M.Ə.Rəsulzadənin tədqiqatçılara
məlum olmayan iki əsəri- Milli məsələlər
M.Ə.Rəsulzadə – 130
Azərbaycan
Heyəti-Mürəxxəsəsi rəisi Rəsulzadə
Əmin bəyin mühüm bəyanatı
Məlumdur
ki, 1918-ci il iyunun II yarısında
M.Ə.Rəsulzadənin başçılıq etdiyi
nümayəndə heyəti erməni və gürcü
nümayəndələri ilə birgə konfransda iştirak
etmək üçün İstanbula getmişdir. Konfransın baş tutmamasına rəğmən
M.Ə.Rəsulzadə və nümayəndə heyəti Azərbaycan
həqiqətlərini Türkiyə ictimaiyyətinə, rəsmi
dairələrinə şərh və izah etmək
üçün çox geniş fəaliyyət göstərmişlər.
Hətta 1918-ci il iyulun 3-də vəfat
etmiş Osmanlı sultanı V Mehmedin dəfn və iyulun 4-də
Sultan VI Mehmedin taxta oturması mərasimlərində
iştirak etmişdilər. Sentyabrın 6-da
M.Ə.Rəsulzadə və onun yoldaşları VI Mehmed tərəfindən
qəbul edilmişdi. Azərbaycan və
Qafqazdakı vəziyyət Sultana izah edildikdən sonra Sultan
bildirmişdir ki, Azərbaycana lazım olan bütün
yardımlar ediləcəkdir. M.Ə.Rəsulzadə
özü bu barədə geniş və hərtərəfli
məlumat vermişdir.
Bu dövrdə İstanbul mətbuatında M.Ə.Rəsulzadə
ilə bir sıra müsahibələr də dərc
olunmuşdur.
Məsələn, İstanbulda nəşr olunan “Yeni məcmuə”nin 25 iyul tarixli 54-cü nömrəsində
“Milli məsələlər” rubrikası ilə onun müxbir
Halim Sabit bəyin suallarına verdiyi cavablar dərc
olunmuşdur. Bu vaxta qədər bu müsahibə
tədqiqatçıların nəzər diqqətindən kənarda
qalmışdır. Bakıya
qayıtdıqdan sonra isə Məhəmməd Əmin bəy
İstanbul səyahəti ilə bağlı geniş bir konfrans
təşkil etmişdi. O, Rusiyada, İranda, Türkiyədə
və Qafqazda bilavasitə şahidi olduğu və ümumiyyətlə,
Avropada cərəyan edən hadisələri öz milli təfəkkürünə
uyğun şərh etmişdi. Qeyd edim ki,
M.Ə.Rəsulzadənin həmin konfransdakı
çıxışı “Azərbaycan” qəzetinin 3 nömrəsində
(17, 20 və 22 noyabr tarixli 42, 45 və 47-ci nömrələr)
“İstanbul səyahəti haqqında Rəsulzadə Məhəmməd
Əmin bəyin konfransı” sərlövhəsi ilə dərc
olunmuşdur. Bu yazıların əhəmiyyətini
nəzərə alaraq onları “525-ci qəzet”in oxucularına
təqdim edirəm.
Beləliklə,
darülfünun müdərrislərindən Halim Sabit bəy,
möhtərəm Rəsulzadə Əmin bəy əfəndiyə
bir məktub göndərmiş, Qafqasiyada, həmçinin
bütün Şərq və Şimal türk aləmlərindəki
milli cərəyanlar haqqında istizahatda bulunmuş (izahat istəmiş),
cavablarının bir qəzetəyə və ya məcmuələrdən
birinə verilməsini də rica etmiş olduqlarından Rəsulzadə
Əmin bəy əfəndi də məcmuəmizi tənsib
(münasib) buyuraraq izahatnamələrini göndərmişlərdir.
Böyük bir məmnuniyyətlə eynən dərc
ediyoruz.
Soruşulan
suallar bunlardır:
1.
Qafqasiya müsəlmanları arasındakı siyasi cərəyanlar
və firqələr haqqında məlumat.
2.
İttihadi-islam cərəyanı nə haldadır?
3.
İttihadi-islam ətrafında toplananların sünnilik və
şiəlik məsələsinə nəzərləri necədir?
