Ayşe Atay: "Rəsul Rzanın və Anarın timsalında Azərbaycan ədəbiyyatını çox sevdim"

 

 

Bugünlərdə Türkiyədən ölkəmizə səfərə gəlmiş gənc alim şairə Ayşə Atay redaksiyamızın qonağı olub. Ayşə Atay 1979-ci ildə İzmirdə dünyaya gəlib. Ege Universitetini bitirərək həmin ali təhsil ocağının Türk Dünyası Araşdırmalar Mərkəzində elmi işini Azərbaycan ədəbiyyatı üzrə yazıb. Hazırda isə Azərbaycan ədəbiyyatından doktorluq işi üzərində çalışır. Qonağımız bununla bağlı oxucularımızla düşüncələrini paylaşıb: "Elmi işimin mövzusu Azərbaycanın Xalq yazıçısı Anarın həyat yaradıcılığına həsr olunub. Hələ universitetdə ikinci kursda oxuyarkən müəllimim Əli Yavuz Akpınarın dərsində hamımız imtahana hazırlaşırdıq. Mən roman olaraq Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərini seçmişdim. Orada Zaur Təhminənin eşq hekayəsini teatral bir biçimdə hazırlamışdım. Təhminənin Zaurla vidalaşmasını Rəşid Behbudovun mahnıları,  xüsusilə "Küçələrə su səpmişəm" mahnısının fonunda təqdim eləmişdim. Həmin vaxtdan Anar yaradıcılığı mənim ürəyimdə özünə yer eləyib. Universiteti bitirdikdən sonra elmi işimi davam etdirməyə qərar verdikdə Anar yaradıcılığı yenidən ağlıma gəldi. Onun yaradıcılığına yenidən müraciət etdiyimdə bunun sadəcə Təhminə Zaurun eşq hekayəsindən ibarət olmadığını gördüm. Məsələn, onun "Dantenin yubileyi" əsəri məni çox tutdu. Anarın sadə bir insanın - Kəbirlinskinin daxili aləminin dərinliklərinə nüfuz etməyi bacaran bir yazıçı olduğuna bir daha şahid oldum. "Dantenin yubileyi"ndə bizə bəsit görünən insanların psixoloji baxımdan nələr yaşadığına şahid oluruq. Anar çoxşaxəli yaradıcılığında ilklərə imza atmış usta bir yazıçıdır. Onun yaradıcılığında tipdən xarakterə keçidi, yeni Azərbaycan qadınını, şəhərləşmə ilə bərabər tənhalaşan insanı görürük. Onun "Qırmızı limuzin" əsəri bu baxımdan çox gözəl bir nümunədir. Anarın üslubu deməkdənsə, üslubları desək, daha doğru olar. Onun güclü yumor hissi var bu, özünü əsərlərində aydınca büruzə verir. " qoç, qara qoç" əsərini isə Anarın ziyalı mövqeyinin ifadəsi kimi qiymətləndirirəm. Anar Sovetlər Birliyinin dağılmasından, dünyada dəngələrin dəyişməsindən sonra Azərbaycanın bu dəyişən dəngələr içərisində özünə necə bir yer tapması məsələsi üzərində baş sındıran bir ziyalıdır".

Gənc alim xalq yazıçısı ilə əyani tanışlığından da söz açıb: "Anarla ilk tanışlığımız təxminən 2006-cı ilə təsadüf edir. Onunla ilk dəfə Türkiyədə görüşmüşük. Çingiz Aytmatov, İsgəndər Pala başqa nüfuzlu yazıçıların iştirak etdiyi möhtəşəm bir simpoziumda tanış olduq. Sonra mən elmi işimi oxumaq üçün ona verdim. O iki gün qurultay boyunca otağından heç çıxmadan o araşdırmanı oxuyub dəyərləndirdi. Onu tanımaq mənim üçün bir şansdı. Sonralar Türkiyəyə gəldiyi zamanlarda da təkrar görüşüb söhbətləşmişik. İndiki gəlişimdə yenə xalq yazıçısı ilə görüşümdən çox şad oldum".

Ayşə Atay söhbət zamanı Rəsul Rza yaradıcılığının məziyyətlərindən danışıb: "Anarın yaradıcılığı məni Rəsul Rzanın yaradıcılığına apardı. 60-cılar nəslinin parlaq nümayəndələrindən olan Anarın yaradıcılığı ilə tanış olduqdan sonra bir qənaətə gəldim: Anarın nəsrdə etdiyini Rəsul Rza da poeziyada edib. İkisibu baxımdan başlanğıc nöqtədə durur. Tipdən xarakterə keçiddə Anar nələr edibsə, Rəsul Rza da poeziyada bunu həyata keçirib. Rəsul Rza Azərbaycan ədəbiyyatında sərbəst şeirin qurucusudur. Azərbaycan ədəbiyyatı üzrə araşdırma apararkən nəsr təmsilçisi olaraq Anarı, poeziya təmsilçisi olaraq da Rəsul Rzanı seçdim. Mənim fikrimcə, Rəsul Rza çox önəmli bir isimdir. Çünki onun həyatına panoramik olaraq baxa bilirik. Onun həyatı müəyyən bir zaman kəsiyinə aydınlıq gətirir. Rəsul Rzanın yaradıcılığı üzərində çalışarkən onun Anara böyük təsirini də hiss etdim".

Qonaq həmçinin Bakı haqqında təəssüratlarını da bölüşüb: "Bu mənim Bakıya ikinci gəlişimdi. İlk dəfə 2009-cu ildə gəlmişdim. Yazıçılar Birliyinin yaradılmasının 75-ci ildönümündə Türkiyədən gələn qrupun tərkibində idim. Bakı haqqında təəssüratlarım zəngindi. Hələ ilk gəlişimdə İçərişəhəri gəzmişdim. Qız Qalası və başqa tarixi abidələr məni çox təsirləndirmişdi. Sanki başqa zamana düşmüşdüm. Bakını çox bəyəndim. Hələ ikinci kursda oxuyarkən Anarın " liman" əsərindən Abşeronla qiyabi tanış idim. Bakıya budəfəki gəlişimdə Abşeronu ilk dəfə görmüş oldum. Buranın məndə oyandırdığı təəssüratı misralara köçürdüm:

 

Hazara salınmış yelkenini gördüm

Bakünün.

kıyıya hasretiyle şişmişti göğsü

ötelerden gördüm!

beyaz köpüktü geceye inat tuzu.

kıyıda bir kadın gördüm.

parmaklarından ağıtla talaşlanmış

kumu dökülüyordu ayaklarına

Abşeronun,

tel-tel çözüyordu saçlarını hazri.

kızıl bir şafakla dalgalanan geçmiş

ak limandan aralıyordu perçemini

davud? bir sesle yankılıyordu

muştu sabahlarını.

neden sonra bir muğamla yakamozlanacaktı

deniz taze.

 

Anarın gözəl bir sözü var: "Ölkələr arasındakı sərhədləri hökmdarlar qurar, şairlər yıxar". Bu mənada şeirin gücünə inanıram və mən də vaxtaşırı hisslərimi şeirə çevirirəm".

Ayşə Atay Rəsul Rzanın və Anarın timsalında Azərbaycan ədəbiyyatını çox sevdiyini, gələcəkdə Azərbaycanın gənc yazarlarının əsərləri ilə tanış olmaq, aşardırmalar aparmaq niyyətində olduğunu da vurğulayıb.

 

S.MÜRVƏTQIZI

 525-ci qəzet.- 2014.- 31 yanvar.- S.6.