M.Ə.Rəsulzadə Qubada
(Xüsusi müxbirimizdən)
Bu barədə ilk dəfə-
M.Ə.Rəsulzadə-130
M.Ə.Rəsulzadənin Quba, Qusar, Xaçmaz görüşləri
1918-ci ilin noyabrında
Osmanlı-Türk hərbi
hissələri, 1919-cu ilin
avqustunda isə müttəfiq-ingilis qoşunları
Azərbaycan torpaqlarını
tərk etdilər. Beləliklə, Azərbaycan hökuməti
ölkənin əsl sahibi kimi müdaxiləsiz
fəaliyyətə başladı
və ölkədə
yeni abuhava, yeni şərait yarandı. Təkcə Bakıda deyil,
əyalətlərdə də
bu vəziyyəti öyrənmək, nəzərdən
keçirmək vacib idi. M.Ə.Rəsulzadə ilk belə səfərini
Şimal rayonlarında
həyata keçirməyə
başladı. O, 1919-cu il sentyabrın
II yarısında Xaçmaz,
Quba, Qusar zonasından Azərbaycan Parlamentinə seçilmiş
Mürtəza Axundov və Əbülqasım Rüstəmzadə ilə
birlikdə bu rayonlara yollandı. M.Ə.Rəsulzadə hər üç
rayonda camaatla görüşüb onlara
görülmüş və
görüləcək işlər
barədə ətraflı
məlumat verir, onların rəylərini öyrənir, ehtiyaclarını
dinləyirdi. Rəsulzadə ilə bərabər əməkdaşı olduğu
"Azərbaycan" qəzetinin
xüsusi müxbiri də onları müşayiət edirdi.
Bu görüşlər barədə
"Azərbaycan" qəzetinin
22 və 23 sentyabr tarixli 279 və 280-ci nömrələrində xüsusi
müxbirin hesabat səciyyəli geniş yazısı dərc olunmuşdur. Həmin yazını "525-ci qəzet"in oxucularına
təqdim edirəm.
Quba müsavatçıları
ilə bərabər firqəsiz olan əhali dəxi çoxdan bəri Azərbaycan məbuslarından
bulunan möhtərəm
Rəsulzadə Məhəmməd
Əmin bəyin şəhərimizə vürudini
bəkliyorlardı. Son dəfə olaraq sabiq Şurayi-Milli rəisi, möhtərəm
Azərbaycan xadimi,
"Müsavat" firqəsinin
rəisi cənablarının
Qubaya gəlmək xəbəri avqustun axırında yayıldı.
Sentyabrın ikisi Quba üçün bir bayram olmuşdu.
Qızılburun istasyonu xalılarla təzyin olunub cəmaət vaqona müntəzir idi. Rəsulzadə cənabları yoldaşları
məbuslardan möhtərəm
Abbasqulu Kazımzadə,
Quba məbusu Mürtəza Axundov və Quba "Müsavat" mürəxxəsi-məsuli
Əbülqasım Rüstəmzadə
ilə birlikdə kəndilərini istiqbal edən xəlqin hüzuruna çıxdılar.
Kəndisinə qarşı söylənən
təbrik nitqinə müxtəsər, fəqət
mənidar bir nitqilə müqabilə etdilər.
Bədə xəlqin "Yaşasın
Azərbaycan!" sədası
arasında vaqon hərəkət elədi. Dəvəçi mövqifi kəza bəzənmiş, müsafiri
bəkliyordu. Burada da
toplanmış xəlq
naminə təbrik sözü söylənib,
Məhəmməd Əmin
əfəndi tərəfindən
cavab söyləndi.
Burada məhəllə mollası,
Müsavat şöbələrinin
nümayəndələri, mahalın ağsaqqalları
toplanmış idi.
Oradan vaqon "Yaşasın!"
sədaları içində
ayrılıb Xaçmaz
istasyonuna çatdıqda
milli zurna sədası qonaqları qarşıladı. Xalılarla və
yaşıllarla bəzənmiş
mövqif əhali ilə dopdolu idi. Rustov mahalının nümayəndələri,
köy şöbələrinin
mürəxxəsləri və
yerli xəlq tərəfindən böyük
bir izdiham toplanmış idi. Rəsulzadə cənabları burada
yalnız bir firqə rəisi və məbus sifətilə degil, Azərbaycan fikrinin həqiqi xadimi, Cümhuriyyətin müəssislərindən
olması və dəgərli bir cəmaət xadimi, mümtaz mühərrir və guzidə bir natiq olmaq
üzrə alqışlandı.
