Azərbaycanda vətəndaş cəmiyyəti
təsisatlarının tarixi
İlk QHT-lərin
yaranması və fəaliyyəti (davamı)
SALYANDA
CƏMİYYƏT
Arxivdə "Salyan Maarifçilik
Cəmiyyəti"nin
mövcudluğu haqqında
məlumatlar var. Onun əsası 1915-ci ildə
qoyulmuşdu. Cəmiyyətin sədri Cavad rayonunun rəhbəri Yerofeyev, xəzinədar - Nurəli bəy Axundov, katib - Əbusalam Səmədov idi.
İRƏVANDA
CƏMİYYƏT
İrəvanda "Müqəddəs Ripsimin Cəmiyyəti" mövcud
idi. Bu cəmiyyətin üzvlərinin
arasında 40-dan çoxu azərbaycanlılar
idi. Onlar Nəcəf ağanın həyat yoldaşı Bəyimcan xanım, İsmayıl ağanın
həyat yoldaşı
Dostu xanım, Əsgər xanın həyat yoldaşı Azıs xanım, Rzaqulu xanın həyat yoldaşı Bəka-Bəguli, Abbasqulu bəyin həyat yoldaşı Varvara Bünyadova Müşərrəf;
İbrahim xanın həyat yoldaşı Nazlı bəyim, Mehbalı xanın dul xanımı Nazlı xanım, Yusif xanın həyat yoldaşı Vəkilova, Süleyman xanın həyat yoldaşı Rozanisə xanım, Xancan xanın həyat yoldaşı Sarabəyim xanım, general-mayor Ehsan xanın qızı Sonabəyim xanım, Qulu ağanın həyat yoldaşı Sona Xocamirova Tükəzban xanım, Halu bəyin həyat yoldaşı Tuti xanım, İsmayıl bəyin həyat yoldaşı Can xanım,
Cavad ağanın dul xanımı Xırda xanım, Məhəmməd Əlinin
həyat yoldaşı
Xırda xanım, Zaqafqaziya Şeyxinin həyat yoldaşı Xırda xanım, Xurşudbəyim
və başqaları
idi. Bu cəmiyyət
İrəvan quberniyasının
sakinlərinin maariflənməsinə
xidmət edirdi.
AZƏRBAYCANIN
APARICI
MƏDƏNİ
- MAARİFÇİLİK
CƏMİYYƏTLƏRİ
XX əsrin başlanğıcında
yaranmış bütün
başqa mədəni
- maarifçilik cəmiyyətlərinin
arasında aşağıdakıları
xüsusilə qeyd etmək lazımdır.
"NƏŞRİ-MAARİF"
CƏMİYYƏTİ
1906-cı ilin 1 avqustunda Cəmiyyəti təsis edənlərin ərizəsinə əsasən (Bakı taciri - Əsədulla Əhmədovun, şəhər dumasının üzvü İsmayılbəy Səfərəliyevin, Bakı taciri Ağahüseyn Tağıyevin, dumanın üzvü Məmmədhəsən Hacılının, Neft sənayesi sahibi Həsən Mustafayevin, Bakı taciri Əliağa Həsənovun) Bakı cəmiyyətləri işləri üzrə quberniya buradakı müsəlman əhalinin arasında savadın yayılması ilə bağlı Bakı Cəmiyyətinin nizamnaməsini təsdiq etməyi qərara aldı.
1906-cı ilin 24 noyabrında keçirilən yığıncaqda İdarə Heyətinin sədri Hacı Zeynalabdin Tağıyev seçildi. Cəmiyyətin işində fəal iştirak edirdilər: M. H. Hacılı, Q. Qarabəyov, İ. Aşurbəyov, M. Muxtarov, A. Ağayev, M. Nağıyev, A. İ. Cəfərov və başqaları.
