"Kitabi-Dədə Qorqud" eposunun
yazılı və şifahi ədəbiyyatımızda
mövqeyi
"Kitabi-Dədə Qorqud" elə bir əzəli-əbədi abidədir ki, onun
daha möhkəm, daha davamlı, daha möhtəşəm və həmişəyaşar olmasında bir kərpic qoyanın da, min kərpic qoyanın da əməyi təqdirlə yad edilməlidir. Filologiya elmləri namizədi Yeganə
İsmayılovanın təzəcə çapdan
çıxmış çox maraqlı və dərin elmi
biliklər ehtiva edən, orijinal "Kitabi-Dədə Qorqud"
eposu şifahi, qədim, orta və müasir Azərbaycan ədəbiyyatında"
adlı
monoqrafiyasını hər şeydən əvvəl bu baxımdan dəyərləndirmək
lazımdır. (Bakı, Universitet nəşriyyatı, 2013, 226 səh.).
Kitabın redaktoru və rəyçiləri görkəmli ədəbiyyatşünas
alimlərimiz Q.Namazov, T.Mütəllimov, T.Hüseynov və M.İmanovdur.
"Kitabi-Dədə Qorqud" bizim epik
yaddaşımız, düşüncə
qaynağımızdır. Tükənməz bir xəzinədir, qürur və
fəxarət yerimizdir. Ədəbiyyatımızın
başlanğıcıdır. Təəssüf ki, bəziləri ədəbiyyatımızın
başlanğıcını eposun yazıya
köçürüldüyü XI əsrə aid edirlər. Görkəmli tədqiqatçılar
isə abidəni VII əsrlə bağlayırlar. Halbuki eposun
1-ci cümləsi: "Rəsul əleyhissəlam zamanına yaqın
Bayat boyundan Qorqud Ata derlər,
bir ər qopdu" açıqca göstərir ki, abidə
VI əsrin ortalarında, bəlkə də daha əvvəl
yaranmışdır.
Dilimizdə
"səhərə yaxın", "axşama
yaxın" və s. ifadələr vardır.Bu ifadələrin
mənası o deməkdir ki, hələ səhər deyildir, hələ
axşam deyildir, ancaq az sonra səhər açılacaq,
axşam düşəcək. Nəzərə alsaq ki, Məhəmməd
peyğəmbər
miladi 570-ci ildə
dünyaya gəlib, deyilənlər yerini alır.
Burada bir
məsələyə də toxunmağı münasib
bildik. Kitabın müəllifi daxil,
bütün tədqiqatçılar qeyd edirlər ki,
"Kitabi-Dədəd Qorqud" elm aləminə 1815-ci ildən
bəlli olmuşdur. Məlumdur ki, həmin ildə alman
alimi H.F.Dits Drezden
kitabxanasında "Dədəd Qorqud" dastanlarını
aşkara çıxarmış, "Basatın Təpəgözü
öldürdüyü boy"u alman dilinə çevirərək
çap etdirmişdir.
Bizə qalırsa, burada abidənin dünya elminə bəlli
olmasından söhbət gedir. Əslində epos Azərbaycanda
xalq arasında, ziyalılar və qələm sahibləri
arasında məlum olub. Məsələ
burasındadır ki, tədqiqatçının da göstərdiyi
kimi, akademik Həmid Araslı XV əsr Azərbaycan şairi Ətainin "Leyli və Məcnun"
poemasında "Dədə Qorqud" motivləri"
adlı məqaləsində (Bax: "Kitabi-Dədə
Qorqud" (məqalələr
toplusu), Bakı. Elm, 1999, s. 75-82) göstərir ki, Ətainin əsəri
Qorqud Atanın müqəddəs övliya, bir el bilicisi kimi
türk dünyasında geniş nüfuzunu əks etdirir. Məqalənin
77-78-ci səhifələrində Ətainin Dədə Qorquda
ithaf etdiyi
şeirlər yer alır. Bir bəndi oxuculara təqdim edirəm:
Dədəm
Qorqud söylədi ki, düşmənin
Ölüsü
ölsə sevinmək kimsənin
Nişə
kim bu cümlə başlardan keçər,
Cümlə
aləm həm bu
şərbətdən içər.
