Canlı təbiət zəngulələri

 

 

İnsan yaranandan bəri təbiətlə təmasdadır. İnsan təbiətin bir parçasıdır, yəni insanın özü böyük bir təbiətdir, onun cövhəridir. Bütün digər təbii mövcudluqlar insanın özünə xidmət edir. Elə bil, insan  hər şeyin məhvərində durur. Hər şey insanın cazibəsindədir. Ona görə də insana xidmət edən,  qayğısında duran canlı və cansız təbiətin qədrini bilmək insan övladının borcudur. İnsanın təbiətə müdaxiləsi artdıqca hər sahədə bir narahatçılıq yaranır. Əsəblər pozulur. Ən gərgin anlarda bir sərçənin civiltisi,  bir qaratoyuğun nəğməsi, bir qartalın uçuşu əsəbləri ram edir. İnsanı özünə qaytarır. Bəs görəsən biz necə - o quşlara o, canlı -cansız təbiətə bir rahatlıq gətiririkmi? Bu sualı hər kəs özündən başlamalı, onu cavablandırmağı, əməlləndirməyi bacarmalıdır. Təbiətin, xüsusilə bioaləmin mühafizəsi bu gün dünya gündəmində, haqlı olaraq,  həyəcanlı yer tutur. Canlı aləmin taleyi ilə əlaqədar narahatlıq daha çox insan faktoru - antropogen amillərlə bağlıdır. Bioaləmin bir hissəsi olan quşların mühafizəsi olduqca əhəmiyyətli rol oynayır. Ornitologiya sahəsində ölkəmizdə görülmüş işlər ümumdünya ornitoloji tədqiqatları ilə üzvi surətdə həmahəng görülür və ornitologiya elmini zənginləşdirir. Həyata keçirilmiş elmi və praktik işlər vətəndaşlarımızda nikbin ümidlər doğurur. Quşların öyrənilməsi sahəsində Azərbaycan ornitoloqları, bioloqları böyük işlər görmüşlər. Ölkəmiz müstəqillik qazandıqdan sonra təbiətimizin bütün sahələrinə diqqət artmış və artmaqda davam edir. Hörmətli prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə bu yaxınlarda çox nəfis şəkildə çap olunmuş ikicildli "Qırmızı Kitab"ımız görülmüş işlərin parlaq yekunudur. Milli Akademiyamızın, Ekologiya və Təbii Sərvətlər Nazirliyimizin,  alimlərimizin  - D. Q. Tuayevin, M.Axundovun, Q.Mustafayevin, A. Xanməmmədovun, E. Sultanovun ... dəyərli elmi işləri  elmimizə, xalqımıza, dövlətimizə böyük xidmətdir. Yorulmaz elm və təbiət vurğunu akademik Qara Mustafayevin ölçüyəgəlməz əməyi, təbiətsevərliyi ancaq dahilərə məxsus vətəndaş yanğısıdır. İnsanlara yönəlmiş əvəzsiz xidmətdir.

 Azərbaycan təbiəti bütün möcüzələri ilə yanaşı, quşlar baxımından da heyranedicidir.  Alman alimi Mixail Zukkov ölkəmizin təbiəti haqqında belə deyib: "Fərəhlə deyə bilərəm ki, sizin ölkə (Azərbaycan - red.) vəhşi heyvanların və bitkilərin növlərinə görə bütün Avropada birinci yerdə dayanır. Sizdə təkcə qartalın 9 növünü görmüşəm. Amma Almaniyada, təəssüflər olsun ki, bircə növünü tanıyırıq”. Ölkəmizdə həm köçəri, həm də oturaq quşlar yaşayır. Azərbaycan çox əlverişli coğrafi qurşaqda yerləşdiyi üçün müxtəlif regionlara  miqrasiya edən quşlar ölkəmizin ərazisindən keçir və çox vaxt əlverişli şərait onların burada qışlamasına və hətta  daimi məskunlaşmasına səbəb olur. 

