O şəhərdə bu şəhərin
aktyoru
(Cahangir
Novruzov-60)
Azərbaycanın əməkdar incəsənət xadimi
Cahangir Novruzov artıq 60 yaşındadır.
Bu
münasibətlə Türkiyənin Adana şəhərində,
yaxşı tanımadığım, bilmədiyim o şəhərdə,
hansı şəhərdəki Cahangir teatr sənətindən
dərs deyir, cavanlara aktyorluq öyrədir, adına möhtəşəm
bir törən düzəldilib, şərəfinə
"Adanaya güc qatanlar" projesi çərçivəsində
retro üslubunda ağ-qara fotolarla süslənmiş bir kitab
basılıb.
Olsun! Fəxrimizdir!
İndisə onu qutlamaq görəvi bu şəhərdə
mənim boynuma düşüb. Şünas isə heç vədə
çal-çağır eləyə bilmir: çünki
araşdırıb yazmaqdan savayı əlindən ayrı bir
iş gəlmir. Elə isə... bir zamanlar bu şəhərdə:
BİRİNCİ
BÖLÜM
ORDAN-BURDAN
Epizod ¹ 1.
Bir səhər Cahangir yuxudan ayılır və görür
ki, bütün Bakı, bütün Azərbaycan onu
tanıyır, onu sevir və bir gecənin içində o,
dönüb ulduz olub. Bu olay baş vermişdi 1987-ci ildə, əgər
səhv eləmirəmsə, yanvar ayında, AzTV-də
"Ordan-burdan" teletamaşası efirdə göstərildikdən
sonra... Nədən ki, Azərbaycan mədəniyyətinin o
çağlarında, ol əyyamda "Ordan-burdan" bomba
kimi partlamışdı; seyrçilər dahi Üzeyir bəy
Hacıbəyli felyetonlarından kollaj prinsipi ilə
hörgülənmiş bu teletamaşada hamıdan çox
Cahangirin hərif və sadəlövh, türkəsaya
milyonçusu Salman bəyi bəyənmişdilər; "bəyənmişdilər"
nədir, onu keçmişin fraklı kuklası,
keçmişin milli zarafatı kimi əzizləmişdilər.
Cahangir müasirliyə inteqrasiya olunmaq istəyən,
amma bunu bacarmayan həpənd Salman bəyin dostyana
şarjını yaratmışdı teleekranda. Çox
suyuşirin idi onun lopabığ,
günahsız-günahsız gülümsəyən əfəl
milyonçusu: üzündə şeytan tükü vardı
elə bil; ətli dodaqları gah təəccübdən, gah
da heyrətdən qabağa uzanıb biçarə-biçarə
cütlənirdi; bərəli, gilgilə gözləri hər
qəfil hadisədən sonra öz-özünə
böyüyüb məəttəl-məəttəl "gillənirdi"
sanki. Əslində, Cahangirin ifasında Salman bəy
yekə bir pul çuvalını xatırladırdı və
bu çuvalda puldan başqa heç nə
olmadığından hamı onun başına rahatca corab
hörə bilirdi. Salman bəy isə bu
fırıldaqlara cavab verə bilmək iqtidarında deyildi:
odur ki, axmaq yerində qalırdı və seyrçidə
zavallı bir həpənd təəssüratı
oyadırdı.
Epizod ¹ 2.
Başqa bir səhər Cahangir yenə yuxudan ayılır və
yenə görür ki, bütün Bakı, bütün Azərbaycan
camaatı küçədə, yolda, orda-burda,
bazarda-dükanda rastlaşanda onun personajının
ayerobikanı milliləşdirmək coşqusu içində
dediyi "hanı bunun duzu... istiotu? Hanı bunun
zəncəfili... darçını?" ifadəsini bir-birinə
söyləyib qımışır, zarafatlaşır.
