Doğmaları ölümə, yadları həyata bağışlamaq...

 

ÇIXIB GEDƏNDƏ ÜRƏYİMİN VƏ GÖZÜMÜN İŞIĞINI SÖNDÜRMƏYİN, ZİL QARANLIQDAN ÜRPƏNİRƏM...

 

 

 

...Uşaqlığımın xatirələr xarabalığında qırıq-sökük oyuncağa bənzər bir epizod atılıb qalıb: Günəşə baxıb gülümsəyən ucsuz-bucaqsız günəbaxan zəmisi... Zəminin kənarında böyük bir avtobus... İçərisində 4-5 yaşlı iki uşaq-böyüyü qız, kiçiyi oğlan. Bağlı qapı arxasında, avtobusun böyük-böyük aynalarından get-gedə uzaqlaşmaqda olan atalarının ardınca baxan iki cüt kədərli göz...

 

Bu, müvəqqəti də olsa tərk edildiyim ilk acı ayrılığım idi.  Və mən o bir zərrəcik ömrümdə, 5 yaşlı qızcığazın yumruğu boyda ürəyimdə üfüqdə gözdən itənin  qayıtmağını arzuladığım kimi heç nəyi arzulamamışdım o yaşa qədər... Atamın hansısa iş ardınca getdiyi o qısa zaman ərzində keçən vaxtın miqdarı yadımda deyil, amma qayıtmışdı... və məni inandırmışdı gedən(lər)in qayıtdığına... Amma ondan başqa, ondan sonra kimsə qayıtmadı və həyatım boyu anladım ki, ondan sonra, ondan başqa ürəkdən güvənəsi heç kimim yoxdur mənim...

 

Avtobusdan atalarının ardınca boylanan o uşaqlar üçün zaman və məkan anlayışı önəm daşımırdı... Onlar bəlkə beşcə dəqiqə tək qalmışdılar, ya da 5 saat, fərqi yoxdu... Olan buydu ki, odu-budu bütün ömrüm boyu uzaqlaşıb gedənlərin ardınca ta onlar üfüqdə nöqtəyə çevrilincəyə qədər baxmaq, heç kirpiyini qırpmadan, baxışlarını yayındırmadan baxmaq kimi lənətolası bir vərdişim yarandı... Ona görə yox ki, gedən(lər)in qayıtmağını gözləyirdim, qətiyyən, sadəcə bu vərdişimlə o gediş(lər)i bəbəklərimin ortasınacan, beynimin dibinəcən həkk edib bir vaxtlar heç getməyəcəklərinə inandığım o uzaqlaşan(lar)dan deyil, öz sadəlövh, uşaqcasına inamıma görə dəlisov ruhumdan və bu ruhu gəzdirməyə gücü çatmayan zəif vücudumdan acımasızca qisas almağa başladım...

 

lll

 

Hamımız “oğruyuq”. Çiynini çəkib - mən də? -deyib atılma yerindən. Sən də! Məsələ heç də onda deyil ki, dolaşdığın bazarda nəyisə çırpışdırasan, ya uşaq vaxtı yoldaşının kiçik bir oyuncağını xəlvətcə cibinə qoyub yavaşca sivişəsən, ya da gənc vaxtı yolun kənarında bəyəndiyin bir avtomaşına oturub aradan çıxasan... Heç ümid oğurlamadınmı, heç kiminsə inamından bircə tel çəkib çıxarmadınmı, sonra heç xəbərin də olmadı ki, o böyüklükdə, o səliqədə inam məhz o bir tel ipi dartıb çıxardığın yerdən ilmələnib süzülüb getdi, ortada da qarışıq-dolaşıq alabəzək yumaqdan başqa heç nə qalmadı... Kiminsə xəzinə vaxtından heç olmasa, bircə dəqiqəni icazəsiz oğurlamadınmı? Həyatın boyu bircə dəfə də olsun alıb götürmədinmi kiminsə ürəyini? Nolsun ki, sonra peşman olub aldığın yerə geri qoymaq istəyəndə, köksünün sol tərəfi qazılıb ölüsünü gözləyən təzə məzar kimi açıq olan o vücudu tapa bilmədin əvvəlki yerində?! Sən geri qayıdanda kimsə o köksüboş vücudun özünü oğurlamışdı, o boşluğa da öz ürəyini çıxarıb qoyacaqdı bəlkə? Ya da o bixəbərə eləcə vücud lazımmış, torpaqlayıb dolduracaqdı o boşluğu, sonra da üstünə çıxıb möhkəm-möhkəm tapdalayacaqdı ki, qabarıq iz qalmasın... Belədi, kimə nə lazımdırsa, onu oğurlayır... Yəqin bu saydıqlarımdan mənim də oğurladığım az olmadı... Ən gülməlisi də bilirsənmi nədir?- biz bu qədər oğurluq içində rahat yaşamaq üçün, ömür boyu bir-birimizdən çırpışdırdıqlarımıza qəşəngcə bir “bəraət” uydurmuşuq: Oğrudan oğruya halaldır...

