Dalinin dəlisi  

 

DAHİLƏRİN QADINLARI PƏRVİNin təqdimatında

 

 

 

...heç vaxt mətbəx arvadı olmayacam!                                                               

 

Qala Dali

 

“525-ci qəzet” Pərvinin “Dahilərin qadınları” layihəsini davam etdirir. Layihə çərçivəsində tarixdə iz buraxmış dahilərin həyatında, yaradıcılığında rol oynayan qadınlar haqda ayrı-ayrı esselər oxuculara təqdim olunur. Daha öncələr Pərvinin Aysedora Dunkan, Cülyetta Madzina, Jorj Sand, Liliya Brik və başqaları haqda yazıları qəzetimizdə yayımlanıb. Bu dəfə isə böyük ispan sürrealist rəssamı Salvador Dalinin qadını Qala haqqında esseni oxucularımıza təqdim edirik.

 

Qeyd edək ki, esselərin AYBkitab layihəsi çərçivəsində işıq üzü görməsi nəzərdə tutulur.   

 

Qala: “Sən ömrün boyu məni çəkəcəksən!”

 

Dali: “Həyəcan dəqiqələrində onun siması dəyişir, başqalaşır, səmavi bir incəliklə dolur...”

 

Dalinin qabı idi, qəlibi idi Qala. Qalasız Dali gur-gur axan, aşıb daşan, amma nə mənbəyi, nə məcrası, nə də mənsəbi bilinən çay kimiydi. Qalaya qədər Dali qorxaq uşaq, kompleksli yeniyetmə, qüsurlu kişiydi. Qalanı tanıyana kimi Dali sadəcə qəribə, çoxlu psixoloji kəsirləri olan rəssam idi. Rejissorsuz, rolunu unutmuş aktyor idi. Qala ilə dahi oldu... Qala ilə özünü tapdı... Salvador Daliyə çevrildi.  Qala... Qalateya... Qalüçka... Dalinin Qalası. 

 

lll

 

Dahi ispan sürrealist rəssamı Salvador Dali tarixdə təkcə yaratdığı əsərləri, dizaynını verdiyi bəzək əşyaları ilə deyil, həm də çərçivələrə  sığmayan  davranışı, əndrəbadi xasiyyəti, epatajla dolu jestləri, dəli-dolu bəyanatları ilə qalıb. Müsahibələrindən birində o, “Sürrealizm - Mənəm” demişdi və bununla da eyni cərəyana aid rəssam dostlarını özündən incik salmışdı. Amma doğrudan da nədənsə sürrealizm dedikdə ağıla ilk öncə Salvador Dali gəlir. Sənəti ilə həyatı bu qədər harmoniya təşkil edən başqa sənətkar adı çəkmək çətindir. Dali təkcə sürrealist rəssam deyildi, həm də sürrealist adam idi. O öz rəsmlərinə bənzəyirdi: ilk baxışdan anlamaq, məntiqlə təhlil etmək mümkün deyil, ayrı-ayrı elementlərə, cəhətlərə ayıranda heç bir məna tuta bilmirsən, amma sənət əsəri olması da şübhəsizdi... Dali sadəcə reallıqla irreallığın kəsişməsində gözəl sənət əsərləri yaratmırdı, bu sərhəddə yaşayırdı. Yaxud da bunu oynayırdı. O, mühitin, cəmiyyətin diqqət mərkəzində olmaq üçün həmişə rolda idi; bir az dəli, bir az aqressiv, gözlənilməz hərəkətlər edən, müsahibələr verən  sənətkar rolunda. Salvador Dali xarakterində dəliliklə dahiliyin sərhəddi az qala gözəgörünməz idi, onun hərəkətlərini də, yaşam tərzini də, sənətini də müxtəlif cür yozmaq mümkün idi. Dahilik də saymaq olardı, Dəlilik də... Məhz rus qızı Qalanın gəlişi ilə Salvador Dalinin həyatı dəyişdi. Daha doğrusu adi bir rus əyalətində, Kazanda, sadə bir məmur ailəsində  dünyaya göz açmış Yelena Dyankova, yəni Qala cığal uşaqdan Salvador Dali yaratdı desək, yalan olmaz.