İnsanlar quşlarla daha tez-tez üz-üzə gəlir. Biz birinci quşların estetikası, bizə bəxş etdiyi zövq - səfa haqqında, sonra isə qida mənbəyi kimi  fikirləşirik. Bu, təbii hissdir. Burada gizlətməli bir məna yoxdur. Biz belə təbii düşüncələrə, istəklərə möhtacıq. Quşların estetikası dedikdə onların yalnız görünüşü yox, gözəl zəngulələri, hərəkətləri, rəqsləri... nəzərdə tutulur. Bəli, təbiət nəğməkar quşlarıyla ən böyük həkimdir. Ağacdələn, qaratoyuq, bülbül, çöl göyərçini... Balaca və böyük quşlar. Çəlimli, çəlimsiz quşlar var səsləri ilə təbiətə - insana sevinc bəxş edirlər. Dağ vüqarlı qartalların döyüş şeypurunun səsi kimi əks - səda doğuran məğrur səsi bizi döyüşə, sayıqlığa çağırır. Burada təbiət fədaisi Qara Mustafayevin  uzun illərin elmi axtarışlarına,  müşahidələrinə əsaslanan dürüst qənaətlərini yada salmamaq mümkün deyil: “Əsl ovçuluq insanı sağlam, ayıq-sayıq, cəsarətli, mərd, dözümlü, səbrli, iradəli,  tədbirli, qənaətcil və insaflı edir. Bu yolla qazanılan yüksək fiziki və mənəvi dəyərlər Vətən uğrunda düşmən qarşısına çıxmaq üçün gərəklidir”. Sətirlərdə təbiət - insan - qəhrəmanlıq motivinin etik -estetik fəlsəfəsi var, əxlaq fəlsəfəsi var. Adicə bir qartalın oylağına, ya hər hansı balaca, cıqqılı bir quşun yuvasına həmlə edən, yaxın düşən digər canlılar üsyankar bir etirazla qarşılanır. Kiçicik bir sərçə yuvasına yaxınlaşır, onun cikkiltisi aləmi başına götürər. İndi bunu insan düşüncəsinə çevirsək, Vətəni qorumaq, Vətənin toxunulmazlığı, müqəddəsliyi anlamına gəlmirmi?!

Bir qədər diqqətli olsaq, qərarlaşarıq ki, həqiqətən belədir. Burada heç bir mübaliğə yoxdur. Eşidin quşların yaratdığı təbiət simfoniyasını. Quşların döyüş səfinə, çox-çox komandirlərin həsəd apara biləcəyi pozulmaz qatarına baxın. Onlar bizdən nə istəyir ki?! Gəlin, onlara nizamlı, insaflı yanaşaq. Heç şübhəsiz, biz ovçuluğa qadağa qoymaq arzusunda deyilik. Bu sənət bizə dədə-babadan yadigar qalıb. Təbiətin bizə bəxş etdiyi gözəl nemətlərdən bəhrələnmək yoludur. Quşların faydasını bir qida mənbəyi kimi dəyərləndirmək olmaz.  Bu işə elmi şəkildə yanaşmaq, təbiəti qorumaq yurdumuza əsl qayğıdır. Ölkəmizə gələn saysız-hesabsız turistlər yurdumuzun bar-bərəkəti haqqında danışarkən,  yuxarıda deyildiyi kimi, valehedici ifadələr işlədirlər. Biz istəyirik ki, ölkəmizin təbiətinə və onun qoruyucularının ünvanına ən yüksək instansiyalarımıza daimi və stabil olaraq bu cür yanaşma olsun. Bizə xoş məramlı sözlər ünvanlansın.Təbiətimizin yaxın keşmişinə kiçik bir ekskursiya edək. Keçən əsrin 50-60-cı illərində ölkəmizin ərazisində  quşların müxtəlif məqsədlər üçün sistemsiz ovlanması təbiətimizin bu sahədə kasıblaşmasına aparıb-çıxarırdı. Çox qiymətli quşlar təbii qışlaqlarımızdan, qoruqlarımızdan perik düşürdü. Sanki burada təbiətimizə qarşı hiyləgər və gözəgörünməz bir düşmən əli işləyirdi. Çünki ovlanan 10 milyona qədər quşun mühüm hissəsi dırnaqarası qardaş respublikaların ehtiyaclarına yönəlirdi. Qartal məğrurluğumuz, qu quşu sədaqətimiz çox vaxt özümüzə qarşı çevrilir. Nə yaxşı ki, 70-ci illərdə hakimiyyətə gələn Ulu Öndərimiz Heydər Əliyev alimlərimizin, mütəxəssislərimizin, təbiətsevərlərimizin yoluna həmişəlik yaşıl  işıq saçdı. Onları himayə etdi. Təbiətsevərlərimizin yüksək elmi tövsiyələrini, axtarışlarını vətənpərvər bir rəhbər kimi Heydər Əliyev həmişə dəyərləndirirdi. Və yenə də dəyərləndirdi. O, Azərbaycan təbiətinin qayğısını öz çiyinlərinə götürdü. Onda təbiətimiz - qoruqlarımız, parklarımız, yasarlıqlarımız, o cümlədən quşlarımız xilas edildi.