Cəmiyyət savadın və ibtidai təhsilin yayılmasında yardımı əsas götürürdü. Bu işin həyata keçirilməsi üçün cəmiyyət mövcud məktəblərə, mədrəsələrə kömək etməyi və ya onları öz vəsaitləri ilə açmağı vacib sayırdı. Kitabxana - oxu zalı açılışı nəzərdə tutulurdu, pedaqoji kurslar, xalq müəllimlərinin hazırlığı üçün xüsusi təhsil müəssisələri, tamaşaların qoyuluşu, ədəbi axşamlar, öz mətbuat orqanının və dərsliklərin nəşrini planlaşdırırdı.
Qeyd edək ki, Azərbaycan əhalisi arasında məşhurlaşmış rayon məktəblərində effektiv təhsil tədris olunmurdu. Şagirdlər o fənlər haqda anlayışlar almırdı. Öz fəaliyyətinin başlanğıc dövründə savadın yayılmasında müəyyən köməyi rus-azəri məktəbləri göstərirdi. Amma yerli əhali onlara etibarsızlıqla yanaşırdı. Təhsilin Azərbaycan dilində aşağı səviyyədə olması da öz mənfi rolunu oynadı. Belə vəziyyətdə "Nəşri-Maarif Cəmiyyəti"nin Bakıda açdığı 3 məktəbin fəaliyyətini birinci iki ildə əhəmiyyətli hesab etmək olar. Onlar şəhərin 3 əsas mərkəzində yerləşirdi. İlk məktəb Qalada, Hacı Banu məscidinin yanında açılmışdı. Orada iki sinif fəaliyyət göstərirdi. İkincisi, Hacı İmam Əlinin məscidində 4 sinifli və üçüncü - Təzəpir məscidinin yanında yaranmışdı.
"Nəşri-Maarif Cəmiyyəti" tərəfindən açılmış məscid məktəblərində uşaqlar 7 yaşdan 13 yaşa qədər Azərbaycan və rus dillərində öyrənirdilər. Şəriət və hesabata da eynən "Nəşri-Maarif Cəmiyyəti" tərəfindən hazırlanmış proqram üzrə hazırlaşırdılar. Dərs proqramı şəhər məktəbinin 4-cü sinif proqramına uyğun idi. Birinci məktəbdə 40 şagird oxuyurdu, üçüncü məktəbdə isə 120 şagird. Təzəpir məscidi yanındakı məktəbdə tədris Azərbaycan dilində aparılırdı.
Ümumilikdə 1907-1912-ci ilə qədər maarifləndirici cəmiyyətin 15 məktəbi açılmışdı ki, onların saxlanmasına 32656 rubl sərf edilmişdi.
Məktəblərin açılşı ilə Cəmiyyətin qarşısında müəllimlərin hazırlığı problemi dayanırdı. Müəllim çatışmazlığının aradan qaldırılması üçün müsəlman müəllim seminariyası "Darül-Müəllim"in proqramı təşkil etmişdi. Burada əsas siniflərlə və ibtidai məktəblə seminariyanın yaradılması göstərilirdi. İbtidai məktəbə başçılıq edən Məmməd Cavadbəy Konstontinopolda (İstanbul) ali təhsil almış və 1907-ci ildə fəaliyyətə başlamışdı. Üç il sonradan təşkilatçıların ümidlərini doğrultmadığı üçün o bağlanmışdı.
1912-ci ildə "Nəşri-Maarif Cəmiyyəti" bağlanma təhdidi altında məcbur olub nizamnaməsini dəyişdirdi. Yeni mətndən "məktəb" və "mədrəsə" sözləri çıxarıldı. Çünki birinci variantda cəmiyyət dini hədəfləri aşmasında ittiham edilirdi.
Əsasən bu anlayışların məzmunu ilə bağlı mübahisə etmədən və müəyyən dərəcədə öz fəaliyyəti ehtiyacını diqqətə alaraq İdarə Heyəti üzvləri güzəştə getdilər və kiçik fasilədən sonra cəmiyyətin fəaliyyəti yeniləndi.