 

lll

 

“Qala” sözünü özünə ləqəb götürməyi Yelenaya anası məsləhət görmüşdü. Özü də bu adı fransızca,  orijinalda olduğu kimi (vurğu ikinci hecaya düşməklə) tələffüz edirdi. “Qala” fransızcadan tərcümədə “bayram” deməkdi. Qalanın bioqrafiyasına nəzər saldıqda bu adın ona necə uyğun olması aydın görünür. Doğrudan da, Yelena Dyankova - Qala çoxlarının həyatına bayram kimi gəlirdi, amma həyat yalnız bayramdan ibarət olmadığı üçün zamanı çatanda sakitcə gedirdi, buraxırdı, uzaqlaşırdı. Onun qeyri-adi sənət duyumu, çox incə zövqü vardı. Və çox güman ki o qədər də gözəl olmayan bu qadında kişiləri cəlb edən məhz zövqü, istedadı, ağlı idi. Amma ən əsası kişilərin ağlını başdan alan onun Qadınlığı idi. Qala qadınlığının sadə bir resepti vardı. O deyirdi:

 

“...heç vaxt mətbəx arvadı olmayacam. Çoxlu kitab oxuyacam, lap çoxlu. Ürəyim istəyən hər şeyi edəcəm, amma bununla belə özünə çox da əziyyət verməyən zərif qadın cazibəmi saxlayacam. Məndən həmişə yüngül, dəcəl qızlar kimi xoş qoxular gələcək, dırnaqlarım manikurlu, əllərim gözəl olacaq”.

 

...Əslində ilk baxışdan nə qədər sadədir, deyilmi?! Və bunları oxuyanda sual yarana bilər: məgər manikürlü dırnaqlar, səliqəli əllər, gözəl ətir şərtdi? Bəli, şərtdi! Amma daha vacib olan ürəkdi, ağıldı, ruhdu, iradədi, zəngin daxili aləmdi... Və məncə, Qalanın adidən adi görünüşünü sehirli edən də bunların cəmi idi. Bir də yaratmaq qabiliyyəti. Onun xarakterindəki analıq mayası, valideyn mehri ifrat həddə idi. Sevdiyi kişinin ana kimi qayğısına qalırdı, qadın kimi sevirdi, amma həm   yaradırdı” onu. Sənətkar yaradırdı. Görünür Yelena bu bacarığını, istedadını - Kişi, Sənətkar yaratmaq “sənəti”nin incəliklərinə bələd olmasını özü hamıdan qabaq anlamışdı. Ona görə azca sənət qoxusu duyduğu anda dəyişilirdi, başqalaşırdı, gözəlləşirdi... Qarşı cinsdə də onu yalnız incəsənət istedadı maraqlandırırdı. Qala sevgini sənətdən kənarda, ayrı təsəvvür etmirdi. Onun adi, yüngül flirtləri də, ciddi, dərin sevgiləri də sənət “içində”, aurasında olmalı idi.

 

lll

 

