Ləyaqətlər və qüsurlar
tarixin sınmayan güzgüsündə
(Əvvəli 20 mart sayımızda)
İmperatorların dövründə isə əxlaqsızlıq
vakxanaliyası başlandı və getdikcə daha
biabırçı formalar kəsb etməyə
başladı.
Əvvəlki şəhvət macəralarına
baxmayaraq, əxlaqın keşiyində dayanması ilə
öyünən Avqustdan sonra imperator Tiberi qoca vaxtında Kapri
adasında əxlaqsızlıq yuvası quraraq, cavan
qızlarla və oğlanlarla kef edirdi. Kaliqula
öz bacıları ilə, Neron öz anası ilə intsest
– qanqarışdırıcı əlaqəyə girmişdi.
Onlara qədər qan yaxınlığı əlaqələri
və nikah yalnız qullara məxsus idi. Hər cür
məhrumiyyətlərin acığına onlar bunun fərqinə
varmırdılar və heç olmazsa bu sferadakı sərbəstliklərindən
təsəlli tapırdılar.
İmperator Klavdinin arvadı Messalina təkcə
pozğunluq rəmzi olaraq qalmırdı, dövlətin
qüvvədə olan qaydalarına ağır zərbə
vurmaqdan da çəkinmirdi. O, başqa bir fahişə
qadınla bir sutka ərzində pozğunluq marafonunda
yarışa girməklə kifayətlənməyib, imperator əri
sağ ola-ola, yalnız şəhərdən kənarda
olmağına görə, nümayişkaranə şəkildə
Sili adlı qəşəng kübar oğlana ərə
getmişdi. O, yəqin ki, imkan olsaydı heç qədim yunan
mifologiyasındakı Kritə Minotavrı doğub bəxş
edən Pasifayanın da biabırçı hərəkətinin
təqlidindən çəkinməzdi. Küt Klavdi isə nə
baş verdiyini anlamırdı, axı o, ağıldan zəif
idi. Uşaq vaxtı onu çirkin hesab edən
anası mübaliğəyə yol vermədən demişdi
ki, təbiət onu yaratmağa başlasa da, bu işi başa
çatdırmamışdı. Ona görə
də səfeh imperator arvadı barədə bu xəbəri
eşidəndə qorxuya düşərək, özünün
hələ vəzifədə
qalıb-qalmadığını da soruşmuşdu.
Ərinin
razılığı olmadan Messalina öldürüldükdən
sonra, gənc dul qadın olan Aqrippina oğlu Neronu hakimiyyətə
gətirmək üçün öz doğma əmisi olan həmin
imperatora ərə getməyə nail olmuşdu. Roma qanunları belə izdivacı qadağan etsə
də, Aqrippinanın qurduğu tələ hesabına senatorlar
iradəsiz Klavdini belə biabırçı nikaha girməyə
məcbur etmişdilər. Messalinanın
açıq fahişəliyinə dözən imperator
özü də cavan qardaşı qızının məlahətindən
və saraya gəlib tez-tez onu guya qardaşı qızı
kimi öpməsindən, şirnikləndirməsindən
yayına bilmirdi. Sonralar yəqin ki, öz
təzə arvadı Aqrippinanın iştirakı ilə Klavdi
zəhərlənib öldürüldükdə, bu
qadının planı baş tutdu və oğlu yeniyetmə
Neron taxt-taca çıxdı.
Neronun qısa ömrü əsl əxlaq
pozğunluğu müntəxəbatı hesab oluna bilərdi. O, qıza evləndiyi kimi,
cavan oğlana da ərə getmişdi. Ümumiyyətlə
o, zinakarlıqda heç bir hədd tanımırdı.
Mark Avreli kimi nəcib imperatorun və böyük
filosofun oğlu olan Kommod (161-192-ci illər) taxt-taca
çıxdıqdan sona hər cür əllaməliklərlə
məşğul olurdu, öz bacısı ilə intim
yaxınlıq edirdi. Qladiator döyüşlərində
bilavasitə iştirak edirdi. O qədər həyasızlaşmışdı
ki, Romanın adını dəyişib, şəhərə
öz adını vermək istəyirdi.
14 yaşında imperator olan Eloqobal (204-222-ci illər)
daha çox öz pozğunluğu ilə “şöhrət”
tapmışdı. Bu səfeh yeniyetmə dövlətin
pulunu israf edir, əxlaqsızlıq orgiyaları təşkil
edirdi. Sələfi Neron kimi qeyri-ənənəvi
cinsi oriyentasiyasına görə ən eybəcər
pozğunluqdan həzz alırdı.
