Eşitdiyim və gördüyüm Yaponiya...

 

 

 

Qərb mədəniyyətinin təzahür etdiyi şəhər - KOBE

 

“Sumadera məbədi

Qaranlıq ağaclar altında

Fleyta çalır öz-özünə”.

 

Basyo

 

Bu məşhur yapon hokkusunda bəhs edilən Sumadera məbədi də elə bu gün gedəcəyimiz Kobe şəhərindəki saysız-hesabsız qədim tarixi abidələrdən biridir.

 

Yaponiyada sərnişinlərə istər yaxın, istər uzaq yolçuluqlara hər növdən nümunəvi xidmət üçün gen-bol rahatlığı olan nəqliyyat vasitələri vardır. Dümdüz yollarda sərnişinin tükünü belə ürpətməyən rəvan yürüyən rahat avtobuslar, ölkənin böyüklü-kiçikli bütün adalarından qalxıb-enən təyyarələr, uzaq əsrlərdən bu yana üzüb gedən sallar, bərələr indi isə elə baxana da xoş ovqat bəxş edən kayutları adamların arxayın gediş-gəlişinə hesablanan gəmilər. Ancaq biz Kobe şəhərinə yaponların səyahət üçün daha çox xoşladıqları,bəzən elə hətta əylənmək üçün də üz tutduqları ən etibarlı nəqliyyat vasitəsi olan  qatarla yola düşdük.

 

Kobe şəhəri Tokiodan təqribən 600 km məsafədədir. Oradan isə ölkənin keçmiş, qədim paytaxtı Kiota şəhərinə yollanacağıq.

 

Yaşıl vaqonla (Bizlərdə “lüks” VİP dediyimiz sərnişin vaqonlarına Yaponiyada “Yaşıl vaqon” deyirlər) 9 saylı ekspress qatarı ilə 600 km-lik bu yolu 2 saat 50 dəqiqəyə gedəcəyik. Əlli il bundan əvvəl tikilən bu yollarda qatarın maksimum sürəti saatda 330 km-dir. Bizim sərnişini  olduğumuz qatar isə bu səfərimizdə saatda 280 km sürətlə hərəkət edəcək.

 

Qeyd etdiyim kimi, iki gün öncə bu ölkənin ikinci böyük şəhəri Yakahamoda olmuşduq. Tokiodan Yakahamoyacan olan 30 km-lik yolu avtobusla 40 dəqiqəyə qət etmişdik. Bu gün isə bu iki şəhər arasındakı yolu 10 dəqiqəyə keçib getdik. Olduqca rahat olan belə sürət qatarlarına yaponlar “Şinkansen” deyirlər. Onların təbirincə də bu söz - “güllə qatar”ı deməkdir.

 

Hər şeydə bir məna, bir ahəng axtarır yaponlar. Bir zamanlar bu ölkənin elə adı da Yamata olub ki, bu da “ahəng” anlamını verir.

 

Ümumiyyətlə,”yerüstü” nəqliyyatla uzaq yol getməyin bir özəlliyi də bu olur ki, sanki keçib getdiyin yerləri həm də səyahət edirsən, görür, tanış olursan. Yaponiyada şəhərlər, qəsəbə və kəndlər bir-birinə sanki zəncirin həlqələri kimi bağlanıb. O həlqə yalnız sərt dağlarda, zirvələrin bağrını yarıb keçən tunellərdə və bir də bəzən qısa bir məsafədə, çəltik zəmilərində qırılır. Sonra yenə də birləşir və uzandıqca uzanır. Bax, elə bu özü də bir ahəngdir!

 

Düşündükcə anlayıram ki, nəyə görə yaponlar daha çox dəmiryol nəqliyyatı ilə hərəkətə üstünlük verirlər. Etibarlılıq öz yerində, həm də vaxt, zaman qazanır, ona qənaət edir, bir də öz ölkələrinə sanki səyahətə çıxırlar.

 

“Şinkansen”, “güllə qatar”la bu yolçuluğumuz elə bizim üçün də çox maraqlı səyahət, xoş təəssüratlarla dolu gəzinti, bu ölkə və onun insanları ilə canlı bir ünsiyyət oldu.

 

Yol boyu sıx meşələrlə örtülü yaşıl dağlar yolçuya əl eləyir. Şəhərlər istisna olmaqla, harda kiçik yaşayış məntəqəsi varsa ətraf ərazisi çəltik plantasiyalarıdır.