Azərbaycan
şifahi xalq ədəbiyyatının yazıya
köçürülən ən qədim abidəsi,
folklorumuzun zirvəsi, ölməz sənət abidəsi
"Kitabi-Dədə Qorqud" barədə çoxsaylı
tədqiqatlar aparılmış, bu möhtəşəm abidə
dünyanın bir çox dillərinə tərcümə
edilmişdir.
Bu ölməz
abidənin tədqiqinə Azərbaycanda keçən əsrin
əvvəllərindən Əmin Abidlə (Əmin Mütəllib
oğlu Əhmədov) başlanmış, eposa bir çox
monoqrafiyalar,
dissertasiyalar həsr olunmuş və indinin
özündə belə tədqiqatlar davam etdirilir. Ona görə
ki, bu əvəzsiz
abidə şifahi və
yazılı ədəbiyyatımızın tükənməz
enerji mənbəyidir.
Həqiqətən
də "Kitabi-Dədə Qorqud" eposuna hansı cəhətdən
yanaşsan, orada
istənilən qədər tədqiqata ehtiyac duyulan məsələlər
var. Lakin əvvəllər tədqiqatlar abidənin özü
ilə bağlı aparılırdı. Dosent Yeganə
İsmayılovanın monoqrafiyasında ilk dəfə olaraq
"Kitabi-Dədə Qorqud"un milli düşüncəmizə, eləcə də
milli ədəbi düşüncəmizə təsiri problemi
qoyulur və həllini tapır.
Monoqrafiya
giriş, üç fəsil və tədqiqatçının
istinad etdiyi, bəhrələndiyi
məxəzlərin göstəricisindən ibarətdir. Girişdə
mövzunun aktuallığı, məqsəd və vəzifələri,elmi yeniliyi və s. nəzərdən
keçirilir. Əsərin etiraf edim ki, çox əhatəli
girişi və tədqiqat
işi özü o qədər
axıcı dillə, fikir
zənginliyi ilə yazılıb ki, oxuyanda öz fikirlərimi
toplamaqda çətinlik çəkdim. Sözlərimin səmimiliyi
naminə
monoqrafiyadan bir-iki cümləni oxucuların nəzərinə
çatdırmağı münasib
bildim.
- "Kitabi-Dədə Qorqud" Azərbaycan tarixinin
bütün keşməkeşlərini özündə inikas
etdirərək onun ayrılmaz, qopmaz parçası olmuş və
bizimlə birgə milli müstəqilliyə
qovuşmuşdur".
-
"Daha sonra abidə "bəraət" qazandı və
yenidən elmi və ədəbi fikir dövriyyəsinə daxil
edildi". Açığını deyim ki, bu qiymətli fikirdən sonra tədqiqatçının nə deyəcəyi məni
düşündürürdü.
Heyranedici bir
qənaətlə üzləşdim.
- "Milli düşüncənin bütün sahələrindən
daha çox ədəbiyyatda coşğun "Dədə
Qorqud" dövrü başladı. Sanki
milli ədəbi düşüncədə bir "Dədə Qorqud"
yanğısı var imiş".
Bütün
bunlar mövzuya,
daha doğrusu Ana
kitabımız "Dədə Qorquda olan dərin məhəbbətdən
qaynaqlanır.
Monoqrafiyanın "Kitabi-Dədə
Qorqud" mövzuları şifahi, qədim və orta əsrlər
ədəbiyyatında" adlanan 1-ci fəslində folklor və yazılı ədəbiyyat
aspekti, "Kitabi-Dədə Qorqud" Azərbaycan ədəbi
düşüncəsinin mərhələsi və
qaynağı kimi, abidənin Azərbaycan şifahi xalq ədəbi
düşüncə tarixinə təsiri problemləri tədqiqata
cəlb olunur.
Məlumdur
ki, milli-mənəvi və ədəbi düşüncə
sistemi üç
layı əhatə edir: Sakral-mifoloji layı, mənəvi-əxlaqi
layı və sosial-mədəni layı. Hər
üç düşüncə layı öz
mövcudluğunu tarixi abidələrdə qoruyub
saxlamışdır. Bu abidələrin
ilkini "Kitabi-Dədə Qorqud"dur. Bütün
düşüncə sistemləri, o cümlədən də tədqiqatçının
ilk dəfə olaraq araşdırmaya cəlb etdiyi milli ədəbi
düşüncə problemi əsərin 1-ci fəslinin 2-ci və
3-cü yarımfəsillərində "Kitabi-Dədə
Qorqud" eposu milli ədəbi düşüncənin ilkin mərhələləri
kimi və "Kitabi-Dədə Qorqud" və milli ədəbi
düşüncənin inkişaf tarixi" bölmələrində
öz əksini tapmışdır.
