Təmiz duyğular, dərin fikirlər şairi

 

Yaşadığımız həyatda baş verən hadisələrin əsl mahiyyətini duyub, süzgəcdən keçirib, içəridən yaşayıb ürəyinin isti kürəsində bişirməklə ona ilmə-ilmə solmaz qəlb oxşayan naxışlarla poetik nəfəs vermək, sözün həqiqi mənasında şairdən bədii fikir, söz sahibi kimi ustalıq tələb edir.

Elə bu mənada Xalq şairi Nəriman Həsənzadənin şeirin yaranma səbəbləri ilə bağlı fikirləri olduqca maraqlıdır. O yazır: "Həyata bir anlıq fəlsəfi məna ilə baxanda , əlbəttə, tamamilə başqa- başqa qanunları qanunauyğunluqları olan qəribə paralellər görürük. Yerin altı da belə təsir oyadır. Orada da yerin layları olur.Elə laylar var ki, başdan-başa sərvətdir. Elə laylar da var ki, hey qazırlar, bir şey çıxmır. Amma çoxluca xərc aparır. Bəlkə bu mənada şair özü təbiətdir. Onun da günəşli, buludlu, yağışlı vaxtları olur. Göylər kimi açılıb-tutulur.

Çaylara qarışıb axır, küləklərə qovuşub əsir, şam kimi əriyir". Oxucunu bir anlıq düşünüb- daşınmağa sövq edən maraqlı müqayisədir. Elə deyilmi? Əlbəttə, xalq şairinin bu müdrik kəlamı, fikirləri ilə Ağasən Bədəlzadənin şeir yaradıcılığı arasında bir " yarlıq" paralellik var. Məhz buna görə fikirlərimiz demək olar ki, üst-üstə düşür. Yəni xalq şairinin fikirlərinin elementlərini  A. Bədəlzadənin şeirlərinin üst alt qatlarında görmək olar.

A.Bədəlzadənin şeir yaradıcılığında diqqət çəkən başlıca cəhətlərdən, amillərdən biri başlıcası bizi rahatsız edən hadisələrin mahiyyətini duyub ona poetik nəfəs vermək bacarığıdır. O, bir şair kimi sözə sığınıb ona assosiativ məna vermək üçün sözaltı, misraltı fikirlərini bir çox hallarda önə çəkir. Ona görə ki, onun şeirlərinin mayasında reallıqla yoğrulan həyatı hadisələr durur. O, bu reallığa söykənib mikro makro mühitini şair məninin süzgəcindən keçirir.

Ədəbiyyatşünas alim, özünü lap çoxdan şair kimi tanıdıb-tanıtdıran filologiya üzrə fəlsəfə doktoru , professor Ağasən Bədəlzadənin sayca səkkizinci olan "Hələ yaşamağa dəyər dünyada" ( Bakı, "Təhsil elm" nəşriyyatı, 2014) kitabı onun uğurlu bədii axtarışlarının nəticəsidir.

Şairin kitabda yer alan şeirlərindəki lakonik fikir incə lirizmə gətirib çıxarır. Onun şeir dilinin sadəliyi , axıcılığı nəticədə oxucu ilə təmasda heç bir çətinlik yaratmır. Onun şeirlərinin arxitektonikası bir qayda olaraq çox sadə anlaşıqlıdır. Bu şeir üçün vacib olan cəhət ondan irəli gəlir ki, o bir şair kimi şeirin mizan ölçülərini zərgər dəqiqliyi ilə ölçüb-biçir. Bu da heç şübhəsiz ki, onun şeir yaradıcılığına bir sanbal gətirir yüksələn xətt üzrə inkişafda olduğunu bir daha özünü göstərir.

A.Bədəlzadənin şeirlərinin mövzusu rəngarəngliyi təzəliyi ilə daha çox diqqəti çəkir. Xüsusilə, şeirlərində insana, onun varlığına inam hissi güclü təsir bağışlayır. Nəticədə insanı yaşadan , onu mənən silkələyən ümidə bağlayıb yaşamağa sövq edən başlıca vasitəni - istinadgahı əsas amil kimi qələmə alan şair,əlbəttə, haqlıdır.

 

Üzülən ürəyin lap son ümidi,

Seldən güclü olar, qılıncdan iti,

Ümiddən büt yarat, qırma sən bütü,

Hələ yaşamağa dəyər dünyada.

 

Birmənalı olaraq Ağasən bu qəbildən olan şeirlərinin əksəriyyətində dünyanın əşrəfi olan insana xas olan meyarlara, ölçülərə özünün şair prizmasından baxır. O, ona görə " ümumən dünyadan", " özü üçün yaşayan insan", "yaratmaqçın yaşadır bizi", " mən əl tutum", " yerim boş qalacaqsa" aforizm xarakterli ifadələri təsadüfi işlətmir.

 

Borcunu sanırsa, əməli başqa,

Elə layiq olub yaratsın ilham.

Ölsəm,əgər yerim boş qalacaqsa,

Bu dünya evində nəyə lazımam?

 

Məhəbbətə ali hiss, duyğu kimi baxan şair onun nisgilini, hicranını hər an yaşamalı olur. Onun bir qayda olaraq məhəbbət mövzusundakı şeirlərində şair məninin sıxıntısı var. Şairin dünyasındakı nakam sevginin qəm, kədər notları onun mənəvi dünyasında silinməz izlər buraxdığından bəzən o, öz dayaq nöqtəsini itirməli olur.