Bu sahədə görülən işlər ildən-ilə dərinləşir, ən müasir elmi nailiyyətlərin və dünya standartlarının səviyyəsinə qaldırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 mart 2006-cı il tarixli "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı" adlı sərəncamı vətənpərvər düşüncənin məhsulu, hər sahədə olduğu kimi, bu sahədə də xalqımızın təbii milli maraqlarını qorumaq və inkişaf etdirməkdir. Biz davamlı istifadədən layiqli bəhrələnməliyik. Strategiya var, bu sahədə uzaqgörən dövlət siyasəti qanunlarımızla möhkəmləndirilib. Milli mentalitetimiz də çox sağlam düşüncəyə əsaslanır. Biz təmiz bulaq suyu içdiyimiz kimi, təbiətin bizə bəxş etdiyi digər təbii nemətlərdən də saf bəhrələnməliyik. Quşların kütləvi qırılmasına yox, onların mühafizəsinə, çoxaldılmasına və ovlanmasına planlı şəkildə yanaşılmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəmadi işləri göz qabağındadır. Ancaq görülən işlər bizi arxayın salmamalıdır. Bir qurumun gördüyü  işi digər qurum hörmətdən düşürməməlidir. Quşçuluq təsərrüfatına toxunarkən Qızılağacı, Hirkan Milli Parkını unutmaq olmaz. Hirkan Milli Parkının statusu qalxıb. Görülən fundamental işlərlə yanaşı, bəzi neqativ hallara da göz yummaq məfkürəsizlik olardı. Gəlin diqqətli olaq. Biz hələlik Hirkan parkının quşlar aləmindən bir-iki anonsla ötüşək. Gələcəkdə bu mövzuya qayıtmaq ümidiylə qeyd etməliyik ki, parkda 40-dan çox quş növü olur. Bunlardan 25-i oturaq həyat keçirir. Qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin əzmiylə hələ sovet vaxtında tikilən məşhur Xanbulançay su anbarı Hirkan ərazisində yerləşir. Bu anbarın ətrafında müxtəlif növ su quşları yaşayır.  Vağlar, bəzi  qartal növləri, qartoyuqlar  burada məskunlaşıblar. Adı Azərbaycanın "Qırmızı Kitab"ına düşən Talış qırqovulu endemik növ hesab olunur. Əgər  dağların dağ  gövdəli palıdı  meşəqıranların (qanuni ya qanunsuz)    motorlarının qorxunc səsindən vahiməyə düşürsə, oranı qartal, digər vəhşi heyvanlar oturaq, ya köçəri həyat yeri necə seçə bilər?