Deyilənlər
tədqiqatçının "Kitabi-Dədə Qorqud"un
dərin təsir göstərdiyi "Əhməd
Haramı", "Vərqa və Gülşa",
"Qurbani", "Tahir və Zöhrə", "Abbas və
Gülgəz", "Şah İsmayıl və Güllüzar",
"Koroğlu" və başqa məhəbbət və qəhrəmanlıq
dastanlarının, eləcə də Nizamidən
başlamış yazılı ədəbiyyatımızın
təhlili nəticəsində gəldiyi qənaətlərdir.
"Dədə
Qorqud" eposundakı "Ölüm xofu, ölümdən
qaçma", "övladsızlıq", "Xəyanət",
"ölməzlik qazanmaq arzusu" "gənclərə
igidlik adı verilməsi mərasimi", "nəsil tərbiyəsi" və
s. motivlər, oxşarlıqlar dastanlarımızda da özünü göstərir.
Məlumdur ki, "Kitabi-Dədə
Qorqud"un bütün
boyları dərin fəlsəfi fikir ifadə edən
Hanı
dediyim bəy ərənlər,
Dünya mənim deyənlər.
Əcəl
aldı, yer gizlədi,
Fani
dünya kimə qaldı
- misraları ilə bitir. Dastanlarımız
da "duvaqqapma" adlanan bölmə ibrətli misralarla
bitir.
Monoqrafiyanın
"Dədə Qorqud" və XX əsr Azərbaycan nəsri"
adlanan II fəslindən göründüyü kimi,
"Kitabi-Dədə Qorqud" Azərbaycanda dönə-dönə
çap olunandan sonra onun motivləri ədəbi-bədii
enerji qaynağı kimi müasir Azərbaycan ədəbiyyatına
yeni və rəngarəng mövzular və ovqat gətirmişdir.
Təsir o qədər güclü olmuşdur
ki, mövzular öz təcəssümünü həm epik, həm
lirik, həm də dramatik növlərdə və janrlarda
tapmışdır. II fəslin "Müasir nəsrdə
"Dədə Qorqud" motivlərinin
başlanğıcı: "milli-mənəvi istiqamət"
adlanan hissəsində
M.Rzaquluzadənin "Dəli Ozan", "El
gücü" povestləri, yeddi hekayəsi və Əhmədağa
Muğanlının "Məclisə Dədə Qorqud gəldi",
"Qorqud Dədənin öyüdü", "Şəhriyar
əfsanəsi" povesti,
"İtirilmiş dastanlar" roman-povesti "Dədə
Qorqud"un işığında tədqiqata cəlb
edilmişdir.
Onu da deyək ki,
yazılı ədəbiyyatımızda "Kitabi-Dədə
Qorqud" motivləri indiyədək ayrıca tədqiqat mövzusuna çevrilməmişdi.
Tədqiqata cəlb olunan 3-cü ədibimiz Anardır. Anarın
"Kitabi-Dədə Qorqud"la bağlı
yaradıcılığı sözün həqiqi mənasında
bir hadisədir. Yaxşı yadımdadır, 1985-ci ildə
çap olunan "Dədə Qorqud dünyası" ictimai mühitdə necə
təsir buraxdı, bomba kimi partladı. Təsadüfi deyildir
ki, ümummilli liderimiz Heydər Əliyev Anarın bu sahədəki
(əslində dəfələrlə başqa sahələrdə
də) xidmətlərini
yüksək qiymətləndirmişdir: "Kitabi-Dədə
Qorqud" Azərbaycan ictimaiyyəti, kütlə, xalq
üçün tanınmalıdır. Mən bu baxımdan
Anarın xidmətlərini xüsusi qeyd etmək istəyirəm.Mənə
belə gəlir ki, biz bu gün, müəyyən zaman keçəndən
sonra Anarın bu sahədəki axtarışlarına, xidmətlərinə
daha yüksək qiymət verməliyik".