 

Yolüstü Yaponiyanın dördüncü böyük şəhəri sayılan Naqoyadan da keçdik. İki gün əvvəl isə Yakohamadan Naqoyaya yola düşən sərnişin gəmisini  seyr etmişdik. Bu şəhərdə “Mitsubişi”, “Toyota” şirkətlərinin avtomobilləri yığılır.

 

Hər yerdə olduğu kimi, bu ekspress qatarda da səyyar ticarət (iaşə) xidməti var. Soyuq çay, su ya da isti kofe,hətta spirtli içki də sifariş etmək olar (mən isti kofe alıb içdim).

 

Qaldığımız otelin restoranında ötən axşamdan Elxan müəllimin (Şəki) təşkilatçılığı ilə bizdən ötəri yola, səhər yeməyi üçün, qoyulmuş bağlamaları açıb qəlyanaltı da elədik. Qəribə burasıydı ki, ekspress qatarda ortaya çıxan zibilləri tullamağa heç bir qutu gözə dəymirdi. Belə görünürdü ki, bu məqsəd üçün yer ayrılmayıb. İçdiyimiz kofenin boş qutusunu belə torbaya qoyub düşəndə özümüzlə götürüb uyğun bir yerə tullamaq barədə düşünürdüm. Təmizliyin, yüksək səliqə-sahmanın yolda, küçədə, daxil olduğun binada, məişət obyektlərində, bir sözlə, hər yerdə ideal səviyyədə gözlənildiyi ölkədə qatarlarda tullantı üçün yer ayrılmaması mənə qəribə gəlirdi. Orasını da deyim ki, küçələrin, meydanların, günün hansı vaxtında və necə süpürülüb yuyulduğunu orada olduğumuz on gün müddətində bircə dəfə də olsa görüb müşahidə edə bilmədim. Bəlkə də yaponlar yerə heç nə tullamırlar deyə o sarıdan özəl yozumlarım da oldu. Keçib getdiyin yollar, səkilər o qədər təmizdir ki, heç ayaqqabını silməyə də ehtiyac duymursan.

 

Qərəz, sərnişin qatarında vaqonlarda zibil atmaq üçün şəraitin nəzərə alınmaması barədə “təlaşım” əbəsmiş. Demə, bu ölkədə qatarlarda tər-təmiz döşəməyə belə kağız və sair tullantı atmaq heç də pintilik və səliqəsizlik sayılmırmış. Əksinə, heç demə, bu dəmiryol ilə sərnişindaşımanın təməlindən başlanğıcı qoyulan bir ənənəymiş. Qatardan düşhadüşdə, vaqon xidmətçisinin əlində torba kayutların arasıyla tör-töküntünü toplaya-toplaya bizə doğru gəldiyini gördüm. Səfirliyin nümayəndəsi sevimli Rövşən müəllimin deyəsən diqqəti məndəymiş. Tör-töküntülərin yerləşdirilməsi barədə məəttəlçiliyimi bayaqdan bəri hiss edib görürmüş. İndi o, mənə:

 

- Zibil barədə narahat olmağa dəyməz, burada, qatarlarda ən çirkli şeyi döşəməyə, xalının üstünə tullasan belə, qəbahət sayılmaz (bu uzun bir əhvalatdır və yeri gələndə davam edəcəyəm).

 

Yapon xidmətçiləri üçün müştəri sanki tanrı timsalındadır. Müştəri ilə o qədər nəzakətlə davranırlar ki, heyran qalmaya bilmirsən. Vaqon bələdçisi hər birimizə ehtiramla yaxınlaşaraq gediş  biletlərimizi yoxladı. Elə şirin-şirin gülümsəyirdi ki! Aradan təqribən bir saat keçəndən sonra bələdçinin məndən öncəki salonda sərnişin yoldaşımın biletinə baxdığını gördüm. Bir gedişdə bələdçinin təkrar biletləri yoxlamasına heyrətlənsəm də, həm də sevindim. Sevindim ki, bu gözəl yapon qızının mənə tuşlanmış şirin-şirin gülümsəyən gözlərini, gözəl çöhrəsini, təbəssümünü bir də yaxından görəcəm. Mənimlə yanaşı oturan səfirliyimizin əməkdaşı Rövşən Mirzəyev dolaşıq fikirlərimə aydınlıq gətirdi. Sən demə, az əvvəl o gənc xanım bizim biletlərimizə baxanda qarşı kayutda oturan yol yoldaşımız yatıbmış. Bu səbəbdən də bələdçi onu oyadıb narahat etməyib. İndi yuxudan ayıldığını görərək, yaxınlaşıb öz vəzifəsini icra edir, “bəxtəvər” dostumuzun üzünə gülə-gülə onun gediş biletini qeydə alır.

