analitik şərhləri türk
dünyasının inkişafının dolğun tarixi mənzərəsini
gözlərimiz önündə canlandırır. Cavanşir
Feyziyevin araşdırması bir daha sübut edir ki, türklər
həqiqətən də Avrasiya quruculuğunun
memarıdırlar. Türk dövlətçiliyinin
genezisini diqqətlə araşdıran tədqiqatçı
göstərir ki, tarixdə bəlkə də ilk dəfə
türklər Millət və Dövlətin
identifikasiyasını yaradıblar. Tarix boyu hər bir
türk eli, türk etnosu vahid bir toplum -
dövlət halında birləşib, mədəni tərəqqiyə
və siyasi-hərbi qələbələrə qovuşub. Bütün bu proseslərdə dövlət
quruculuğunun başlıca şərti olan dövlətçilik
şüuru formalaşıb. Türk
sivilizasiyasının ən böyük qüdrəti isə
geniş Avrasiya məkanında bir-biri ilə etnosiyasi varisliyi,
genealoji bağlılığı olan türk dövlətlərinin
getdikcə inkişaf edərək imperiyalara çevrilməsi
prosesində üzə çıxır. Bu
tarixi təkamülün əsas istiqamətlərini və
dönüşyaradıcı məqamlarını həssaslıqla
təhlil edən Cavanşir Feyziyev göstərir ki, Avrasiyada
türk etnocoğrafiyasının getdikcə genişlənməsi,
türk xalqları və dillərinin diferensiasiyası həm
də özünəqayıdışın labüd prosesləri
ilə müşayiət olunub. Bu gün həmin
diferensiasiya yenidən inteqrasiyaya dönmək zərurəti
alıb.
Müəllif türk sivilizasiyasının
arxitektonikasından danışarkən diqqəti belə bir
mühüm cəhətə yönəldir ki, sistem
bütövlüyünə malik olan türk sivilizasiyası
özünün bütün komponentləri ilə orqanik bir
harmoniyaya malikdir. Türk varlığının təcəssümü
olan, "Milli Vəsiyyətnamə" adlandırılan
Orhon-Yenisey daş-yazılı abidələri Göy Türk
imperiyasının (552-745-ci illər) yenilməz dövlətçilik
ruhunu, sarsılmaz milli yetkinliyini bütün əzəməti
ilə əks etdirir. "Türk" adını tarixdə
ilk dəfə dövlət adına
yüksəldən Göy Türk imperiyası Avrasiyanın ən
uzaq nöqtələrini birləşdirərək, öz
dövrünün qüdrətli dövlətləri olan
Çin, Sasani, Bizans imperiyaları ilə diplomatik münasibətlər
qurub. Belə bir davamlı prosesdə türk
siyasi mədəniyyəti dövlət quruculuğu ənənələrini
daha da inkişaf etdirərək, özünün
türkçülük ideologiyası kimi fundamental
dünyagörüşü sistemini ərsəyə gətirib.
Monoqrafiyada bu hərəkatın ictimai-fəlsəfi
və ideya-siyasi cərəyanları
araşdırılır, böyük türk birliyi uğrunda
mübarizənin ideoloji əsasını təşkil edən
türkçülük hərəkatının
siyasi-humanistik mahiyyəti üzə çıxarılır.
Bəzi Qərb filosofları sivilizasiyaların
toqquşmasından yazır və bunun
labüdlüyünü sübut etməyə
çalışırlar. Bu kitabda isə Cavanşir Feyziyev Qərb
siyasi-kulturoloji dünyagörüşünün müasir
dövrdə meydana gətirdiyi "toqquşdurucu" nəzəri
paradiqmasına qarşı özünün əks-arqumentini
irəli sürür və çox dəqiq tarixi faktlarla
fikirlərini sübuta yetirir. Müəllifin fikrincə,
tamamilə fərqli genezisə və özünəməxsus
arxetipik keyfiyyətlərə malik olan türk sivilizasiyası
ilə islam sivilizasiyasının bir-birinə
qaynayıb-qarışması buna ən yaxşı sübutdur.