Bu hadisə də, yəni Cahangirin xalis komediya ulduzuna
çevrilməsi baş vermişdi 1987-ci ildə, əgər
səhv eləmirəmsə, noyabr ayında, AzTV-də
"Yaşıl eynəkli adam"
teletamaşası axşam efirində göstərildikdən
sonra... Telehoqqa-detektiv kimi
düşünülmüş bu tamaşada Cahangir studiyada
ayerobikaya quruluş verən ədabaz cavan bir telerejissora
şarj eləmişdi. Lakin bu dəfə onun
şarjında satirik çalarlar da, qroteskvari elementlər də
vardı: qızların ayerobikasını milliləşdirmək
üçün cəfəng-cəfəng fikirlər söyləyən
qara gödəkçəli, qara eynəkli telerejissoru Cahangir əməllicə
məsxərəyə qoyurdu, ona şəbədə
bağlayırdı.
Epizod ¹ 3.
Daha bir başqa səhər Cahangir yenə
yuxudan ayılır və yenə görür ki, hamı
barmağını tuşlayıb heyranlıqla ona tərəf
baxır, "dərviş, dərviş" deyib onun arxasınca
pıçıldaşır. Bu hadisə də baş
vermişdi 1993-cü ildə, əgər səhv eləmirəmsə,
mart ayında, AzTV-də "Ac həriflər"
teletamaşası efirdə göstərildikdən sonra... Bu
teletamaşada Cahangir fırıldaqçı bir Dərvişi
oynayırdı, söz dəllalını oynayırdı:
onun saçı-saqqalı pırpız, yarı yalın əndamına
suf geymiş personajı dodaqlarını şökləyib
dini mifologiyadan biçarə zavallılar, fağırlar
üçün dəli-dəli hap-gop düzəldirdi və
dadlı loxmaları bir-bir alıb içəri
ötürürdü. Elə bu tamaşada onun
tünd göy mundirli, iri yanbızlı, biganə, maymaq,
keykülə Jandarmı isə Dərvişin kazarma
variantı kimi "oxunurdu". Hələ bu harası
idi: bu teletamaşada Cahangir daha iki epizodik rolda
çıxış edirdi. Onun çarşab altında
ehtirasdan qıvrılan bant dodaqlı müsəlman
qadını yumor haşiyəsi içində "biabırçı
seksual fəlakət" kimi yozulurdu, Aktyoru isə
kasıblıq və avaraçılıq ucbatından mənəviyyatını
itirmiş intelligent geyimli peşəkar dələduz təəssüratı
oyadırdı.
Epizod ¹ 4.
Başqa-başqa səhərlərin birində Cahangir yenə
yuxudan ayılır, amma görəndə ki, hamı onu
dövrəyə alıb gülə-gülə, lağ eləyə-eləyə
nazir İzzət Nəfislini söyür, bu dəfə
qayıdıb təzədən yatır. Bu olay isə baş
vermişdi 1995-ci ildə, bilirəm ki, səhv eləyəcəyəm,
hansı ay olduğunu tamamən unutmuşam, AzTV-də
"Bala - başa bəla" teletamaşası efirdə
göstərildikdən sonra... Bu kəndistan temperamentləri
komediyasında, ailəiçi didişmələr,
boğuşmalar, qışqırıqlar komediyasında
Cahangir şişirtmə yolu ilə çatmışdı
karikatura sərhədinə və bu sərhəddə hələ
də öz aborigenliyindən qurtulmamış yekəpər,
qaraşın, vızbaş, ayı kimi tüklü nazir
İzzət Nəfislini elə onun öz yuxusundaca biabır eləmişdi;
onu qorxacağın, arvadağızın birisi kimi
oynamışdı. Xalq bunu
görmüşdü və Cahangirin bu dəfəki nazir
personajına aşkar neqativ münasibət bəsləmişdi.
lll
Aktyor dahi olanda xalq onun oynadığı personajları
aktyorun şəxsiyyətilə eyniləşdirir.
lll
İKİNCİ
BÖLÜM
ÇOX
XARİZMATİK ADAM
1987-1995-ci illərdə Cahangir öz aktyor
populyarlığının zirvəsində
dayanmışdı.
Amma demək ki, onu 1987-ci ilədək
tanınmırdılar, sevmirdilər, düzgün olmaz.
