Axtarışlara həsr olunan ömür

 

 

 

Son otuz ilin ədəbiyyatşünaslıq, mətnşünaslıq elmlərinə yeni ruhlu, tədqiqatlarında təzə söz deməyi bacaran istedadlı alimlər gəlib. Onların ön cərgəsində artıq bişkin qələmiylə, yorulmaz axtarışlarıyla diqqəti cəlb edən, təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınan bir alimin-filologiya elmləri doktoru, professor Asif Rüstəmlini görməyə adət etmişik.

Asif Rüstəmlinin adı çəkiləndə ilk növbədə, onun adıyla AŞİQ sözü yada düşür. Amma bu Aşiq o aşiqlərdən, o Məcnunlardan deyil. Bu, gecəli-gündüzlü arxivlərdə, qalaq-qalaq sənədlər içində bir işıq ucu qədər həqiqət axtaran, bir faktın dəqiqliyinə nail olmaq üçün min bir sənədin tozunu udan, axtarışlarının sonunda  "bax, həqiqət bu imiş"  sevincinə tapınan fədakar bir elm aşiqidir.

1954-cü il, fevralın 14-də, Ağcabədinin Qiyaməddinli kəndində gözlərini bu dünyaya açan Asif Heydər oğlu Rüstəmli 60 yaşına gəlib çatıb. Onu tanıyanların hamısı buna heç cür inanmırlar və inanmaq istəmirlər ki, zahiri görkəmcə 40-45 yaşlı bir cavan kişiyə oxşayan, bəstəboylu, yanaqlarından zərif qızartıları əskik olmayan, sağlam və danışdıqca yorulmayan, yol gedəndə şax addımlarla yeriyən, özündən böyüklərə hörmət və ehtiramını, kiçiklərə qayğısını əsirgəməyən Asifin 60 yaşı olar. Heç mən də, Asifdən 5 yaş böyük dostu da inanmaq istəmirdim. Amma bu qədər cavan və sağlam olmasına baxmayaraq zaman da öz hökmünü verib: Asif Rüstəmlinin bir neçə gündən sonra 60 yaşı tamam olacaq. "Geriyə baxma, qoca"! Amma filologiya elmləri doktoru, professor Asif Rüstəmli haqqında danışanda mütləq geriyə, ötən illərə boylanmaq lazımdır. O zaman çox şərəfli, örnək bir ömür yolunun səhifələri bizi müşayiət edəcək. Onda gəlin, tələsməyək və Asif müəllimin bu ömür yolunun səhifələrini bircə-bircə çevirək.

Orta məktəbi bitirir və bir müddət, Bakıda, zavodların birində fəhləlik edir, sonra ordu sıralarında xidmət edir.

Sonra ali təhsil alır, ADU-nun Filologiya fakültəsini bitirir (1982). 1988-ci ildən taleyini Nizami adına Ədəbiyyat İnstitutuna bağlayır və bu 26 il ərzində kənar yerlərdə işləsə də, ondan ayrılmamışdır. İnstituta müsabiqə yolu ilə daxil olanda baş laborant idi, indi isə baş elmi işçidir. İnstituta qədəm basanda böyük-böyük alimlərin yanında utanan, sıxılan, daim onlardan nəsə öyrənməyə can atan Asif Rüstəmli indi filologiya elmləri doktoru, professordur və indinin gənc alimləri, aspirantlar, dissertantlar ondan öyrənirlər.  Neçə ildir ki, o, bu institutun həmkarlar təşkilatının sədri vəzifəsində çalışır və onun həm də qayğıkeş bir insan olduğunu bütün Ədəbiyyat İnstitutu əməkdaşları hiss edirlər. Ümumiyyətlə, Asif Rüstəmlidə, həqiqi idarə müdirinə, nümunəvi kollektiv rəhbərinə xas olan məziyyətlər var və bu xüsusiyyətlər onun 1991-1994-cü illərdə "Folklor sarayı" elmi-mədəni mərkəzinin (indiki Folklor İnstitutunun) direktoru vəzifəsində çalışanda aşkar nəzərə çarpırdı. Asif Rüstəmli Ədəbiyyat İnstitutu Elmi Şurasının üzvü, Bakı Dövlət Universiteti nəzdində Dissertasiya Şurasının üzvüdür və bu sahələrdə də özünün qabiliyyət və bacarığını kifayət qədər nümayiş etdirə bilir.

