İhsan Doğramacı fenomeni

 

 

Aprelin 3-də türk dünyasının nadir şəxsiyyətlərindən olan, dünyaca məşhur alim, pediatr, maarifçi, xeyriyyəçi, əsl xoşbəxtliyin yolunu kəşf etmiş comərd, altruist (ictimai mənafeyi şəxsi maraqlarından qat-qat üstün tutan) insan, Azərbaycanın böyük dostu Dr., professor İhsan Doğramacının 100 yaşı tamam olur.

Tanınmış alim və diplomat, fizika-riyaziyyat elmləri doktoru, professor, 1992-ci ildən 2009-cu ilədək fövqəladə və səlahiyyətli səfir kimi ölkəmizi Türkiyədə və İspaniya Krallığında ləyaqətlə təmsil etmiş Məmməd Novruzoğlunun insanlığa örnək insan İhsan Doğramacının çoxsahəli fenomenal fəaliyyətinə həsr olunmuş "Hocabəy" kitabını (Azərbaycan və rus dillərində) maraqla oxudum, onun qəhrəmanının mənalı ömür yolu ilə tanış oldum, aldığım bilgilərin bir qismini oxucularla bölüşmək qərarına gəldim. 

Tanrı hər bir insanı müəyyən missiya ilə yaradır, ona həmin missiyanı yerinə yetirəcək qədər enerji və ömür verir. Missiyası böyük, enerjisi çox olanlar təkcə özlərinin, qohum-qardaşlarının deyil, bütöv bir elin, millətin yolunu işıqlandırır, bu yolda inkişafa, tərəqqiyə mane olan əngəlləri aradan qaldırır, lazım gələndə yeni yol açır, pozitiv enerjisi ilə o yolu nurlandırır. Allahın türk dünyasına bəxş etdiyi belə nurlu, ziyalı şəxsiyyətlərdən biri adı və xeyirxah əməlləri bütün dünyaya bəlli olan İhsan Doğramacıdır (1915-2010).

İhsan Əli Paşa oğlu Doğramacı düz yüz il öncə, 1915-ci il aprelin 3-də, o vaxt Osmanlı İmperatorluğunun tərkibində olmuş İraqın və bütövlükdə Yer kürəsinin ən qədim şəhərlərindən biri, özülünü şumerlərin qoyduğu ehtimal edilən Ərbildə, həm maddi, həm də mənəvi cəhətdən zəngin bir ailədə dünyaya gəlib. İhsan bəyin atası Ərbil bələdiyyəsinin rəisi olmuşdur. Anası İsmət xanım Osmanlı İmperatorluğunun Məclisi-məbusanının (Parlamentinin) Kərkükdən olan üzvü Mehmet Əli Bəy Kırdarın qızıdır.

Köklü türkman ailələrində ilk oğlan uşağına babalardan birinin adını vermək ənənəsi var, lakin Əli Paşa və İsmət xanım bu tarixi gələnəkdən kənara çıxaraq ilk övladlarını "İhsan" adlandırıblar, onu adının mənasına (yaxşılıq edən, bəxşiş verən, lütfkar) uyğun böyütməyi qarşılarına məqsəd qoyublar və nəticədə bu məqsədlərinə tam nail olublar. "Balaca İhsan adını doğrultmaq üçün böyüməyi gözləmədi... İbtidai məktəbdən 6-7 yaşlarında evə bəzən pencəksiz, bəzən də paltosuz döndü. Nənəsi Heybət Xatun, anası İsmət xanım "Niyə pencəksizsən, niyə paltosuzsan?" - deyə soruşanda balaca İhsan "Yolda bir uşaq gördüm. Paltosuzdu, pencəksizdi, ona verdim", - deyərdi" (M.N., s. 24).