 

lll

 

Kobe şəhəri Yaponiyanın Hönsü yarımadasında yerləşir. Hyogo prefekturasının inzibati mərkəzidir, qədim tarixə malik bu liman şəhərinin təməli eramızın 201-ci ilində qoyulub. Çox maraqlı şəhər sayılan Kobe Yaponiyanın ən gözəl 3 şəhərindən biridir. Şəhərdə hazırda 1,6 milyon nəfər əhali yaşayır. Hələ ilkin orta əsrlərdə Kobe Yaponiyanın əsas dəniz portlarından biri, xarici ticarət mərkəzi olub.

 

Şəhərin cənubu okean, şimalı dağdır, bir tərəfi Sakit okeana, digər tərəfi isə Yapon dənizinin sahillərinə söykənib.

 

Hönsü yarımadasında yerləşən Kobe şəhərinə xəritədə baxanda okeana açılması ilə mavi Xəzəri bağrına basıb onu qucağında sıxan doğma Bakımız, Abşeron yarımadası yada düşür.

 

Yaponiyada dünyada birinci, necə deyərlər, ilkin olan çox şeylər vardır. Elə bunlardan biri də Kobe şəhəri ilə Avaci adalarını birləşdirən 1990 metr uzunluğundakı Akaşi-Kaikyo körpüsüdür.

 

Ölkənin mərkəzində, dəniz sahilində yerləşməsi, mülayim iqlimə, dərin axan sularla əhatə olunması Kobeni liman şəhəri kimi məşhurlaşdırıb. 1868-ci ildən Kobe beynəlxalq ticarət limanıdır. Elə bu liman şəhəri vasitəsi ilə də qərb mədəniyyəti Kobeyə - Yaponiyaya qədəm basıb. Beləcə Kobe qərb mədəniyyətini tətbiq edən ilk yapon şəhəri olub.

 

Bu əhəmiyyətli liman şəhəri həm də ölkənin mühüm sənaye və yüksək texnologiyalar mərkəzidir. Kobedə metallurgiya, mühəndislik, hərbi, kimya, həmçinin toxuculuq sənayesi inkişaf etmişdir. Şəhər ayrı-ayrı 9 rayondan ibarətdir.

 

XIX əsrin ortalarından şəhər ölkənin modernləşdirilməsi, sənaye və süni mirvari istehsalının əsas mərkəzindən birinə çevrilib.

 

Kobe həm də gündoğar ölkənin uzaq əsrlərdən gələn mədəni irsini özündə yaşada-yaşada getdikcə onu daha da zənginləşdirən mühüm mədəniyyət mərkəzlərindəndir. Bu yerlər yapon xalq ədəbiyyatının nadir incilərinin beşiyidir. “Genci əfsanələri” (IX-X əsr) və “Taiheyki” (XIV əsr) eposunun da vətəni elə bu region, Kobe şəhəridir.

 

Kobe əhəmiyyətli dini mərkəz olub. Məşhur “Üç müqəddəs”: - İkuta, Nagata və Minatogava Şinto ziyarətgahları da bu şəhərdədir.

 

lll 

 

Yaponlar özlərinəməxsus döyüş ənənələri, əsgəri rəşadətləri,cəngavər, əsilzadə kişilərə xas olan qürur və ləyaqəti ilə də məşhurdurlar. Kobelilər isə tarixdən   məlum olan Hauke və Genci tayfaları, qəbilələri arasındakı döyüşlərin şöhrətini, tarixini əbədiləşdirərək həm də əfsanəyə çeviriblər.Bu gün də o döyüşlərin şöhrəti ilə qürurlanır, özlərini şərəfləndirirlər. Şanlı İçi və Toni döyüşü də eləcə.

 

Kobe həm də Yaponiyada caz musiqisinin, kino sənətinin yarandığı yerdir.Yaponiyada ilk caz orkestri 1923-cü ildə Kobe şəhərində çıxış edib.

 

Yaponiyada ilk futbol komandası “Kobe Regatta” və “Atletika” klubu da 1870-ci ildə bu şəhərdə yaradılıb.

 

Burasını da qeyd edim ki, Yaponiya dünyanın tək-tük monoetnik dövlətlərindəndir. Ancaq ölkədə az da olsa əcnəbilər də yaşayır. Onların da sayı ölkə əhalisinin cəmi bir faizi qədərdir. Bu əcnəbilərin də əksəriyyəti Yaponiyaya yaxın olan koreyalılar və bu gündoğar mədəniyyətinin inkişafında əhəmiyyətli rolu olan çinlilərdir.

