Azərbaycanda vətəndaş cəmiyyəti
təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və
fəaliyyəti (davamı)
GƏNCƏDƏ
XEYRİYYƏ
MAARİFÇİLİK
CƏMİYYƏTİ
Xeyriyyə maarifçilik cəmiyyətləri yalnız
Bakıda deyil, həm də başqa şəhərlərdə
yaranırdı. Belə cəmiyyətlərdən biri 1880-ci ildə məktəblilər
tərəfindən Gəncə kişi
gimnaziyasının əsasında yaradılmışdı. Cəmiyyətin əsas məqsədi şagirdləri
dərsliklə təchiz etmək və maddi kömək
göstərmək idi. Orada yazılırdı:
1.
Baxılan nizamnaməni dəyişikliksiz qeydiyyat icazəsi ilə
təsdiq etmək. Nizamnaməyə əsasən
Yelizavetpol müsəlman xeyriyyə cəmiyyətini yaratmaq.
2. Bu qanun qüvvəyə mindikdən sonra,
yəni elan edildiyi gündən
iki həftə müddətində cəmiyyət reyestrə
daxil edilir.
Cəmiyyət üzvləri arasında daimi üzvlər
- Hüseynov Hacı Əli, Rəfiyev Hacı Məmməd
Hüseyn; fəxri üzvlər - Məşədi Əli və
Şanxorlu İsfəndiyar bəy Abbassalamov idilər. Gəncə maarifçilik cəmiyyəti ehtiyacı olan şagirdlərə
yardım göstərirdi.
Cəmiyyət mövcudluğu dövründə
şübhəsiz ki, Gəncə sakinlərinin maariflənmə
işində əhəmiyyətli rol oynadı, onun maddi
yardımları sayəsində yüzlərlə uşaq təhsil
aldı, müəllimlərin ixtisaslaşdırılması
yüksəldi.
Yuxarıda
qeyd olunan cəmiyyət 10 may 1915-ci ildə "Nəşri-Maarif" maarifçilik
cəmiyyətinin Gəncə bölməsinin idarəsinə
80 rubl köçürdü. Və həmin
ilin noyabrında "Nəşri-Maarif"in bölməsi əsasında
"Yelizavetpol quberniyasının müsəlmanları
arasında savadın yayılmasının Yelizavetpol cəmiyyəti"
yaradıldı. Təsis edənlərin arasında: Rəfibəyli,
Rəfiyev, Məlikov və Vəkilov var idi. Müsəlmanlar
arasında savadın və ibtidai təhsilin yayılmasına
kömək etmək, yeni məktəblərin
açılışına imkan yaratmaq, təhsili qaydaya
salmaq, tatar dilinə ibtidai təlimi daxil etməyə dəstək
göstərmək əsas hədəf idi. Bu cəmiyyətin vəsaitləri məhdudlaşmışdı
və onun tədbirləri geniş miqyasına görə
müsəlman xeyriyyə cəmiyyətindən geri
qalırdı. Amma o, Gəncənin tarixində
iz qoydu.
Ümumiyyətlə,
1908-ci ildə Gəncədə 5 maarifləndirici cəmiyyət
mövcud idi: üç müsəlman, bir erməni və bir
rus.
YELİZAVETPOL
MÜSƏLMAN
XEYRİYYƏ
CƏMİYYƏTİ
Nizamnaməyə əsasən cəmiyyətin hədəfi
ən kasıb müsəlmanların himayə edilməsi idi. Bu məqsədlə
klinikalar və başqa xeyriyyə müəssisələrində
çalışan, həmçinin Rusiya imperiyasının
orta və ali təhsil müəssisələrində
təhsil alanlara kömək edirdi. Bütün
fəaliyyəti boyunca cəmiyyətə
aşağıdakı ictimai xadimlər
başçılıq edirdi: Xəlil bəy Xasməmmədov
(1906-1914); Ələkbər bəy Rəfibəyov 1915-ci ildən
etibarən). Cəmiyyətin üzvləri: Əsgər
bəy Adıgözəlov, Ələsgər Xasməmmədov,
Xanlar xan Ziyadxanov, Musa bəy Rəfiyev və b.
Onlar cəmiyyətin
gücləndirilməsi üçün tamaşalar
da hazırlayırdılar.Büdcənin doldurulmasının əsas
mənbələrində biri şəhərin imkanlı
şəxslərinin ianələri idi.
