"Ali məktəblərdə
ədəbiyyatın təbliği və müasir
ədəbi prosesdə gənclərin rolu"
müzakirə edilib
Yazıçılar Birliyində
(AYB) qurumun Gənclər
Şurasının sədri
Elşad Ərşadoğlunun
və sədr müavini, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın təşəbbüsü
ilə AYB Gənclər
Şurasının və
ali məktəblərin
Tələbə Gənclər
təşkilatlarının sədr və sədr müavinlərinin
iştirakı ilə
"Ali məktəblərdə ədəbiyyatın təbliği
və müasir ədəbi prosesdə gənclərin rolu" mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri açan Xəyal
Rza dəyirmi masanın keçirilməsinin
əsas məqsədini
açıqlayıb: "Tədbirin
keçirilməsində əsas
məqsəd Tələbə
Gənclər təşkilatlarının
vasitəsi ilə ali məktəblərdə,
gəncliyin əsas hərəkətverici qüvvəsi
olan tələbələr
arasında ədəbiyyatın
təbliğinin genişləndirilməsi
sahəsində fikir mübadiləsi aparmaq və bu istiqamətdə
yeni yollar axtarıb tapmaq, eyni zamanda ali
məktəblərdəki istedadlı
gənclərin müasir
ədəbi prosesdə
iştirakı və onların bu prosesə daha yaxından cəlb olunması məsələlərini
müzakirə etməkdən
ibarətdir".
Xəyal Rza çıxışında
həmçinin AYB-nin
saytı ilə gəncləri fəal əməkdaşlıq etməyə
çağırıb.
Elşad
Ərşadoğlu gəncləri
və tələbələri
salamlayaraq gənclərlə
daha sıx əməkdaşlıq etməyi
qarşısına məqsəd
qoyduğunu bildirib:
"Biz ali məktəblərdə təhsil
alan gənclərin tələbə gənclər
təşkilatları vasitəsilə
ədəbi prosesləri
yaxından izləməsini
istəyirik. Bu dəyirmi
masanın keçirilməsində
məqsəd ali məktəblərdə
ədəbiyyatımızın təbliği yollarını
birgə axtarıb tapmaq məqsədilə toplaşmışıq. Bizim
ali məktəblərimizdə
olduqca istedadlı yaradıcı gənclər
var. Amma təəssüflər
olsun ki, bəzən belə gənclər ədəbi
proseslərdən kənarda
qalırlar. Gənclər Şurası olaraq
bizim əsas vəzifələrimizdən biri
də həmin gəncləri üzə çıxarmaq, onları
ədəbi proseslərə
fəal cəlb etməkdir. Bu günkü
müzakirəmizdə də sizlərin
təklif və mülahizələri bizim
üçün çox
vacibdir".
Yazar və pedaqoq Pərvin Nurəliyeva məhz bu mövzu ilə əlaqədar dəyirmi masa keçirilməsinin sevindirici hal olduğunu vurğulayıb: "Pedaqoji Universitetdə dərs dediyim zaman ədəbiyyatın təbliği mənim hər dərsimin tərkib hissəsinə çevrilir. Gənclərin müasir ədəbi prosesə cəlb olunması olduqca vacib məsələdir. Auditoriyada gəncləri ədəbiyyat aurasına çəkdikdə onlarda marağın yarandığının şahidi oluram. Həqiqətən də istedadlı gənclərimiz çoxdur. Bəzən görürsən ki, ədəbiyyatın təbliğindən sonra gənclər yanaşıb yazdıqlarını təqdim edirlər. Gəncliklə ünsiyyətdə olmaq qarşılıqlı faydalıdır. Auditoriyaya girəndən sonra başa düşdüm ki, biz təkcə öyrətmirik, həm də onlardan öyrənirik. Bundan əvvəl biz Gənc Ədiblər Məktəbində olarkən görürdüm ki, hansısa yazıçı ilə görüş zamanı o yazıçının ovqatı bizə də keçir. İstedadlı tələbə gənclərlə dialoq yaratmaq olduqca vacibdir. Bu dəyirmi masa Yazıçılar Birliyi tərəfindən gənclərə doğru addımdır, uzadılan bir əldir. Amma burada gənclərin də üzərinə vəzifə düşür. Gənclər də təşəbbüskar olmalıdır. Bir balaca hərəkət eləsələr, Yazıçılar Birliyinin onların üzünə açılan qapılarını görəcəklər. AYB-nin indiki Gənclər Şurasının üzvləri də çox kreativ insanlardır. Onların hər biri insanlarla ünsiyyəti bacarır. İstedadlı tələbə gənclərlə də hər bir zaman əməkdaşlıq etməyə hazırdırlar".
Şairə Zərəngiz Dəmirçi Qayalı gənclərin mənəvi inkişafı üçün belə dəyirmi masaların bir şans olduğunu bildirib. Bu addımı AYB tərəfindən humanist addım kimi dəyərləndirib.
Gənclər Şurasının üzvü Ramil Əhməd də gənclərin ədəbi prosesdə iştirakının vacibliyindən söz açıb.
Çıxışlardan sonra Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Xəzər Universiteti və başqa ali məktəblərin tələbələrinin təklifləri dinlənilib, bu təkliflər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri və qarşıda duran vəzifələr müzakirə edilib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 31 yanvar.- S.7.