Cəmiyyətin böyük diqqəti uşaqların təhsil keyfiyyətinə ayrılırdı. Məktəblərdə tədrisin səviyyəsinin artması üçün vaxtaşırı müvəqqəti müəllim kursları açılırdı, müəllimlərin qurultaylarında iştirakına da maddi yardım göstərirdi. İlk axşam müəllim kursları 1907-ci ildə fəaliyyətə başladı. Onlarda təlim pulsuz idi. "Nəşri-Maarif Cəmiyyəti" məktəblərinin müəllimləri xalq müəllimlərinin qurultayının işində iştirak edirdilər - Bakıda, Şamaxıda, Sankt-Peterburqda.
Yaranmış ənənəyə görə cəmiyyət öz məktəblərində bütün oxuyanlara pulsuz dərsliklər verirdi. Novruz Bayramı günü hamıya hədiyyələr paylayırdı, müavinət ayırırdı. Moskvaya və Sankt-Peterburqa getmək, Tbilisi müəllim institutunun kurslarında oxumaq üçün ehtiyac duyanlara kömək edirdi. Cəmiyyətin İsgəndəriyyə Qadın Rus-Müsəlman məktəbində dörd təqaüdçüsü var idi.
Cəmiyyətin əsas vəsaiti üzvlük ödəmələrdən və şəxsi ianələrdən ibarət idi. Bundan başqa öz büdcəsinin saxlanması üçün cəmiyyət teatr tamaşaları hazırlayır, xeyriyyə axşamları təşkil edirdi.
1912-ci ilin hesabatında qeyd olunurdu ki, cəmiyyət məktəblərə maddi yardım göstərir, onların saxlanmasına 13460 rubl sərf edilmişdir. Bundan başqa idarə 1922 rubl maddi yardımı yeni dərsliklərin, mebelin və sinif vəsaitlərinin əldə edilməsinə ayırırdı.
1913-cü ildə "Nəşri-Maarif"in fəaliyyəti haqqında aşağıdakı faktları qeyd etmək olar: idarənin 12-ci iclası oldu və burada 140 sual dinlənmişdi. Onların arasında belə suallar var idi: cəmiyyət məktəblərində yeni bölmələrin açılışı, Sankt-Peterburqda xalq maarifi məsələləri üzrə, I Ümumrusiya qurultayında iştirak və s.
Cəmiyyət 13 təhsil müəssisəsini müəyyənləşdirirdi. Ümumi oxuyanların sayı - 940 nəfər idi. 1913-cü il dekabrın 5-də keçirilən iclasda İdarə Heyəti üzvləri Əmircan və Balaxanı məktəblərində hərəsində bir bölmə açılmasına səs verdilər.
Bu məktəblərin saxlanmasına idarə 13675 rubl, dərsliklərin almasına 2080 rubl ayırırdı. Məktəblərdə oxu üçün 215 rubl məbləğində jurnal və qəzetlərə vəsait ayrılmışdı.
1914-cü ildə "Nəşri-Maarif Cəmiyyəti" məktəb təhsili sahəsində fəaliyyətini davam etdirirdi. Bir məktəb Bilgəh kəndində, iki məktəb isə Qala kəndində açılmışdı. Beləliklə cəmiyyətin siyahısında artıq 16 məktəb və 35 bölmə 14 kənddə yerləşirdi və orada 1074 oğlan və 126 qız təhsil alırdı. 1914-cü ildə məktəblərə dərsliklərin əldə edilməsi və vaxtaşırı nəşriyyatların fəaliyyəti üçün cəmiyyət 7050 rubl ayırdı. Məktəblərin saxlanması isə 20355 rubla başa gəlirdi.