1912-ci ildə  İsveçrəyə vərəmini müalicə etdirməyə gedən 18 yaşlı Qala daha dərin kökləri olan, sağalmaz xəstəliyinin dərmanını tapdı. Dəqiq söyləsək, özünü ifadə etmək, bacarıqlarını sınamaq üçün “obyekt”lə qarşılaşdı. Fransız Pol Elüar ilə tanış oldu. Qala anadangəlmə İlham Pərisi idi və qısa bir zamanda Pol Elüarı sadəcə çılğın bir aşiqə deyil, həm də gözəl sevgi şeirləri yazan şairə çevirdi. Bir müddət Pol Parisdə, Yelena Moskvada bir-birindən ayrı, uzaq yaşadılar. Həsrət, ayrılıq, məsafələr bunlar hamısı şeir üçün yazışmalar üçün bəhanə idi. Yelena uzaqdan da qayğıkeş ana kimi əzizləyirdi sevdiyi kişini: “Əzizim, ruhum, balacam. Sənə ehtiyacım var, əvəzolunmazım!” - yazırdı. Elüarın ailəsi onun rus qızıyla evlənmək arzusuna qarşı çıxsa da, ailə qurdular və bu nigahdan bir qızları da oldu. Amma bu ailə də şablonlardan uzaq idi, fərqliydi, qeyri-adiydi. Məhz Pol Elüarın “imzası, möhürü” ilə Yelena Dyankova həmişəlik Qala oldu. Bu qadın əbədi bir enerji, ruh, ilham mühərrikiydi. Sanki sənətin, şeirin yaranması üçün nədən nə qədər lazım olduğunu zərgər dəqiqliyi ilə bilirdi; Çoxlu sevgini, ondan az olmayan ehtirası, bir qədər əzabı iki qram zəhərlə, üç damla fransız ətriylə qarışdırıb səhər, axşam Elüara “içirdirdi”... Və bu sirli iliksirin  əvəzində çoxlu sevgi şeirləri alırdı. Hə, bir də axı şairə tənhalıq da, qorxu da, təlaş da lazımdı, arada bir qısqansa, lap yaxşı... Qala yeni, gözəl sənətin yaranması üçün lazım olan emosiyaları yaşatmaqda mahir idi və ən qəribəsi bütün bunları oynamamasıydı. O İlham Pərisi rolunda deyildi! Sadəcə belə idi!

 

... Yazılan hər növbəti şeirlə Qala yenidən doğulurdu sanki. Bir gün İblis, bir gün Mələk, bir dəfə Ana, növbəti dəfə övlad kimi, bunların hamısını özündə birləşdirən Qadın kimi... Bu mənada Qala Elüarın həyatında, yaradıcılığında nə qədər böyük rol oynamışdısa, Elüarın da onun Qadın kimi özünü dərkində xidməti az olmamışdı. O, bu hüdudsuz enerjiyə, sevgiyə, ehtirasa, istedada -  Qalaya hansısa çərçivələr, qadağalar qoymaq, onu özününküləşdirmək fikrindən uzaq idi. Məhz bu, onların sevgisinin, münasibətinin izaholunmaz, qəribə cəhətidi. Qalanın Salvador Dali ilə tanışlığının səbəbkarı Elüar oldu və onların arasında alovlanan məhəbbəti görüb sakitcə kənara çəkildi, Qalanı Dalinin evində qoyub Parisə qayıtdı. Və ən heyrətamiz məqam - ömrünün sonuna kimi Qalaya -  Salvador Dalinin ilham pərisi, Qadını, sevgilisinə məhəbbət dolu  məktublar yazdı... Özü artıq başqa qadının əri olsa belə!

 

lll

 

Yaxınları Salvador Dalinin evdə, doğmaları arasında tamam başqa, normal, sakit adam, maraqlı həmsöhbət, qayğıkeş dost olduğunu söyləyirdilər. Hətta deyilənə görə, bir dəfə evində dostları üçün məclis quran Salvador sakitcə söhbət etdiyi, danışıb-güldüyü məqamda qəfil qapı zəngi çalınır və rəssam özünü itirib “açmayın, gözləyin Salvador Dalini əynimə “geyinim” - deyib otağına qaçır. Və dostları bir neçə dəqiqə öncəki Salvadorla indikinin fərqindən - kənar adamın yanında özünü qəribə aparan, dəliliklər edən, aqressiv danışan rəssamın hərəkətlərindən heyrətlənirlər. O yalnız molbert arxasında özü olurdu. Ona görə heç vaxt iş prosesini videoya, fotoya çəkməyə icazə vermirdi. Əsl Salvador Dalini ancaq özünə çox məhrəm, yaxın hesab etdiyi bir ovuc adam görə, tanıya bilərdi... Dalinin ən böyük iddiası, dünyadan yeganə təmənnası yadda qalmaq, unudulmamaq idi. Ona görə insanları ən fərqli üsullarla qıcıqlandırır, hirsləndirir, düşündürürdü. Məsələn, o başına skafandr taxıb müsahibə verməyə gələr, yaxud tanınmış bir adamın görüşünə paltarsız çıxar, restoranda ona heyranlıq nümayiş etdirən fanatlarının üstünə yemək ata bilərdi. Amma ən əsası o idi ki, bütün bu qəribəliklərin arxasındakı böyük sənət hər şeyi üstələyirdi. İnsanlar Dalinin hər hərəkətini, hətta səfehliklərini sənətinə görə bağışlamağa hazır idilər. Ancaq bu sənətin üzə çıxması, çiçəklənməsi, sözün birbaşa mənasında rənglənməsi, təsdiqlənməsi üçün o tarixi görüşə ehtiyac vardı. Bu mənada Qala ilə Dalinin görüşü sadəcə iki insanın tanışlığı deyildi, Sənət hadisəsi idi.

