Ünvanı: Şəhidlik zirvəsi!
...Bu soyuq üzlü adamların içində bir qadın tanıyıram -mehriban, suyuşirin. Hər məni görəndə bağrına basır, elə doğma, elə istiqanlıdı, anamı xatırladır.
Allah ömür versin, Səyalı xala şəhid anasıdı. Neçə ildir ki, oğlu
Alimin Qarabağ müharibəsində qəhrəmancasına
şəhid olmasını
eşitmişdim. Amma nədənsə
bu barədə yazmağı heç düşünməmişdim. Səyalı
xalanın özü də bir söz
deməmişdi. Çox qürurlu,
ləyaqətli bir anadı. Şəhid
övladı haqqında
elə şirin-şirin
danışır, sanki
həyatda olan adam barədə
danışır, oğlunun
ölümünə inanmırsan.
Adama xoş gəlir belə isti, təmkinli münasibət.
Əslində şəhidlər
ölmürlər ki...
Doğulduğu kənd
düşmən tapdağında
olan biri kimi hərdən düşünürəm ki,
kaş mən də şəhid olaydım...
...Hələ əvvəllcədən
düşünürdüm ki, görəsən sözə necə başlayacağam, bu ağır dərdi şəhid anasıyla bölüşmək çox
çətin olacaq. Amma Səyalı xalanın könlünün işığı
elə ilk anlardaca məni sakitləşdirdi.
Şəhid anası övladı
ilə bağlı elə danışırdı
ki, anlayırsan ki, doğma balası Alim onun üçün ölməyib. Düşünürəm
ki, kimsə onun övladını öldürə bilməz,
buna heç kəsin və heç nəyin gücü də yetməz...
Səyalı xala Ermənistanın Qarakilsə (Quqark) rayonunun Hallavar kəndində olan ata-baba yurdlarından nə müsibətlə Azərbaycana gəlib çıxdıqlarından danışdıqca dəhşətə gəlirsən. Deyir, hələ hadisələrin başlanğıcında onları yavaş-yavaş sıxışdırmağa başlayıblar. Demək olar ki, onlara göz verilib, işıq verilməyib. Gah günahsız adamlar döyülüb, onların lazımiyerlərə gediş-gəlişləri məhdudlaşdırılıb, sonra məktəbləri bağlanıb, bazarda belə məhsullarını satmağa imkan verilməyib. Neçə il belə çətin vəziyyətdə mühasirədə yaşayıblar. Sonra doğmalarımız vertolyotdan yerə xəbərdarlıq bildirən kağızlar atıblar ki, qorxmayın biz sizinləyik. Nəhayət vəziyyət dözülməz bir həddə çatıb. Ondan ki, ermənilər təmiz Ermənistan eşqinə düşüblər. Odur ki, vertolyotla Azərbaycana gəlmək üçün onlar da digər kənd əhli kimi dağa çıxıblar. Demək olar ki, düz bir həftə dağda qalmalı olublar. Səyalı xala bir əli ilə qızı Xalidənin o biri əli ilə Alimin əlindən yapışıb ki, birdən balalarına bir şey olar. Ancaq müharibənin sərt qanunları ilə uşaqları, güclə də olsa, ondan alıb vertolyotla Bakıya gətiriblər. Köçkünləri Qazaxda yerləşdiriblər...
Səyalı xala altı uşaq anasıdı. Həmin vaxt Alim hələ orta məktəbi bitirməmişdi. Onlar ev-eşiklərindən didərgin düşdükdən sonra əvvəlcə Dəvəçi rayonunda məskunlaşıblar. Sonra isə Bakıya, Nəsimi rayonuna pənah gətiriblər. Alim də burada orta təhsilini başa vurub hərbi xidmətə yollanıb. Onda, 1992-ci ildə Qarabağda qanlı döyüşlər gedirdi. Ürəyində düşmənə sonsuz qəzəbi olan bu gənc böyük bir ürəklə təlim keçərək qızğın döyüşlərə atılmaqdan bir an belə çəkilmir. Əksinə gücü yetdiyi qədər düşmənə zərbələr vurmağa, necə deyərlər, torpağının, ana-bacılarının heyifini almağa çalışır. Qulluq etdiyi bölmədə komandirlərinin etimadını doğruldaraq fəxri fərmanlara layiq görülür.
... Artıq 1994-cü il idi. Ancaq müharibə alovu hələ davam edirdi. Alim Qəhrəmanov artıq özü bir komandir idi. Cəbrayılda, Füzulidə gedən qanlı döyüşlərdə onun komandirlik etdiyi döyüşçülər xüsusi şücaətlər göstərib. Bir çox kəndlərimizin düşməndən azad olunmasında bu səsur komandirin müstəsna xidmətləri olub. ...Fevralın 12-də yurdumuzun igid, qəhrəman oğlunun son döyüşü olur. O, qızğın bir döyüşdə başından yaralanır və fevralın 13-də şəhidlik zirvəsinə ucalır. Şəhidlər Xiyabanında dəfn edilib. Bakıda küçələrdən birinə onun adının verilməsi ilə bağlı sərəncam imzalanıb.
Düşünürəm ki, şəhid analarının elə böyük təmənnaları olmur. Onlara sadəcə kiçik bir qayğı, diqqət də bəs edir. Yetər ki, kimsə Vətən uğrunda canından keçmiş oğullarını hörmətlə, məhəbbətlə ansın. Övladlarının əziz xatirəsi əbədiləşdirilsin, onlara layiq olduğu ad verilsin. Ancaq özü deməsə də baxırsan ki, şəhid anasının özünün də diqqətə, qayğıya ehtiyacı var. Məişət qayğıları, qəbul etdiyi dərmanlar şəhid anasının dərdinin üstünə dərd gətirməsin gərək. Onu da qeyd edək ki, oğlunun şəhid olmasından bir il sonra Səyalı xala ömür-gün yoldaşını da itirib. Bütün var-dövlətini ata-baba yurdunda qoyub gəlməyə məcbur olmuş bu insanların ağrı-acıları bizə yad olmasın gərək...
Mina RƏŞİD
525-ci qəzet.-
2014.- 31 yanvar.- S.8.