Asif Rüstəmli təkcə Ədəbiyyat İnstitutunda və Azərbaycan elmi ictimaiyyətində deyil, bir sıra xarici ölkələrdə də tanınır. O, Ankaraya, Bağdada, Tehrana, Təbrizə, Bəsrəyə, Urmiyaya, Varşavaya, Budapeştə, Diyarbəkirə, Tomskiyə..müxtəlif səpgili beynəlxalq elmi konfranslarda iştirak edib, Azərbaycan elmini layiqincə təmsil edib. Elmi və ictimai fəaliyyətinə görə Ankaradakı Azərbaycan Kültür dərnəyinin mükafatına (1994), "Cəfər Cabbarlı mükafatı"na (2010), Varşava Universitetinin "Sertifikat"ına (2007), Elazığ (Türkiyə) valisinin xüsusi mükafatına (2010), İstanbul şəhərində fəaliyyət göstərən Türk Ədəbiyyatı Vəqfinin "Türk Ədəbiyyatına Xidmət Baratı"na (2013) layiq görülüb.

Mən istəmirəm bu faktlarla, sizə məlum və sizə məlum olmayan məlumatlarla başınızı yoram. İstəyirəm çağdaş ədəbiyyatşünaslığımızda özünəməxsus yeri və mövqeyi olan Asif Rüstəmlini bir alim kimi səciyyələndirim.

Asif Rüstəmli ilk növbədə, görkəmli Cabbarlışünasdır. Həyatı, şəxsiyyəti və yaradıcılığı haqqında çoxsaylı monoqrafiyalar, elmi və publisistik məqalələr, xatirələr yazılan Cəfər Cabbarlı XX əsrin səksəninci illərindən başlayaraq özünün yeni bir tədqiqatçısı ilə şərəfləndi. Necə oldu ki, Asif, Cabbarlı irsinə bu dərəcədə qızğın, deyərdim ki, qarşısıalınmaz bir meyl və həvəs göstərdi və bu meyl və həvəs niyə hələ bitib-tükənməyib? Səksəninci illərdə Asif Rüstəmli "Bayraməli Abbaszadə Hambalın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası üzərində işləyirdi. Tədqiq prosesində hiss edir ki, Bayraməli Abbaszadəyə aid edilən bir çox şeirlər heç də onun deyil, burada C.Cabbarlının və ola bilsin, başqa bir şairin  nəfəsi gəlir. Odur ki,bunun izinə düşür. C.Cabbarlının məqalələri çap olunan kitabda isə C.Cabbarlının olmayan, amma onun adına yazılan məqalələrə də belə bir şübhəylə yanaşır və çox keçmədən, bu şübhələr özünü doğruldur. Lakin bununla da işini bitirmir, illər uzunu Cəfər Cabbarlının elm aləminə, ədəbi ictimaiyyətə məlum olmayan əsərlərinin izinə düşür, onları bircə-bircə toplayıb işıq üzünə çıxarır. O, Cabbarlının indiyədək heç bir kitabına salınmamış  6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini toplayır, transliterasiya və tərtib edib, ön söz, qeydlər və şərhlər yazaraq "Ədirnə fəthi" adı ilə 1996-cı ildə "Elm" nəşriyyatında çap etdirir. Qüdrətli söz ustasının 20 çap vərəqi həcmində naməlum və az məlum əsərlərinin ilk dəfə üzə çıxarılması ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.