Cəmaət nümayəndəsindən sonra "Müsavat"ın
Quba mürəxxəsi
möhtərəm qonaqlara
"Xoş gəldin"
söylədi. Bədə
Məhəmməd Əmin
əfəndi Cümhuriyyətin
surəti-təşkili, türklərin
unudulmaz xidməti, parlamanın güşadı,
fəaliyyəti, ingilislərin
gəlişi, gedişi,
hökumətimizin vəziyyəti-hazirəsi,
əskəri təşkilatımızın
əhəmiyyəti, Şimaldan
təhlükənin vücudi,
Denikin təhlükəsi
və siyasəti-xariciyyəmizə
aid saət yarım qədər uzun bir nitq söylədikdən
sonra "Müsavat"
üçün bu bəsdir ki, əvvəlcə yalnız
onun fikri olan Azərbaycan şüarı bu gün millətin müqəddəs amalı
hökmünə girmişdir,
dedi. Natiq dəfələrlə alqışlanaraq
sevincli "Yaşasın!"
sədası arasında
xəlqlə vidalaşaraq
istirahətlərinə təxsis
olunan dairəyə çəkildilər: ətraf
kəndlərdən gələn
köy nümayəndələri
ilə şöbə
mürəxxəsləri xüsusi
surətdə məbuslarla
oturub gecə keçənə qədər
müsahibə ediyorlardı.
Müsahibə məmləkətin əhvali-siyasiyyəsinə,
siyasi proqramlara və ətraf kəndlərin ehtiyacatına
aid idi.
Müsahibə nəticəsində köylülər idarənin mətanətindən məmnun olduqlarını söylədilər. Dedilər ki, heç Nikolay zamanında böylə əmniyyət yox idi, çünki nə adam öldürülür, nə oğurluq olur, nə də qız qaçırılır. İstədikləri mətləb bundan ibarət.
Burası əskəri bir qərargah olduğundan əskər ləvazimindən ötrü istənilən təhmilatın əksəri ətraf köylərə təhmil olunuyor. Halbuki bu təhmilatə bütün Azərbaycanın iştirak eləməsi müqtəzi. Bura həvalisi anarşi zamanından dəxi çox təərrüzlərə məruz qaldığından bir çox evlər yanmış, yaxılmış, bu yanan evlərin təkrar tikilməsi üçün hökumət yardım etməli, meşədən evləri yananlara müftə olaraq ağac buraxmalı, sonra bu həvali qızdırmalı bir yer olduğundan xəlq həkimsizlik və dərmansızlıq üzündən çox xəsarət görmədədir. Buraya məxsus bir tibb nöqtəsi və bir qədər dəva-dərman və bir həkim göndərilsə. Əskəri xidmətə alınan bəzi əmələnin bəzən pulu verilmiyor.
Bu xüsusda tədabiri-lazimə görülsə qədim zamanda buralardan əhali-islamiyyə yerlərindən, yurdlarından götürülüb başqa yanlara köçürülmüş, onların yerlərinə rus köçbələri oturdulmuş idi.
Anarxiya zamanında onlar getmiş, cəbr olunan müsəlmanlar təkrar öz yurdlarını gəlib tutmuşlardır. Uruslar təkrar dönüb gəliyorlar. Hökumətin siyasətinə zərər verməzsə onların bir daha buralara buraxılmaması üçün bir tədbir görülsə, bu tərəflərin məktəb və məarif cəhətincə dəxi çox əgri vardır. Bu xüsusda ayrıca diqqət verilsə, köylülərin təqaza elədikləri həp bu kibi əsaslı və dövlət nöqteyi-nəzərindən görülməsi zəruri mətləblərdir. Məbuslar bittəbii köylülərin işbu istədiklərinin yerinə yetirilməsi və hüsuli üçün səy edəcəkləri həqqində vəd etdilər.
lll
Səhər saət 8-də bir dəstə könüllü xəlq silahdarlarının müşayətilə rast gələn xəlqin səlamları arasında məbuslar Xaçmazı tərk edib Qubaya tərəf azim oldular.
Saət 10 radələrində Qubaya yaxınlaşdıqda başda Quba "Müsavat" komitəsinin heyəti-idarəsi olmaq üzrə şəhərdən istiqbalə gələn atlılar qonaqları qarşıladılar. Şəhərin kənarında yapılmış alaqapı yanında xəlq toplanmış idi. Axund həzrətləri ilə Əfəndi həzrətləri, bələdiyyə rəisinin müavini, qlasnılar, yəhudi cəmaətinin nümayəndələri və sair əhali burada cəm idi. Faytonlar burada durdu. Bələdiyyə rəisi müavini möhtərəm Azərbaycan xadimini təbrik elədi. Yəhudi nümayəndəsi dəxi xoş gəldin dedi. Rəsulzadə cənabları hər ikisinə də cavab verdi. Burada Rəsulzadə cənablarına böyük bir gül dəstəsi təqdim edildi. Qonaqlar Axund və Əfəndi ilə müsafihə etdikdən sonra faytonlarına səvar olub bayraqlarla və xalçalarla bəzədilmiş küçələrdən gül və çiçək sabaşları altında Quba nümayəndəsi Mürtəza Axundov cənablarının evinə getdilər.