 Ərbildə türk dilində ibtidai təhsil aldıqdan, xüsusi müəllimlərin köməyi ilə ingilis dilini orta səviyyədə öyrəndikdən sonra İhsan 1930-cu ildə Beyruta gedərək oradakı Amerika Kollecinə qəbul olunur, proqramı vaxtından əvvəl yerinə yetirir. Həmin dövr haqqında İ.Doğramacı yazmışdır: "Arzum həkim olmaqdı. O vaxtlar İstanbul Şehremeni (bələdiyyə rəisi) Salih Salim Paşanın oğlu Vahid ilə dostluq edirdim. Ən yaxşı tibb təhsilinin Vyanada və Şotlandiyada Edinburqda olduğunu Vahiddən öyrənmişdim. Braziliya vətəndaşı, alman əsilli bir müəllimdən alman dili dərsləri aldım. Bir də Edinburq Universitetinə müraciət etdim. Oradan verilən məlumata görə, bu universitetin xarici tələbə kontenjanı dolmuşdu, ancaq üç il sonra açılacaqdı. Digər tərəfdən universitetin Bağdadda öz proqramlarını  tətbiq etdiyi bir Tibb fakültəsi olduğunu və üç il sonra Edinburq Tibb fakültəsinə alına biləcəyini mənə bildirdilər. Bağdad Tibb fakültəsinə müraciət üçün 18 yaşında olmaq lazım idi. Halbuki mənim 17 yaşım vardı. Bu bir ili Beyrut Amerika Universitetinin Ədəbiyyat fakültəsində keçirdim... 1933-cü ildə Bağdad Tibb fakültəsinə yazıldım".

1936-cı ildə buranı bitirdikdən sonra tibb təhsilini Edinburqda deyil, doğma yurdda - İstanbul Universitetinin Tibb fakültəsində davam etdirmək qərarına gəlir. Onu imtahan edərək birbaşa 5-ci kursa qəbul edirlər. Bir il tələbə, bir il isə praktikant olur və ali təhsilli həkim diplomu alır.

Təbabətin sahələri çoxdur. Bəs onlardan hansını seçməli? Xoş bir təsadüf bu suala cavab tapmaqda 23 yaşlı gənc doktora yardımçı olur: "1938-ci ilin yayında İhsan Manisa vilayətinin qubernatoru olan dayısı Dr. Lütfü Kırdarı görməyə getmişdi. Elə bu günlərdə Türkiyə Cümhuriyyəti Səhiyyə və Sosial Yardım Nazirliyi Ankara Nümunə Xəstəxanasının Uşaq Klinikasının direktoru, professor Albert Ecksteinin başçılığı ilə bir heyəti Qərbi Anadolu vilayətində uşaq sağlamlığı və xəstəliklərlə əlaqəli problemləri öyrənmək üçün ezamiyyətə göndərmişdi...

Professor Albert Eckstein Atatürkün dəvəti ilə Türkiyəyə gəlmiş yəhudi əsilli alman professorlardandı. Heyətdə onun xanımı, məşhur pediatr Artur Schlossmanın qızı Erna Eckstein və Dr. S.Tekand da vardı" (M.N., s. 32).

İhsan da həmin heyətə qoşulur və biləndə ki, Türkiyədə hər yüz çağadan 30-35-i bir yaşına çatmadan ölür, uşaq həkimliyini ixtisas olaraq seçir, 4 il Bağdad Uşaqqoruma Təşkilatının xəstəxanasında çalışır, 1944-cü ildə ABŞ-yə gedərək Harvard və Vaşinqton universitetlərində araşdırmalar aparır, 1947-ci ildə Amerika Akademiyası üzvlüyünə seçilir. Universitet müəllimliyi təklifindən imtina edərək Türkiyəyə dönür. Ankara Tibb Fakültəsi Uşaq Klinikasının direktoru professor A.Ecksteinin dəvəti ilə həmin klinikanın dosenti, sonra isə (1954) professoru olur və beləliklə də ömrünün "şirətoplama" mərhələsi, bir mütəxəssis kimi formalaşma prosesi başa çatır, çoxdan bəri xəyalında yuva qurmuş müqəddəs arzuların gerçəkləşmə dövrü başlanır.

Dr. İhsan Doğramacı gələcəyi proqnozlaşdırmağı, şəraitə uyğun proqramlar qurmağı xoşlayar, onları uğurla yerinə yetirməyi öz vətəndaşlıq, vətənpərvərlik borcu sanarmış. Bu keyfiyyətinə görə yaxın ailə dostu, İ.Doğramacı haqqında ən dolğun kitabın müəllifi, professor Cəlal Ərtuğ onu "planlaşdırdıqlarını yerinə yetirən, yerinə yetirə yetirəcəklərini planlaşdıran insan", "Kompüter İhsan" adlandırmışdır.  İhsan bəyin ilk planlarından biri Hacəttəpə Uşaq Xəstəxanasının yaradılması olub. Bu işi o, "hələ 1939-cu ildən planlaşdırmışdı" (M.N., s. 50). 