 

Kobe limanı vasitəsilə Yaponiyanın dünya ilə ticarət əlaqələrinin genişlənməsində çinlilər bir körpü olsa da, yaponlar daimi məskunlaşmaq üçün heç onlara da gen-geniş qucaq açmayıblar və həm də, necə də doğru ediblər. Cənub Şərqi Asiya ölkələrində zay toxumu bütün dünyaya səpələnmiş ermənilər gen-bol yaşayırlar. Sinqapurda hətta onların adına küçə də vardır. Lakin Yaponiyada buna rast gəlmədim. Yəqin yaponlar heç vaxt da belə etməzlər. Çünki vətən, torpaq sevgisi onlar üçün elə tanrıya məhəbbət  timsalındadır.

 

Qərb mədəniyyətini Yaponiyaya daşıyan Kobenin özündə də yerli sakinlər əcnəbiləri öz yaşayış massivlərinə qarışdırmayıblar. Qədim dövrlərdə əcnəbilər limanın yanındakı “xaricilər səmtində” qalmaq məcburiyyətində idilər. Lakin sonralar limandakı struktur layihələrinin gecikməsi zərurətindən xaricilərə şəhərin Kitano adlanan səmtində yaşamağa icazə veriblər.

 

XIX əsrdə qərb mədəniyyətini ölkəyə daşıyan bu şəhərdə indi də həmin mədəniyyətin izlərinin qalıqlarını daşıyan 50-dən çox iqamətgah var. O iqamətgahlar da şəhərin yuxarıda adını çəkdiyim Kitano deyilən ayrıca səmtində inşa edilib, yerləşdirilib. Əcnəbilər də ancaq bu iqamətgahlarda yaşayıblar.

 

Bu gün isə Kobedə dünyanın 100-dən artıq ölkəsinin, xalqlarının nümayəndələri yaşayır və şəksiz ki, onların arasında elə müsəlmanlar da var.

 

Tokioda müxtəlif dini inanclarla bağlı yüzlərlə ibadətgah, məbəd olduğu halda məscidlərin olmamasından çox mütəəssir olmuşdum.

 

Kobe şəhərində öz qədimliyi, milli memarlıq üslubu ilə diqqət çəkən “Kitono”dakı qədim tikililər arasında öz qeyri-adi əzəmətli görkəmi ilə fərqlənən  Allah evi - məscidin olması isə həqiqətən  ruhumu oxşadı.

 

lll

 

1995-ci ildəki böyük Hansu zəlzələsində Kobe şəhəri, demək olar ki, dağılıb, 5 min nəfərdən çox insan həlak olub, 10 minlərlə sakin müxtəlif dərəcədə xəsarət alıb. Bu gün başdan-başa yenidən bərpa edilən şəhərdə dəhşətli zəlzələnin izləri, demək olar, qalmayıb. Yaddaş üçün isə qurbanların xatirəsinə abidə ucaldılıb.

 

Bu şəhərə səfərimizin mahiyyəti də dağılan, təbii fəlakətlərdən zərər çəkən yaşayış məntəqələrinin bərpası prosesini öyrənmək idi. Allah belə bəlalardan bizləri qoruyub hifz eləsin!

 

Kobe şəhərinin dəmiryol vağzalında bizi “Shinyei” şirkətinin əməkdaşları qarşıladılar.

 

Bu şəhərdə ilk tədbirimiz “Shinyei” şirkətinin ofisində oldu. Şirkətin fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə geniş məlumat aldıq, qarşılıqlı müzakirələr apardıq.

 

“Shinyei” şirkəti 127 il bundan əvvəl qurulub. Bu şirkət dörd qurumdan ibarətdir və Yaponiyada şirkətlər qrupu arasında körpü rolunu oynayır. Xüsusi ilə təbii fəlakətlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərdə iştirak edir. Şirkət Azərbaycanda da bir sıra layihələrin yerinə yetirilməsində iştirak edir.

 

Düşünürəm ki, Kobe şəhərinin səfər proqramımıza daxil edilməsinin səbəbi də elə yəqin ki, ölkəmizdəki təşkilatlara oxşar qurumların əsas iqamətgahı bu şəhərdə yerləşən “Shinyei” şirkəti ilə yaxından əlaqələri ilə bağlı olmuşdu.

 

Kobe şəhərinin rəhbərliyi ilə görüşümüzdə bizi merin müavini Toşiro Tomada qarşılayıb salamladı. O, şəhərdə planlaşdırma, yenidənqurma və təhlükəsizlik infrastrukturunun təşkili sahəsində əldə etdikləri təcrübədən danışdı.

