Sözə təmənnasız xidmət
Həsən Quliyevin 80 illiyinə ithaf
olunur
Bu yaxında biz çox yaxşı insanla
vidalaşdıq. Səhhətindəki nasazlığı,
ürəyinin xəstə olduğunu bilirdim, bununla belə
onun ölüm xəbəri mənim üçün gözlənilməz
oldu. Özünü bütünlüklə
işə həsr etmişdi, yeni planları vardı, müxtəlif
kitablar və məqalələr üzərində
çalışırdı. Amma heyf ki...
Filologiya
elmləri doktoru, professor Həsən Məmməd oğlu
Quliyev sözə təmənnasız xidmət edən şəxs,
Azərbaycan tarixindəki “ağ ləkələr”in yorulmaz tədqiqatçısı,
istedadlı nasir və ədəbiyyatşünas idi. O, bir də,
Azərbaycanda müasir ədəbi prosesin, daha doğrusu onun
rusdilli istiqamətinin təşkilatçılarından idi.
Amma bu haqda bir qədər sonra...
Keçən əsrin 70-80-ci illərində Quliyev
bütün SSRİ miqyasında Azərbaycan nəsrinin
formalaşması və inkişafı mərhələlərini
araşdıran ədəbiyyatşünas-alim kimi ad
qazanıb. Onun bu mövzuda bir sıra sanballı
monoqrafiyaları, həmçinin Rusiya mətbuatında da dərc
olunmuş çoxlu məqalələri
çıxmışdır.
90-cı illərdə Həsən müəllimin ədəbi
axtarışlarının əhatəsi genişlənir, o,
kinopovest janrına müraciət edir, ssenarilər, pyeslər,
publisistik oçerklər yazır. Lakin ən diqqət çəkən
odur ki, Həsən Quliyev Azərbaycan ədəbiyyatında
Qarabağ münaqişəsi mövzusuna, daha doğrusu onun
yaranması və başlama səbəblərinə ilk
müraciət edənlərdəndir və o, “Diplomatın
ölümü və ya Qarabağda münaqişənin
köklərinə dair” gözəl tarixi-sənədli əsər
ortaya qoyur (Bakı,1995-ci il). Bu kitabda, eləcə
də “Tamadanın sağlığına və ya
Qarabağnamə” (Bakı, 2004-cü il)
romanında Həsən Quliyev XIX əsrin əvvəllərində
ermənilərin Zaqafqaziyaya köçürülməsi
tarixi mənzərəsini, həmçinin Rusiya diplomatı,
böyük rus yazıçısı Aleksandr Qriboyedovun
dramatik taleyini canlandırır. Bu kitablarda
Qarabağın tarixinə dair faktlara söykənən
çoxlu material var, Qarabağ münaqişəsinin episentrinə
düşmüş insanların faciəvi taleyi əks olunur.
Həsən Məmməd oğlu sonralar da öz
kitablarında naxələf qonşularımızın bizi
düçar etdiyi mənfur müharibəyə - bu ciddi
mövzuya müraciət etmişdir, həm də artıq yeni
səviyyədə, bədii nəsr janrında. Onun Bakıdan
olan yarıerməni ər-arvad Serj və Qalyanın taleyindən
bəhs edən “Besame mucho, yaxud Qarabağ əsirləri”
adlı povest-dramını yəqin ki, ilk növbədə
qeyd etmək lazımdır. Povest
çoxşaxəlidir, cəbhə xəttinin həm o tərəfində,
həm bu tərəfində döyüşən koloritli surətlərlə
zəngindir. Doğrudan, bu çox qəribə
müharibədir: burada ölüləri və
yaralıları benzin kanistrlərinə dəyişirlər,
qarşı tərəflə ratsiya ilə
danışıqlardan sonra ələ keçirilmiş
mövqedən geri çəkilirlər (?!), erməni quldur dəstələrinin
başında isə Həsən Quliyevin povestindəki
Xaçik kimi Beyrutdan gəlmiş muzdurlar durur. Bu adam üçün vicdanlarını yox, vətənlərini
itirmiş Bakı ermənilərindən fərqli olaraq,
müqəddəs heç nə yoxdur. Və Qarabağ erməniləri
də, əslində, orada yaşamış azərbaycanlılar
kimi belə xaçiklərin, əslsiz, nəcabətsiz
“müharibə köpəkləri”nin,
yaxud indi muzdurların adlandırıldığı kimi
“uğur əsgərləri”nin girovuna çevrilirlər. Yaxşı pula istənilən vasitəylə istənilən
vəzifəni yerinə yetirməyə hazır olan muzdur
obrazı Həsən Quliyevin povestində kifayət qədər
koloritli və yaddaqalan alınmışdır. Və qeyd edilməlidir ki, bu mövzu XXI əsrin əvvəlində
xüsusi aktuallıq qazanıb. Bu gün muzdurluq daha
çox vüsət alıb, bu gün muzdurlar dünyanın ən
müxtəlif dövlətlərində, ələlxüsus
Afrikada və Yaxın Şərqdə döyüşürlər,
müxtəlif firmalar isə münasib qiymətə ölkələrə
və iri beynəlxalq korporasiyalara yaxşı öyrədilmiş
və təcrübəli döyüşçülər təklif
edirlər.