 

Dərdə qurban oldum qurban deməkdən,

Qəlbimin telləri düşübdür kökdən.

Yolub çiçək kimi atdım ürəkdən,

Yenə ürəyimdə göyərdi eşqim.

 

Ağasənin şeirlərinin çoxunda vətənə sevgi, bağlılıq duyğuları öndədir, bunlar onun yaradıcılığının leytmotivini təşkil edir. Vətənə məhəbbət şairin şeirlərinin canına, qanına hopub.

 

Çarəsiz dərd ilə ürək yüklənir,

Min adam içində adam təklənir.

"Vətən, Vətən!"- deyə dil köpüklənir,

Köpüklər altında Vətən görmürəm!

 

Onun nisgillə, hicranla, vüsalla yoğrulan şeirlərində bir insan ömrünün müəyyən anlarında keçirdiyi sarsıntıları incə ruhlu şairin daxilindən gələn monoloqudur.Bu monoloq duyan, dərk edən bir insanın dünyasının lay qatlarını açır. Odur ki, şair bu insanın " mənindəki"ovqatı tünd boyaların fonunda şairanə bir dillə poetikləşdirir.

 

Baxtım da, taxtım da bundan sonra sən,

Uydurma xəyala daha hacət.

Gözümün önündə dura-dura sən,

Nəyimə gərəkdir məchul səadət?

 

A. Bədəlzadənin ithaf xarakterli şeirlərində bütövlüyün pozulmayan bir harmoniyası var. O, ataya, anaya başqalarına həsr etdiyi şeirlərində çeşidli, qanadlı sözlərdən yetərincə dəyərinə görə istifadə edib ki, bu vacib cəhət oxucuda xoş, bəzən onu içəridən silkələyən duyğular oyadır. Xüsusilə, atalara həsr etdiyi şeirdə "ömrü göy əskiyə bükdü atalar", "alnında şum saldı dərdin kotanı" , " gözündə canının odu göründü", " həm budaq, həm ki kökdü " - deyən şair ataların çiynində ürəyində ağır yük daşıdığını şairanə bir dillə vəsf edir, sözün cazibə qüvvəsindən sehrindən məharətlə istifadə etməklə ataların canlı obrazını yaradır.

 

Şairin yaradıcılığında miniatür şeirlər özünəməxsusluğu ilə daha çox diqqəti çəkir. O, bir qayda olaraq bu tipli şeirlərində poetik fiqurlardan ustalıqla istifadə edib canlı cansız varlıqlara sanki yeni həyat tərzi verir. Odur ki, o , belə şeirlərində sözlərdən zərgər dəqiqliyi ilə istifadə edib onları obraz səviyyəsinə qaldırır.

 

Ürəyin özünün duyğusu yoxsa,

Ürəyə kənardan qıcıq lazım.

Qaranlıq quyunun suyu yoxdusa,

Bu susuz quyuya işıq lazım.

 

Yaxud:

 

Nədir bu gərdişdə görən bu adət,

Dünya həm dolanır, həm dolandırır.

Kimini dünyada sevinc, səadət,

Kimini dünyada qəm dolandırır. 

 

Ağasənin şeirlərində həyata iti bucaq altından baxışı bilavasitə özünə xas olan xüsusiyyətləri ilə daha çox seçilir yadda qalır. Bu mənada o, yaşadığı hadisələrin mahiyyətinə baş vurub ürəyinin işığında ona poetik nəfəs verir. Onun bir qayda olaraq ana torpaqla bağlı şeirlərində həssas qəlbli şairin fikir düşüncələrinin poetik hədəfi oxucunu içəridən silkələyir.

 

Torpağam, bilirəm bunu o başdan,

Can oldum ki, hələ çöl-bayır görüm.

Ayırmaq asandır torpağı daşdan,

Torpağı torpaqdan gəl ayır görüm.

 

O, bir şair kimi gəlimli- gedimli, enişli-yoxuşlu dünyanın qəm pəncərəsindən baxıb həyatının dolanbac yollarına nəzər salır. Ömrünün- gününün müdrik anlarını yaşayan şair bir növ öz-özünə hesabat verməli olur. O, bu ağrılı-acılı günlərini daxilən yaşamaqla sanki məğrurcasına oxucuya bənzərsiz, təmənnasız ömür yolunu açıqlayır.

 

Baş ağardı, günlər məni qocaltdı,

Qəm güc gəldi, ürəyimdə güc artdı.

O yerdə ki, qəm başımı ucaltdı,

Sevincimi qəmə satdım başabaş.

 

A.Bədəlzadə şeirlərinin arxitektonikasında güclü ritm ahəng var. Bu ritmin, ahəngin yaranmasında heç şübhəsiz ki, məcazların böyük rolu var. Əlbəttə, əvvəldə göstərdiyimiz kimi onun şeirlərinin təsir gücü əsasən şeir dilinin sadəliyindədir.

 

Bu gün neçə-neçə monoqrafiya, elmi publisistikaya aid məqalələrin müəllifi olan professor A.Bədəlzadənin səkkizinci kitabı bir daha onu göstərir ki, onun həm elmi, həm şeir çələngi ilə hörüləcək yaradıcılığı hələ qabaqdadır.

 

Teyyub MƏNSİMOĞLU,

Əziz AXUNDOV

 

525-ci qəzet.- 2015.- 2 aprel.- S. 7.