Fevral ayının 7-10-u arasında İtaliyanın Milan şəhərində Cüzeppe Verdi Konservatoriyasının professoru Davide Qualtleri tərəfindən hazırlanmış, Azərbaycan şairlərinin şeirlər kitabının təqdimatı keçiriləcək. Təqdim edilən şeirlər əsasən Qarabağ mövzusundadır. Hər şeir Azərbaycan dilində olduğu kimi çap edilib, italyan dilinə tərcüməsi verilib. Şeirlərin bir çoxuna italyan bəstəkarları tərəfindən musiqi bəstələnib. 2013-cü ildə kitabın hazırlanması ilə birbaşa məşğul olan italyan həmkarlarımız iki dəfə Azərbaycanda olublar. Bir dəfə kiçik bir heyətlə biz Milan Konservatoriyasında müəllim tələbə heyəti ilə görüş keçirmişik. Hazırlanan kitabdakı şeirlərdən nümunələr səsləndirmişik. Əlbət ki, kitab haqqında geniş məlumatı İtaliyadakı təqdimatdan qayıdandan sonra oxuculara təqdim edəcəyik.

Bu münasibətlə dahi bəstəkar Cüzeppe Verdiyə həsr etdiyim bir şeiri oxuculara təqdim edirəm. Məlum faktdır ki, indi Cüzeppe Verdi adını daşıyan məşhur konservatoriyaya oxumağa onun özünü qəbul etməyiblər. Deyiblər, bu oğlanın barmaqları gödəkdir, ondan musiqiçi olmaz.

 

CÜZEPPE VERDİ

 

O zamanlar mafiyanın

İtalyada barmaqları uzun,

Əli hər yana çatırdı.

Ağılsıza şöhrət alırdı,

ümidsizə arzu satırdı.

Özü Milanda olanın

Barmaqları uzanıb Palermoda

güllə atırdı.

Barmaqları banklara girirdi,

Barmaqları qalın seyflərin

içini görürdü.

Cüzeppe əllərinə baxır,

ürəyinin göz yaşları axır.

kəsib atmaq olur,

dartıb uzatmaq olur.

Ona demişdilər:

Barmaqların gödəkdi,

Musiqiçi olmağa

uzun barmaqlar gərəkdi.

Arzuya bax, əllərə bax,

Aman Allah!!!

Bu həyata lənət,

Lənət belə dünyaya,

Bu kainata lənət!

Yox, musiqisiz günüm gün deyil.

Yerdən qaçıb ulduzlara sığınardım,

bu da mümkün deyil.

Bəlkə qaçım o dünyaya...

Yox, yox, Amerkaya.

Amerika da o dünya kimi uzaqdı,

Bəlkə orda haqqın rəngi haqdı.

Getdi,

Yazdı,

çaldı,

ucaldı,

ad-san aldı.

Uzandı barmaqları

uzaq sahillərə,

doğma ellərə.

Dünyadakı bütün şirmayı dillərə

barmaqları toxundu.

O dillər Cüzeppe Verdi barmaqları ilə oxundu.

İstedad barmaq deyil,

İstedad canındakı atəşdir çıxacaq.

İstedad qara buludlarda boğulan

ildırımdır çaxacaq.

Böyük istedad yol tapacaq özünə.

Qazıb yerə batırsan

cücərib çıxacaq yer üzünə.

İndi Milan Konservatoriyası

Cüzeppe Verdinin adını geyib əyninə,

Bu adla öyünə-öyünə

Məşhurdu indi.

Dönüb musiqi məbədinə,

Musiqi dünyada ən gözəl bəşəri dindi.

İndi o məbəd Verdinindi.

 

Fikrət Qoca

525-ci qəzet.- 2014.- 28 yanvar.- S.7.