Türk və İslam orduları müəyyən tarixi
situasiyalarda savaş meydanlarında üz-üzə gəlsə
də, bu türk və islam
sivilizasiyalarının toqquşmasına gətirib
çıxarmayıb. Əksinə, onlar tarixdə
görünməmiş sintezləşmə prosesinə daxil
olaraq, bir-birini qidalandırmış, daha da inkişaf
etdirmış və gücləndirmişlər. Nəticədə Şərqdə dünyanın ən
əzəmətli türk hökmranlıqlarının əsası
qoyulmuş və Türk-İslam imperiyaları bütün
orta əsrlərin tolerantlıq nümunəsini,
sivilizasiyalararası münasibətlərin zəngin
praktikasını yaratmışlar. Bu
baxımdan tədqiqatçı, haqlı olaraq, gerçək
türk tarixini təhrif edən yanlış mövqeləri
alt-üst edərək göstərir ki, əslində,
türklərin siyasi-mədəni missiyası tarixən
sivilizasiyaları ziddiyyətə gətirməkdən deyil,
yaxınlaşdırmaqdan və harmonikləşdirməkdən
ibarət olub. Məhz belə bir tarixi
missiya ilə türklər Böyük İpək yolu
diplomatiyasının əsasını qoymuş, Böyük
İpək yolunun genişlənib böyüməsini təmin
etmiş, uzun bir tarixi zaman müddətində Avrasiya ölkələrinin
ticarət və əməkdaşlıq münasibətlərinə
bir nizam gətirmişlər. "Tarixdən doğulan Gələcək"
perspektivini düzgün müəyyən edən müəllif
günümüzün həqiqətini belə ifadə edir:
"Müasir beynəlxalq həyatda Böyük İpək
Yolunun yenidən aktuallaşması dünya
inkişafının tarixi qanunauyğunluğudur: bu o deməkdir
ki, yenidən Böyük Siyasətə qayıdan türk
dünyasının çağdaş Avrasiyanın siyasi,
iqtisadi, mədəni həyatında rolu aktuallaşır. Böyük İpək Yolunun tarixi qoruyucuları
olan türklər bu gün onun qurucuları missiyasında
çıxış edirlər".
Avrasiya geopolitikasının tarixi inkişafında
türk dövlətlərinin rolu həlledici əhəmiyyət
daşıdığından tədqiqatçı bu problemi
daha geniş kontekstdə araşdırır. Bu xüsusda
elmi-nəzəri ədəbiyyatın və siyasətçilərin
təqdim etdiyi polemikaya fəal şəkildə qoşulur.
Öz mövqeyini inandırıcı dəlillərlə
sübuta yetirir. Müəllifin analitik-tənqidi
şərhində Rusiya tərəfindən gündəmə
gətirilən neo-avrasiyaçılığın birtərəfli
mahiyyəti, eyni zamanda, Qərbin Avrasiya siyasətindəki
imperialist mövqeyinin kökləri açılır. Bu gün qlobal siyasətdə Avrasiyanın
inkişaf perspektivinə münasibətin dəyişməsi
zərurəti, Asiya - Avropa münasibətlərinin
inkişafına Türk Dövlətləri Birliyinin verə
biləcəyi geopolitik və geostrateji imkanların kifayət
qədər etibarlı və təminatlı olması fikri əsaslandırılır.
Müəllifin qənaətinə görə,
müasir dövrümüzdə dünya dövlətlərinin
ümummilli, regional, linqvistik, dini, sivilizasion əsaslarda daxili
inteqrasiyaya girməsi və bu inteqrasiyanın uzunmüddətli
perspektivdə onların siyasi və iqtisadi maraqları ilə
uzlaşması birlikyaratmanın çox ciddi təminatına
çevrilir. Müəllif belə bir reallıqdan
çıxış edir ki, əgər XX əsrdə
Avrasiyanın qərbində Avropa Birliyinin təşəkkülü
buradakı daxili inteqrasiyanı başa
çatdırmışdısa və bu birlik beynəlxalq həyatda
çox mütərəqqi dönüşlərə səbəb
olmuşdusa, XXI əsrdə ondan da böyük zərurətlə
Avrasiyanın türk geopolitik regionunda Türk Dövlətləri
Birliyinin yaradılması mümkündür. Bu
birlik xüsusi olaraq Asiyanın taleyi ilə bağlı beynəlxalq
siyasi sistemdə güclü transformativ prosesləri
stimullaşdıra bilər. Avropa Birliyi və
Türk Dövlətləri Birliyi - Avrasiyanın
siyasi-sivilizasion bütövləşməsi tarixinin fenomenal
hadisəsi kimi sözün əsl mənasında Asiya və
Avropanı kontinental qütbləşmədən gerçək
inteqrasiyaya və əməkdaşlığa yönəldən
həlledici transformasiyanın başlanğıcı
olardı. Belə bir situasiyada Avrasiyada
hansısa bir hegemonun dominantlıq etməsi, hansısa bir
dövlətin mütləq üstünlüyü praktiki
olaraq mümkün olmazdı. Türk
geopolitik regionunda Avropa Birliyinə alternativ olan, lakin onunla
ziddiyyətə gəlməyən Türk Dövlətləri
Birliyinin reallaşması bütövlükdə Avrasiya
quruculuğu layihəsini vahid qlobal siyasi məkan çərçivəsində
başa çatdıra bilərdi.