4.
Türkçülük cərəyanı nə zaman
başladı və bugünki hal və təzahüratı nə
yoldadır?
5. Bizim
İstanbul qəzetəçilərindən birinin
şübhə etdiyi vəchlə sünnilik və şiəlik
əqidəsinin türkçülük cərəyanına
qarşı ziyanı varmı və bu möhtərəm əqidələr
haqq ərbabının bir-birinə yaxınlaşmalarına
mane olacaq surətdə var olaraqmı izah ediyor?
lll
Möhtərəm
Halim Sabit bəy!
Qafqasiya əhvali-siyasiyyəsi
ilə ora əhali-islamiyyəsi haqqında bir takım
istizahatı mütəzəmmin (əhatə edən) məktubunuzu
Bursaya getmək üzrə aldığımdan cavabını
bir az təxirlə yolladığım
üçün məzur (üzrlü) görünməmi
rica edərim əfəndim.
1.
Qafqasiya müsəlmanları arasında ən qüvvətli
cərəyan milliyyət cərəyanıdır. Milliyyətpərvərliyin
Qafqasiya islamlarınca iki növü təbəllür etməkdədir:
türkçülük, islamçılıq. Türkçülüyü tərvic edən
qüvvət Türk Ədəmi-Mərkəziyyət firqəsi
"Müsavat"dır. Müsavat daha
Rusiya hürriyyətinin ibtidasında ikən milli-məhəlli
prinsiplər üzərinə qurulu Qoşma Xalq Cümhuriyyəti
(Cəmahiri-Müttəfiqəyi-Ənam) əsasını
müdafiə etdi. Firqənin nəzəriyyəsi
bütün dünyanın milli hökumətlərə təqsim
ediləcəyi (bölünəcəyi) həqiqətinə
istinad ediyor. Bu firqəcə ideal olaraq
böyük bir Turan mütəsəvvirdir. Bu Turan
Türk hökuməti-müttəfiqəsi şəklində
vücudpəzir ola biləcəkdir. Müsavat firqəsi türkçü olmaqla bərabər,
islamiyyətdəki camiəi-diniyyəyi dəxi təqdir edər,
beynəlmilliyyəti-islamiyyə fikrinin müdafeidir. İttihadi-islamı o üç yüz milyonluq əfradın
ittihadından ibarət bilmək, ona görə mühal
(qeyri-mümkün) və xəyaldır. Halbuki
mədəniyyəti, hürriyyəti və həyati-siyasiyyəsiylə
bərabər diri vücud halına gələn miləli-islamiyyənin
mənfəətləri iktizası olaraq ittihadları həm
təbii, həm də mümkünül-vüqudur. Bu iki əsasla bərabər Müsavat firqəsi,
türkçülüyün də, beynəlmilliyyəti-islamiyyənin
də yalnız müasir olmaq və əsrimizdəki fünun
və sənaye ilə mücəhhiz bulunmaq (təchiz olunmaq)
surətiylə vücudpəzir olacağına əmindir.
Bunun üçün də demokratdır,
radikaldir. Türkləşmək,
islamlaşmaq, müasirləşmək firqənin düsturi-əsasını
təşkil edər.
Müsavat firqəsi sosialist bir firqə deyildir; fəqət
"şovinist" bir milliyyətçilikdən də
uzaqdır. Qafqasiya islamları tərəqqiyyati-iqtisadiyyə
nöqteyi-nəzərindən feodalizm halından
çıxaraq sərmayədarlıq üsuli-iqtisadına
keçiyorlar. Burjua qismi burada bir amili-tərəqqidir.
Müsavat firqəsinin tərzi-hərəkəti
də iştə bu cəhətə mətufdur (yönəlmişdir).
Hüquqi-ənamı muhafizə etmək üzrə
firqə tərəqqipərvər bulunan növ-zühur burjua
qismilə biletilaf maneyi-tərəqqi bulunan əski feodalizm təsirində
bulunan qüvvətlərə qarşı müariz və
mübariz bulunmaqdadır. Firqənin bu
xüsusiyyəti bilxassə ərazi məsələsinə
aid olan proqramından anlaşılır. Firqə
əski xan və bəylərin əlində faidəsiz bir surətdə
qalan böyük torpaqlar əleyhindədir. Bu kimi ərazinin cəbrən alınıb da
möhtac bulunan kəndlilərə paylanması tərəfdarıdır.