Bu həmin
Roma idi ki, burada vaxtilə bir kübar qadının
çarın oğlu tərəfindən zorlanmasına
görə qiyam qalxmış, xalq qisas naminə təkcə
çar Məğrur Tarkvinini və onun ailəsini şəhərdən
qovmaqla kifayətlənməmiş, həm də monarxiyanı
bütünlüklə ləğv etməklə etruskların
ağalığına da (son üç Roma çarı
etrusk idi) son qoymuşdu. Bu hadisə b.e.ə.
510-cu ildə baş vermişdi və bu vaxt Romada hakimiyyətin
respublika forması qurulmuşdu. Zorlanan
qadın Lukretsiya nə baş verdiyini atasına, ərinə
və onların dostlarına söylədikdən sonra, digər
ərli qadınlara qeyri-bakirəlik, namussuzluq nümunəsi
olmaqdansa, özünü intihar etmək yolunu tutmuşdu.
Namuslu bir qadın kimi, ləyaqətini
itirmiş olmaqdansa, öz həyatına qəsd etməyi
seçən Lukretsiya bir təmiz və cəsarətli
qadın modelinə, simvoluna çevrildi. Əxlaqsızlığa
yol verən çar oğlu Sekst isə atası ölkədən
qovulduqdan sonra öz köhnə düşmənləri tərəfindən
qətlə yetirildi. Çarın devrilməsi və
yeni quruluşun yaranması ilə Respublika erası meydana gəldi
və onun ömrü beş əsr davam
etdi.
Roma respublikasında əxlaqsızlığa aparan
xırda şlüzlərin də bağlanmasına fikir
verilirdi, qadına qarşı ehtiras yaradan cəhətlər
belə, diqqətdən yayınmırdı.
Qadınların zinətə, dəbdəbəyə
marağını zəiflətmək üçün də
bir sıra tədbirlər həyata keçirildi. İkinci Puniya
müharibəsi dövründə (b.e.ə. 218-201-ci illər)
romalılar Oppian qanununu qüvvəyə mindirdilər.
Bu qanunun prinsiplərindən əsas məqsəd
qadınların malik ola biləcəkləri
bəzəklərin sayını məhdudlaşdırmaq və
həm də onların paltarlarının sayını azaltmaq
idi. Böyük Katon bu qanunun ləğv edilməsini
tələb edən və ona qarşı çıxan
qadınlar barədə kəskin çıxışlar
edirdi. O deyirdi ki, “Bizim əcdadlarımız heç bir
qadına, hətta onun şəxsi işində də
mühafizəsiz davranmağa icazə vermirdi. Onlar
istəyirdilər ki, bunu da qadınlar atalarının,
qardaşlarının, ərlərinin nəzarəti
altında etsinlər”. Kişilərə müraciət
edərək deyirdi ki, “Onlar sizinlə bərabər olmağa
başlayanda sizdən üstün olacaqlar”, sonra davam edirdi: “Əgər
qanun arvadının xərclərinə məhdudiyyət
qoymağı kəsirsə, sən heç vaxt bunu bərpa
edə bilməyəcəksən”.
İslam dininin beşiyi başında dayanan Məhəmməd
peyğəmbər də sadə həyat tərzinə
üstünlük verdiyi kimi, dəbdəbənin əleyhinə
idi. Ona görə də İslamın ilk illərində
müsəlmanlar arasında ipək paltar və qızıl bəzək
şeylər yasaq sayılırdı.
Onu da qeyd
etmək lazımdır ki, antik dövrlərdə insan bədəninə
münasibət də az əhəmiyyət
daşımırdı. Yunanların və
romalıların çoxuna görə insan bədəni
gözəllik, sevinc və həzz mənbəyi hesab olunurdu.
Qədim yunan heykəllərində və rəngkarlığında
qadın və kişi bədəninin
mütənasibliyi, hər cinsin özünəməxsus cazibədar
cizgiləri xüsusilə nəzərə
çarpdırılırdı. İstər “Miloşlu
Venera”da və ya “Disk atan” heykəlində bədənin ilham mənbəyi
olması aydın surətdə özünü büruzə
verir.