Kinorejissor
Həsən Seyidbəyli hələ 1969-cu ildə 15
yaşlı Cahangiri "Bizim Cəbiş müəllim"
filminə, epizodik Saşa Rəsulov roluna çəkdi; ancaq
elə çəkdi ki, uşaqlarla birlikdə çırtma
çalıb meyxana deyən Saşa Rəsulovu seyrçilər
unutmadılar.
Di gəl
ki, Cahangir aktyorluğu seçmədi, rejissuraya meylləndi:
bu, ona prestijli lider imici üçün yetərincə
münasib göründü və o, 1971-ci ildə Azərbaycanın
üç ən məşhur teatr rejissorundan biri professor
Mehdi Məmmədovun sinfinə düşdü. Hərçənd
mən bilirəm ki, Mehdi Məmmədov və Cahangir Novruzov
min il yaşasaydılar, min il müəllim - tələbə
kimi birgə çalışsaydılar, min il eyni bir teatrda
rejissor işləsəydilər belə, yenə paralel
dünyaların adamları olaraq qalacaqdılar: nədən
ki, gerçəkliyi qavrama tərzi, düşüncə,
zövqlər, duyğusallıq bu adamlarda koordinal şəkildə
müxtəlif idi, fərqli idi.
Daha sonra Musiqili Komediya Teatrında cüzi bir maaşa
vokalçı işlədi Cahangir; sonra elə oradaca bir
neçə rol oynadı yerli dramaturqların əsərlərində. Daha sonra isə
Şəki Dram Teatrına quruluşçu rejissor getdi.
Şəki
Teatrına rejissor getdi də, özünü bir rejissor kimi təsdiqlədi
də: amma sorağı Şəkidən yenə bir aktyor kimi
eşidildi; əvvəlcə dedilər ki, Şəki
teatrının səhnəsində, ardıyca söylədilər
ki, yox e, Azərbaycan teatrının səhnəsində onun
kimisi olmayıb. 1981-ci ildə Bakıda Şəki
Teatrının qastrolları zamanı mən onun
Tarıverdisini ("Hekayəti xırs quldurbasan"
tamaşası), Möhtəşəm Müğeymini
("Meteor" tamaşası), Aktyor və Şiitini
("Arturo Uinin karyerası" tamaşası) fenomenal aktyor
işləri kimi dəyərləndirdim. Bunun
səbəbini təkcə Cahangir Novruzovun istedadının
hüsnü, peşəkarlığı, dərin sənət
bilgisi ilə izah etmək, əlbəttə ki, sadəlövhlükdür.
Nədən
ki, Cahangir çox xarizmatik şəxsiyyətdir, çox
koloritli, zarafatcıl, ünsiyyətcil, aktyor ədası ilə
ibarəli danışmağı sevən bir adamdır, lətifələr
"ölüsüdür": azərbaycanlıların necəliyini,
azərbaycanlı tipini anlamaq üçün bir dəfə
onun üzünə baxmaq kifayət edir məncə. Hətta,
məncə, Cahangir Azərbaycan mətbəxinin ətli-quyruqlu,
turşulu-şabalıdlı, ədviyyatlı yeməklərinə
oxşayır; ağ süfrə üzərinə
qoyulmuş qatı xurma doşabı kimidir Cahangir. Haradasa onu sobalı qış evlərinin xovlu
xalçalarına da bənzətmək olar.
Təsadüfi deyil ki, Cahangirin teatr səhnəsində,
kino filmlərdə, teletamaşalarda oynadığı
rolların, tiplərin fakturasını xatırlayarkən mənim
assosativ təfəkkürümdə həmişə
Ərzuman küftəsinin ekzotikası canlanır. Qoyun ətindən
soğanla hazırlanmış qiymədən iri küftə
tuturlar, içinə isə ya bərk bişirilmiş yumurta,
ya da toyuq qoyurlar, işgənədə (bulyonda) qaynadırlar
və ədviyyatını bol eləyirlər. Adətən,
bir belə küftə bir ailənin şam yeməyi ola bilir. Cahangirin də personajlarının
plastik rəsmində həmən bu Ərzuman küftəsinin
ekzotikasını tapmaq mümkündür: onların hamısının
enerji cövhəri sanki bu Ərzuman küftəsinin çox
doyumlu olması ilə müəyyənləşir.