Bir qədər də yolumuzu Avropanın ən məşhur quş oylaqlarından olan  Qızılağac Dövlət Təbiət  Qoruğundan salaq. Bəri başdan deyək ki, su quşlarının ən geniş yayıldığı ərazi Qızılağac qoruğudur. Ovçularımızın haqlı-haqsız can atdığı bu gözəl təbiət möcüzəsi taleyin xalqımıza uzatdığı,  bəlkə də,  ən böyük səxavət əlidir. Müxtəlif ov quşlarına, digər quşlara burada  rast gəlinir. Qazlar, ördəklər, cüllütlər, turaclar, bildirçinlər,  su fərələri, göyərçinlər, qaşqaldaqlar, flaminqolar... ovçuların daim hədəfindədir. Bu qoruğun beynəlxalq əhəmiyyətini nəzərə alaraq onun tarixinə qısa ekskursiya etsək, zənn edirəm, oxucularımızın ürəyindən olar. Bu ərazi təbiət yaranandan, bəlkə də, quşların hədəfində olub. Ancaq XX əsrin əvvəllərində Azərbaycanın ərazisində -   Xəzər dənizinin  cənub - şərq sahili istiqamətində su-bataqlıq quşlarının miqrasiyası müəyyən edilib. Qızılağac körfəzi miqrasiya edən quşların qışlaması üçün əvəzsiz yer olub. Əlverişli təbii şərait milyonlarla quşun qışlamasına yuvalayıb bala verməsinə, çoxalmasına səbəb olurdu. Çünki bu ərazidə quşları qane edəcək hər şey təbii şəkildə mövcud idi. Qidalanma, çoxalma hətta dincəlib istirahət etmək üçün  digər imkanlar da var idi. Zəngin təbii landşaft və iqlim uyarlığı  dünyanın min bir yerindən  xüsusən Uraldan, Sibirdən, Avropadan.. bura gələn quşların yaşayıb çoxalmasına səbəb olurdu. Bunu nəzərə alaraq çar Rusiyası 1913-1914-cü illərdə Qızılağac körfəzini xüsusi mühafizə olunan ərazi kimi qorumağa göstəriş verdi. 1926-cı ildə qoruğa yasaqlıq statusu verildi. Həmin ərazidə ovçuluğa qadağa qoyuldu. 1929-cu ildə isə qoruq statusunu aldı.  1937-ci ildə Qızılağac körfəzi ətraf sahil zolağı ilə birlikdə  qoruq elan edildi. Qoruqda əvvəl flora və fauna qorunmağa başlandı. Sonralar isə elmi - tədqiqat işlərinin aparılmasına diqqət yetirildi. Bura dünyanın tanınmış alimləri, ornitoloqlar, ixtioloqlar və hidroloqlar dəvət olundu. Müstəqil Azərbaycanımız belə nadir bir güşəni qorumaq, artırmaq, zənginləşdirmək məqsədiylə  dövlət dəstəyini  artırdı. Qoruğun ərazisi genişləndirilib, mühafizəsi möhkəmləndirilmiş, quşların balalaması və yem ehtiyacları üçün hər cür şərait yaradılıb. 90 min hektardan artıq bir ərazini əhatə edən bu qoruq müxtəlif təbii landşaft  sahələrindən ibarətdir. 62  min hektarını su akvatoriyası, 18 min hektarını cəngəlliklər, qalanını  isə quru sahələr təşkil edir. Təsəvvür edin ki, keçmiş SSRİ ərazisindəki 26 quş dəstəsinin 22-si, 760 quş növünün 270-i burada məskunlaşıb. Azərbaycan ərazisində olan bütün su quşlarının hamısına burada rast gəlmək olur. Bu quşların 20 növündən çoxu "Qırmızı Kitab"a daxil edilib. Qızılağac qoruğunun əhəmiyyətindən çox yazılıb, çox deyilib. Dövlətimiz qoruğa böyük qayğı göstərir. Bir azdan ölkəmizdə lisenziyalı ov mövsumünə icazə verilə bilər (Qərarın verilməsinə bir çox amillər, xüsusən "quş qripi" ilə bağlı araşdırmalar, nəticələr təsir edir.). Amma indinin özündə bəzi neqativ hallarla üz-üzə gəlirsən. Hamının gözü qarşısında rəhmsizcəsinə qırılmış quşların cansız (ölü deməyə dilim gəlmir) gözəlliyinə təəssüflə baxırsan. Ən azı  qu quşu məhəbbəti haqqında nə qədər təsirli əfsanələr söylənilir, ovçu xatirələri dilə gətirilir. Sanki bu səhnədə qu quşu məhəbbəti çarmıxa çəkilir. Heç inana bilmirsən ki, magistral yollar boyu, bazarlar içi öz boylarından asılmış bu gözəl canlılar daha oxumayacaq. Tanqo oynamayacaq, mavi suların qoynunda insanı məftun edən cazibədar hərəkətləri-rəqsləri nümayiş etdirməyəcəklər. Min bir fərəhlə səmada süzüb, bir daş qəlbli ovçunun gülləsinə tuş gələn yaşılbaş ördəklər,  qırmızıboyun boyunbağılı qazlar daha göydə süzməyəcəklər. H. Zərdabi deyirdi: "Meşəni meşəçidən qoru" . Atalarımız isə iş başında olan belələri  haqqında demişdir ki, su mənbədən bulanarsa, çətin durular. Belə düşünmürük. Mənbələrimiz - qoruq, park meşə... "müdirlərimiz" nəticə çıxarmalıdırlar. Bura bəzi bələdiyyə rəhbərlərini də aid etsək, yanılmarıq. Dövlətimiz bütün parametrlərdə çox ciddi irəliləyişlərə nail olmaqdadır. Hamı öz yerində, öz vəzifəsində  xalqa,  ölkəyə, Prezidentimizə sədaqətlə  qulluq etməyi bacarmalıdır. Təbiət dağıdılırsa, dərd hamıya, daha çox isə insafsız məmura qalır. Bəzən insanların qəlbgöynədən laqeydliklərinə kinayə etməkdən başqa çarə qalmır. Axı təbiəti qorumaq yalnız ekoloqların işi deyil. Bu, fiziki cəhətdən də mümkünsüzdür. Hər ovçunun başı üstündə bir ekoloq -təbiətçi durmalıdırmı? Hamı - vəzifəli də, vəzifəsiz də ümumbəşəri dəyərlərin səmimi mühafizəsi qayğısına qalmalıdır. Bütün ictimaiyyət bu işə qoşulmalıdır. Təbiəti özümüzdən küsdürməyək, süfrələrimizdən küsdürməyək. Prezidentimizin ekoloji siyasətinə var gücü ilə  dəstək göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ardıcıl işlərini, uğurlarını qiymətləndirməklə  yanaşı, problemlərimizi daim diqqət mərkəzində saxlamağa borcluyuq.  Bəli, canlı təbiət zəngulələri insana ilahi  bir zövq verir. Ancaq nə edəsən ki, arabir ürəkgöynədən səslərə də rast gəlirik. Belə səslər bizdən imdad istəyir. Bu haraylar dilsiz bir körpənin harayı qədər təsirlidir. Ürəyi olan hər bir insan təbiətin həyəcanına biganə qalmamalıdır.  Fikrimi hörmətli Prezidentimizin hamıya ünvanlanmış vətənpərvər hökmü ilə bitirmək istəyirəm:

"Azərbaycanda təbiətin qorunması gələcəyimizlə bağlı məsələdir. Azərbaycanın çox gözəl təbiəti, iqlimi vardır. Biz hamımız bu təbiəti qorumalıyıq". Hörmətli Prezidentimizin proqram mahiyyətli  sözləri,  təbiətimizə vətənpərvər münasibəti biz təbiətçilərdə sabaha haqlı ümid oyadır, qəlbimizi vəcdə gətirir.

 

Bəxtiyar HÜSEYNOV

Ekoloq - jurnalist

525-ci qəzet.- 2014.- 29 yanvar.- S.8.