Sonralar isə xristian dininin təsiri altında, əlbəttə,
Renessansa qədər bədənə münasibət xeyli dəyişikliyə
məruz qaldı. Xristianların çoxu bədənə,
ruhən Allaha birləşmək yolunda bir maneə kimi
baxırdılar. Onlar elə bil ki, məşhur
Orfeyin mahnısındakı “Bədən (soma) ruh
üçün qəbirdir (sema-dır)” sözlərinin həyati
refren kimi qəbul etmişdilər. Cinsi
yaxınlıqdan imtina isə canın istəkləri üzərində
qələbə hesab olunurdu və beləliklə, müqəddəsliyə
yol açılırdı. Qədim
yunanlarda isə əksinə, intim yaxınlıqdan imtina bir cəza
növü hesab olunurdu. Yunan
komediyasının atası Aristofanın (b.e.ə. 445-385-ci illər)
“Lisistrata” pyesində Afina qadınları ərlərini
müharibədən çəkindirmək üçün
sülh bərpa edilənə qədər onlarla intim
yaxınlıqdan imtina etməyə söz vermişdilər.
Eyş-işrət, əyləncə, kef ən möhkəm
adamları da zəiflədir, onların ruhuna xətər
toxundurmamış qalmır. Bu cəhət nəzərə
alındıqda, bəlkə də erkən xristianların
mövqeyinə o qədər də tənqidi yanaşmaq istəmirsən.
İfrat rahatlığın, həzzlərə
uymağın necə qorxulu olduğuna çoxlu misallar gətirmək
olar. Hannibalın başçılığı
altında Alp dağlarının sıldırım
qayalarındakı aşırımları sərt iqlim şəraitində
keçən Karfagen ordusunu nə ağır əziyyətlər,
nə böyük məhrumiyyətlər, nə də hətta
addımbaşı ölüm təhlükəsi belə əyə
bilmədiyi halda, Kann qələbəsindən sonra Kapuyada
qışı keçirərkən, bu dəfə görmədikləri
və onlar üçün yad olmaqla, dəbdəbə
xarakteri daşıyan həzzlə dolu günlər, bura
qadınların iştirakı ilə olan məclislər də
daxil idi, döyüşçülərin bədənini və
ruhunu ciddi zəifləməyə məruz qoydu.
Qədim Romanın tarixi isə göstərdi ki, dövlət
özünün qədim nəcib ənənələri, ləyaqətləri
və dəyərləri ilə vidalaşdıqca, ən eybəcər
hisslər və ehtiraslar adamların davranışına, həyat
tərzinə hakim kəsilir. Acgözlük,
tamahkarlıq, sərvət düşkünlüyü artıq
təkcə adamların deyil, bütövlükdə cəmiyyətin
və dövlətin tənəzzülünü sürətləndirirdi.
Romaya öz övladları xəyanət edir,
onun respublika adlanan başını kəsməklə cəsədinə
təcavüz etmək istəyirdilər. Katilina
adlı kübar, ona xidmət göstərən qandan, məkrdən,
hiylədən istifadə edərək, özünün iyrənc
taxt-tacını qurmaq istəyirdi. O, heç bir mənəvi,
əxlaqi hədd tanımırdı, ləyaqəti müdafiə
edənlərin hamısını məhv etməyə
hazır idi. Respublika quruluşu məhv edildikdə
onun bütün qanunları da toza dönməli idi.
Ölkədə təvazökarlıq, təmkinlilik, mərdlik
əvəzinə həyasızlıq, pulla adamları ələ
alma, tamahkarlıq yayılmağa
başladı. Respublika quruluşuna qəsd
hazırlayan Katilina həyasızlıqla bəyan edirdi ki, “ətrafımdakı
gurlayan alovu mən xarabalıqlar altında basdıracağam”.
Bu vaxt kasıb adamlar mənəvi cəhətdən
pozulduqlarından ümumi xeyir haqqında deyil, öz gözlədikləri
şeylər barədə düşünür, arzu etdikləri
xoş gələcəyə ümid bəsləyirdilər.
Onların çoxu özlərinə ziyan dəyməmək
naminə hətta bütöv dövlətin
dağılmasına üstünlük verirdilər.
Əxlaqın pozulması Romanı taqətdən
salırdı, digər amillərlə birlikdə dövləti
və cəmiyyəti məhvə sürükləyirdi. Qədim Romada
əxlaq əcdadların adətlərinə, qaydalarına əsaslanırdı,
onları bir etalon kimi qəbul edirdi. Roma
dünya dövlətinə çevrildiyindən onda
alçaq ehtiraslar daha qızğınlıqla cövlan etməyə
başladı, acgözlük xüsusi miqyasa yiyələndi.