Fəqət eyni zamanda paylanacaq ərazinin
köylünün mülkiyyətinə verilməsini bilxassə
iltizam edər. Çünki mülkiyyət
əsasının ifasında bir amili-tərəqqi
görür. Möhtac olduğu
toprağı köylü pulsuz alır. Fəzlə ərazisi
müsadirə edilməsi üzündən hasardidə olan
torpaq sahibi də təmin olunur, gərək iman etdiyi uzaq əməl,
gərək istehsalına çalışdığı
yaxın məqsəd və gərək bunların hüsuli
üçün tutduğu yol az bir zamanda
firqəyə böyük bir əksəriyyət
qazandırdı. Gərək Birinci Qafqasiya
Müsəlman qurultayında və gərək onu mütəaqibən
Moskvada toplanan Böyük Müsəlman qurultayında firqənin
tərvic etdiyi nəzəriyyə və təqdim etdiyi siyasi qərarnamələr
əksəriyyət qazandı. Milli-məhəlli
muxtariyyətlər əsasına müstənid bir Rusiya
cümhuriyyəti-müttəfiqəsi haqqındakı mətləbi
mütəzəmmin bulunan qərarnamənin Moskva
qurultayınca bir əksəriyyəti-qahirə (böyük)
ilə qəbulu, Müsavat firqəsinin zəfəri-nihaisini təşkil
ediyordu.
Moskvada firqənin əməli-siyasiyyəsinə
qarşı mücadilə edən cərəyan,
islamçı və mərkəziyyətçi cərəyan
idi. Bu cərəyana görə müsəlmanlar bir millətdirlər.
İslamın tərəqqisi də Rusiya
demokratiyasının tərəqqipərvəranə və
mücəddidanə təsirinə bağlıdır. Bunun üçün də ayrı-ayrı türk və
ya müsəlman muxtariyəti-milliyyələrinə ərzi-ehtiyac
etmədən Moskva və ya Petroqradda milli və mədəni
işlərin röyəti üçün bir müsəlman
parlamanı dəvətilə iktifa etməli. Başqa xüsuslarda isə Rusiya Cümhuriyyətinin
kamilül-hüquq bir vətəndaşı olub
qalmalıdır. Moskva müzəffəriyyətindən
sonra türkçülüklə ədəmi-mərkəziyyət
fikri Rusiya islamları arasında olduqca yol aldı. Müsavat firqəsinin təsiri Qafqasiya daxilindən
çıxaraq Volqaboylarına, Krıma, Türküstana qədər
nüfuz etdi. Türküstanda xüsusi surətdə
şöbələri açıldı. Dağıstanda
qəza hövzələri təsis edildi. Qafqasiya Azərbaycanı
bulunan Bakı, Gəncə, İrəvan vilayətləri isə
az bir zamanda firqə təşkilatlarının
şəbəkələrilə əhatələndi. Nəhayət, Bakıda ilk Qafqasiya qurultayını
andıracak dərəcə şükuhlu bir firqə
qurultayı təsis edildi. Bu qurultayda millətin
bütün sünufi-mütərəqqisi iştirak ediyordu.
Qurultay nümayəndələrinin nisfindən
(yarısından) ziyadəsi köylü və əmələ
olaraq zəhmətkeş xalqın nümayəndələri,
nisfi-digəri də ürəfa qismi ilə gənclik idi.
Türkiyədəki
Türk Ocaqlarının proqramına siyasət dəxi əlavə
etsəniz haman Müsavat firqəsi haqqında
bir fikir əldə edə bilərsiniz. Müsavat
firqəsinin əmrnaməsi boyunca tələb olunan Azərbaycan,
Krım, Qırğızıstan, Başqırdıstan,
Türküstan muxtariyətləri bu gün yaxşı-pis
bir həqiqət halını almış oldu.
Türk federalizmi başda "Açıq söz"
olmaq üzrə gərək Qafqasiya və gərək sair
yerlərdə nəşr olunan mətbuati-islamiyyənin əksəriyyəti
tərəfindən müdafiə olunuyor. Gənclik əksəriyyət
etibarilə bu milli firqəyə mənsubiyyəti ilə kəndisinə
mənəvi bir qüvvət iktisab ediyordu. Firqənin mərkəzi Bakıda bulunuyordu. Bakı sənaye və ticarət mərkəzidir.
