Ordumuzu daha da gücləndirən addımlar
Azərbaycan mürəkkəb geostrateji regionda yerləşdiyinə
və ərazimizin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyinə
görə ordu məsələsi və Müdafiə Nazirliyinin fəaliyyəti daima cəmiyyətin diqqət mərkəzindədir. Bu strukturda baş verən hər hansı bir dəyişiklik adətən
böyük rezonansa səbəb olur. 2013-cü ilin sonlarında Azərbaycan Respublikasının
müdafiə naziri təyin olunan general-polkovnik Zakir Həsənov nazir kimi fəaliyyətinə genişmiqyaslı islahatlarla
başladı. Bu dəyişikliklər bəzi
mətbuat orqanları
tərəfindən qərəzli
şəkildə köhnə
rəhbərliyin kadrlarının
vurulması kimi təqdim edilməyə çalışılsa da,
əslində sözügedən
qurumda tamamilə təbii, məqsədəuyğun
proseslər gedir və bütün bu dəyişikliklərin
qanuna uyğun olaraq həyata keçirilməsi faktını
da nəzərdən qaçırmaq olmaz.
Yaş həddi və ya digər səbəblərlə
əlaqədar bir sıra şəxslərin
vəzifələrindən azad edilməsi, şəxsi heyətin üzvlərinin bir çoxuna yeni rütbələr təqdim
olunması prosesi və digər islahatların aparılmasında
tək məqsəd
Ali Baş Komandanın
qarşıya qoyduğu
problemlərin həll
olunmasına yönəlib.
Buna görə də Müdafiə Nazirliyindəki kadr islahatlarının sabiq müdafiə nazirinə qarşı atılmış
addım kimi qiymətləndirmək yanlışdır.
Qeyd etdiyim kimi verilən
qərarlar, atılan addımlar, islahatlar Azərbaycan Ordusunun daha da gücləndirilməsi,
əldə edilmiş
naliyyətlərin möhkəmləndirilməsi,
qarşıya qoyulmuş
vəzifələrin uğurlu
həlli naminədir.
Hansısa şəxsi maraqdan
çıxış edib,
bu islahatlara müxtəlif "don" geyindirmək
vətəndaş mövqeyinə
sığmır.
Zakir Həsənov
nazir təyin edildikdən sonra ilk işlərdən biri cəbhə bölgələrində
yerləşən hərbi
hissələrə səfər
etmək oldu. Tanışlıq xarakteri daşıyan bu səfərlərdə
cəbhə bölgəsinin
problemləri öyrənilir
və bu problemlərin həll edilməsi istiqamətində
nə kimi işlərin görülə
biləcəyi aydınlaşır.
Cəbhə bölgəsində yerləşən hərbi
hissələrin şəxsi
heyəti ilə görüşlərində müdafiə
nazirinin qarşıda
duran vəzifələri
bir daha onlara xatırlatması olduqca mühümdür.
Həyata keçirilən mühüm
addımlardan biri də tank taborlarının
cəbhə bölgəsinə
göndərilməsi oldu. Görünür məhz bu addım,
tank taboru kimi güclü hərbi bölmələrin cəbhə
xəttinə göndərilməsi
Ermənistanda yeni nazirin islahatlarının həyəcanla qarşılanmasına
səbəb oldu.
Artıq
Ermənistanda gündəmin
əsas mövzularından
biri də Azərbaycan Müdafiə
Nazirliyində həyata
keçirilən islahatlardır.
Dəyişiklikdən qorxuya düşən
düşmən artıq
Azərbaycanın müharibə
bəyanatlarının ciddiyə
alınmasına çağırır
və beynəlxalq ictimaiyyətə mesaj göndərir ki, Azərbaycanı müharibə
seçimindən çəkindirsin.
Digər mühüm qərarlardan biri də hərbi
hissə komandirlərinin
sürücülərinin mülki
vətəndaşlar olması
haqqında verilən göstərişdir. Bu istiqamətdə
işlər davam etdirilir və hazırda bir sıra xidmət, qulluqetmə vəzifələrinin
icrasının mülki
şəxslərə tapışırılması
istiqamətində hazırlıq
aparılır. Bu islahat ordumuzun strukturunun yüksək dünya standartlarına uyğunlaşdırılmasını, hərbçilərin hərbi
hazırlıq, vaxtlarını
döyüş qabiliyyətlərinin
artırılmasına sərf
etmək imkanlarını
artıracaq. Həmçinin yaşayış məntəqələrində
yerləşən hərbi
hissələrdə aşpazların
mülki şəxslərdən
olması da bu barədə müəyyən çatışmazlığı
aradan qaldıracaq.