Monoqrafiyanın
bu fəslində ədəbiyyatşünas alim Yeganə İsmayılovanın
görkəmli yazıçımızın
yaradıcılığına verdiyi əsl qiymət məni
qane etdi: "Anarın
yaradıcılığı milli ədəbiyyatımızın
xüsusi səhifəsi olduğu kimi, "Kitabi-Dədə
Qorqud" eposu da Anar
yaradıcılığının xüsusi səhifəsidir".
Monoqrafiyada Anarın yaradıcılığına
geniş yer verilib (səh. 72-92).
Tədqiqatçı
K.Abdulla yaradıcılığına da geniş yer
ayırıb və "Dədə Qorqud"la bağlı
görkəmli yazıçı və alimin yaradıcılığını
yüksək qiymətləndirib
(Bax: s. 93-109). O,
yazıçının əsərlərindən
böyük məhəbbətlə söz açaraq təhlil edib. Xüsusi
vurğulayıb ki, ədib-alimin bədii və elmi əsərləri
Azərbaycan bədii-elmi mühitində heç kəsin
yaradıcılığına bənzəməyən
orijinal hadisədir. O, "Yarımçıq əlyazma" üzərində
dayanaraq yazır: "Birdən-birə ortaya"
Yarımçıq əlyazma"
çıxdı: motiv köhnə - "Kitabi-Dədə
Qorqud", bədii yozum
anlaşılmaz dərəcədə yeni".
Bu bölüm Dədə Qorqudla bağlı Anar və
K.Abdullanın həm ədəbi, həm də elmi
yaradıcılığına həsr olunub.
"Dədə-Qorqud"
eposu postmodernist zaman düşüncəsində" adlanan
üçüncü yarımfəsildə tədqiqatçının
gəldiyi nəticə
diqqəti çəkir:
"Mahiyyətcə
hər cür ənənəni inkar edən, onu dağıdan
postmodernizm bir sıra gənc yazarlar və ədəbiyyatşünaslar
tərəfindən qəbul olunsa da, başdan-başa ənənəvi
dəyərlərlə yaşayan Azərbaycan ədəbi
düşüncəsi bütövlükdə postmodernizmi qəbul
etmir (səh. 108)
Tədqiqatçı əsərləri səriştəli
ədəbiyyatşünas kimi təhlil edir və göstərir
ki, milli ideyalar "Kitabi-Dədə Qorqud" dastanlarının
canında, ruhunda yaşamaqla müasir ədəbiyyatımıza
dastanın özündən gəlir. Həmin ideyalar öncə
M.Rzaquluzadə, daha sonra Əhmədağa Muğanlı nəsrində
"mənəvi istiqamət"
Anar nəsrində isə "milli özünütəsdiq
istiqaməti" kimi təzahür edir. Kamal Abdullanın
yaradıcılığında "Dədə Qorqud"
motivlərinin tamamilə yeni və orijinal "yozum istiqaməti"
yaranır.
Araşdırıcı
tədqiqata cəlb etdiyi əsərləri təhlil etdikdən sonra doğru qənaətə
gəlir: "Müasir Azərbaycan ədəbiyyatında epik
növün inkişafı hansı
mərhələdən keçibsə-keçsin, daim
"Kitabi-Dədə Qorqud"un potensiyası ilə
qidalanmışdır.
III Fəsil çağdaş Azərbaycan poeziyası və
dramaturgiyasında "Kitabi-Dədə Qorqud"
ideyaları" adlanır. Tədqiqatçı
doğru olaraq etiraf edir ki, material o qədər çoxdur ki,
hamısını əhatə etmək, hər birinin üzərində
xüsusi dayanmaq imkan xaricindədir. Bununla
belə, deməliyəm ki, araşdırıcı tədqiqatın
məqsəd və vəzifələrini doğru dərk edərək
inandırıcı qənaətə gəlmişdir.Həqiqətən
də "Kitabi-Dədə Qorqud" eposunun müasir Azərbaycan
poeziyasına təsiri onun ideya tükənməzliyindən irəli
gəlir. Müəllif
B.Vahabzadə, N.Xəzri, Səhənd, A.Abdullazadə, N.Kəsəmənli,
Z.Yaqub, V.Aslan və başqa şairlərin Dədə Qorqud
ruhunda yazılmış poemalarını, eləcə də başqa şairlərin mövzu ilə bağlı
şeirlərini tədqiqata cəlb etmişdir.
