Bahar gəlir
Yazdı, quş-quşu çağırır,
Tumurçuq bala çıxarır.
Yeri dardı arx çığırır,
Ot-ələf basır çığırı
Bahar gəlir!
Günəş isidir dağ-daşı,
Sarmaşıq şaxa dırmaşır.
Külək çalır saz qamışı,
Saz dimdiyidir hər quşun,
Bahar gəlir!
Quruyur yolda palçıqlar,
Köçür dağa alaçıqlar.
Alışır köhnə ocaqlar,
Bir yaş bürüyür uşaqlar!
Bahar gəlir!
Günəş yerə açır qucaq,
Göydə buludlar da ağ-ağ!
Külək rəvan, meh yumuşaq,
Qış bu eldən düşür qaçaq!
Bahar gəlir!
Səndən heç nə istəmirəm
Bir sən olasan, bir də mən,
Səndən heç nə istəmərəm!
Ölüm istərəm əcəldən,
Səndən heç nə istəmərəm!
Susuzluqdan
yanar canım,
Quruyar damarda qanım!
"Tökər qan
çeşmi giryanım!
Oyadar xəlqi
əfqanım!"
Sən ey dənizlər sultanım,
Səndən bulaq istəmərəm!
Səndən çeşmə istəmərəm!
İstəsəm qaynar ağuşlar,
Dolana boynuma saçlar,
Qarışa ağıllar, huşlar!
Gəlsin baş-başa qaşların.
Od püskürsün
baxışların!
Sel-sel axsın göz yaşların!
Yağdır başıma yağışlar.
Qoy məni yaxsın atəşlər,
Sönsün gözümdə günəşlər.
Gözlərin köksümə xəncər,
Sözlərin qəlbimə şeşpər!
Səndən heç nə istəməsəm,
Tökülər başıma daşlar!
Dondurar yazımı qışlar!
Çəkərəm şövqümə neştər.
Yetər
sona bu təşvişlər
Səndən heç nə istəmərəm!
Ah, nə dedim, nə danışdım,
Əqlim qaçdı, mən də çaşdım.
Bilirsənmi nələr olar
istəməsəm, -
Sevinclərim kədər olar,
Bal ağzımda zəhər
olar,
Dünya mənə məzar olar.
Səndən heç nə istəməsəm,
Qan-yaş tökər oynaq
sazım!
Şaxtalarda donar yazım!
Candan ayrı
boş nəfəsəm.
Səndən heç nə istəməsəm,
Quşları uçmuş qəfəsəm.
Batil olmaz dəstəmazım,
Cayız
sayılmaz namazım!
Quruyar dilimdə sözüm,
Boğular nəfəsdə səsim!
Səndən heç nə istəməsəm,
Yarıinsan, yarım kəsəm,
Öz içimdə batan səsəm!
Səndən heç nə istəməsəm,
Tanrı
mənə qənim olsun!
Allah məni istəməsin!
İnsafa
gəl iki gözüm,
Sən xan əslim mən qul Kərəm.
Hər əmrinə
müntəzirəm.
Naz verərsən, naz çəkərəm,
Bir nazını
yüz çəkərəm.
Sən sərdarsan, mən əsgərəm!
Sən bağçasan,
mən çəpərəm.
Sən yıxarsan, mən tikərəm,
Sən gövhərsən,
mən zərgərəm.
Sənsiz
yazı donmuş qışam,
Sənsiz qanadsız bir quşam.
Sənsiz
Məcnunidir ağlım,
Sənsiz
səhravidir huşum!
Qəlbimi mizrab eləyib,
Səni
saz kimi çalaram!
Belə qadanı alıban.
Səni
qoynuma salıban,
Səni duz kimi yalaram.
Doydum deməz, bəs demərəm
Amma səndən,-
Səndən heç nə istəmərəm!
De, necə çıxım
felindən?
As məni zəncir telindən!
Zəhər ver içim əlindən,
Öldür deyirəm, inanma!
Gəl,
yıxma bu zirvələri
Təməlindən,
Ayırma
çayı selindən
Üzmə mizrabı telindən.
Canım
çıxdı can deməkdən.
Bir dəfə can eşitmədim,
O qurumuş dillərindən!
İlan
vurmuş dilləridən!
Hansı
Məcnun bir gün gördü
Leylaların gözəlindən?!
Zəhər ver içim əlindən -
Səndən heç nə istəmərəm.