Cahangirin,
əlbəttə ki, mətnə görə, xronometraja
görə irili-xırdalı rolları o qədərdir ki...
Lakin onların hamısı bir qayda olaraq yağlı boyalarla
işlənib: o, qrafikadan xoşlanmır, karandaşla rəsm
çəkmir, akvareldən uzaq durur, yanız interyerdən
asılacaq gülməli portret-xarakterlər yaradır, istər
səhnədə, istərsə də kamera
qarşısında. Hərçənd mən
düşünürəm ki, Azərbaycanda teatr situasiyası
bir az daha dinamik olsaydı, Cahangir çox böyük
uğurla Məşədi İbadı ("O olmasın, bu
olsun"), Şeyx Nəsrullahı ("Ölülər"),
Şayloku ("Venesiya taciri"), Firsi ("Albalı
bağı"), Skvoznik-Dmuxanovskini ("Müfəttiş")
və hətta Mefistofeli və ya İblisi oynaya bilərdi, yenə
əlbəttə ki, əgər tamaşaların
konsepsiyası onun istedadının hüsnünə
uyğunlaşdırılsaydı... və ya tamaşalar məxsusi
Cahangir Novruzov üçün qurulsaydı...
Düzdür,
mən görməmişəm, amma qulaq şahidiyəm, deyirlər
ki, bir rejissor kimi Cahangirin "Müsyö Jordan
və Dərviş Məstəli Şah" tamaşası
öz konseptual yozumuna görə çox orijinal və
gülməli alınıbmış. Tarxi
faktdır ki, bu tamaşa 1987-ci ildə ilk Azərbaycan
dramaturqu M.F. Axundzadənin 175 illik yubileyinə həsr
olunmuş Teatr Festivalında Baş Mükafata layiq
görülüb.
1993-cü ildə isə Azərbaycan Teatr Xadimləri
İttifaqının təşkil etdiyi I Mono Tamaşalar
Festivalında U.Şekspirin "Hamlet" faciəsinin motivləri
əsasında onun Şəki Teatrının aktyoru Fərman
Abdullayevlə birgə qara komediya janrında yazıb
hazırladığı "Ölüm ya Olum"
tamaşası da festivalın əsas Ödülünü
qazanır.
Bunlardan əlavə də neçə-neçə
tamaşası olub Cahangirin, həm Şəkidə, həm
Bakıda, həm də Türkiyədə. Ancaq mən
bir məqama diqqət elədim ki, Cahangir həmişə
özünə yaxın, onun qəbul etdiyi estetik qanunlara,
öz teatr mədəniyyətinə, teatr tərbiyəsinə
uyğun dramaturji nümunələrlə işləyir və
bu nümunələr haradasa eyni bir bədii-estetik çənbərə,
eyni bir zövq dairəsinə mənsub olur. Əgər bir aktyor qismində onu xarakterlərin
özəl cizgiləri, qəribəlikləri, qeyri-adi vərdişləri
maraqlandırırsa, bir rejissor kimi Cahangirin diqqət mərkəzində
həmişə ağrılı mənəviyyat problemləri
qərarlaşır. Yəni dediyim odur ki, bir aktyor və
bir rejissor kimi, Cahangir Novruzov, əslində, iki fərqli
adamı təmsil edir: onu aktyor kimi formalaşdıran
genetikası, bədəni və qəlbidir; onu rejissor
olmağa məcbur edənsə ağlı, zövqü və
dünyaya analitik münasibətidir.
Cahangirin aktyor materialı azərbaycanlıların meydan
teatrı hüsnündədir, qaravəllilər
hüsnündədir; rejissurası isə Avropa və rus
teatrının gələnəkləri üzərində
zühura gəlir. Axı, Cahangir Moskvanın Malaya Bronnaya Teatrında sovet
səhnə sənətinin ən nüfuzlu rejissorlarından
biri Anatoli Efrosun yanında bir stajor qismində
çalışmışdı və elə bu zaman
anlamışdı ki, Efros onun teatr, rejissura haqqındakı təsəvvürlərini,
estetik baxışlarını kökündən dəyişib.