Silahlı Qüvvələrin qida rasionun dəyişdirilməsi
istiqamətində də
müəyyən işlər
görülməsi təqdirəlayiqdir. Belə ki,
Müdafiə Nazirliyi
Sovet dövründən
qalma bir sıra qidaların rasiondan çıxarılmasını
və onların milli mətbəxə məxsus yeməklərlə
əvəzlənməsini, hərbi hissələrdə
meyvələrin rasiona
daxil edilməsini də nəzərdə tutur.
Azərbaycanın xarici siyasətində hərbi əməkdaşlıq
mühüm istiqamətlərdən
biridir. Xüsusilə, digər ölkələrlə
hərbi əlaqələrin
qurulması və inkişafı diqqət mərkəzində saxlanılır.
Bu baxımdan yeni nazir tərəfdaş
ölkələrlə münasibətlərə
əhəmiyyət verdiyini
fəaliyyətə başladığı
ilk dövrdən sübut
etdi. Nazirin ilk xarici səfərlərindən
biri qardaş Türkiyəyə oldu.
Türkiyəyə səfəri
zamanı general-polkovnik
Zakir Həsənovun başçılıq etdiyi
nümayəndə heyəti
qardaş ölkənin
müdafiə naziri İsmət Yılmaz, Baş Qərargah rəisi ordu generalı Necdət Özəl, prezident
Abdullah Güllə görüşərək
hərbi və hərbi-texniki sahələrdə
əməkdaşlığı müzakirə etdi. Həmçinin Azərbaycan tərəfi
Türkiyə Aviasiya Sənayesi və ASELSAN şirkətinin müəssisələrində
oldu. Qeyd etmək lazımdır ki, Türkiyə Azərbaycanın əsas strateji tərəfdaşıdır
və Azərbaycan Ordusunun, hərbi sənayesinin qurulmasında
qardaş ölkənin
yardımları danılmazdır.
Bu baxımdan Türkiyə Silahlı Qüvvələri ilə
münasibətləri gücləndirmək,
mövcud əməkdaşlığı
daha da inkişaf
etdirmək Azərbaycanın
strateji məqsədlərindən
biridir.
Müdafiə naziri kimi Zakir
Həsənovun xarici səfərlərindən biri
də Fransa oldu. Düşmən Ermənistanın əsas havadarlarından biri olan Fransa
ilə əlaqələri
genişləndirmək, əsl
həqiqətləri çatdırmaq
mühüm əhəmiyyət
kəsb edir. Fransaya səfər zamanı bu ölkənin Silahlı Qüvvələrinin rəhbərliyi
ilə danışıqlar
nəticəsində "Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi
və Fransa Respublikasının müdafiə
naziri arasında müdafiə sahəsində
əməkdaşlıq haqqında
Texniki Saziş" imzalandı. Həmçinin səfər zamanı
Fransa hərbi sənayesində aparıcı
şirkətlərlə də
bir sıra mühüm görüşlər
keçirildi.
Eyni zamanda Azərbaycan Respublikasının
müdafiə naziri
general-polkovnik Zakir Həsənovun Koreya Respublikasına da rəsmi səfəri baş tutdu. Səfər çərçivəsində
müdafiə nazirinin
bir sıra görüşləri keçirildi,
ikitərəfli münasibətlər
müzakirə olundu.
Müdafiə nazirinin digər
bir səfəri də qonşu Rusiyaya oldu. Qeyd edək ki, general-polkovnik Zakir Həsənov Moskvaya Müstəqil Dövlətlər
Birliyinin müdafiə
nazirləri Şurasının
növbəti iclasında
iştirak üçün
səfər edib.