 

lll

 

Dalinin qadınlara, qadınlığa aid fikirləri, baxışları başqa idi, seçilirdi. O, sadəcə gözəl yox, eleqant, zərif qadın arzulayırdı. Təkcə estetik xarici görünüşlə kifayətlənmirdi. “Bir dahinin gündəliyi” əsərində yazırdı:

 

“Gözlər! Bu, çox vacibdi! Gözlər heç olmasa ağıllı təsir bağışlamalıdı. Eleqant qadının üzündə sadəcə gözəl xanıma xas səfeh ifadə ola bilməz... Eleqant qadının dodaqlarının ətrafında mütləq bir yadlıq, özündənrazılıq, kədər sezilməlidi. Amma hərdən - həyəcan dəqiqələrində onun siması dəyişir, başqalaşır, səmavi bir incəliklə dolur...”

 

Məhz bu qadın idimi Qala?! Dalinin arzuladığı eleqant, zərif Qadın?! Bəli! Hər halda Dali onu ilk dəfə pəncərədən görüncə bunu anladı. Və ömrünün sonuna kimi buna inandı... Qala elə ilk görüşdə - “Sən ömrün boyu məni çəkəcəksən!” - demişdi ona. Doğrudan da Salvador Dalinin ömrünün sonuna kimi onun sevgisi, ilham pərisi, modeli, əsərlərinin baş qəhrəmanı oldu...

 

...O ərəfələrdə Dali rejissor dostu Luis Bunyuel ilə birgə 16 dəqiqəlik “Andaluz iti” filmini çəkmişdi. Film bəzi kadrlarına görə elitar cameədə səs-küy salmış, hətta qadağan olunmuşdu. Qalanın sənət zövqünü, arzularını, baxışlarını  yaxşı bilən Pol Elüar xanımını bu əcaib adamla, Dali ilə görüşdürmək, yaxından tanış etmək istəyirdi.  O zaman Dali kiçik bir ispan kəndi Kadakisdəki evində yaşayırdı. Fransız şairin həyat yoldaşıyla birgə qonaq gələcəyini əvvəlcədən bildiyi üçün bu görüşə xüsusi hazırlaşmışdı. Göy boyaq ilə bədənini “rəngləmiş”, özünün hazırladığı üfunət qoxuyan maye ilə “ətirlənmişdi”. Amma Qalanı hələ pəncərədən görüncə bədənindən sanki elektrik keçmişdi, tez boyasını, ətrini yuyub, əynini dəyişib, qonaqları adi, normal adam kimi qarşılamışdı. Məncə, Dalinin Qalaya sevgisinin ən birinci əlaməti, işarəsi budur. Dostlarının dediyi kimi - Salvador Dalini “əyninə geyinib” qarşılamaması, oynamaması, onu ilk baxışdan yaxın, məhrəm bilməsi. Qala da bu saçları laklı, özündən 11 yaş gənc rəssamı görüncə qəribə bir doğmalıq, istilik duymuşdu. Amma ən əsası -  əsl sənət aurası, cazibəsi onu alıb aparmışdı. O, müsahibələrindən birində deyirdi:

 

“O dəqiqə başa düşdüm ki, Dali dahidi. Elüar istedadlıydı, Dali isə DAHİ!”