 

Meriyanın iclas zalında şəhərin  keçmiş 15 merinin şəkilləri asılmışdı ki, bunun özünü də  diqqət çəkən maraqlı bir məqam hesab etmək olar. İstər-istəməz düşünüb bu qənaətə gəlirsən ki, deməli, bu şəxslər rəhbər olduqları müddətdə onlara göstərilən etimadı doğruldublar. Şəhərin tarixində öz fəaliyyətləri, xidmətləri ilə yaddaşlarda qalmaq haqqını qazanıblar. Zənnimcə, yaxşı ənənədir.

 

Bir neçə ildir ki, Şabran haqqında ensiklopedik yönümlü bir məlumat kitabı çap etdirmək istəyirik. Bəzi rayonlarımızda artıq belə kitablar buraxılıb. Onların arasında yüksək tərtibatı ilə yanaşı mükəmməl yaradıcılıq  axtarışlarını əks etdirənlər də vardır. Biz də istəyirik ki, çap etdirəcəyimiz kitab həm məzmun baxımından dolğun, həm də mövzu cəhətdən əhatəli olsun. Bu iş üçün tanınmış yazıçı Aydın Tağıyev də daxil olmaqla, imzası Azərbaycan oxucusuna, ictimai-siyasi fəaliyyəti cəmiyyətə tanış olan geniş tərkibli redaksiya heyəti də yaratmışıq. Ancaq illər ötür, iş isə başa gəlmir. Səbəblərdən biri də, ortabab da olsa, bir arxivin olmamasıdır. O kitabda rayonumuza əvvəllər rəhbərlik etmiş şəxslər haqqında da məlumat daxil etmək istəyirik ki...

 

Kobe şəhər meriyasının binasındakı iclas salonundan okeana gözəl mənzərə açılır. Okean, onun sahilindəki nəqliyyat portu, liman, əngin suların arxasından boy verən, uzaqdan görünən dağlar olduqca valehedicidir. Meriyadakı görüş salonunun pəncərəsindən baxanda o da diqqətimizi cəlb etdi ki, şəhərin yarısı düzənlikdə, yarısı dağların sinəsində qərar tutub.

 

Elə bu görüşdə də Hüseyn Mövsümov ölkəmiz haqqında, səfərdə iştirak edən İcra Hakimiyyəti başçılarının rəhbərlik etdikləri rayonlarda gedən quruculuq işləri barədə ətraflı danışdı. Maraqlı fikir mübadiləsi aparıldı.

 

 “Shinyei” şirkətinin prezidenti Koci  Ono bizimlə görüşdə bildirdi ki, o, bu vəzifəyə seçildikdən sonra mart ayında ilk dəfə Azərbaycana səfər edib. Bu səfərdən sonra başa düşüb ki, şirkətin nümayəndələri Azərbaycana səfərdən niyə xoş təəssüratla qayıdırlar. Bu xoş təəssüratların səbəbini özü də Azərbaycana gedəndə başa düşüb...

 

O bu səfər zamanı təkcə Bakı şəhərində olduğunu deyərək, ölkəmizin digər regionlarına gedə bilməməsini təəssüflə dilə gətirdi. Ancaq təkcə Bakıda olmaq belə, azərbaycanlıların nə qədər səmimi və işgüzar olması barədə qənaətə gəlməyinə kifayət edib.

 

Azərbaycana səfərində Baş nazirin müavini cənab Abid Şərifovla, Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərovla görüşmək imkanı olub. Görüşləri zamanı göstərdikləri səmimi münasibətə görə fürsətdən bəhrələnib bizim vasitəmizlə onlara bir daha təşəkkürünü çatdırmağı xahiş etdi.

 

Çıxışına davam edən şirkət rəhbəri dedi ki,  Kobe şəhəri  şəhər quruculuğuna və düzgün infrastrukturuna görə də seçilir. Bunun da səbəbləri var. Kiçik bir film nümayiş olunacaq ki, orada şəhərin inkişafı, infrastrukturun qurulması barədə ətraflı məlumat veriləcək. İndi olduğumuz bu bina zəlzələ nəticəsində dağılmışdı, yeni sayılır, çünki 1995-ci ildə yenidən tikilib. Şəhər quruculuğunda və təbii fəlakətlərin qarşısının alınmasında bizim çox böyük təcrübəmiz var. Süni adalar yaratmaqla biz şəhərin ərazisini böyütdük. Yaşayış evləri, sənaye obyektləri inşa olundu. Biz şəhərimizi yenidən qurduq və beləcə bugünkü gözəl şəhər yarandı. Şəkildəki bu adaya diqqət yetirin, orada tibb mərkəzi inşa olunub və mərkəz ən müasir avadanlıqla təchiz olunub. Biz çox istərdik ki, siz bizim şəhərlə ətraflı tanış olasınız.