Bu gün Azərbaycan ordusu maddi-texniki təminatına görə region ölkələrindən əsaslı surətdə fərqlənir. Yeni müdafiə naziri dəfələrlə vurğulayıb ki, Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək. Qeyd edək ki, artıq Azərbaycan Ordusu ən müasir hərbi texnika və silahlardan istifadə edir. Hərbi Hava Qüvvələrimizin istifadəsinə "Orbiter", "Aerostar", "Seacher", "Hermes-450", "Heron" tipli pilotsuz kəşfiyyat təyyarələri verilib, S-300 PMU-2 "Favorit" zenit-raket kompleksləri, "Barak-8" zenit-raket kompleksləri, "Green Pine" radarları kimi müasir silah sistemlərindən istifadə edən ordumuzun döyüş hazırlığı getdikcə möhkəmlənir. Hazırda Azərbaycan öz hərbi sənayesini uğurla qurmaqdadır. 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyi qısa müddət ərzində istehsal etdiyi silahlarla diqqət mərkəzinə düşə bilib. Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə birlikdə "Matador", "Marauder" zirehli transpartyorları istehsal edilib, "Gürzə" patrul maşını yığılaraq istifadəyə verilib. Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanmış İstiqlal snayperi isə anoloqlarını göstəricilərinə görə ötməyi bacarıb. İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sərgisində diqqət cəlb edən silahlardan biri də məhz "İstiqlal" olub. "IDEF-2013" XI Beynəlxalq Müdafiə Sənayesi sərgisində Müdafiə Sənayesi Nazirliyi 130 adda müdafiə təyinatlı məmulatla təmsil olunub.
Sərgidə 7,62x51 mm-lik "Yalquzaq" snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, "Gürzə" patrul maşını, pilotsuz uçuş aparatları Azərbaycan hərbi sənayesinin uğurlarını nümayiş etdirib.
Qeyd edək ki, "IDEF-2014" sərgisi bu il ölkəmizdə keçiriləcək. Artıq Azərbaycan hərbi məhsulların idxalatçısından ixracatçısına çevrilir. Artıq 2014-cü ildən kiçik çaplı topların da istehsalına başlanılacaq.
Son aylarda Azərbaycanda hərbi sahədə ən mühüm qərarlardan biri də 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 dekabr 2013-cü il tarixində imzaladığı Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradıldı. Bu addım mərkəzlə birbaşa quru əlaqəsi olmayan Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin yaxşılaşdırılması istiqamətində mühüm islahatdır. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması buradakı hərbi birləşmələrin daha çevik olmasına, döyüş qabiliyyətinin artırılmasına səbəb olacaq. Muxtar Respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edən bu dəyişiklik Silahlı Qüvvələrin vahid mərkəzdən idarə olunmasını da asanlaşdıracaq.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun yaradılması prosesində bir sıra kadr islahatları da həyata keçirilib. Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsi 5-ci Ordu Korpusunun komandiri general-leytenant Kərəm Mustafayevə tapşırılıb və yeni müavinlər təyin olunub. Blokada şəraitində olan Muxtar Respublikada sərhədlərin etibarlı qorunmasını təmin etmək məqsədilə yaradılmış Əlahiddə Ümumqoşun Ordusu müharibə şəraitində çevik hərəkət etmə qabiliyyəti ilə müdafiəni təmin etməlidir. Ümumilikdə Əlahiddə Qoşun növünün yaradılması həmçinin ordunun idarəetməsinin müasirləşdirilməsi kimi də qəbul olunmalıdır. Bu sistemdən NATO ölkələrində də istifadə olunur. Müasir hərbi sistemdə, xüsusilə də NATO ölkələrində çevik əməliyyat qüvvələrinin və mobil hərbi birləşmələrin formalaşdırılması əsas istiqamətlərdən biri hesab olunur.
Bu sahədə hər zaman olduğu kimi bu gün də cəmiyyətin, mətbuatın orduya münasibətdə həssas olması mühüm şərtlərdəndir. Ölkədə ordu quruculuğunu əks etdirən yazılarda şəxsi mövqedən çıxış etmək yolverilməzdir. Mətbuatda ordu haqqında yer alan xəbərlərə həssaslıqla yanaşılması hər bir jurnalistin vicdan borcudur. Çünki cəmiyyətlə ordu arasında münasibətlərin tənzimlənməsi, yeniyetmələrdə ordu haqqında hansı təsəvvürün yaranacağı birbaşa mətbuatdan asılıdır. Orduda baş verən dəyişiklikləri, qüsurları təqdim edərkək daha diqqətli olmaq lazımdır. Mətbuatı yalnız Azərbaycan vətəndaşlarının deyil, düşmənin, ölkəmizi istəməyən qüvvələrin də izlədiyini nəzərdən qaçırmaq olmaz.
Bu gün Azərbaycan Ordusu öz gücünü, hərbi kadrlarının peşəkarlığını artırır, qüdrətini yüksəldir. Məhz belə zamanda hər bir Azərbaycan vətəndaşı öz ordusu ilə fəxr etməli, onun gücünə inanmalıdır.
Emin HƏSƏNLİ
politoloq
525-ci qəzet.- 2014.- 29 yanvar.- S.2.