"Pensiyaçıların sosial
müdafiəsi daim dövlətin xüsusi diqqət mərkəzindədir"
Müsahibimiz
Dövlət Sosial Müdafiə Fondunun Pensiya və müavinətlər
şöbəsinin müdiri Elşən Məmmədəliyevdir
- Elşən müəllim, hazırda ölkəmizdə nə qədər əmək pensiyaçısı var və onların sosial müdafiəsi hansı səviyyədədir?
- 2015-ci
ilin 1 aprel tarixinə olan ilkin məlumata əsasən respublika
üzrə əmək pensiyası alan şəxslərin
sayı 1293,2 min nəfərdir. Pensiyaçıların
783518 nəfərini və ya 60,6 faizini yaşa
görə, 369170 nəfərini və ya 28,5 faizini əlilliyə
görə, 140515 nəfərini
və ya 10,9 faizini isə ailə
başçısını itirməyə görə əmək
pensiyası alanlar təşkil edir. Pensiyaçıların
sosial müdafiəsinin xüsusi diqqət mərkəzində
saxlanılmasının nəticəsidir ki, pensiyaların orta
aylıq məbləği hər il
yüksələn dinamika ilə artmışdır.
Belə
ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği
1 yanvar 2006-cı il tarixə 29,8 manat olduğu halda, 1 yanvar
2007-ci il tarixə 41,1 manat, 1 yanvar 2008-ci il tarixə 62,9 manat,
1 yanvar 2009-cu il tarixə 95,8 manat, 1 yanvar 2010-cu il tarixə
100,4 manat, 1 yanvar 2011-ci il tarixə 112,9 manat, 1 yanvar 2012-ci il
tarixə 145,1 manat, 1 yanvar 2013-cü il tarixə 152,0 manat, 1
yanvar 2014-cü il tarixə 170,5 manat təşkil edib,
hazırda isə bu rəqəm 175,1 manata, o cümlədən,
yaşa görə əmək pensiyasının orta aylıq
məbləği 194,6 manata
çatıb. Yeni sistemin
fəaliyyətə başladığı dövrdən
hazıradək əmək pensiyalarının baza məbləği
4 dəfə artmışdır.Həmçinin dövlət
başçısının əmək pensiyalarının
sığorta hissəsinin indeksləşdirilməsi barədə
sərəncamlarına əsasən, müvafiq şəxslərin
əmək pensiyalarının sığorta hissəsinə
ölkədə baş vermiş inflyasiyaya uyğun olaraq
2007-ci ilin yanvarın 1-dən 8,3 faizlik, 2008-ci ilin yanvarın
1-dən 16,7 faizlik, 2009-cu ilin yanvarın 1-dən 20,8 faizlik,
2010-cu il yanvarın 1-dən 1,5 faizlik, 2011-ci il yanvarın 1-dən
5,7 faizlik, 2012-ci il yanvarın 1-dən 7,9 faizlik, 2013-cü il
yanvarın 1-dən 1,1 faizlik, 2014-cü il yanvarın 1-dən
2,4 faizlik, 2015-ci il yanvarın
1-dən 1,4 faizlik artım tətbiq edilib. 2007-ci
ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən
əmək pensiyalarının sığorta hissəsinin
indeksləşdirilməsi ilə bağlı verilmiş belə
sərəncamların sayı artıq 9-a çatıb.
- Pensiyaçıların bəziləri
pensiya almaqla bərabər, həm də əmək fəaliyyəti
ilə məşğul olur. İşləyən
əmək pensiyaçılarının pensiyaları
hansı qaydada ödənilir?
- Əmək pensiyaları 3 növdən ibarətdir:
yaşa görə əmək pensiyası, əlilliyə
görə əmək pensiyası, ailə
başçısını itirməyə görə əmək
pensiyası. İşləyən əmək pensiyaçılarına
əmək pensiyalarının ödənilməsi "Əmək
pensiyaları haqqında" Azərbaycan Respublikası
Qanununun 37-ci maddəsinə müvafiq aparılır. Belə ki, işləyən əmək
pensiyaçılarına yaşa görə əmək
pensiyası baza və pensiya təyin olunan günədək
qazanılmış sığorta hissəsi tam məbləğdə
olmaqla ödənilir. Pensiya təyin olunduqdan sonrakı
dövr ərzində qazanılan sığorta hissəsi
üzrə pensiya kapitalının toplanması davam etdirilir və
şəxslər işləməyən əmək
pensiyaçısı kateqoriyasına keçdikdə həmin
dövr üzrə sığorta hissəsinin hesablanmasında
gözlənilən pensiya ödənişi müddəti
aylarının sayı pensiyaçının pensiya
yaşından sonra işlədiyi ayların miqdarı qədər,
lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək
pensiyasının məbləği yenidən hesablanır.
