Ölüm kiçilsin

 

Vaqif Səmədoğlu üçün

 

Ölümün xəbəri var mən doğulmuşam,

Bəlkə ölümü aldadım belə...

Deyim ki, ay, Ölüm, bu mən deyiləm,

Deyim ki, burax gedim, ölən deyiləm.

Ölüm çaş-baş qalıb, dursun qarşımda

Bəlkə ölümü öldürüm belə.

Öldürüm insanlar daha ölməsin,

Ölüm kiçilsin, heç böyüməsin.

 

Ah bu ürəyim

 

Ah bu musiqilər,

Hər biri qılınc kimi.

Kəsir... kəsir səni.

Ah bu gözlərim...

Qaçhaqaçdadı

Gəzir... gəzir səni.

Ah bu canım...

çırpır özünü daşa, divara

Əzir... əzir səni.

Ah bu ürəyim...

döyünür hələ

Sevir... sevir səni

 

Ağrılarım var

 

Yenə gecədi, yenə ağrılarım var...

ağrıya hamiləyəm mən.

Səninlə ayrıldıq, yaxşı oldu,

Məni bu halda görməyini istəmirəm.

Hər an ağrıdan ağrı doğuram,

Sevgiyə ağrılarımla yoğruluram.

Gecə saat ikidi...

iki "aksenfort", iki "dikonim" içmişəm,

Deyəsən keyimişəm,

Daha məni sevməyini istəmirəm.

Günorta sümüklərim yamanca ağrıdı...

həkimə getdim.

Qan analizinə yolladı məni,

Amma analizə getmədim.

Qorxuram səni...

qanımda taparlar səni.

Yaxşısı budu, dözüm ağrılara,

Yaxşısı budu, mən köçüm varaqlara

Cır at məni, uçum dağlara.

Hər gün ağrıdan ağrı doğunca,

Yoğrulunca beləcə sevgimə,

Sən qanımla köç iliyimə.

 

Səni sevən Gülmüşəm

 

Damlalardan yarandın,

Damlalara dönərsən,

Həyatımın mənası, Sən...

mənsiz necə ölərsən?

Damla, damla köçən sən,

Bir mənəm torpaqda,

Bulud olub yağan sən,

Qarşıladım torpaqda.

Ölmüşəm mən, Ölmüşəm,

Başına bəla çönmüşəm.

Səni sevən Gülmüşəm,

Gömülmüşəm torpağa.

 

F 3

 

Özümü itirmişəm, itirmişəm səninlə birgə,

Axtarışa ver məni konpüterində "F 3"lə.

Ya da ki, "Vızıv" at əlimə...

əllərim qovuşsun əllərinə.

Gəl tap məni təcili yardım gəlincə,

Dur gəl elə bu gecə, elə indicə.

Bir sabah olsun,

Gün zülmətdən yorulsun.

Anam nəzir paylasın sənin gəlişinə...

zamanın bu işinə, gərdişinə.

Sağlıqlar deyilsin "Facebook"a, "Twitter"ə,

Bəyənilsin səhifələrim,

qovuşsun əlinə əllərim.

Əl-ələ verib təbliğ edək məni,

Sənə yazdığım sevgi şeirlərini.

 

Ayaq ağacı

 

Ayaq ağacı üstə dayanan, Oğul,

Ayağın hardadı, gordamı, Oğul?

Özün hardasan, torpağın harda?...

Ay, Oğul, Oğul, ayağın torpaqda...

tapdanır, Oğul.

Sənin dizin yox ki, sınayım səni,

Çörəyin əlində görmüşəm səni.

Ay Oğul, Oğul, düşmən çəpəri

Əymə ha qırılmış o belini.

İndi döyüşə atılsan döyülərsən,

Eşitməsən "Karşoğərib" deyə söyülərsən...

əlindəki çomağınla öyünərsən.

Qulağına gələr mərmi səsləri,

Qonşu uşaqları part-part partladar,

Evinizin yanından keçər bir qatar

Başlanar...

tutar səni tutmalar.

Səslər:

"Ay Oğul, gəl məni apar",

İnildər analar, inildər bacılar.

Gecə saat on iki barlar,

İnildər analar, inildər bacılar...

ölüm qırmızı qan, canını allar.

Düşmən gülləsindən ölməyən, Oğul,

Anan ağlar, bacın ağlar...

 

Günay Novruz

 525-ci qəzet.- 2014.- 31 yanvar.- S.7.