Son zamanlarda nüfusi-ümumiyyəsi dörd
yüz mini keçməktə olan bu şəhər ticarət
və sənayecə çox irəliləmişdir. Burada yüz minə yaxın təkcə əmələ
vardır. Bütün Rusiya fabrik və zavodlarına
verdiyi neft vasitəsilə Rusiya həyati-iqtisadiyyə və sənayesinin
mühərriki məqamında bulunan mədənlərdə
çalışan bu say ordusu sosializm fikirlərində
çox irəliləmiş olan beynəl-milliyyət fikrinin
bir amili-müəssiridir. Əmələdən
əlavə burada tüccar və sair mütəvəssit
siniflərə mənsub olmaq üzrə dəxi bir çox
xaricdən gəlmə ənasir vardır. Böylə ki, əslində bir türk şəhəri
ikən Bakı, Amerika şəhərlərinə bənzər
əqvam məhşəridir. Böylə ikən
şayani-diqqətdir ki, müsəlman əmələsinin əksəri
haman Müsavat firqəsinə mənsubdurlar.
Bakı əmələsinin haman nisfi
müsəlmandır.
Müsavat firqəsi Qafqasiya həyat və şəraiti-islamiyyəsi
nöqteyi-nəzərindən bir mərkəz firqəsini təşkil
ediyordu. İbtidayi-hürriyyətdə hər yanda təəssüs
etməyə başlayan milli komitələrdə bu firqənin
bir amili-müəssir olduğu görülüyordu. Hər mərkəz kimi Müsavat iki cinahdan
düçari-təərrüz oluyordu. Sağ cinahda
"İttihadi-islam" əməli ilə təşəkkül
etmiş mühafizəkarlar duruyorlardı. Bunlar
əksərən mollalardan, böyük mülkədarlardan,
feodalizm ənənatı ilə qəti-əlaqə etmək
istəməyən ərbabi-axərdən ibarət idilər.
Əvvəlcə "Rusiyada müsəlmanlıq"
ünvanilə təəssüs edib nəzəriyyəcə
islamiyyətin qövmiyyət prinsiplərinə mütəhəmmil
olmadığını iləri sürüyor,
türkçülüyü bir təfriqə kimi tələqqi
ediyorlardı. Məsaili-ictimaiyyə
babında isə müvafiqi-şəri-şərif həll
olunacaq deyə işin içindən
çıxıyorlardı. Bədə bu
firqə "İttihad" ünvanilə
adlanmışdır.
Sol cinahda əvvəl başda müsəlman bolşevikləri,
daha sonra menşevikləri gəliyor. Üçüncü
dərəcədə müsəlman sosialistlər ittifaqı
duruyordu. Müsəlman bolşeviklərinin
başında doktor Nərimanov durmuşdur. Siyasiyyətcə pək kütah-nəzər olan Nərimanovla
arkadaşları rus, erməni və sair beynəlmiləl
bolşevik heyətilə təşriki-məsai edərək
Müsavatın milliyyətpərvərliyinə qarşı
bütün hiddət və şiddətlərilə
mübarizə ediyorlardı. Onlar əvvəldə
Azərbaycan və sair xüsusi türk və müsəlman
muxtariyyətlərinə zidd olub türk müqəddərati-siyasiyyəsinin
rus əmələ və köylüsü təqziratından
ayrı olmadığını iddia ediyor. Müsəlman əmələsi ilə
köylünü ağaları, bəyləri, xanları və
onlara xidmət edən "namussuz" əhli-irfan və
mühərrirləri tərd və nəfy etməyə dəvət
ediyorlardı. Hətta rus bolşevikləri
əsas etibarilə müqaddərati-milliyyəyi millətin kəndisi
təyin etməyə müvafiqət etməkdə ikən
bunlar müsəlman kütləsinin böylə bir təyini-müqəddərat
keyfiyyətindən istifadələrinə belə razı
olmuyorlardı. Çünki böylə olursa cəmaət
avam olduğundan ağaların mövqeyi-iqtidara keçəcəklərini
təxminlə müsəlman "müftəxor"unun təğəllübündənsə
beynəlmiləl "proletariat" hakimiyyəti daha
islahdır, diyorlardı. Bunlar ibtidadan axıra qədər
hər növ təşkiati-milliyəyə müariz olub
Müsavatı dəxi əksixtilalçı bir qüvvət
olmaq üzrə ənzari-əcanibində təşhir etməyə
səy ediyorlardı. Böylə ikən bərəkət
versin ki, nüfuz və etibarları yalnız kəndilərindən
istifadə edən bolşeviklər nəzdinə münhəsir
qalaraq, müsəlman kütləsi hüzurunda isə etibar və
nüfuzları yoxdu. Əmələ məhəllələrində
müsəlman bolşeviklərini müsəlman əmələlər
hər zaman ədavətlə qarşılıyorlardı.