Yusif, dəryadı səbrimiz,
Hər möhnətə
dözərik biz.
Nola bir düşə qəbrimiz,
Məzarda yox,
Yar qoynunda, o cənnətdə,
Sinə
boyu, qol boyunca,
Sən doyunca, mən doyunca.
Aşkar
öpüşə qəlbimiz,
-
Odlara düşə
qəlbimiz.
Bir ocaqda külə dönsək,
Uf demərəm,
Ancaq səndən,
Səndən heç nə istəmərəm.
Sən xoş nəfəssən sinəmdə,
Ağrıma səssən sinəmdə.
Həsrətinlə hey alışan,
Şövqsən, həvəssən sinəmdə.
Canım
çıxsa bu yollarda,
Cana əvəzsən sinəmdə.
Könül min bir eşqə
düşər,
Sən müqəddəssən
sinəmdə.
Bir sazın iki simiyik,
Sən zildəsən, mənsə
bəmdə!
Amma ey yar!
Səndən heç nə istəməsəm.
Oxdan çıxar çərxi-aləm,
Gözüm ağlar zülüm-zülüm.
Kəsilsəm də dilim-dilim,
Ətəyindən qopmaz əlim,
Son nəfəsdə, son sitəmdə,
Sən
dən səni istəsəm də,
Səndən heç nə istəmərəm!
Məhəbbət şirin acıdır
Kipriklərin arfanın
Cəngilərə köklənmiş simləri
kibi, -
Tarım
əsəbi!
Qiyam-qovğa, savaşdı, -
Qəzəblənmiş əsəblərin nəsibi.
Kipriklərin Naqasaki səmasının
Donmuş yağış simləridi.
Çuxura düşmüş gözlərin,
Amerikanı açmadığı düşünən Kolumbun,
Batmış gəmiləridi.
Yanağına çırpılır barmaqların,
Döyülür adam əti yeyənlərin təbilləri.
Kipriklərin, - neştərlər, -
Dəmir-nizə çəpərlər!
Kipriklərin göz çıxaran
cəlladın,
Mizraqları, milləri
Amandı,
qoy o simlər
Qırpılmasın, çırpılmasın!
O arfa səslənməsin.
Çalıb-oxuyum,
Varlığını bayram edim.
O səs yoxum, o səs kəsin!
Amma
Allah eləməmiş
O kipriklər qırpılsa
Evimizdə bir Vezuvi vulkanı
başlar.
Tökülər başımıza
Naqasakini
külə döndərən
yağışlar!
Harda batmısan,
Harda yatmısan bəs,
Xərçəngin nüsxələrini
yazan,
Spidin su kimi duru,
Sədəf kimi quru həblərini
Genlərimizə,
Qanlarımıza düzən,
Ulu Pifaqor?!
Ey ürəyi daş,
Qulağı kar, gözü
kor!
Bəs hanı
Qısqanclıq mərəzinin dərmanı?!
Qaytar Otellosuna Dezdomonanı.
Özünü qayadan atan
Xuramanı qaytar geri.
Vaqifin durna misralarıyla
Qaqqıldaşsın Kür sahilləri.
Bir səda gəldi!
Bu sahədə çalınsa
da, tonqallarda alışsa da,
Asılsa
da, kəsilsə də
Neçə-neçə alim, doktor.
Soruşmayın, gözləməyin
Qısqanclıq mərəzinə əlac
yoxdur.
Qısqanclıqla məhəbbət
Ekiz bacıdır.
Qısqanclıq acılığı da
Məhəbbət şirinliyindən gələn
acıdır.
Qocalar tələsmir
Alnım
qırış-qırış, sanki xış kəsib
Basır
kipriyimi codlaşan qaşım!
Qamətimi elə hey dikəltsəm
də,
Qurşaqdan yuxarı qalxmayır
başım!
Cantaraqdım, indi lümək
olmuşam,
Pencəyin ətəyi dizimə çatır.
Dindirən ki, yoxdu, pəltək olmuşam,
Ha qışqırım, səsim
özümə çatır.
Oturmaq asandır, durmaq müsibət,
Beldə taqət hanı, dizdə güc hanı?
Cibdə
nə qəpik var, nə də
ki konfet
Nəvələr saymırlar kasıb
babanı!
Çinar qamətliydim, əyri
vələsəm
Budaqlarım qırıq, kölgəm
də cılız.