Cəmiyyətin
fəaliyyət növlərindən biri də kasıb
şagirdlərə maddi yardımların verilməsi idi ki,
bunun üçün cəmiyyətin büdcəsindən hər
il müəyyən məbləğ
ayrılırdı. 1916-cı il ərzində
cəmiyyət altı nəfərin təhsilinə kömək
göstərmişdi. Tbilisi Orta Texniki məktəb: A.
Abdullayevin, B. Həsənbəyovun, A. Qasımovun; Tbilisi
Müəllim İnstitutunda oxuyan Q. Verdiyevanın; Kiyev
quberniyasının Orta Uman kənd təsərrüfatı məktəbində
A. Əsgərovanın; Bakıda M. Zamanovun.
Ehtiyac içində əhaliyə dəstəyin,
kasıblara maddi köməyin göstərilməsi cəmiyyətin
fəaliyyətinin başqa tərəfi idi. Bu, xüsusi
ilə Birinci Dünya müharibəsi illərində şəhərin
əhalisinin çox hissəsinin yaşayış səviyyəsi
kəskin aşağı düşəndə hiss olundu.
Yaranmış vəziyyətlə əlaqədar
kasıb əhalinin yaşadığı küçələrin
və evlərin siyahısı tutulmuşdu. Hər sahə üçün Yelizavetpol Müsəlman
Xeyriyyə cəmiyyətinin üzvləri məsuliyyətli təyin
olunur, maddi yardımların bölgüsünün
düzgünlüyünü müşahidə edirdilər.
Şəhərdə
ərzaq böhranının vəziyyətinin
normallaşması üçün xeyriyyə cəmiyyəti
ümumi yığıncaqda 22 və 29 fevral 1916-cı ildə
şəhərin kasıb sakinləri üçün ərzaq
anbarını açmağa qərar vermişdi. Cəmiyyətə şəhərin tutarlı şəxslərindən
bu qərarın reallaşması üçün altı ay
müddətində faizsiz istifadəyə 16 min rubl
ayrılmış, anbara nəzarət isə cəmiyyətin
Ərzaq bölməsinə
tapşırılmışdı.
Həmçinin
təşkilatçılıq və qaçqınlar
üçün sığınacağın saxlanmasına
görə Yelizavetpol Xeyriyyə Cəmiyyətinin fəaliyyətini
qeyd etmək lazımdır. Yalnız 1916-cı ildə
fevraldan iyula qədər himayə altına
alınanlara H. Z. Tağıyevin verdiyi hesablamaya əsasən
təxminən 105 min rubl sərf edilmişdi. Sığınacaq
vaxtı xəstənin yanında nəzarət
üçün tibbi heyət olurdu. Belə
bir faktı qeyd etmək lazımdır ki, Yelizavetpol stansiyasında təcrid edilmiş
məntəqədə vəfat etmiş türk hərbi əsirlərinin
müsəlman adətləri ilə dəfn edilməsi icazəsi
də var idi.
"GƏNCƏ
MÜSƏLMAN DRAM
CƏMİYYƏTİ"
Bakıda olduğu kimi, Gəncədə də
teatrın formalaşmasında mühüm rol oynamış
xeyriyyə cəmiyyətləri mövcud idi. 1906-cı ildən
"Gəncə Müsəlman Dram Cəmiyyəti" fəaliyyətə
başladı. 38 üzvü birləşdirmiş
bu cəmiyyət öz sədri olaraq Ələsgər bəy
Xasməmmədzadəni seçdi. Truppa bir neçə
vodevil səhnələşdirdi, 1908-ci ildə isə Nəriman
Nərimanovun rusca "Nadir şah", Namiq Kamalın "Vətən",
Rəşid bəy Əfəndiyevin "Qanlı mərkəz",
Soltan Məcid Qənizadənin "Dursunəli və
Ballıbadı" vodevilini
oynadı.