Bu dövrdə iki ehtiras – hakimiyyət hərisliyi
və tamahkarlıq çox güclü idi. Bu iki qüsur bütün bəlaların mənbəyinə
çevrildi, ilkin səbəbləri oldu. Cəmiyyət
uzun bir pozulma yolunu keçməli oldu.
Romanı pozan, dağıdan, məhvə sürükləyən
hakimiyyət hərisliyi – ambitio və pul
düşkünlüyü – avaritia cəmiyyətə meydan
oxuyurdu. Onlardan pul hərisliyi hər cür cinayətlərin
və zorakılığın baş alıb getməsinə
səbəb oldu. Bizim eranın I əsrinin
və II əsrin son onilliklərindən Romanın süqutuna
qədər olan dövrün tarixi daha çox dəhşətli
cinayətlərin, əxlaq pozğunluqlarının,
harınlığın və eyş-işrətin
biabırçı təsvirlərinin almanaxı idi.
İmperatorlar elə bil ki, quduz şəhvətdə və
qəddarlıqda bir-biri ilə yarışa girmişdilər. Onların
pozğunluğu bütün cəmiyyətə pozucu təsir
göstərir, sotsiumun bütün hüceyrələrinə
yayılırdı. “Nəcib
imperatorlar”ın həyata keçirdiyi tədbirlər bu xəstəliyin
şiddətini zəiflətsə də, onu sağalda bilmədi,
sonra gələnlərin isə bir çoxu əvvəlki yola
düşməklə iflas prosesini sürətləndirdilər.
Eyş-işrətə qurşanma elə bil ki,
nəsil artırmağı da yaddan
çıxartdırmışdı. Romanın
əhalisi sürətlə azalırdı, paytaxtı
müdafiə etmək də çətinləşmişdi,
onu qorumağa cavanlar da çatmırdı. V əsrdə Roma əhalisi I əsrə nisbətən
yarıbayarı azalmışdı. Ona
görə də Romanı işğal etmək barbarlara elə
bir çətinlik törətmədi.
Böyük ingilis şairi lord Corc Bayron Romanı
xalqların Niobası adlandırırdı. Yunan
mifologiyasında Fiva çarının arvadı olan Nioba
çox övladı olması ilə öyünürdü.
Yalnız iki uşağı olan Leto bunu
özünə təhqir kimi qəbul etdi və onun
övladları Apollon və Artemida buna görə oxla
Niobanın 12 övladının hamısını
öldürdülər.
Bu ağır dərddən Nisoba daşa çevrildi. Roma da fəxr etdiyi hər şeyi, övladlarını, hətta öz varlığını da itirdi.
Roma təkcə öz ərazilərini deyil, həm də özünün qiymətli ideyalarını, ruhunu itirdi. Müqəddəs Avqustin yaxşı demişdi ki, əgər Allahın yaratdığı məhv olursa, Romulun da yaratdığı məhv ola bilərdi. Ancaq ruh bədəndən ayrıldığı kimi, Romanın süqutundan min il sonra onun ruhu Renessans adı altında yenidən həyata qayıtdı. Antik dövrdən əxz edilməli olan irs isə bu ruhun böyüklüyünə dəlalət edən humanist ideyalar idi.
Xristianlıq hakim dinə çevrildikdən sonra ailə münasibətlərinin möhkəmliyinə ciddi fikir verməyə başladı. IV əsrdən başlayaraq tselibat – nikahsızlıq qaydası keşişlərin üzərinə də yayılırdı. Bundan əvvəl isə rahiblər buna ciddi riayət etmək nümunəsi göstərirdilər. Onlar qadınların şirnikləndirməsindən, ehtiras alovunun onları qarsacağından qorxub, səhralara, dağlara çəkilir, cəmiyyətdən uzaqlaşaraq mağaralarda yaşayır, əsasən asket (guşənişin) həyat tərzi keçirirdilər. Çünki bakirəlik ən yüksək standart kimi qəbul olunurdu.
Müqəddəs Yeromi (375-420-ci illər) deyirdi ki, “Bakirəlik buğdadırsa, nikah arpadır, zinakarlıq isə inək peyinidir”. O vaxtdan ki, insan inək peyinini yemir, Yeromi onlara arpa çörəyi yeməyi müsaidə edirdi. Din xadiminin sözləri ona əsaslanır ki, iki ayaq üstə gəzən insanın qidası heç də heyvanlarınkından fərqlənmirdi, onlar zülal mənbəyi olan hər şeyi istehlak edirdilər.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2015.- 4 aprel.- S.25.