 

Qalanın kişiyə münasibətində istedad yeganə meyar idisə və o axtardığı dahini tapdığını elə ilk baxışdan anlamışdısa, bir ömür bərabər qalmağa, birlikdə yaşamağa və yaratmağa nə mane ola bilərdi?! Heç nə! Hətta Qalanın ailəli olması, qızı belə maneə deyildi. Dali öz “Gündəliyində” yazırdı:

 

“O mənə dahi kimi baxmağa, öyrənməyə başlamışdı. Yarıdəli hesab edirdi,  amma həm də böyük ruhu, gücü olan biri sayırdı. Və nəsə gözləyirdi - öz xəyallarının, mifinin həyata keçməsini gözləyirdi! Hesab edirdi ki, mən o xəyalların  təcəssümü ola bilərəm... “        

 

Qala Dalinin rəsmlərinə baxandan sonra qərarını verdi və ona da bildirdi: “Biz heç vaxt ayrılmayacayıq, balaca!” Onları yalnız ölüm ayırdı, Qalanın ölümü!

 

lll

 

Qala haqqında ayrı-ayrı yazıları, yaxud Salvador Dalinin kitablarındakı təsvirləri oxuduqca bu qadının sirrinin, sehrinin əsas açarı haqda düşünməyə bilmirsən. Yazımın əvvəlki sətirlərində onun cazibəsini ağılla, istedadla, yüksək zövqlə bağlamışdım. Amma məhz Dali ilə münasibətləri haqda danışanda Qalanın qadın kimi ən üstün cəhətini vurğulamaq yerinə düşür. Bu, onun Qadın xarakterinin möcüzəvi tərəfi idi; Qala sevdiyi kişinin arzuladığını edirdi, eşitmək istədiyini deyirdi, ürəyindən keçəni duyurdu. O kişinin ehtiyacına uyğun qayğıkeş ana, mehriban dost, tələbkar sevgili, yaxud ehtiraslı məşuqə ola bilirdi. Və ən maraqlısı o, dilə gətirilməyən ehtiyacları hiss edirdi. Qalanın bacısı Lidiya dostlarıyla söhbətlərində təəccübünü gizlətmirdi:

 

“Qala Dalinin uşaq kimi nazıyla oynayır. Axşamlar onun üçün kitab oxuyur, hansısa həbləri içirdir, gecənin bir aləmi ərinin vahimələrini, narahatlıqlarını qovmaq, dağıtmaq üçün səbrlə nələrsə danışır... Dali saatı qonağın üstünə tullayır, Qala tez sakitləşdirici damcılarla onun üstünə cumur ki, birdən Allah eləməmiş ürəyi gedər...”

 

Dali “Bir dahinin gündəliyində” yazırdı:

 

“Sanki iştahdan kəsilmiş övladına görə narahat ana kimi səbrlə təkrar edirdi: “Balaca, bax gör sənə nə tapmışam?! Sən bir yoxla, bu, maye ənbərdi. Özü də bişirilməyib... Deyirlər Vermer də bununla çəkirmiş”.

 

Qalanın bacısının və Dalinin xatirələrindən gətirdiyim bu parçalarda qadının ana kimi qayğıkeş, kövrək münasibəti heyrətamizdir. Amma bu yupyumşaq, mehriban “ana”nın yeri gələndə, təzadlı hisslər keçirən, emosional krizis yaşayan sevgilisinə “öldür məni”- deməsi möcüzədir. Dali sevgisinin, emosiyalarının, ilhamının, aqressiyasının aşıb-daşdığı bir məqamda Qalanın boğazından yapışıb  yüngül boğur və “De görüm, nə edim səni, nə edim səninlə?” - deyə qışqırır. Qala həmin möcüzəvi cavabını verir. Öldür məni - deyir, ona görə yox ki, ölmək istəyir, ona görə yox ki, qorxur... Yox, ona  görə ki, indi, məhz bu an Dali o cavabı gözləyir, o cavabı almaq istəyir! Bu, oyun deyil, əsla, burda riyakarlıq, saxtakarlıq da yoxdur. Bu, sadəcə qadın fədakarlığının daha dərin, daha gizlin məqamıdı.

