"Azərbaycan"ın mart sayı işıq üzü görüb

 

Bugünlərdə "Azərbaycan" jurnalının builki üçüncü sayı çapdan çıxıb. Jurnalın "Poeziya" bölməsində Camal Yusifzadə, Sabir Sarvan, Həyat Şəmi, Nazilə Gültac, Sabir Yusifoğlu, Fərid Həsənzadə, Dayandur Sevgin, Göyərçin Kərimi və Nuranə Nurun şeirləri yer alıb.

Seyran Səxavətin "Qaçaqaç" roman-memuarının əvvəli və Mübariz Cəfərlinin "Halə" povesti dərginin "Nəsr" rubrikasında verilib.

Şairə Nisə Bəyimin 60 illik yubileyi münasibətilə şeirləri dərc olunub.

"Anar belə dedi"  mövzusunda keçirilən dəyirmi masada Xalq yazıçısı Anarın "Göz muncuğu" povesti müzakirə edilib. Əsəd Cahangirin moderatorluğu ilə keçirilən debatda akademik İsa Həbibbəyli, professor Nizami Cəfərov tənqidçi Nərgiz Cabbarlı iştirak edib.

Əkbər Ağayevin 100 illiyi münasibətilə professor Vaqif Yusiflinin yazdığı "Ustad tənqidçi, gözəl tərcüməçi" adlı yazısı da jurnalın bu sayında təqdim olunub.

Şairlər Qəşəm Nəcəfzadənin "Şəkillər" Əli Rza Xələflinin "Sözün ucalığında" məqalələrində İsa İsmayılzadə ilə bağlı xatirələr qələmə alınıb, yaradıcılığı təhlil edilib.

Elnarə Akimovanın "Müasir poeziyada çöküş fəlsəfəsi" Asif Rüstəmlinin "İstiqlal poeziyamızın Dahisi" yazıları jurnalın "Tənqid ədəbiyyatşünaslıq" bölümlərində oxucuların ixtiyarına verilib.

Günay Qarayevanın "Gözəl dünyadı, vallah..." yazısında Xalq şairi Fikrət Qocanın bu yaxınlarda işıq üzü görmüş "Seçilmiş əsərləri" ilə bağlı fikirləri öz əksini tapıb.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 2 aprel.- S. 7.