GƏNCƏ
"AKTYORLAR
CƏMİYYƏTİ"
Gəncədə həmçinin "Aktyorlar cəmiyyəti"
mövcud idi. Cəmiyyəti təsis edənlərdən
biri Xudadat bəy Rəfibəyov idi. Cəmiyyət
tamaşaların quruluşuna kömək edir, teatr
truppalarının təşkilatlarına, aktyorlara maddi
kömək göstərirdi. Burada daha bir
"Projektor" adlı teatr binası da mövcud idi. Onu Qaragözov tikdirmişdi. Burada
Azərbaycan dilində tamaşalar qoyulurdu. Beləliklə,
1915-ci ilin 14
iyununda Nəcəf bəy Vəzirovun iki pyesi - "Ev tərbiyəsi"
və Sidqi Ruhullanın iştirakı ilə "Pulsuzluq"
səhnələşdirildi. Həmçinin
teatr haqqında Azərbaycan dilində ilk kitab da Gəncədə
nəşr edildi. "Teatr nədir" əsərinin müəllifi Gəncə
real məktəbinin türk dili müəllimi olan Mirzə Məhəmməd
Axundzadə idi. Kitab Gəncə Müsəlman
Dram Cəmiyyətinin vəsaitləri hesabına 1901-ci ildə
işıq üzü gördü. Gəncədə
həmçinin 1915-ci ildə Pospelovun vəsaitləri sayəsində
tikilmiş sirk də mövcud idi.
GƏNCƏ
MÜSƏLMAN
MİLLİ
KOMİTƏSİ
Fevral
inqilabından (1917-ci il) sonra Azərbaycanın
Bakı və digər şəhərləri ilə
yanaşı Gəncədə də Müsəlman Milli Komitəsi
yaradılmışdı. Ölkədə
hakimiyyətsizlik və anarxiyanın hökm sürdüyü
1917-1918-ci illərdə (Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti Gəncəyə köçənə qədər)
başqa yerlərdə olduğu kimi, Gəncədə də
Azərbaycan türklərinin vəziyyəti və onların
müdafiəsi ilə əlaqədar bütün məsələlər
bilavasitə bu komitə tərəfindən həll edilirdi.
Gəncə Müsəlman Milli Komitəsinə
"Difai" partiyasının fəal üzvü Nəsib bəy
Yusifbəyli başçılıq edirdi. Difaiçilərdən
Ələkbər bəy Rəfibəyli, Xəlil bəy və
Ələkbər bəy Xasməmmədovlar, Hacı Əli
Hüseynzadə, Həsən bəy Ağayev, Aslan bəy Səfikürdski,
Məmmədbağır Şeyxzamanlı, Məhəmməd
ağa Pişnamazzadə, (Komitənin dini məsələlər
üzrə müavini), Əhməd Cavad və başqaları
Milli Komitənin üzvləri idi. Komitənin Gənclər
Təşkilatının sədri Nağı bəy
Şeyxzamanlı, müavini isə Əliqara bəy Məhəmmədov
idi. Komitənin silahlı mühafizə dəstələri
də yaradılmışdı. Qaçaq Qəmbər,
Sarı Ələkbər kimi nüfuzlu qaçaqlar Komitəni
mühafizə edirdilər. 1918-ci ilin birinci
yarısında erməni-daşnakların xalqımıza
qarşı soyqırımlarının
qarşısını almaq üçün Gəncədəki
Müsəlman Milli Komitəsi xüsusi fəallıq göstərmişdi.
Məhz Gəncə Müsəlman Milli Komitəsinin
səyləri nəticəsində şəhərdə və
qəzada ermənilərin törətdikləri
qırğınların qarşısı
alınmışdı. Onlar hətta
Şamaxı əhalisinin də köməyinə getmişdilər.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
1918-ci ilin iyun ayının 16-da Gəncəyə
köçdükdən sonra, iyunun 27-də Gəncə
Müsəlman Milli Komitəsinin sərəncamındakı
bütün ərzaq ehtiyatının Ərzaq nazirliyinə təhvil
verilməsi barədə qərar qəbul etdi. Hökumətin
1918-ci il 7 iyul tarixli digər qərarı ilə Daxili
İşlər, Maliyyə və Ərzaq nazirliklərinə
Gəncə Müsəlman Milli Komitəsini ləğv etmək,
onun əmlakını aşkarlamaq və qəbul etmək
üçün xüsusi ləğvetmə komissiyası
yaratmaq tapşırıldı. Hökumətin
həmin gün qəbul etdiyi digər qərarında isə
Daxili İşlər Nazirliyinə
tapşırılırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti
ərazisində dövlət hakimiyyət orqanları
yaradıldıqca, həmin ərazilərdəki Milli Komitələri
ləğv etsin.