İşləyən əlillərə isə əmək
pensiyası himayədə olanlara görə verilən əlavə
nəzərə alınmadan yalnız baza hissəsindən
ibarət olmaqla ödənilir. Müşahidələrimiz
göstərir ki, bəzi hallarda vətəndaşlar onlara əlilliyə
görə pensiya təyinatı aparıldıqdan sonra əmək
fəaliyyəti ilə məşğul olurlar və bu haqda
Fondun yerli orqanlarına məlumat vermirlər. Bununla
bağlı qeyd etmək istərdim ki, "Əmək
pensiyaları haqqında" Azərbaycan Respublikası
Qanununun 38-ci maddəsinə əsasən əmək
pensiyasının və əmək pensiyasına əlavənin
məbləğinin dəyişməsinə və ödənilməsinin
dayandırılmasına səbəb ola
biləcək hallar yaranarsa, əmək pensiyaçısı
və ya işəgötürən Fondun yerli orqanına məlumat
verməyə borcludur. Qeyd olunanlara əsasən
məlumat verilmədiyi təqdirdə cavabdeh vətəndaşdır.
Ailə başçısını itirməyə
görə əmək pensiyası isə işləyib-işləməməsindən
asılı olmayaraq vətəndaşa tam məbləğdə
ödənilir.
- Vətəndaşlar
üçün maraqlı olan bir məsələyə
aydınlıq gətirməyinizi istərdik. Ödənilən
məcburi dövlət sosial sığorta haqları fərdi
hesablarda hansı qaydada yığılır və vətəndaşlar
həmin kapitalı birdəfəlik formada əldə edə
bilərmi?
- "Əmək pensiyaları haqqında" Qanununa əsasən
pensiyaların məbləği baza, sığorta və
yığım hissələrdən ibarət olmaqla müəyyən
edilir. Əmək pensiyalarının baza hissəsi
pensiyaçıların sosial müdafiəsinin dövlət
təminatı sayılır və bu hissəyə aid olan məbləğ
dövlət tərəfindən müəyyənləşdirilir.
Sığorta hissəsi fərdi hesabda şərti
uçota alınan və real pul kütləsi olmayan pensiya
kapitalına əsasən hesablanır. Yığım
hissəsi isə fərdi hesabda real olaraq toplanan kapitala görə
təyin olunur.
Bəzi hallarda vətəndaşlar pensiyanın
sığorta hissəsi ilə yığım hissəsinin
anlamını dəyişik salır. Bilmək
lazımdır ki, pensiyanın sığorta hissəsində
yığılan vəsait real pul kütləsi deyil, amma gələcəkdə
yığım hissəsi aktivləşdirildikdən sonra
yığım hesablarında toplanacaq vəsait real pul
kütləsi olacaq. Hazırda sığortaolunanın fərdi
hesabında toplanan vəsait şərti olduğundan
sığortaolunana yalnız yaşa, əlilliyə və yaxud, vəfat
etdikdə ailə üzvlərinə ailə
başçısını itirməyə görə əmək
pensiyasının hesablanmasında nəzərə
alınır. Yığım hissəsi aktivləşdirildikdən
sonra sığortaolunana pensiyası təyin edildikdə, yaxud
o vəfat etdikdə onun vərəsələri fərdi
hesabının yığım hissəsində toplanan vəsaitləri,
həmin vəsaitlərin dövriyyəsindən əldə
olunan gəlirləri istər birdəfəlik, istərsə də
hissə-hissə əldə etmək imkanını qazanacaq.
Yığım sisteminin tətbiqinin əsas özəlliyi
ondadır ki, pensiyaların maliyyələşdirilməsi
üçün mənbə rolunu vətəndaşın fərdi
hesabında toplanan vəsaitlə yanaşı, həm də
pensiya aktivlərindən əldə olunan gəlirlər də
təşkil edəcək. Yəni,
yığım sistemində hər bir şəxsin ödədiyi
sosial sığorta haqqı onun fərdi hesabında real
toplanır və müxtəlif investisiya proqramlarına
yönəldilərək idarə olunur. Bu
vəsait düzgün yerləşdirildikdə əlavə gəlir
əldə edilməklə özü-özünü
artırır, şəxs pensiya yaşına
çatdıqdan sonra həmin vəsait hesabına onun
pensiyası maliyyələşdirilir. Hazırda
pensiyalar baza və sığorta hissəsindən ibarət
olmaqla təyin olunur və artırılır.
Yığım hissəsi isə hazırda aktiv deyil, onun
növbəti mərhələdə islahatlar çərçivəsində fəallaşdırılması
məqsədilə zəruri tədbirlər həyata
keçirilir.