1957-ci il avqustun 20-də 1954-cü il iyunun 14-də təməli qoyulmuş Uşaq Sağlamlığı İnstitutunun və Xəstəxanasının açılışı oldu. "Professor Doğramacı 1962-ci ilin sonunda Dövlət Planlama təşkilatına gələrək Sosial Planlama İdarəsinin rəisi Ərtuğrul Erqunu öz şəxsi maşını ilə klinikaya gətirdi. Klinikanın onun əsasında qurulmuş Fizioterapiya və Reabilitasiya, Tibbi Texnologiya, Dietik Nutrisiya, Tibb Bacılığı ali məktəblərinin laboratoriyalarını, dərs ləvazimatlarını, auditoriyalarını ona göstərərək bütün bunların əsasında ikinci bir Tibb fakültəsinin Ankara Universiteti nəzdində rahatca qurula biləcəyinə onu inandırdı. Ənvər Erqun 1963-cü il planının tətbiqi qanununa "Uşaq Sağlamlığı İnstitutundakı potensialdan faydalanaraq Ankara Universiteti nəzdində ikinci bir Tibb fakültəsi qurulması" hökmünü qoydurdu" (M.N., s. 62-63). Hər bir yenilik kimi professor İ.Doğramacının bu innovasiyası da köhnə fikirli şəxslərin ciddi müqaviməti ilə üzləşir. Əslində heç bir vəzifədə gözü olmayan Dr. İrfan öz ideyasının gerçəkləşməsi naminə 1963-cü ilin oktyabrında Ankara Universiteti rektorunun seçkisinə iki gün qalmış namizədliyini irəli sürür və qalib gələrək iki il müddətinə rektor seçilir.

İki il (1963-1965) Ankara Universitetinə, iki il (1965-1967) Ortadoğu Texnika Universitetinin Himayəçilik Şurasına rəhbərlik etdiyi müddətdə professor İ.Doğramacı həm də yeni tipli bir universitet yaratmaqla məşğul olmuş, 1967-ci ildən 1975-ci ilədək "Hacəttəpə Universiteti" adlanan həmin elm və təhsil mərkəzinə rektorluq etmişdir.

"Şəxsiyyətinə, xarakterinə görə adamlara yaraşan ləqəb, ad qoymaqda türk insanının ustad olduğu yaxşı məlumdur. Professor Doğramacıya da yaratdığı Hacəttəpə Universitetinin əməkdaşları "Hocabəy" ləqəbini qoymuşlar. Dostları, tanışları, onu yaxından tanıyanlar "Hocabəy" adının professora çox yaraşdığını və bu ləqəbi çox bəyəndiklərini söyləyirlər. Hacəttəpə Universitetində qoyulmuş bu ləqəb artıq ölkəyə, dünyaya yayılmışdır. Dünyada tibb, təhsil cəmiyyətlərində, Türkiyədə, ictimaiyyətdə, mətbuatda Professor İhsan Doğramacı "Hocabəy" kimi tanınır, bilinir.

...Alimlərin alimi, müəllimlərin müəllimi anlamı verilən "Hocabəy" olmaq nazir, baş nazir olmaqdan daha çətin, daha şərəflidir" (M.N., s. 8-9).

"Dünyada sülhə, elmə, təhsilə, tibbə, mədəniyyətə təmənnasız xidmət yolunda qazandığı böyük uğurlara görə Prof. Dr. İhsan Doğramacı böyük dövlətlərin 250-dən çox ən yüksək mükafatlarına, 40-a yaxın məşhur akademiyanın fəxri üzvlüyünə, 30-dan çox tanınmış universitetin fəxri doktorluğuna layiq görülmüşdür.

Həyatda ikən Türkiyədə, Azərbaycanda heykəlləri, büstləri qoyulmuş, adına İhsan Doğramacı Beynəlxalq mükafatları təsis edilmişdir" (M.N., s. 8).

  2000-ci ildə Azərbaycanın "İstiqlal" ordeni ilə, 2005-ci ildə isə Azərbaycanın ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif olunmuşdur.