Daha doğrusu, Moskvadan Tokioya qədər rus teatr məktəbinin
yeni siması, yeni təmsilçisi kimi ad
çıxarmış Efros Cahangirin rejissor
dünyasını bir başqa tərzdə qurmuşdu, o
dövrün çağdaş teatr mədəniyyətində
təzə-təzə meydana gələn dalğalara kökləmişdi.
Görünür, elə buna görə də
Cahangir öz rusiyalı müəllimini xatırlamayanda
sanır ki, öz sənət həqiqətini axıracan
söyləməyib.
Beləcə
bir Cahangirdə həmişə iki Cahangir yaşayır:
rejissor və aktyor Cahangirlər; bəzən dost olurlar,
sirdaş olurlar, bəzənsə rəqib, antoqonist...
ÜÇÜNCÜ
BÖLÜM SUPERVƏRƏSƏ
Dünyanı
fəth etmiş adama Cahangir deyirlər...
Əgər dünya teatr adlanırsa, onda fatehin fəth
etdiyi nə olur?!
Dünyada yaşayırlar, teatrda oynayırlar.
Bəlkə əksinədir?
Baxır
fateh dünyanı nə üçün alıb: oynamağa,
yoxsa yaşamağa?
Həyat
təsadüf və zərurətlərin qurduğu oyundur...
Cahangirsə
Cahangirin nəvəsi...
Və
onların hər ikisi dünyanı teatr bilib bura oynamağa gəliblər...
səhnədə onun-bunun həyatını yaşamağa gəliblər...
səhnəni yaşatmağa gəliblər...
O Cahangir
bığıburma peşəkar tacir idi, cənab Zeynalov
idi...
Bu Cahangir
peşəkar rejissordur, aktyordur, ustad pedaqoqdur, dünya
adamıdır, sənətçi Novruzovdur (və ya türk
qəzetlərinin yazdığı kimi Cihangir Nevruzdur)...
O
Cahangirin Bakı şəhərində bir küçə
boyunca düzülmüş neçə-neçə
dükanı vardı... Lakin xalq bilirdi ki, Kərbəlayi
Cahangir həm də aktyorluq eləyir, öz evində millətin
fikir işçiləri, maarifçi
ziyalıları ilə birgə teatr düzəldir...
Bu
Cahangirsə Türkiyənin Adana şəhərində T.C.
Çukurova Universitetinin "Səhnə sənətləri"
bölümündə "Teatro oyunçuluğu"ndan dərs
deyir...
O Cahangir
XIX əsrin kübar avropalısı kimi şıq geyinirdi,
başına şlyapa qoyurdu, əlinə şirmayı, nazik
qara çəlik götürürdü...
Bu Cahangir
professor, prokuror, millət vəkillərinin rəsmi və
ciddi libaslarını xoşlayır; sanki içindəki
azman gülüşü, sonsuz yumoru bu imiclə
"söndürür", buxovlayır; amma məqam
axtarır ki, hər hansı bir kimsə ilə
zarafatlaşıb onu "ölənəcən"
güldürsün.
O Cahangirin yeri Azərbaycanın ilk həvəskar aktyorları
sırasındadır, Azərbaycanda səhnə sənəti
tarixinin başlanğıcında dayanan birincilər
sırasındadır.
Bu Cahangirsə Adana əhlinin elə bir sevgisini
qazanıb ki, onu Azərbaycana həmişəlik
qayıtmağa qoymurlar.
O Cahangir
respublikanın sərvəti idi...
Bu Cahangir
isə Türkiyə-Azərbaycan Dərnəklər
Federasiyasının sədr müavinidir, neçə-neçə
yaradıcılıq birliklərinin üzvüdür, 2011-ci
ildən Azərbaycanın əməkdar incəsənət
xadimidir, ödüllər, fəxri fərmanlar sahibidir.
Belə ki, hər ikisinə teatr sənətinin fatehi demək mümkün...
Lakin iki "fatehi", yəni o Cahangirlə bu Cahangiri bir-birinə qohum etmiş bir aktrisa da yaşayıb bu məmləkətdə - Azərbaycanın komediya dahisi Nəsibə Zeynalova, yəni o Cahangirin qızı, bu Cahangirin anası, yəni nəsilləri, əsrləri, missiyaları görüşdürmüş fantastik bir istedad.