Get-gedə soyuyan, itəm bir səsəm,
Bir qərib
bəstəyəm sözsüz,
mahnısız.
Əlim
nağaraçı əlidi
sanki
Elə
hey çırpınır taxta sinəmə!
Qaşığı ağzıma qoya bilmirəm,
Çəngəlin dişləri batır çənəmə.
Kimsə nəsə deyir, mən eşitmirəm.
Eşitmədiyimdən nə qanım axı!
Üzlərə gülürəm saxta
gülüşlə
Ruhumu sarsıdır riyakarlığım!
Aramır,
əl tutmur bir qohum mənə,
Amma çox
əlsizə əl yetirmişəm.
Bu yolda xərclənib qızıl ad-sanım,
Kimlərsə qazanıb, mən itirmişəm.
Ömrə şan-şöhrətdi qocalıq çağı,
Di gəl, çək
bazara qəpiyə getməz.
Nahaqca korlama balı,
qaymağı,
Səndirin cücərməz, əkdiyim
bitməz.
Qocalıq bir tacdır, hər baş saxlamaz,
Can qurban o taca, layiq hər kəsə!
Qocalar
ölməyə heç
vaxt tələsməz,
Yorğunluq, xəstəlik tələsdirməsə!
Dənizdə fırtına var
Gecə
üzür, səhər
üzür,
Axşam üzürük.
Nə bir körpü,
Nə bir liman!
Səmanı qasırğa şıxmalayır,
Dənizi
tufan!
Fəlakətdən qurtulmağın
Aman yeri
Dəryada bir saman axtaran gözümüzdən
Gecələrin külləşmiş kəhkəşan küçələrini
Düşür cılğam - üzürük!
İlahi,
kaş o dəniz təkimə işləyən
Burulğan kahasından,
Qırğı-qırçın ləpələrin
halqasıyla düymələnmiş
Üfüqlərin yaxasından,
Sıçrayıb boylana
Ulduzlana,
Aylana,
Yolumuza zərrə-zərrə paylana
Gözəl Kleopatranın güzgüləndiyi
Aleksandriya mayakı!
Bəlkə Ərəb dənizi
sahilində
Qaçqınların gözlərinin
yağıyla alışa,
Ələddinin çırağı!
Ya təpəsində bələk-leyləkləri
ağaran
Lümlüt bir ağac!
Ya kəhər buludların belində
Qırmızı zollar açan şişmək-qırmaç!
Kövrəldik, daraldıq,
Bir sahil yoxluğundan!
Boz buludlar yamyaş lavaşlar kimi asıldı
Şəfəqlərin oxlovundan!
Traktorun
dəmirdiş təkərləri
kimi,
Don Kixot dəyirmanının
Dəvəqıç pərləri kimi
Diyirləndi üstümüzə dalğalar,
Coşdu dəniz.
Şahə qalxıb yanı
üstə başımıza
aşdı dəniz!
Başdan-başa xofdu, təlaşdı
dəniz!
Fəqət neçə sənələr
əvvəl, -
Döyənəkli əlləri daş-dəmir
dişli vəl,
Çiynində dəyirman daşları
gəzdirən divlərin,
Qorxu, hürkü bilməyən
Təpəgöz köntövlərin,
Belə
dənizlər topuğundan,
Ümmanlar dizindən olub.
O cəsurların zəfər şarkılarını
Dənizin dalğa simlərində
Kaman küləklər çalıb!
Bosforun "Qız qülləsi" zirvəsində
Heykəl kimi ucalıb.
Ey insanlar, ey sükutun
tabutuna
gömülmüş cahanlar!
Oyanın,
-
Ağ dənizdə fırtına
var!
Fırtınalarla durulur dənizlər,
aydınlaşır səmalar-deyən
Böyük Nazim Hikmət gəldi gözüm önünə.
Ürəyində infarkt yanğısını
daşıyan
Və yanğılar içində
"Mən yanmasam" bağıraraq
Kərəm cəsarətini yaşayan
Şair,
millətini "Günəşi
içənlər"in cərgələrinə
Qoşmağa çağırırdı.
Nazim Hikmətin
Çiynində dəyirman daşları
gəzdirən
Divlərlə,
Qorxu bilməz Təpəgözlərlə
Qarışığı vardı!
Yusif HƏSƏNBƏY
525-ci qəzet.- 2015.- 2 aprel.- S. 8.