Hocabəy Türkiyədə ən müasir tələblərə cavab verən universitetlər sistemi yaratmaq istəyirdi. Hacəttəpə Universiteti də bu sistemə bir örnək olaraq qurulmuşdu. Lakin hər yerdə olduğu kimi, Türkiyədə də bu yeniliyə qarşı mübarizə aparan mürtəce qüvvələr az deyildi. Məhz onların səyi nəticəsində 1973-cü il iyulun 7-də ölkədə 1750 saylı qanun qəbul edildi ki, bütün universitetlər eyni idarə modeli ilə işləməlidir. Hocabəy iki il dirənsə də, Hacəttəpə Universitetini bu qanunun təsir dairəsindən çıxarda bilmir və bir qədər incik halda Paris Universitetinə "qonaq professor" qismində çalışmağa gedir. "Hocabəy mübarizəsində məyus olmuşdu, ancaq yenilməmişdi. Yeni həmləyə hazırlaşmaq və vaxt qazanmaq məqsədilə Türkiyədə universitet sistemində islahat işlərində müvəqqəti olaraq fasilə götürmüşdü" (M.N., s. 73).

Təhsil sahəsində köklü islahatlara həqiqətən ehtiyac olduğunu anlayan Türkiyə rəhbərliyi 1981-ci ildə Dr. İhsan Doğramacını Vətənə dəvət edir və o, qısa müddətdə dünyanın qabaqcıl universitetlərinin təcrübəsi əsasında Yüksək Öyrətim Kurulu (Ali Təhsil Şurası) haqqında qanunun layihəsini hazırlayır, qanun qəbul edilir və Professor İhsan Doğramacı Şuranın sədri təyin olunur.

ABŞ prezidentlərindən birinin (Təəssüf ki, adını dəqiqləşdirə bilməmişəm) maraqlı fikri var: "Amerika universitetləri ona görə qüvvətli deyil ki, Amerika dövləti qüvvətlidir, Amerika dövləti ona görə qüvvətlidir ki, Amerika universitetləri qüvvətlidir". Hocabəy də bu fikirdə olub ki, nümunəvi təhsil sistemi qurmadan güclü dövlət yaratmaq mümkün deyil. Professor Məmməd Novruzoğlu yazır: "Hocabəylə söhbətimiz zamanı universitetlərin ölkə üçün əhəmiyyətini əyani şəkildə göstərmək məqsədilə Almaniyanı və Yaponiyanı misal göstərdiyini xatırlayıram: "Almaniya və Yaponiya müttəfiq dövlətlər tərəfindən İkinci Dünya müharibəsində yerlə bir edildilər, ancaq çox qısa müddətdə Yaponiya da, Almaniya da sənayesini bərpa etdi, ayağa qalxdı. Bu gün Almaniya və Yaponiya dünyanın ən güclü iqtisadiyyatına malik olan, ən çox ixracatı olan ölkələrdəndir..., çünki Almaniyanın da, Yaponiyanın da fabrikləri, zavodları dağılsa da, universitetləri, ali təhsil sistemi yerində idi, məhv edilməmişdi. Bu universitetlərin yetişdirdiyi yüksəkixtisaslı kadrların sayəsində Almaniya və Yaponiya  qısa  bir zamanda sənayelərini, iqtisadiyyatlarını yenidən qurdular, ayağa qalxdılar" (s. 73-74).

Bu sözlər müasir Azərbaycan üçün də çox önəmlidir. Əslində, ulu şəxsiyyət İhsan Doğramacının 100 illik yubileyi ilə yanaşı, məni bu yazını yazmağa vadar edən başqa bir səbəb də məhz bunu vurğulamaqdan ibarətdir ki, müstəqil dövlətimizi daha da inkişaf etdirmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, qabaqcıl dövlətlər səviyyəsinə ucalmaq istəyiriksə, dahi şəxsiyyət İ.Doğramacının, bütövlükdə qardaş Türkiyənin zəngin təcrübəsini dərindən öyrənməklə ölkəmizdə təhsil sistemini yenidən qurmalıyıq.

 

Nəsir ƏHMƏDLİ

 

525-ci qəzet.- 2015.- 2 aprel.- S. 5.