 

Şirkətin rəhbəri çıxışının sonunda bir daha qeyd etdi ki, Azərbaycanın uğurlu inkişafı yolunda bundan sonra da öz töhfələrini verərək hər iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin möhkəmlənməsinə səylərini əsirgəməyəcəklər.

 

Şirkətin azərbaycanlı əməkdaşı Xaqani Məlikovun “Kobe şəhərində təhlükəsizlik infrastrukturun kompleks həlli” mövzusunda təqdimatı da maraqlı oldu. O məlumatın həm də Yaponiyada çalışan azərbaycanlı bir mütəxəssisin dilindən səslənməsi, əlbəttə, olduqca qürurverici idi.

 

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov başçılıq etdiyi rayon haqqında geniş məlumat verdi. Rayonun ərazisində tikintisi davam edən “Ağ şəhər” layihəsindən danışdı. O, “Ağ şəhər” layihəsi haqqında nəşrləri “Shinyei  şirkətinin rəhbərinə təqdim etdi.

 

Kobe şəhər meriyasının rəhbərliyi ilə görüşdə Razim Məmmədov başçılıq etdiyi rayonla yanaşı Bakı şəhəri haqqında da dəyərli məlumatlar verdi. Rayonda yaradılmış sosial infrastrukturdan və onun insanların rifahına faydasından bəhs etdi. Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım siyasətindən faktlar göstərib,  Xocalı faciəsindən bəhs etdi. Onu da bildirdi ki, Xocalı qurbanlarının xatirəsinə Xətai rayonunda abad bir xiyaban salınıb, monumental xatirə abidəsi ucaldılıb.

 

O, ölkəmizin paytaxtı Bakının şöhrətli tarixi keçmişi, zəngin mədəni irsi və bugünkü sürətli inkişafı ilə dünyanın inkişaf etmiş ölkələrinin məşhur şəhərlərindən heç də geri qalmadığını əsaslı faktlarla izah etdi.

 

Razim müəllim bu görüşə ətraflı, yaxşı hazırlaşmışdı. Yapon tərəfinə müxtəlif tərtibatlı xeyli reklam, məlumat nəşrləri və milli mədəniyyətimizin zənginliklərini, tarixi keçmişimizin  nümunələrinin rəmzlərini özündə əks etdirən bir xeyli də hədiyyə bağışladı. O, Kobe şəhər rəhbərliyinə Xətai rayonu ilə gələcək əməkdaşlıq barədə düşünməyi təklif elədi. Zənnimcə, elə bəri başdan yapon tərəfinin diqqətini cəlb etdi.

 

Onu da deyim ki, Ramiz Məmmədovun daha maraqlı bir təqdimatı Ksakyuşi şəhərinin rəhbərliyi ilə görüş zamanı oldu. Bu barədə növbəti yazılarda bəhs edəcəyəm.

 

Düşünürəm ki, bu gün malik olduğumuz tarixi irsin torpaqlarımızda, qədim diyarımızda şəhər mədəniyyətinin, şəhərsalmanın ilkin orta əsrlərdən gələn ənənələrinin ölkədən kənarda təbliğinə çox ciddi ehtiyac vardır.

 

Bu mənada nümayəndə heyətimiz keçirdiyimiz görüşlər zamanı yaranmış imkandan maksimum faydalanmağa çalışır, daha çox informasiya vermək üçün hər vasitədən istifadə edirdilər. Əvvəlcədən də qeyd etdiyim kimi, bütün rayonlar haqqında nəfis tərtibatda informatik bukletlər, izahlı albomları daha çox yaymaq, diqqətə çatdırmaq üçün səyimizi əsirgəmirdik.

 

Aradan qısa bir müddət keçəndən sonra elə o görüşün və ondan sonra da davam edən işgüzar görüşlərin nəticəsi olaraq Yaponiyanın “Kosiqa” şirkəti ötən il Bakı şəhərinin Suraxanı rayonu ilə yanaşı Xətai rayonunda da səfərdə  oldular.

 

Şirkət bizə təntənəli nahar da verdi. Şirkətin belə bir səxavətinin səbəbi düşünürəm ki, şəksiz, Azərbaycanla əlaqələrindən qaynaqlanırdı.