NAXÇIVANDA
XEYRİYYƏ
CƏMİYYƏTLƏRİ
XIX əsrin 80-ci illərinin əvvəllərində
Naxçıvan şəhərində teatr dərnəyi
yaradılır, burada M. F. Axundovun əsərlərini səhnələşdirməyə
çalışırlar. 1883-cü ildə yaradılan "Müsəlman
İncəsənət və Dram Cəmiyyəti" bu şəhərdə
mədəni həyatın böyük canlanmasına xidmət
etdi. Bu cəmiyyət Şuşada olduğu
kimi, həm də başqa şəhərlərdə
ziyalı nümayəndələrini birləşdirir və
onların təsiri altında Avropa mədəniyyətini
yaymağa başlamışdı. Buraya Sultanov, Qurbanəli
Şərifov, Məmməd Tağı Səfərov, Mirzə
Əli, Məmməd Xəlilov, Paşa ağa Sultanov, Mirzə
Ələkbər Sultanov daxil oldular. Məhz
onlar 11 mart 1883-cü ildə Naxçıvanda ilk teatr təşkil
etdilər. Bu, M. F. Axundovun "Müsye
Jordan və dərviş Məstəli şah" pyesi idi.
Birinci tamaşalar deputat Hacı Nəcəf
Zeynalovun zalında keçirilirdi. Onun
zalı Naxçıvan şəhərinin mərkəzində
- bağçada yerləşirdi.Uzun müddət
Naxçıvan teatrı Hacı Nəcəf Zeynalovun himayəsi
altında olmuşdu. 25 sentyabr 1888-ci ildə
Hacı Zeynalovun evində, Eynəli Sultanovun təşəbbüsü
ilə "Molla İbrahim Xəlil kimyagər"
tamaşası oynanmışdı. Tamaşa
xeyriyyə məqsədi ilə keçirildi. 1890-cı ildə teatrın işləri pisləşməyə
başladı.
ŞUŞADA
CƏMİYYƏTLƏR
XIX əsrin 90-cı illərində Şuşada Xeyriyyə
Cəmiyyəti yaradılmışdı. O, ehtiyacı olan şagirdlərə
yardım göstərirdi. Bu cəmiyyətin fəaliyyəti
haqqında məlumat çox azdır. Yalnız o məlumdur
ki, 1895-ci ildə "Şuşa Xeyriyyə Cəmiyyəti" pul
çatışmazlığından Bakı sakinlərinə
müraciət etdi. Mesenatlar dərhal səs
verdilər və hər kəs bacardığı köməyi
etdi. H. Z. Tağıyev - 100 rubl, Bünyadov - 25 rubl, Bəylərov,
Mədətov 16 rubl. Cəmiyyət göstərilmiş
köməyə minnətdarlığını ifadə edirdi.
Şuşa Azərbaycanın musiqi mərkəzlərindən
biri idi. XIX əsrin 90-cı illərində musiqişünas
Xarrat Qulu tərəfindən musiqi məktəbi
açılmışdı və buraya gənc müğənnilər
cəlb edilmişdi. Şuşada şəhərin
musiqi həyatının formalaşmasında böyük rol
oynamış "Musiqişünas Cəmiyyəti" və
"Müğənnilər Cəmiyyəti" mövcud idi.
ŞƏKİDƏ
CƏMİYYƏTLƏR
1904-cü ildə Şəkidə "Nuxa Şəhər
Müsəlmanları Arasında Təhsilin Yayılması
Üzrə Cəmiyyət" yaradılmışdı. Cəmiyyət
rus və Azərbaycan dillərində təhsili yaymağı
qarşısına məqsəd qoymuşdu. Cəmiyyət
fəallara kömək etmək, öz hesabına yeni məktəblər,
kitabxanalar açmaq, mühazirələr təşkil etmək,
ədəbi axşamlar keçirmək, kasıbların
uşaqlarını məktəblərə qəbul etmək
və təhsildə onlara kömək etmək, dərslikləri
nəşr etmək və şagirdlərə pulsuz paylamaq, əlaçılar
arasından müəllimlər hazırlamaq və s. işləri
öz öhdəsinə götürürdü. 1914-cü ildə Şəkidə dörd xeyriyyə
cəmiyyəti var idi. 1916-cı ildə
şəhər sakinlərinin xahişi ilə "Müqəddəs
Nina" cəmiyyəti yanında azərbaycanlı qızlar
üçün də məktəb açdılar.
(Ardı var)
Nəsiman Yaqublu
tarix elmləri namizədi
525-ci qəzet.- 2014.- 30 yanvar.- S.6.