"Qardaş qələmlər"in daha bir sayı

 

DƏRGİDƏ PƏRVİNİN "ANAR NƏSRİNİN GÖZ MUNCUĞU" YAZISI DƏRC EDİLİB

 

Bu yaxınlarda "Qardaş qələmlər" dərgisinin növbəti sayı nəşr olunub.

Dərgi bu il Türk Dünyasında İlin Ədəbiyyat Adamı seçilmiş Qırğızıstanın Xalq şairi Omor Sultanova həsr edilib. Jurnal O.Sultanovun şeirləri ilə açılır. Qırğızıstandan  İlgiz Aytmatov, Abdı Satarov, Baxtıgül Çoturova, Nurqazi Kemelbayev, Abdıcapar Egemberdiyev, Aydarbek Sarmanbet, Abdıkerim Muratov, Aman Saspayev, Arslanbek Maliyev, Mitalib Mamıtov, Qaqauz Yerindən Todur Zanet,  Türkiyədən Yakub Öməroğlu, İbrahim Türkxan   Xalq şairi haqqında düşüncələrini qələmə alıblar.

Dərgidə III Beynəlxalq Mahmud Kaşqarlı Hekayə Müsabiqəsinin İraq üzrə birincisi Kamal Bayatlının "Fəryad" hekayəsi jurnalın bu nömrəsində verilib.

Qazaxıstandan Rahimcan Otarbayevin "Amerikanın Milli Xəzinəsi" hekayəsi "Qardaş qələmlər"in bu nömrəsində oxuculara təqdim edilib.

Gənc yazıçı Pərvinin Xalq yazıçısı Anarın "Göz muncuğu" kitabına yazdığı önsöz - "Anar nəsrinin göz muncuğu" yazısı da jurnalın bu sayında dərc olunub: "Bütün yaradıcılığı boyu insanı anlamağa, onun ən müxtəlif hallarını, xarakterini açmağa, göstərməyə çalışan yazıçının axır vaxtlarda yazdığı "Göz muncuğu" povestindən (qəhrəmanın dilindən olsa belə) epiqrafdakı fikirləri oxuyanda diksindim. Yəni doğrudanmı mümkün deyil? Məncə, ədəbiyyatın ikinci adı "insanşünaslıq" ola bilər.

Əlbəttə, söhbət əsl ədəbiyyatdan gedir. İnsanı psixologiyanın, fəlsəfənin, sosiologiyanın köməkliyi ilə bu cür dərindən öyrənmək olar. Əgər başqa elmlər insanı hansısa şablonlar, trafaretlər, konkret kriterilər vasitəsilə öyrənirsə, ədəbiyyat bunu müxtəlif situasiyalar quraraq, daha fərqli yollarla edir. Eyni zamanda, ədəbiyyatın oxucuya estetik zövq verməsi göstərilən problemi, məsələni daha yaxşı qavramağa səbəb olur". P. Nurəliyeva hesab edir ki, Anar hər cür oxucu rəyinə, fikrinə alışmış yazıçıdır:

"Heç düşünmədiyi, nəzərdə tutmadığı məsələləri onun əsərlərindən tapa, üzə çıxara bilərlər. Bu mənada "Göz muncuğu" povesti oxucuya düşünmək, nəticələr çıxarmaq üçün geniş imkanlar yaradır.

Bütün yazdıqlarım mənim bir oxucu, həm yazıçının yaradıcılığına bələd olan tədqiqatçı kimi anladığım, duyduğum məsələlərdir. Ancaq bu əsərin yaxın uzaq gələcəkdə tənqidçilər, tədqiqatçılar tərəfindən fərqli şəkildə yozulacağını da istisna etmirəm. Əslində, elə əsl ədəbiyyat da budur! Müxtəlif fikirlər, polemikalar, mübahisələr doğuran ədəbiyyat...". Yazını türk dilinə Seyfəddin Altaylı uyğunlaşdırıb.

Türkiyədən Fəthi Gədiklinin "Çağımızın Əli Şir Nəvaisi: Doktor Cavad Heyət", Özbəkistandan Biruni Alimovun "Dünya mediasında Özbəkistanın imici" yazıları da jurnalın bu nömrəsində öz əksini tapıb.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 2 aprel.- S. 7.