Bir
çox dövlətlərdə, məsələn, Azərbaycanda muzdurluq
qadağandır və qanunla cəzalandırılır, lakin
bu, bəxtini sınayıb yaxşı pul qazanmaq istəyənlərin
qarşısını kəsmir. Çap nəşrlərində
keçmiş hərbi qulluqçuların muzdla tutulması
barədə elanlar yerləşdirilir, muzdur toplama məntəqələri
Amerikada, İngiltərədə, Fransada, Belçikada,
Almaniyada mövcuddur. Heç bir qanun-qadağa bu prosesi
saxlamaq gücündə deyil, bu, böyük gəlirlər gətirən
biznesdir və heç kim bundan imtina etməyə
hazırlaşmır.
Həsən müəllim yazıçı həssaslığı
ilə Azərbaycan ədəbiyyatında birincilərdən
biri kimi torpağımıza gəlib ölüm, nifrət,
milli ədavət toxumu səpən bu cür muzdur
obrazını təhlil etməyi və bədii şəkildə
əks etdirməyi bacarmışdır. “Besame mucho,
yaxud Qarabağ əsirləri” povesti kinodramaturgiya janrında
yaradılmışdır, bir sözlə hazır ekran əsəridir.
Həsən müəllim bir vaxt tələbələrin
və həmfikirlərinin qüvvəsiylə Qarabağ
münaqişəsi mövzusunda bir neçə sənədli
film çəkmişdir. Lakin təəssüf,
sağlığında öz kinossenarilərinin yolunu
açmağa gücü yetməmişdir. Ümid etmək istərdik ki,
kinematoqrafçılarımız nə vaxtsa necə olsa
üzlərini “Qarabağ əsirləri” povestinə çevirərlər.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi məsələsi Həsən Məmməd
oğlunu həqiqətən çox
düşündürürdü. Onun “Bir dəfə
Şuşada” essesini oxuduqdan sonra nəhayət məsələnin
nə yerdə olduğunu anladım. Onun
ana babası şuşalı imiş, 1-ci gildiya taciri və məşhur
“Mirsiyab oğlu” karvansarayının sahibi olub. Mirsiyabovların soyadı Qarabağda kifayət qədər
tanınırdı və onlara ehtiram göstərirdilər,
lakin bolşeviklər gəldikdən sonra gələcək
yazıçının babası Bakıya köçür
və hətta, salamat qalmaq üçün soyadını dəyişir.
Lakin bolşeviklərin yaxşı iybilmə
qabiliyyətləri olub, onu üzə çıxarıblar,
var-yoxunu əlindən alıblar və o, yaşının
çiçəklənən vaxtında vərəmləyib
ölür. Həsən Quliyevin anası
da babası kimi musiqi qabiliyyətli idi və oxumağı
çox sevirdi. Həsən Məmməd oğlu öz
essesində xatırlayır: “Ondan evdə süfrə
başında hər dəfə hansısa xalq
mahnısını oxumağı istədikdə anamın
xoşuna gəlirdi. Lap uşaq ikən mən
onun ardıyca təkrar edirdim, onun repertuarından bir çox
xalq melodiyalarını, mahnıları bilirdim. Bunlar isə
öz növbəsində xalq arasında populyar müğənnilərin
əsas mahnı fondunu təşkil edirdi...”