- Dövlət
Sosial Müdafiə Fondu nağdsız hesablaşmaların
genişləndirilməsi məqsədilə "Pensiya+"
layihəsi həyata keçirir. Bu layihəyə
pensiyaçılar arasında maraq yüksəkdirmi?
- Əmək
pensiyaçılarının çoxfunksiyalı plastik
kartlarından nağdsız ödəniş vasitəsi kimi
istifadə etməsinə nail olmaq məqsədilə
yaradılmış "Pensiya +" xidmətinin tətbiqinə
başlanılmışdır. Bu xidmət
çərçivəsində Azərbaycan Beynəlxalq
Bankına məxsus bütün pensiya kartlarının sahibləri
üçün aylıq pensiya məbləğində hər
ay faisiz kredit limitindən istifadə imkanı yaradılıb.
Pensiyaçılar bu vəsaitdən yalnız
nağdsız ödəniş zamanı istifadə edə
bilir və buna görə xidmət haqqı tutulmur. Pensiyaçı öz pensiya vəsaitini tam xərclədikdən
sonra yenidən kreditdən yararlana bilər. Pensiyaçının kredit limitindən istifadə
etdiyi məbləğ borc şəklində tam ödənildikdən
sonra kredit limiti yenidən aktivləşir. Qeyd edim ki,
"Pensiya +" xidməti fəaliyyətə
başladığı dövrdən hazıradək bu xidmət
çərçivəsində həyata keçirilən
nağdsız ödənişlərin dövriyyəsi iki dəfə
artıb.
- Hazırda Fondun elektron xidmətlərin təşkili
hansı vəziyyətdədir? Pensiyaların təyinatında
elektron xidmətlərin rolu necədir?
- Son illər
pensiya və müavinətlər sahəsində vətəndaşlara
göstərilən elektron xidmətlərin sayı artıb. Fond informasiya kommunikasiya texnologiyalarından istifadə
etməklə sığorta pensiya sahəsində bütün
mövcud proseslərin avtomatlaşdırılmasını təmin
edib. Yəni, həm məcburi dövlət
sosial sığorta haqlarının toplanması və fərdi
uçotun qurulması, həm pensiyaların məbləğinin
hesablanması, həm də onların ödənişi
avtomatlaşdırılıb.
Sığorta-pensiya
sistemində əhaliyə göstərilən xidmətlərin
elektron formada təşkili sahəsində mühüm əhəmiyyət
kəsb edən tədbirlər sırasında sığortaolunanların
elektron məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş,
avtomatlaşdırılmış qaydada pensiya təyinatının
tətbiqi xüsusi qeyd olunmalıdır.
Sığortaolunanların elektron məlumatlandırılması
sistemi istənilən sığortaolunana Dövlət Sosial
Müdafiə Fondu tərəfindən açılan fərdi
şəxsi hesabında illər üzrə toplanan pensiya
kapitalına nəzarət etmək imkanı yaradır. Bu da sistemdə
şəffaflığın daha da artmasına gətirib
çıxarmaqla yanaşı, həm işə götürənlər
üzərində ictimai nəzarətin təşkilinə
yardım edir, həm də avtomatlaşdırılmış
pensiya təminatının reallaşdırılmasını
təmin edir.
Fondun "Çağrı mərkəzi"
vasitəsilə avtomatlaşdırılmış pensiyası
təyinatı sayəsində
pensiya yaşına çatan vətəndaşa 190-0
nömrəsinə zəng etməklə və yalnız şəxsiyyət
vəsiqəsinin nömrəsini təqdim etməklə pensiya
təyin edilməsi həyata keçirilir. Vətəndaş
pensiyasının məbləği, plastik pensiya
kartını ala biləcəyi müvəkkil bank şöbəsinin
ünvanı haqqında dərhal məlumatlandırılır.
Bütün bu proses cəmi bir neçə dəqiqə vaxt
aparır. Burada bir məqamı xüsusi ilə
qeyd etmək istərdim ki, müraciət edən bəzi şəxslərə
2006-cı ilədək əmək
stajları barədə məlumatları Fondun
orqanlarına təqdim etməmələri səbəbindən
avtomatlaşdırılmış qaydada pensiya təyin etmək
mümkün olmur. Biz bu barədə dəfələrlə
məlumat vermişik və bir daha vurğulamaq istərdim ki,
buna görə vətəndaşlar öz fərdi
hesablarında məlumatların tam əks olunmasında
xüsusən maraqlı olmalıdırlar. Ölkəmizdə
fərdi uçot sisteminin tətbiqindən əvvəlki
dövrə, yəni 2006-cı ilin 1 yanvarınadək
iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər.
525-ci qəzet.- 2015.- 2 aprel.- S. 4.