Deməli, məhz aktrisa Nəsibə Zeynalova bu Cahangiri o Cahangirə vərəsə eləyib!
Tacir Cahangirdən rejissor Cahangirə qalan miras isə yalnız aktyorluq istedadıdır, ayrı heç nə... Bəs təmiz ad, ləyaqət, kübarlıq? Bunlar məgər miras sayılmaz?
Ancaq Cahangir Novruzov da təkcə adi vərəsə deyil; supervərəsədir. Çünki sənət Olimpində sənətçi məharətinə, dahi aktyor potensialına və ictimai nüfuzuna görə o, öz babası və anası ilə eyni məşhurluq müstəvisini, eyni şöhrət hücrəsini paylaşır və heç nədə onlardan geri qalmır.
Teatr onun həyat tərzidir, yaşamaq, mövcud olmaq üsuludur. Bir anlığa teatr yox olsa əgər, o, dənizdən çıxarılıb kənara atılmış balıq vəziyyətinə düşər. Cahangir Novruzov sənətinin xiridarıdır, dağ gövdəli, hündürboy, cüssəli bir aktyordur, amma son dərəcə yumşaq plastikaya malikdir: hətta Disneyin cizgi filmlərinin qəhrəmanları kimi rahat, ustufca, səssiz-səmirsiz davrana bilir, hənirti, küy salmadan barmaqları ucunda ehmalca yeriyə bilir, kök fakturasının "pintiliyi"ni xarakterin bənzərsiz cazibəsinə çevirə bilir; ol səbəbdən ki, öz bədənini idealcasına yüngül idarə etməyi bacarır. Davranış plastikası baxımından o haradasa uzaqdan uzağa Fransanın və İtaliyanın dahi aktyoru Fernandeli xatırladır.
Lakin içi Azərbaycan folkloru ilə dolu, universal bir aktyordur Cahangir: onun istedad palitrasının rəngləri milli teatr mədəniyyətinin dərinliklərindən gəlir; nağıl danışar nağılçı kimi aramsız, zümzümə eləyər xanəndə kimi; diringəyə köklənib meyxana da deyər meyxanaçı kimi, gərçi istəsələr; komediyanı drama qatar, dramdan ekssentrikaya, buffonadaya, qroteskə keçər, qroteskdən vodevilə adlayar, vodevildən sivişib faciənin qapılarını döyər; xülasə, teatrın bədii-estetik məkanında heç nəyi özünə yabançı bilməz, dünya dramaturgiyasından hər hansı bir personajı desən öz aktyor materialına yaraşdırıb oynayar.
Təqribən 20 ildir ki, Cahangir Türkiyədədir; təqribən 20 ildir ki, Azərbaycanın sənət aləmində yaradıcılıqla aktiv məşğul olmur bu adam. Amma camaat onu görən kimi yenə də əlüstü tanıyır. Çünki Cahangirin iştirak etdiyi filmlər, teletamaşalar Azərbaycanın çağdaş teleməkanında vaxtaşırı təkrarlanır, dəfələrlə təkrarlanır və onun ekranda şarj, qrotesk tərzində, lakin milli koloritə, milli zövqə uyğun "duzlayıb", "istiotlayıb" oynadığı personajlar seyrçilərin düşüncəsində, emosional yaddaşında özlərinə həməncə, asanlıqla yer bulurlar.
lll
Aktyorlar o insanlardır ki, güzgülərə tez-tez baxmağı xoşlayırlar, güzgülərsiz keçinə bilmirlər. Son zamanlarda getdikcə daha çox hind brəhmənlərinə, hind racələrinə oxşamağa başlayan Cahangirə də mən bu yazı-güzgünü onun 60 illiyi münasibətilə hədiyyə eləyirəm. Güzgünün içindənsə o, salam göndərir sizlərə, Azərbaycana, Bakıya...
Aydın Talıbzadə
525-ci qəzet.-
2014.- 28 yanvar.- S.7.