Erməni separatçıları tərəfindən
Qarabağın və Həsən müəllimin gözəl
“kiçik” vətəni - Şuşanın işğalı
yazıçının ürəyini oda yaxdı,
çatlatdı, yaradıcılığında silinməz iz
buraxdı.
lll
Bədii yaradıcılıqla yanaşı, Həsən
Quliyev ədəbiyyatşünaslıq sahəsində öz
araşdırmalarını davam etdirirdi. Gərgin əməyin nəticəsində
iki monoqrafiya yazıldı: “Azərbaycan ədəbiyyatı”
(dörd dəfə nəşr edilmişdir) və “Köklər
və çətir”. Birinci kitab ali məktəblərin
humanitar fakültələrinin tələbələri
üçün dərslikdir və o, Azərbaycanda çoxəsrlilik
ədəbi prosesin başlıca təmayüllərini əks
etdirir. Bununla yanaşı dərslik öz mahiyyəti etibariylə
yeni yanaşma sərgiləyir, belə ki, burada yeni forma və
janrların təşəkkül tapması əks
etdirilmişdir, ölkənin müasir
yazıçıları haqda məlumatlar yer
tapmışdır və ən
başlıcası isə kitabda həm birinci, həm də
ikinci dövr mühacirət ədəbiyyatı barədə
böyük fəsil mövcuddur. Həsən Məmməd
oğlunun ikinci, “Köklər və çətir” kitabı
rus-Azərbaycan ədəbi əlaqələrinin iki əsrlik
tarixi haqda geniş materialı əhatə edir. Yadımdadır, mən o zaman bu çox vacib və
aktual kitabın nəşrini hərarətlə dəstəkləmiş,
lakin heç ağlıma gəlməzdi ki, professor Quliyev bunu
öz monoqrafiyasının titul vərəqində qeyd edəcək.
Ümumiyyətlə, o, ona edilən ən
xırda yaxşılığı belə unutmurdu.
Həsən
müəllim çox nəzakətli, ziyalı adam idi, o nə özünü, nə
kitablarını piar etməyi bacarmır, şəxsən
özü üçün ya başçılıq etdiyi
assosiasiya üçün hansısa imtiyaz əldə edə
bilmirdi. Lakin iş ədəbiyyata və onun müdafiə
etdiyi prinsiplərə toxunduqda, o, əyilməz idi və hətta
rəsmi nöqteyi-nəzərə zidd olsa belə, sonacan
gedirdi. Bu, “Əli və Nino” romanının
sirli müəllifi Məhəmməd Əsəd bəyin
(Qurban Səid) taleyi haqda məqalə və oçerkləri
ilə baş vermişdi. Biz hamımız
qəzetlərdə onun bu istedadlı
yazıçının şəxsiyyəti və kimliyi ilə
bağlı araşdırmalarını maraqla oxuyurduq. Həsən Məmməd oğluyla
razılaşmamaq, mübahisə etmək olardı, lakin onun
nöqteyi-nəzəri, jurnalist araşdırmaları bizə
kifayət qədər maraqlı, diqqətəlayiq təsir
bağışlayırdı.
Tükənməz enerjiyə malik Həsən Quliyev son
illər fəal surətdə Azərbaycan
Yazıçılar İttifaqıyla əməkdaşlıq
edirdi.