Bolşevik socialist-demokratlardan sonra sol cinah partilərindən
menşeviklər gəliyor. Bunlar dəxi
bolşeviklər kimi milliyyət cərəyanını mənfi
bir nəzərlə görüyor; fəqət onlar qədər
ifrata varmayaraq etidalla hərəkət ediyorlardı. Bunlar da zəif bir mövqedədirlər.
Sol cinaha mənsub olmaq üzrə üçüncü
dərəcədə müsəlman sosialistlər ittifaqı
gəliyor. Bu müəyyən bir parti deyil, sosialist-məşrəb,
radikal düşünən bəzi gənclərin
ittihadından ibarət bir uyuşmadır. İçlərində islamçı da var,
türkçü də. Bunların
sosializmi hər halda milliyyət rəng və ruhuyla məşbudur.
Nəzəriyyətcə sosialist olsalar da, əməliyyət
və fəaliyyətcə haman milliyyətpərvərdirlər.
Bunların Müsavata qarşı vaqe olan tənqidatı
digərləri qədər ədavətkaranə deyildir.
Məsaili-milliyyədə və əksər məsaili-ictimaiyyədə
mərkəz firqəsilə tövfiqi-hərəkət etmək
tərəfdarıdırlar. Bu firqələr
xaricində bir takım əhalicə məruf cəmaət
xadimləri dəxi vardır ki, firqələrin heç
birisinə mənsub olmayıb bitərəf namilə məşhur
olmuşlardır. Bu bitərəflər dəxi
əksərən tərzi-hərəkət etibarilə
"müsavatçı" olub əksərən də
onunla təşriki-məsai və tövhidi-hərəkətdə
bulunmuşlardır. Bu mütəfərrik
cərəyanların Qafqasiya müsəlmanları
arasındakı dərəcəyi-etibarları isə
aşağıdakı adətdən anlaşıla bilər.
Mavərayi-Qafqaz
Seymində 44 müsəlman əzadan otuzu Müsavat firqəsilə
bitərəflərə, yeddisi sosialist ittifaqına,
dördü menşeviklərə, üçü də
İttihada mənsub olub içlərində bir nəfər də
olsun bolşevik yox idi. Azərbaycan
Şurayi-Millisinin firqələrcə təqsimatı dəxi
bu haldadır.
Bakı
bolşeviklər istilasına keçdikdən sonra mərkəzi
təşkilati-siyasiyyələri yağma və tarac edildikdən
sonra Qafqasiya əhali-islamiyyəsi bir tərəfdən
Bakıda intişar edən mətbuatdan,
digər tərəfdən də mütərəqqi və əməlpərvər
bir mərkəzi-idarədən məhrum qaldılar. Bu sayədə mühit sağlaşdıqca
sağlaşdı ki, bu da nüfuzi-siyasinin radikallardan
mühafizəkarlara keçməsini intac elədi. Bunun təsirində olaraq yeni bir takım təşəübati-siyasiyyə
görünməyə başladı ki, bunun dərəcəyi-etibar
və əhəmiyyətini göstərəcək bir fürsət
və vaxt daha zühur etməmişdir.