 

Bu naharda yapon mətbəxinin ən ləziz və bahalı yeməklərindən olan “Mərmər ət”in   dadına baxdıq. Daha doğrusu, doyunca yedik.  Mərmər ətin əsl vətəni Kobe şəhəri sayılır.

 

Xüsusi şəraitdə yetişdirilən, hər gün dəfələrlə çimizdirilib masaj etdirilərək həzin yapon musiqisinin sədaları altında bəslənən 300-350 kiloqramlıq dananın ətindən - “Mərmər ət” i dadmağa dəyər. Mərmər ətin bişirilməsi prossesinə yaponlar “Kobe Bif” deyirlər. Aşpazlar müştəri ilə üz-üzə əti, digər bişəcək ərzağı doğrayıb elə oradaca daş peçlərdə qızardırlar. Bu proses özü də yapon mətbəxinin bir gözəlliyidir. Aşpaz diqqətlə baxdığını və məmnunluğunu hiss etsə, dönüb o da nəvazişlə sənə baxacaq və işini daha da həvəslə davam edəcək. İstəyini də səylə yerinə yetirəcək. Mən belə “hallardan” bir neçə dəfə faydalandım.

 

“Kobe Bif” həqiqətən dadlı ətdir və çox bahadır. Bir kiloqramının qiyməti 200-220 ABŞ dollarıdır. Yeməkxananın salonunda şəraitə uyğun dörd-dörd oturmuşduq. Qonaqlıq verən şirkətin  nümayəndələrindən də hər stolda bir nəfər əyləşmişdi. Bizim stolda oturan müavin bu ətin çox baha olmasını 3-4 dəfə təkrar edib dilə gətirdi. Mən həmkarım Rafil müəllimə (Masallı): - “Görürsən də, “dostumuz” malını necə də “mazata” mindirir”, - deyə “xəbərçilik” eləmək istədim. O da: - Hər şeyə belə diqqət kəsilmək sənin yazıçı müşahidəçiliyindən irəli gəlir, - deyə cavab verdi və ətdən bir parça kəsib dadandan sonra: - “Ancaq doğrudan da tərifə dəyər”, - cümləsini əlavə etdi. Səfər günlərində bizə dilmanclıq edən 50-55 yaşlarındakı yapon qadın nahar zamanı etiraf etdi ki, həyatında ikinci dəfədir, “Kobe Bif” yeyir. Səbəbini də bu ətin çox baha olması ilə izah etdi. Ertəsi gün öz pulumuzla süfrəyə yenə “Kobe Bif” sifariş edəndə qadın lap heyrətləndi. Gözləri dörd olmuşdu. Axı o, əsasən rusdilli ölkələrdən gələn səyyahlar üçün dilmanclıq edir. “Malının düşməni” olan bizlərdən fərqli olaraq, daha çox şimal qonşularımızın bu ölkəyə yolu düşən səyyahları, yəqin ki, bu dilmanc qadını daha çox yaponların əsas içkisi olan “Sake”yə qonaq etmişdilər...

 

Şirkətin verdiyi bu təntənəli nahardan sonra Kobe şəhər bələdiyyəsinə, şəhər meriyasına yollandıq.

 

lll

 

İnsan amili! Bu, yaponlar üçün bir həyat tərzi, müqəddəs mənəvi məsuliyyətdir. Bu qədər uğurlarla yanaşı, ölkədə elə o müqəddəs mənəvi amallardan, obyektiv və subyektiv səbəbdən irəli gələn  itkilər də, aşınmalar da vardır, sıçrayışlar da.

 

Bir neçə il əvvəl baş verən sunami nəticəsində Yaponiyada 20 min nəfər həlak olub. Hər il bu ölkədə 30 min nəfər insan intihar edir. İntihar ictimai bəladır. Yaponiyada uzunömürlülük həddi kişilərdə 81, qadınlarda 86 yaşdır. Boşanma halları  təqribən 25 faizdir.

 

Böyük və ya kiçikliyindən asılı olmayaraq, dünyada hər bir xalqın öz üstün və zəif cəhətləri var. Hər bir xalq həm də öz mədəniyyətini özü yaradır. Xalqların maddi-mənəvi yüksəlişində, təşəkkülündə təbii amillərin, yerləşdiyi coğrafi şəraitin də, fikrimcə, müstəsna yeri və rolu var. Məhz bu amillər də insanlarda həyat uğrunda aktiv və ya passiv fəaliyyət, səy göstərib fəal əmək sərf etmək məcburiyyətini yaradır.