Qətiyyətlə deyə bilərik ki, bu gün Cəfər Cabbarlı irsinin ən mötəbər, yorulmaq bilməyən bir tədqiqatçısı var-o da Asif Rüstəmlidir. Diqqət yetirin: bütün televiziya kanallarında Cəfər Cabbarlı ilə bağlı verilişlər Asif Rüstəmlisiz təsəvvür edilmir. Cabbarlının ev muzeyində bütün tədbirlərdə onun aparıcılığı və məsləhətçi funksiyası gözəl bəhrələr verir. Məhz elə bu səbəbdən, 1 nömrəli Cabbarlışünas  missiyasını şərəflə yerinə yetirdiyi üçün Respublika Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik "Əsərləri"nin tərtibi, ön sözü və şərhləri Asif Rüstəmliyə məxsusdur. Təhsil Nazirliyinin qərarı ilə "Azərbaycan ədəbiyyatı" seriyasından buraxılan Cəfər Cabbarlının seçilmiş əsərlərini də  (2004) A.Rüstəmli tərtib etmiş, nəşrə geniş ön söz, qeydlər, şərhlər yazmışdır.Nəhayət, bütün bu tədqiqlərin, axtarış və araşdırmaların məntiqi nəticəsi kimi "Cəfər Cabbarlı və ədəbi-mədəni mühit" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (2011). Həmin dissertasiya iki il öncə "Cəfər Cabbarlı: həyat və mühiti" sanballı monoqrafiyası şəklində ədəbi-elmi ictimaiyyətə çatdırılmışdı.Bax, Asif Rüstəmlinin bir Cabbarlışünas kimi ədəbiyyatşünaslığın bu qoluna hansı şaxələr artırması, hansı yeniliklər gətirməsi adını çəkdiyimiz monoqrafiyada görə bilərik.  "Yaradıcılığın sübh çağı" fəslində A.Rüstəmli inamla (!) qeyd edir ki, Cəfər Cabbarlı ilk yazısını 1915-ci ildə deyil, 1911-ci ildə dərc etdirmişdir. Onun "Şücaətim satirik" və "Eşidənlərə" adlı lirik şeirləri "Mətrud" imzası ilə Mirzə Cəlal Yusifzadənin Bakıda nəşr etdirdiyi "Həqiqəti-əfkar" qəzetində işıq üzü görmüşdür. Bunu sübut etmək üçün A.Rüstəmli "İnqilab və mədəniyyət" jurnalının 1935-ci il 1-ci nömrəsində Cəfər Cabbarlının vəfatı münasibətilə dərc edilən geniş bioqrafik məlumata istinad edir: "Cabbarlı ədəbiyyat sahəsinə 12 yaşlı cocuqkən daxil olmuşdur". 1936-cı il təqviminin Azərnəşr tərəfindən buraxılmış "31 dekabr" vərəqəsində  həmin fikir təkrar edilir. Daha sonra: Cabbarlının ilk pyesi-"Vəfalı Səriyyə"nin yazılma tarixi indiyə kimi 1915-ci ilə aid edilirdi. A.Rüstəmli isə C.Cabbarlının öz qeydlərinə əsasən 1912-ci il, noyabrın 1-də, Qurban ayının 3-də bitirdiyini sübut edir. O zaman Cabbarlı hələ məktəbli idi.

"Cabbarlı Cümhuriyyət dönəmində", "Cəfər Cabbarlı və gizli istiqlalçılar" fəsillərində biz böyük ədibin həyatının, yaradıcılığının, ədəbi mühitinin məlum olmayan hadisələri, olayları ilə tanış oluruq. Məlum olur ki, Cəfər Cabbarlı gənc olmasına baxmayaraq Cümhuriyyət dönəmində tanınmış ictimai-siyasi xadimlərlə bir sırada olmuş, müstəqil Azərbaycanın parlamanında iştirak etmiş, (Cümhuriyyət dönəmində Cəfər Cabbarlı, Mirzə Bala Məhəmmədzadə ilə birgə parlamentdə stenoqrafçı vəzifəsində işləmişdir) o qısa müddət ərzində gənc respublikanın ictimai-siyasi, ədəbi-mədəni həyatında fəal iştirak etmişdir. Məsələn, indi adamda qürur hissi oyanır ki, 1918-ci il 10 noyabrda Bakının qurtuluşu münasibətilə təşkil olunan ziyafətdə Fətəli Xan Xoyski "Ədirnə fəthi" əsərinin müəllifi, Bakı Politexnik məktəbinin müdavimi, gənc dramaturq Cəfər Cabbarlını Nuru Paşaya təqdim edir: "Nuru Paşa ayağa duraraq, bu bəstəboy, qarayanız dağlı balasını bağrına basdı. 29 yaşlı Bakı fatehi, general Nuru Paşa 19 yaşlı, "Ədirnə fəthi"nin müəllifi, söz sərkərdəsi Cəfərlə qucaqlaşdı". Həmin ziyafətdə Cəfər Cabbarlı da çıxış edir, "türk xalqının qədimliyindən, zəngin mədəniyyət və döyüş ənənələrinə malik olmalarından söz açır, "Ədirnə fəthi"ni bu mövzuya həsr etdiyini, Trablis müharibəsində Ramiz obrazının prototipinin Nuru Paşa olduğunu bildirir. Nuru Paşanın hərbi xadim və şəxsiyyət kimi onu heyran qoyduğunu duydurmaqla yanaşı, generalın Bakının xilası uğrundakı zəfər yürüşündən bəhs olunacaq yeni əsərini yazacağına söz verdi. Cəfər Cabbarlının alovlu nitqi Nuru Paşanı heyran qoymuşdu. General ziyafətdən sonra arkadaş adlandırdığı Cəfərin dəvətini qəbul edərək, onun qonağı oldu". Doğrudan da belə bir görüş barədə  indiyə qədər heç harda söylənməyib və Asif Rüstəmlinin Cabbarlıya həsr etdiyi tədqiqatda onlarla belə bir faktın aşkara çıxarılması son dərəcə maraqlıdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bir sıra istiqlalçılarla bir sıra Cəfər Cabbarlının da həbs olunmağı, bununla bağlı istintaq materialları ilk dəfədir ki, qaranlıqdan işıqlığa çıxır və bu işıqlar altında biz Cabbarlının necə böyük əzm və dözüm sahibi olduğunun şahidinə çevrilirik.Asif Rüstəmli də elə Cabbarlı kimi əzm və səbat göstərərək ustadın təhsil illəri, onun bədii həqiqətlər axtarışı, gizli imza problemi, mütərcimliyi, həyat və yaradıcılığının son dövrü barədə az məlum olan, lakin əksəriyyəti heç məlum olmayan faktları bircə-bircə işığa çıxarır. Doğrudan da, bütün bunları aşkarlamaq üçün nələrə tablaşmalısan, illər uzunu arxivlərə baş vurmalısan, müxtəlif fikir və mülahizələri tutuşdurmalısan..amma Asif Rüstəmli bu işdən qətiyyən yorulmur və onun cavan qalmağının da səbəbi elə bu inadcıllığı və elm yolunda fədakarlığıdır.Elə bilirəm ki, Cəfər Cabbarlının elmi tərcümeyi-halının tam və dolğun şəkildə tamamlanması prosesi artıq başa çatmaqdadır və burada Asif Rüstəmlidən əvvəlki alimlərimizin zəhmətini də unutmamaq şərtilə Asifin xüsusi xidmətlərini nəzərə çartdırmalıyıq.