Yazıçılar İttifaqının sədri Anar müəllimin
təşəbbüsüylə Həsən Məmməd oğlu
üçcildlik “Azərbaycan poeziyası antologiyası”nı, bunun ardınca isə rus dilində
üçcildlik “Azərbaycan nəsri antologiyası”nı tərtib
və nəşr etmişdir. Həqiqətən böyük,
fədakar işdir!.. Əlbəttə, pul həmişəki
kimi qıt olub, odur ki, zahiri tərtibat istəniləndən
uzaqdır, halbuki mündəricəsinə görə bunlar
Azərbaycan ədəbiyyatında “kiçik” janrın -
yarandıqdan indiyədək ən uğurlu nailiyyətlərinin
cövhərini təşkil edir. Ümidvaram, nə
zamansa bu antologiyalar yenidən nəşr olunacaq. Və
biz ədəbiyyat mücahidi Həsən Quliyevi illər
ötdükcə xoş sözlərlə anacağıq...
lll
Və nəhayət Həsən Quliyevin çoxşaxəli
fəaliyyətinin, Azərbaycanda müasir ədəbi proseslə
az-çox maraqlanan hər kəsin xəbərdar olduğu,
daha bir sahəsi. Bu, ölkəmizdə, eləcə də
xaricdə onlarla rusdilli yazıçını bir araya gətirən
“Luç” Yaradıcılıq Assosiasiyasının
yaradılmasıdır. Assosiasiyaya on il
ard-arda rəhbərliyi ərzində Həsən Quliyev
çox şey əldə etməyə müvəffəq
olub: 20-yə yaxın kollektiv toplu nəşr etdirib, Azərbaycana
həsr olunmuş ən yaxşı hekayə, şeir və
s. üzrə bir sıra respublika və beynəlxalq müsabiqə
keçirmiş (müsabiqələr həmişə vətənpərvər
istiqamət daşıyıb), “Luç” fəallarını
Rusiyanın prestijli ədəbi mükafatlarıyla təltif
etmişdir. Lakin əsas, istedadıyla ədəbiyyatımıza
xidmət edən, onu sərhədlərimizdən
çox-çox uzaqlarda ləyaqətlə təmsil edən,
Azərbaycan Yazıçılar İttifaqının üzvi
olan gənc, istedadlı müəlliflərin bütöv bir
nəslinin yetişdirilməsidir. Şübhəsiz
bunda da Həsən Quliyevin xidməti nəzərə
çarpacaq dərəcədədir.
Həsən müəllimdə yaradıcı insana xas, daha uğurlu, yaxud daha populyar həmkarına qibtə hissi yerli-dibli mövcud deyildi. Yadımdadır, moskvalı yazıçı-tarixçi, Azərbaycanın böyük dostu Rudolf İvanovun qeyri mövzular arasında Rusiya diplomatı A.Qriboyedovun taleyinin daha çox yer aldığı “Rusiyanın zühur etməsi və fars motivləri” kitabı çıxmışdı. Həsən Məmməd oğlunun özünün bu mövzuya iki böyük kitab həsr etdiyinə və məsələni son dərəcə dəqiq araşdırdığına baxmayaraq, o, həmkarının əsərinə böyük xeyirxahlıqla yanaşdı, yaxşı resenziya yazdı və kitabın çıxması münasibətiylə müəllifi təbrik etdi. Bu cür faktlara aid xeyli misal çəkmək olar.
Bir sözlə, fikrimcə, Həsən Quliyevin yaradıcılığı, yazıçı taleyi uğurlu olub. O, həmfikirlərinə lazım olduğunu hiss edirdi, daim şagirdləri ilə əhatə olunurdu, öz işini dəlicəsinə sevirdi və ədəbiyyata ehtirasını ətrafdakılara sirayət etdirməyi bacarırdı. Onun əsərləri prestijli “Humay” milli mükafatına, Jurnalistlər İttifaqı və Yazıçılar İttifaqının mükafatlarına layiq görülmüş, o, Fyodor Dostoyevski Fondunun medalıyla təltif edilmişdir.
O, həyatdan getsə də kitabları, ssenariləri, filmlərinin diskləri, “Luç” üzvlərinin əsərlərinin topluları qalmışdır. Bu qeyri-adi insanla müxtəlif vaxtlarda təmasda olmuş adamların minnətdarlıqla dolu xatirələri yaşayır.
Həsən Məmməd oğlu əsl Söz adamı idi, həqiqi yazıçı sözü isə əbədi yaşayacaqdır...
Elmira Axundova
525-ci qəzet.- 2015.- 4 aprel.- S.22.