Burada evin yaxınında küçəyə toplanan xəlqə qarşı Rəsulzadə əfəndi saət yarım davam edən nitqində Xaçmazda söylədigi nitqini daha ziyadə təfsil ilə təkrar edərək nəhayət qubalıların həmiyyət və vətənpərvərligini təqdir etdi: "Sizi böylə fədakar gördükdən sonra hüdudumuzu keçmək istəyən düşmən meyitlərimiz üzərindən keçər deyən Nəsib bəyin həqli olduğunu təsdiq edirəm!" - deyə dəfələrlə alqışlanaraq fəth olunan nitqini gurultulu "Yaşasın"larla bitirdi.
Burada nahar etdikdən sonra qonaqlar yol üstündə qəza qaiməqamlıq idarəsi ilə xüsusi bəzədilmiş olan Müsavat idarəsini ziyarət edərək Qusara ezam oldular. Yol yəhudi məhəlləsindən keçiyor. Yəhudi cəmaəti başda Ravin İshaq olaraq məbusları istiqbal etdilər. Ravin Tövratdan bir dua oxuyaraq qonaqların qədəmini təbrik elədi. Buna qarşı Rəsulzadə cənabları dedilər ki: oxuduğunuz Tövrat bizcə Kitabi-İlahidir. İnandığımız Quran kibi asimanidir.
Quran bizə başqa dinlərə ehtiramı əmr edər. Cinsimiz türkdür. Türk dövlətlərində yəhudi zidligi görülməmişdir. Türkiyə yeganə dövlətdir ki, orası yəhudi qırğını görməmişdir. Yəhudiləri himayə edən dövlət Türkiyədir.
Müsəlman və Türk Cümhuriyyəti olan dövlətimizdə bütün millətlərlə bərabər siz yəhudilər də gərək şəxs və gərək millət etibarilə əmin və amanda olub, rahət yaşayacağınızdan əmin ola bilərsiniz!
Ravin təkrar təşəkkür edərək bu sözlərin zatən həqlərində icra olunduğunu və hökuməti-məhəlliyədən razı olduqlarını söylədilər və "Yaşasın Müsavat, Yaşasın Azərbaycan" nidaları içində qonaqlar yollarına azim oldular. Yəhudi məhləsində qonaqların keçdigi küçələrdə qaravul olaraq yəhudi milisləri görülməkdə idi.
Axşam saət 5 radələrində qonaqlar Qusara yetişirlər. Qusar dəsəbəsi ilə ətrafından gəlmə xəlq Azərbaycanın fəsih natiqini dinləmək üzrə toplaşmışlardı.
Məhəllə Mollası xüsusi bir ehtiram olmaq üzrə məbuslara duz-çörək təqdim elədi. Ovzayi-hazirəyə aid müfəssəl nitqini burada da təkrar elədi. Xəlq ittihad, ittifaq və qardaşlığa istiqbal bayrağını ucaltmaya dəvət olundu.
Buradan sonra bir az istirahət edərək məbuslar məhəlli alay komandanlığını ziyarət etdilər. Bədə qərargaha getdilər. Əskərlər tərəfindən salamlandılar. O gecəyi Qusarda qalıb sabahı müəllimlər kursunu ziyarət etdilər. Saət 9-da kursdan çıxıb geri Qubaya gəldilər.
Qubada Mürsəl bəygildə şərəflərinə verilən ziyafətdə nahar etdilər. Nahardan sonra Axund ilə Əfəndi həzrətlərinin bazdidinə getdilər. Və bədə müsavat idarəsində firqə əzası ilə xüsusi bir müsahibə məclisi qurdular. Müsahibə əsnasında Rəsulzadə cənabları "Firqənin təşəkkülü məmləkətə xidmətdir, firqə əzaları, firqə hökumət üçündür, hökumət firqə üçün degildir" - nəzəriyyəsinə tabe olmaları həqqində müfəssəl məlumat verdi və tövsiyələrdə bulundu.
Bir takım təşkilati-məsai həqqində qərar verildikdən sonra qonaqlar axşama doğru Xaçmaza ezam olub oradan Bakıya rəvan oldular.
Əsnayi-səyahətlərində yol uzunu məbuslar əhali tərəfindən salamlanıyor və köylülərin nümayəndələri ilə xüsusi olaraq müsahibədə bulunuyorlardı.
Ə.B.
"Azərbaycan", 22, 23 eylül
(sentyabr) 1919, №279, 280
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-
2014.- 30 yanvar.- S.4.