Asif Rüstəmlinin bir alim kimi əsas tədqiqat obyekti Cəfər Cabbarlı olsa da, o, yeri gəldikcə ədəbiyyatşünaslığın digər mövzularına da müraciət edir. O, mollanəsrəddinçi şair Bayraməli Abbaszadə-Hambalın həyat və yaradıcılığı haqqında monoqrafiyanın müəllifidir. Bir neçə gün əvvəl Asifin "Bayraməli Abbaszadə: Mühiti və mücadiləsi" adlı kitabı işıq üzü gördü və bu kitabı oxuduqca mürəkkəb bir həyat yolu keçmiş bir şairin (indi onun məzarı Bakının Əhmədli kəndinin qəbristanlığındadır) mükəmməl elmi-publisistik bioqrafiyası ilə tanış olduq.

Asif Rüstəmlinin bir sıra  tədqiqatlarında alimliklə publisistliyi birləşir və bu vəhdət bəzən  onun faktlara, hadisə və olaylara  qızğın vətəndaş münasibəti ilə müşayiət olunur. Asifin "Çırpınırdı Qara dəniz" (1992) kitabı Türkiyədə, Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfransdan alınan təəssüratları əks etdirir və biz bu kitabda Asifi həm də Azərbaycan mühacirət ədəbiyyatının ilk tədqiqatçılarından biri kimi tanımağa başlayırıq.

Asif Rüstəmli ümummilli liderimiz Heydər Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət mövzusunda 30 illik dövrü əhatə edən məruzə, çıxış və söhbətlərini toplamış, 2000-ci ildə "Nəcib, mənəvi idealların tərənnümü" sərlövhəsi ilə çap etdirmiş, ulu öndərin "Ədəbiyyatın yüksək borcu və amalı" kitabının (2000) redaktoru olmuşdur. A.Rüstəmli M.Ə.Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti" (1990), "Bolşeviklərin Şərq siyasəti" (1994) əsərlərini ərəb qrafikasından müasir əlifbaya çevirmiş, onlara lüğət və şərhlər yazmışdır.

Və nəhayət, onu da qeyd edim ki, Asifin bu çoxcəhətli elmi fəaliyyəti, axtarışları bizim və xarici ölkələrin alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Akademiklər: Bəkir Nəbiyev və İsa Həbibbəyli, professorlar: Yavuz Axundlu, Vilayət Quliyev, Vaqif Arzumanlı, Cabbarlının qızı Gülarə xanım Asif Rüstəmlini daim axtarışda olan bir alim, elmi həqiqət uğrunda çarpışan fədakar tədqiqatçı kimi dəyərləndirmişlər.

Olsun ki, Asif Rüstəmlinin ədəbi-elmi fəaliyyətini tam işıqlandıra bilmədim, amma fakt budur ki, müasir ədəbiyyatşünaslıq elmində öz sözü olan bir tədqiqatçını, hal-hazırda 1 nömrəli Cabbarlışünas kimi tanınan bir görkəmli alimdən söz açdım. Ona elm aləmində yeni uğurlar arzulayıram!

 

Vaqif YUSİFLİ

filologiya elmləri doktoru

525-ci qəzet.- 2014.- 29 yanvar.- S.7.