 

İndi dünya özünün elə bir inkişaf mərhələsindədir ki, artıq əl çatmayan yer qalmayıb,  yad  bir məkan yoxdur.

 

Həyata baxışları fərqli olsa da, sürətlə inkişaf edib hər şeyə hamıdan tez nail olan, sivilizasiya dediyimiz dəyərlərə çoxdan yiyələnənlər var. Arzulanan inkişaf mərhələsinə çatmaq üçün yarı yolda olanlar da öz yerində.

 

Dünyanın inkişaf etmiş xalqları və millətləri ilə ünsiyyət, ölkələrlə tanışlıq zamanı bəzən heyrətlənmək də olar, qibtə etmək də. Avropada, elə Asiyada da bu keyfiyyətə çoxdan yiyələnmiş, yaşam tərzi, öz dəyərləri ilə nümunə ola biləcək ölkələr az deyil.

 

Ancaq necə inkişaf edir etsin, lap mənzillərinin kranlarından su yerinə süd axsın - ingilis, alman, kim olur olsun - onların nail olduqlarını, əldə etdiklərini, əlbəttə, qiymətləndirsəm də, mən nə alman, nə ingilis, nə də yapon olmaq istərdim. Mən eləcə azərbaycanlı olaraq qalmağı şərəf sayıram. Gəzib gördükcə, baxıb duyduqca dönə-dönə dərk edirəm ki, mənim mənsub olduğum millət daha böyük, xalqım daha vüqarlı və əzəmətlidir.

 

Şərait, mühit insanın yaşam tərzini, hətta davranışını da öz mahiyyətinə uyğunlaşdırır. Yad mətbəxin yanından ötəndə mənşəyi bizə yabancı, necə deyərlər, zatını qəliz hesab etdiyimiz məhlullarda qaynayıb əndazəyə gələn, dəniz sularından toplanıb ərsəyə yetirilən bəzi yeməklərin kəsif qoxusu ödümüzü necə çatladırsa, Yaponiyada ölkənin yalnız şimalında yeyilən, adına da “Çingiz Xan” deyilən çox sevdiyimiz qoyun ətindən hazırlanan yeməklər də onların mədəsini eləcə bulandırır.

 

Zənnimcə, bu fikrimə çox soydaşımız şərik olar ki, öz dəyərlərimiz daha böyük, məişətimiz daha səliqəli, gözəl və çəkici, mətbəximiz isə daha zəngin və ləzizdir.

 

Yaponlar “Ev mərhəmindir” deyirlər. İctimaiyyət arasında hamının üzünə deyib gülə də, xoş  danışa da bilərlər. Yalnız 10-15 illik qarşılıqlı ünsiyyətdən sonra yapon əsl səmimiyyətini açıb göstərə bilər. Yaponlarda “tatemat” adlı bir söz var. Mənası da belədir ki, cəmiyyətdə hər bir insan müsbət davranış nümayiş etdirməlidir və o özü cəmiyyətin bir elementidir. İşdə də, qonşu ilə münasibətdə də. Yalnız ailədə “tatemat” yoxdur. Tatematın bir anlamı da “gizlənilmiş üz” mənasındadır. Reallıqdakı hər nə varsa, ailədədir. Üzün arxasındakı üz yapon həyat tərzində qəbul edilən çərçivə, əslində olmayan, lakin görünən çərçivə var...

 

Xülasə, Kobe çox gözəl şəhərdir. Yaponiyanın bütün şəhərləri kimi o da çox təmiz və səliqəlidir. Küçələri genişdir. Bu şəhərdə insanların çöhrəsində işıq, nur da nəzərə çarpacaq dərəcədə çoxdur.

 

Küçələrdə, meydanlarda gənclər daha çox nəzərə çarpır. Kobedə də maşın tıxacı yoxdur. Ancaq işıqforlar gec açılır. Bəzən yolu əks tərəfə keçmək üçün 10 dəqiqə gözləmək lazım gəlir. Qırmızı işıqda isə yolu keçmək kimsənin ağlına belə gəlmir...

 

Gün günortanı ötüb, ancaq hələ qüruba xeyli var. Biz isə füsunkar görkəmi ilə insanı valeh edən Kobedən ayrılıb Yaponiyanın qədim paytaxtı Kyota şəhərinə tərəf yolumuza davam edirik...

 

(Ardı var)

 

 

 

Novruz Nəcəfoğlu

525-ci qəzet.- 2015.- 4 aprel.- S.18-19;29