Cənubi
Qafqasiyada həyati-siyasiyyə bu halda ikən, Şimali
Qafqasiyada siyasi cərəyanlar bir az
başqa bir yolda cərəyan eləmişdir. Burada Əmanət
və Müridlik əsasına müstənid dini bir cərəyan
çox qüvvət peyda edərək hər şeyi şəriətə
tabe etdirmək istəyən bir, müasir bir mədəniyyət
üzərinə müntəzəm bir üsuli-idarə təsis
ilə bütün dağlıları yaşadıqları
şəraiti-həyatiyyənin müştərək mənafeyi
üzərinə tövhid etdirməkdən və Şimali
Qafqasiya ilə Dağıstandan mürəkkəb bir vəhdaniyyəti-siyasiyyə
icadından ibarət digər cərəyanla bərabər bir
də Dağlı bolşeviklərdən ibarət
üçüncü bir məsləki-qərib vardır. Axırıncı hər yanda olduğu kimi burada da təhribkar
bir rol oynamaqdan başqa bir işə yaramaz. Əvvəlincisi isə əsrə uymaz vəhmiyyat
ilə möhriqdir. Ortadakı mərkəz
cərəyanı isə Şimali Qafqasiya namına hərəkət
edən hökuməti təsis edənlərdən ibarətdir.
Bunlar birincinin mətləbini tədil ilə təmini-nüfuz
və etibar edərək bir həyati-siyasiyyə təsisinə
müvəffəq ola biləcək mahiyyətdədirlər.
Bolşeviklər xaricində dəxi Şimali
Qafqasiya münəvvəranı miyanında Rusiya mütəmayilləri
bulunub onlarla təşriki-məsai etmək tərəfdaranı
bulunmuşsa da, heç bir zaman kütleyi-nas tərəfindən
məzhəri-qəbul olmamış, bolşevik xürucundan
sonra isə tamamilə ortadan qaldırılmışdır.
Şimdiki halda Qafqasiyanın gərək
şimalında və gərək cənubunda olsun Türkiyə
təvəccühatından, Türkiyə təmayülatından
qüvvətli bir cərəyan təsəvvür olunamaz, qəlbi-millətdən
qopan bu arzu adətən ünsüri bir mahiyyət iktisab eləməktədir.
Azərbaycan hökumətinin dəvəti üzərinə Gəncəyə
gəlmiş olan orduyi-Osmaniyyə komandanı möhtərəm
Nuri Paşa həzrətlərinə qarşı əmsalı
naməsbuq bir surətdə göstərilən istiqbal, milli gənc
şairlərimizdən Ə.Cavad əfəndinin "Niyə
gəlmədin?" itabi-aşiqanəsilə xitab elədiyi
Türkiyə haqqında bəslədiyi hissiyyatı ilə
arzuyi-ümumiyə nə dərəcə sadiq bir tərcüman
olduğunu göstəriyordu.
2.
İttihadi-islam Qafqasiya üçün artıq bir əməl
və arzu şəklindən çıxaraq tətbiqat və
əməliyyat məsələsi təşkil eləmişdir.
İftiraqi-islam bir çoxlarının
düşündüyü kimi məzhəblərin təəddüdündən
hasil olma bir məsələ deyil, bəlkə ərbabi-məzahib
arasındakı ədəmi-təhəmmül və yekdigərinə
qarşı ibraz olunan ehtiramsızlıq məsələsi
idi. Hürriyyəti-məzahib hürriyyəti-vicdan
məsələsidir. Əhli-məzahib
arasında müsahilə və ehtiram mövcud olursa ixtilaf
vaqe olsa da rəhmətlik olur. Bu hal
Qafqasiyada tamamilə hasil olmuşdur. İndiki
halda Qafqasiyada şiələr də var, sünnilər də;
fəqət şiə və sünni məsələsi
yoxdur.
3. Şiəlik
və sünnilik birər ictihad məsələsidir. Qafqasiya ittihadçılarınca ictihadlar möhtərəm
tutulmalı, kimsə kəndi ictihadından dolayı müaxizə
edilməməlidir. İttihadı tövhidi-məzahib
şəklində tələqqi edib də Qafqasiya
ittihadçılarından bəzi müfritləri
sünniliyi də şiəliyi də inkar edərək:
"Mən nə sünni, nə də şiə deyil,
islamam" deyənlər varsa da, inad və təəssüb
olmayınca fürunun (şöbələrin) əsli
unutdurmayacağına qane olanlar və ittihadın hüsuli
üçün yalnız təəssübün ortadan
qalxmasıyla iktifa edənlər daha çoxdur.