 

lll

 

...Amma Qalanın fədakarlığı yalnız sözdə deyildi. Qala hər kəsin anlaya, duya bilmədiyi sürrealist rəssamı dünyaya təqdim etmək, tanıtmaq, sevdirmək üçün hər şeyə hazır idi. Dalinin işi sadəcə rəsm çəkməkdi. Yerdə qalan bütün təşkilati məsələləri, təbliğat, reklam işlərini Qala öz üzərinə götürmüşdü. O, bir yandan sevgilisini ilhamlandırmaq, onda özünə, sənətinin gücünə inam yaratmaq üçün əlindən gələni edir, qeyri-adi bir ruh aləmində, real olmayan dünyada yaşayır, digər tərəfdən də soyuq hesablamalar aparır, sponsorlar tapır, rəsmləri müxtəlif imkanlı adamlara bəyəndirmək üçün yollar axtarır, Salvador Dali imperiyasını kərpic-kərpic hörürdü... Onun qadın fəhmi menecer kimi gördüyü işlərə əlavə rəng qatır, kömək olurdu.

 

Qala təkcə sevdiyi kişilərin həssas damarını yox, dünyanın da nəbzini tuta bilirdi... 1934-cü il Amerika səfəri məhz onun istəyiylə baş tutmuşdu. O, hansısa altıncı hisslə Salvador Dalinin məhz Amerikada seviləcəyini, şöhrət tapacağını duymuşdu və yanılmamışdı. Dalinin səfəriylə bütün Amerika sürrealizmlə xəstələnmişdi. Kolleksionerlər Dalinin rəsmlərini baha qiymətə alır, bütün mətbuat Dahi rəssamdan danışırdı. Bir neçə il Amerikada yaşadılar və yenidən İspaniyaya  qayıdanda artıq varlı və dünyaca məşhur idilər. Jurnalistlər Qalanı Dalidən istifadə etməkdə günahlandırırdılar. Guya o Dalini gərgin işləməyə həvəsləndirməklə, onun əsərlərinin satılmasına çalışmaqla rəssama pislik edirmiş. Və bütün bunlar sadəcə özünün varlanması üçün imiş. Əlbəttə, zamanla dəbdəbəli həyat, daha çox qazanc əldə etmək istəyi insanın xarakterini, dünyaya, münasibətlərə baxışını dəyişə bilər. Amma hər halda Qala Daliyə aşiq olub “Biz, heç vaxt ayrılmayacayıq...” - deyəndə o, dünya şöhrətli milyoner rəssam deyildi və bu fədakar qadın ərinin qazancına qənaət etmək üçün uzun müddət paltarlarını özü tikir, evdən maksimum dərəcədə az çıxır,  ziyafətlərə qatılmırdı.

 

lll

 

Qalanın xarakterinin maraqlı tərəflərindən biri də sirr saxlamaq bacarığı idi. O Daliylə birgə yaşasa da, Pol Elüardan boşansa da, yalnız Pol öləndən sonra Dali ilə rəsmi nikaha girir. Pol sağ olduğu vaxtda onu incitmək, əzab vermək istəmir və heç vaxt birinci əriylə münasibətlərinin intim tərəfləri haqqında danışmır. Salvador ilə isə hər şey daha qəliz, daha çətin idi. Mətbuat Dali haqda ən müxtəlif şaiyələr yazırdı. İndi də Dalinin intim həyatı haqqında çox az məlumat olsa da, bəzən rəssamın orientasiyası şübhə altına alınır. Hətta onun ən yaxın dostu Lorkayla münasibətləri haqda bədii film də çəkilib. Rəssamın psixi problemlərinin olmasını da deyənlər, yazanlar var. Qaladan isə ömrünün sonuna kimi bu haqda heç bir söz qoparda bilməyiblər.

 

Onların arasında heç bir məsuliyyət, borc, məhdudiyyət yox idi. Dali yeni modellərini ürəklə Qalaya göstərir, onları bəyənməsini arzulayırdı. Qala bəzən təzə heyranlarını evə dəvət edir, Salvadorla tanış edirdi. Və bütün bu yüngül flirtlər, ötəri münasibətlər onların sevgisi qarşısında adi idi, keçəri idi və keçirdi də!!!