1915-ci ildə cəmiyyət 15 məktəb müəyyənləşdirdi ki, bunların saxlanılmasına 21291 rubl sərf edilirdi. Onların normal fəaliyyətinin təmini üçün dərsliklərə, nəşriyyatlara, mülklərə və dəftərxana ləvazimatlarına idarə 2044 rubl ayırırdı.
"Bakı Müsəlman Xeyiryyə Cəmiyyəti" ilə birgə "Nəşri-Maarif Cəmiyyəti" məktəbli yaşında olan yetim uşaqlara məktəblərdə bölgü üzrə köməklik göstərirdi. Belə ki, 13 avqust 1915-ci ildə idarənin iclasında 6 oğlan və 5 yetim qızın cəmiyyət məktəbində oxuması məsələsinə baxılmışdı. Cəmiyyət Bakıya gələnlərin məişət şəraitini yaxşılaşdırmaq üçün və onun himayəsində olan yetimlərin, müharibə illərində həlak olmuş müsəlmanların uşaqları üçün də iş aparırdı.
1916-cı ilə aid hesabatda cəmiyyət yenidən vurğulayırdı ki, maarifçilik onun fəaliyyətinin əsas sahəsidir. Bütün fəaliyyəti dövründə "Nəşri-Maarif"in sədrləri H. Z. Tağıyev və M. Muxtarov olmuşdu. 1916-cı ildə cəmiyyət yeni açılmış 3 məktəbin bölmələrini maliyyələşdirdi, bunlar - Əmircan, Balaxanı və Ramana məktəbləri idi. Beləliklə, 1916-cı ildə "Nəşri-Maarif Cəmiyyəti"nə 16 məktəb (onlardan 2-si qadın məktəbi idi) aid idi. Orada 152 qız və 979 oğlan təhsil alırdı.
Cəmiyyət məktəbləri üçün 500 rubl məbləğində jurnallar və qəzetlər buraxılmışdı: "Dünyada olanlar", "Xalq Müəllimi", "Torağay", "Məktəb".
1916-cı ilin yanvar ayında "Nəşri-Maarif Cəmiyyəti"nin məktəb müəllimlərinin 22 noyabr 1915-ci ildən idarənin qətnaməsinə əsasən əmək haqqı artırılmışdı. 1916-cı ilin oktyabr ayında ağır hərbi vəziyyətlə əlaqədar məktəblərin hərbi qulluqçularına əlavə müvəqqəti maaş verilirdi.
1916-cı ildə cəmiyyətin məktəblərini 121 şagird bitirdi ki, onlardan 11-i qız idi.
"Nəşri-Maarif Cəmiyyəti"nin Azərbaycan əhalisinə qarşı olan qayğısı yalnız Bakı Quberniyası ilə məhdudlaşmırdı. Belə ki, 4 mart 1916-cı il tarixdə keçirilən iclasda Yerevan Müsəlman Xeyriyyə Cəmiyyətinə yardıma baxılmışdı. Və burada Yerevan ticarət məktəbinin təsisçisi olan A. O. Əliyevanın subsidiyaların verilməsi haqda xahişi ifadə edilmişdi. Bu təhsil müəssisəsinin sonrakı müvəffəqiyyətli fəaliyyətinin təminatı üçün İdarə Heyəti 2 min rubl ayırmışdı.
Ağır hərbi vəziyyətə baxmayaraq cəmiyyət vəsaitlər tapırdı. Bu dövrdə təqaüdçülərin saxlanması üçün 1225 rubl təqaüd təyin edilmişdi. İsgəndəriyyə qadın məktəbinin 6 məktəbli qızına, Tbilisi Aleksandr Müəllim İnstitutunun 2 şagirdinə, Moskva Ticarət İnstitutunun tələbələrinə maddi yardım verilmişdi. Petroqrad İnstitutunun mühəndislərinə və bir çox başqalarına da yardım ayrılmışdı.
(Ardı
var)
Nəsiman Yaqublu
tarix elmləri namizədi
525-ci qəzet.- 2014.- 31 yanvar.- S.6.