Maraqlıdır
ki, dahi Səməd Vurğun "Kitabi-Dədə
Qorqud"un kəskin
basqılara məruz qaldığı bir zamanda çəkinmədən
şair fəhmi ilə "Dədə Qorqud"un
işıqlı gələcəyini görüb, "Gələcəyin
toy bayramı" şeirində onu tərənnüm etmişdir.
Dədə
Qorqud dediyimiz
min bir
yaşlı bir ozan da,
Qoca
vaxtı öz sazını sinəsinə
basacaqdır.
Bütün
xalqlar və tayfalar
ona qulaq
asacaqdır.
III Fəsildə "Dədə
Qorqud" ideyalarının müasir Azərbaycan
dramaturgiyasının inkişafındakı yeri və rolu gündəmə gətirilir. Bu fəsildə
Ə.Dəmirçizadənin "Dədə Qorqud"
librettosu, "Qaraca çoban", Abay Dağlının
"Dədə Qorqud" pyeslərindən, eləcə də
B.Vahabzadənin "Özümüzü kəsən
qılınc" pyesindən və onların milli birlik və
milli vəhdət ideyalarını tərənnüm etdiyindən
danışılır. Nəbi Xəzrinin
"Torpağa sancılan qılınc" və "Burla
Xatun" pyeslərində "Vətən - ana" motivi
ön plana çəkilir. K.Abdullanın
"Casus" və "Beyrəyin taleyi" pyeslərində
"Dədə Qorqud" motivlərinin psixoloji yöndən
yozumu qabardılır.
Monoqrafiyada, eləcə də "Kitabi-Dədə
Qorqud" dastanları əsasında hazırlanmış
tamaşalar tədqiqat süzgəcindən keçirilir. "Mən Dədə
Qorqud", “Oğul”, "Xatun" və K.Abdullanın
"Unutmağa kimsə yox", "Casus" pyeslərinin səhnə
həyatı araşdırılır.
Araşdırıcı abidə ilə bağlı tədqiqatlarla, məxəzlərlə, bədii ədəbiyyatla yaxından tanış olmuş, ən kiçik yazılara qədər oxumuş, öz münasibətini bildirmişdir. Məsələn, professor Yavuz Axundlunun Naxçıvan Dövlət Universitetinin "Elmi əsərləri"ndə (1998, ¹ 2, səh. 45-47) çıxan üç səhifəlik "Kitabi - Dədə Qorqud" dastanı ilə yunan mifologiyası arasında bəzi müqayisələr" məqaləsinə qədər bütün gərəkli əsərləri tədqiqata cəlb etmişdir.
Bununla belə, İ.Şıxlının "Dəli Kür", İ.Hüseynovun "Saz", "Tütək səsi", M.Süleymanlının "Köç" kimi "Dədə Qorqud"la səsləşən, ictimai həyatımızda böyük rol oynayan əsərlərinin tədqiqata cəlb olunmaması təəssüf doğurur.
Və nəhayət qənaətim budur ki, tədqiqatçı bu maraqlı əsərində Azərbaycan xalqının dünya, zaman, insan, dövlət, ordu, qəhrəmanlıq, ənənə və s. haqqında yazılmış qanunlar, düşüncələr, baxışlar məcmuəsi olan, etnik şüurun göstəricisi kimi onun səviyyəsini, səciyyəvi xüsusiyyətlərini, millətin milli kimliyini açıqlayan, bitgin və sistemli abidə - "Kitabi-Dədə Qorqud"un qədim Azərbaycan şifahi və yazılı ədəbiyyatına dərin təsirini inkarolunmaz faktlarla isbatlamış, ortaya gərəkli bir əsər qoymuşdur.
Monoqrafiyanı oxuyub başa çatanda bir rahatlıq tapdım. Dərk etdim ki, sıralarımıza ədəbiyyatımızı, ədəbiyyatşünaslıq və folklorşünaslıq elmimizi dərindən sevən və yaxşı bilən bir alim qoşulur.
Qəzənfər Paşayev
professor
filologiya üzrə elmlər doktoru
525-ci qəzet.-
2014.- 29 yanvar.- S.5.