 

... Möhtəşəm, güclü Qalanın tək bir düşməni vardı: illər. İllər onun dərisiylə birgə ruhunu də soldurur, qocaldırdı. O öz şuxluğunu saxlamaqdan ötrü min cür vasitələrə əl atırdı. Amma çifayda... xeyri yox idi! İllərin necə ciddi rəqib olduğunu başa düşüncə Qala təkliyə, ərinin ona hədiyyə etdiyi qədim Pubol qəsrinə çəkilir.

 

Dalidən uzaqlaşır... Gənc aşiqləriylə şəxsi qəsrində görüşür, onları “vitaminlərim” adlandırır. Amma bu “vitaminlər” də keçib gedən gənclik təravətini qaytarmaqda aciz idilər. Qala Daliyə yalnız özünün təyin etdiyi günlərdə qalaçaya gəlməyə, onunla görüşməyə icazə verirdi. Və bu da onun ərinə qeyri-adi münasibətinin daha bir göstəricisi idi... Çox güman ki, Qala bu qaydanı öncədən hazırlaşmaq, bacardığı qədər təravətli görünmək üçün qoyub.

 

lll

 

Həyatının son illərində Qala tez-tez təkrarlayırdı: “Ölüm günü həyatımın ən xoşbəxt günü olacaq!” Amma Salvador Dali sevgisi, sənəti Qalaya əbədi bir həyat bəxş etmişdi. Cismani ölüm Qalanın ömrünün, varlığının sona yetməsi demək deyildi. Hələ ilk görüşdəki “ömrün boyu məni çəkəcəksən” sözləri əbəs deyilmiş. Dahi rəssamın əsərləri onun Qalaya sevgisinin, heyranlığının ən bariz nümunəsidir. Qala Dalidən ötrü Zəfər idi - “Amerikanın kəşfi” tablosunda Kolumbun bayrağı üzərində Qalanın şəkli idi... Qala Dali üçün müqəddəs idi - Madonna əsərində Qalanı qucağında oğlu ilə Müqəddəs Məryəm obrazında çəkmişdi. Qala Dali üçün Qadınlığın, insanlığın, gözəlliyin, zərifliyin və ən əsası ölməzliyin təcəssümü idi... Sevginin ölməzliyinin, sənətin ölməzliyinin...

 

...Nəhayət, o Qalanın təbirincə, xoşbəxt gün yetişir. Ömrü boyu güclü, cazibədar olan qadın aciz bir qocaya çevrilmişdi və belə yaşamaq istəmirdi. 1982-ci ildə 88 yaşlı Qala vəfat edir.

 

O, Dalinin hədiyyə etdiyi Pubol qəsrində dəfn olunmağı vəsiyyət etmişdi. Dali xanımın bu vəsiyyətini yerinə yetirmək üçün riskə gedir, İspaniyanın qanunlarını pozur. Məsələ burasındadır ki, ispan qanunlarına görə insan cəsədini rəsmi icazə olmadan bir yerdən başqa yerə aparmaq qadağan idi. Dali Qalanı geyindirib maşınına qoyur və özüylə də tanış bir rahibəni götürür, saxlayıb xəbər alan olsa, qadının elə yolda keçindiyini söyləyəcəkdilər. Qalanı Pubol Qəsrində dəfn edirlər, Dali dəfndə iştirak eləmir. Yalnız bir neçə saatdan sonra qəbrə yaxınlaşıb xeyli baxır və deyir: “Görürsən, ağlamıram?!”

 

lll

 

Qaladan sonra Dali 7 il yaşayır... Yaşayırmı?! Qalasız Dali qorxaq uşaq, kompleksli yeniyetmə, qüsurlu kişiyə çevrilir. ...Sadəcə qəribə, çoxlu psixoloji kəsirləri olan rəssam... Rejissorsuz, rolunu unutmuş aktyor... Salvador Dali -  onu çoxları dəli hesab edirdi. Amma yazının bu məqamında düşünürəm, hansı daha çox dəli idi? Qəribə, ipə-sapa yatmayan Salvador Dali? Yoxsa bu adamın böyüklüyünə, dahiliyinə ilk gündən inanan Qala? Qalateya... Qalüçka... Dalinin Qalası... Dalinin DƏLİsi! 

 

 

 

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2015.- 4 aprel.- S.20-21.