4.
Türkçülük cərəyanı əslinə
baxılsa Bakıda yövmi türkcə qəzetələr təsis
olunduğu andan etibarən zimni bir surətdə
başlanmışdır. Ana dili məktəbi, ana dili
yazısı tələb edərkən Qafqasiya cəmaəti-islamiyyəsi
haman türkçülüklə
süluk ediyordu. Möhtərəm Ağaoğlu Əhməd
bəy kəndi "İrşad"ı ilə islam, islam deyə bağırıyor və
ittihadi-islamdan bəhs ediyordu isə də bu bir sözdü. Məna etibarilə dönüb dolaşıb
islamçılık və türkçülük şəklini
alıyordu. 1905-ci ildə Hüseynzadə
Əli bəy əfəndi Bakıda nəşr olunan
"Füyuzat"ı ilə "Türk qanlı, islam
etiqadlı və firəng qiyafətli olalım" derkən
daha sərih bulunan "Türkləşmək,
İslamlaşmaq, Müasirləşmək" düsturunu
ilham etmək istiyordu. Hər nə qədər
Əhməd bəylə Əli bəy türkləri təlqin
ediyorlardısa da, aşkar türkçülük etdikləri
yoxdu. Bu fikir sonradan qüvvət bulmaya
başladı. "Türk yurdu"nun
yurdçuluğunun Qafqasiya üzərinə təsiri oldu.
Nəhayət, "Açıq söz" qəzetəsi
yövmi qəzetə olmaq üzrə Qafqasiyada
türkçülük cərəyanının vasiteyi-nəşri-əfkarı
bulundu. Bir çox gənc şair və
mühərrirlərimiz türkçülük məsləkinin
müridi kəsildilər. Mehmed Emin bəy
türkcəsini hər kəs təqlidə başladı.
Bu yolda Cavad bəy nam gənc bir şairimizin
"Qoşma" namilə nəşr elədiyi nümunələr,
barmaq üsulu şeir yazmada azərbaycanlı türklərin
müvəffəqiyyətlərini göstərir. Digər müqtədir şairlərimiz bulunan
Hüseyn Cavid əfəndinin dəxi barmaq üsuluyla
yazdığı qiymətdar parçaları vardır.
Qafqasiya türkçüləri eyni zamanda
xalqçıdırlar. Xalq ədəbiyyatını
tədqiq edən müdəqqiqlərimiz, həyati-milliyəyi
təsvirlə uğraşan mühərrirlərimiz və
türklüyü ruhuna yabancı bulunan təsiratdan xilasa
çalışan mücahidlərimiz vardır.
Siyasət sahəsində isə
türkçülüyün nə dərəcə müəssir
olduğu yuxarıda zikr elədiyimdən bir daha təkrara
lüzum görmüyorum.
5. Şiəliklə
sünniliyin türkçülük cərəyanına
ziyanını bilmiyorum. Şiəliklə
sünnilik cərəyanlarının
türkçülükdən pək çox zərər
gördükləri isə meydandadır. İttihadi-islam
fikri hər yerdən ziyadə Qafqasiyada ruyi-qəbul
gördü. Çünki bu fikir eyni
zamanda milliyyət fikrilə də bir gəliyordu. Çünki şiə də, sünni də kəndisinin
türk olduğunu dərk etdikcə mucibi-ixtilaf bir şeyi qalmıyor.
İkisi də qatı ittihadi-islamçı kəsiliyordu.
Doğrusu, məzkur qəzetənin mülahizəyi-məluməsini
oxurkən Şimali Azərbaycan türklüyü namına
hissiyyatım rəncidə olmuş, ürəyimdə bir
acı duymuş idim. Sualınızla məzkur
acının ürəyimdə qalmadığına səbəb
olduğunuz üçün sizə təşəkkürlər
edərim.
Azərbaycan
Heyəti-Mürəxxəsəsi rəisi Rəsulzadə Məhəmməd
Əmin
"Yeni
məcmuə", 25 temmuz (iyul) 1918, ¹54,
İstanbul, səh. 26-28
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-
2014.- 28 yanvar.- S.4.