Müəllif
türk dünyasının daxili əlaqələrinin dərinləşməsinə,
türk dünyasının özünün siyasi-coğrafi məkan
olaraq, beynəlxalq sistemdə zəruri konfiqurasiya almasına
kömək edən tendensiyaları araşdırır və
haqlı olaraq Azərbaycanla Türkiyə arasındakı
çoxəsrlik tarixi əlaqələri və bugünkü
müttəfiqliyi "türk dünyasını inkişaf
etdirən münasibətlərin cazibə mərkəzi" kimi
mənalandırır.
Cavanşir Feyziyev Türk Dövlətləri Birliyinin
yaradılması prosesini uğurla başa çatdıracaq fəaliyyət
istiqamətlərini təhlil edərək, suveren türk
respublikalarının vahid humanitar siyasətinin həyata
keçirilməsi zərurəti üzərində
dayanır. Doğrudan da, ideologiya, mədəniyyət, elm, təhsil,
ədəbiyyat, incəsənət, mətbuat sferasında
müasir zaman üçün ortaq dəyəryaratma
praktikasının genişlənməsi və dərinləşməsi
- türk dünyasında humanitar münasibətlərin
inkişafının önəmli şərtlərindəndir.
Kitabın son bölümü "Türk Dövlətləri
Birliyinin strategiyası" problemi ilə bağlıdır. Tədqiqatçı
müstəqil türk dövlətlərinin milli
strategiyalarının üzvi vəhdətindən təşəkkül
tapa biləcək ümumi strategiyanın əsas prinsiplərini
müəyyən edir. Milli, ümumtürk və dünya
parametrləri üzrə quruluş alan
geostrateji platformanın əhəmiyyətini üzə
çıxarır. Bu əsərdə
Cavanşir Feyziyev müasir dünyada baş verən proseslərin
aparıcı tendensiyalarını, zəruri dəyişmələri
motivləşdirən amilləri təhlil edərək, beynəlxalq
münasibətlərin inkişafında Türk Dövlətləri
Birliyinin rolunun nədən ibarət olacağını
göstərir. Müasir qlobal siyasi proseslərin
gedişini, dünya inkişafının dialektikasını,
Ən Yeni Tarixdə yönəldici və hərəkətverici
siyasi qüvvələrin optimal konfiqurasiyasını və
dövrümüzün çağırışlarına
müvafiq olaraq, türk dünyasının "Türk
Dövlətləri Birliyi" ilə özünütəsdiq
zərurətini nəzərə alsaq, müəllifin bu
paradiqma-ideyasındakı "rasional toxumu" belə dəyərləndirmək
olar: XXI əsr - Təklərin deyil, Müttəfiqlərin əsri
olacaq!
Müəllif elmi axtarışlar apararkən müxtəlif
dillərdə olan coxsaylı ilk mənbələrdən və
elmi ədəbiyyatdan çox zəngin faktik materialları nəzərdən
keçirmiş, saf-çürük etmiş, dərin
analitik təhlillər aparmış və gələcəyə
istiqamətlənmiş elmi nəticələr
çıxarmışdır. Fikrimcə, müəllifin
müxtəlif qərb dillərində olan elmi ədəbiyyatı
elmi tədqiqat dövriyyəsinə daxil etməsi onun
çox böyük uğurudur. Böyük məmnunluqla
oxuduğum və "Ön söz" yazdığım
"Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın
Avrasiya modeli" monoqrafiyasını mən elmimizin
mühüm uğuru hesab edirəm. Yeri gəlmişkən,
kitabın elmi redaktoru - müasir milli fəlsəfə elmimizdə
öz dəst-xətti ilə seçilən,
yaradıcılığına böyük rəğbət bəslədiyim
görkəmli filosofumuz, professor Fərman İsmayılovdur.
Nəhayət, bu qiymətli əsər barədə
oxuculara da müraciət etməyi özümə borc bilirəm.
Əziz oxucular! Bu kitab türk dünyasını sevən bir mənəviyyat sahibinin, onu tarixin əski çağlarından müasir dövrümüzə qədər xüsusi əzmkarlıqla araşdıran bir idrak sahibinin əməyinin məhsulu olmaqla yanaşı, həm də hamımız üçün müqəddəs olan türk dünyasını oxucuya sevdirən bir əsərdir. Bu əsərlə türk dünyasının bütün tarixini - dünənini, bugününü və sabahını birgə yaşaya bilərsən, Böyük Türk Ruhunun əzəmətini duyarsan.
Düşünürəm ki, Cavanşir Feyziyevin bu qiymətli əsərinin qardaş türk xalqlarının dillərində də nəşr olunması ümumtürk oxucuları üçün dəyərli töhfə olardı.
Müəllifə yeni yaradıcılıq uğurları arzulayıram!
Yaqub Mahmudov
Əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü,
Dövlət mükafatı laureatı
525-ci
qəzet.- 2014.- 28 yanvar.- S.8.