 

Mən ən çox gözdən işıq oğurlayanlardan qorxdum yaşadığım həyat boyu. Əlbəttə, bu Prometeyin odu qaçırması kimi qlobal problem olmasın gərək, amma hərənin işığı özünə əzizdir, axı o evin işığı bu evə düşmür... Bilirsənmi, gözdən işıq oğurlamaq necə olur? Bu,  xoşbəxtlikdən cıvıl-cıvıl olduğun zaman, gözlərin səadət parıltısından alov-alov yanarkən biri(ləri)nin peyda olub baxışlarındakı o işığa yerikləməsidir... Sən o işığı təmənnasız ətrafına səpələrkən və hər səpələnişdən sonra o işıq daha da artarkən bununla yetinməyənlər o işığı məhz son parıltısınacan gözlərindən sümürüb özününküləşdirmək arzusuyla yanıb tutuşarlar. Kimə nə lazımdısa, onu oğurlayır-ruhlarını zülmətdən qurtaracaqlarını sanarlar o oğurluq işıqla... Bax beləcə, “gözümün işığı” dediklərin gözünün içinə baxa -baxa o işığı gözünün içindən elə çəkib çıxararlar ki, ondan sonra bomboz və bomboş  bəbəklərinlə zillənərsən işıq ili uzaqlıqda sayrışan işıqlara...Və bu oğurluq heç təsadüfi, ya da istəməyərəkdən baş verməz: Bunun üçün dörd bir tərəfində hərlənib-fırlanarlar, əlli dona girib yüz hoqqa çıxararlar, min sifət dəyişib o işığı sənin gözünün içindən çəkib çıxarmayınca rahatlana bilməzlər, gözümün işığı. Gözün işığı kiçik məsələdirmi sandın? Əsl xoşbəxtliyin göstəricisi gözün içinin işıqlanmasıdır. Bəbəkləri parıldamayan biri ha desin ki, bəxtəvərəm, kim inanar? Ruhun və vücudun birgə xoşbəxtliyindən sonra gözlərdə işıq yaranır. Bunsuz mümkün deyil. Nə zamandı sönülü monitora bənzəyən baxışlarım səni gəzir, gözümün işığı. İndiyədək oğurlanan ümidlərimi, xəyallarımı, inamımı, zamanımı, sevgimi, gəncliyimi, cəhdlərimi, yanlışlarımı, doğrularımı - hamısını, hamısını halal edirəm “oğrulara”, bircə gözümün işığından başqa. O mənim içimin də, çölümün də yeganə bəzəyi, olan-qalan varidatım idi. Bəlkə də heç kim oğurlamadı işığımı, kim(lər)insə babalını yudum?  Bəlkə kim(lər)sə gedəndə sadəcə israfçılıq olmasın deyə, ürəyimin və gözümün işığını söndürüb getdilər? Ancaq hər nə səbəbdənsə, məsələ bu ki, qaranlıqdayam indi... Zülmətdən  həmişə ürpənmişəm. İndi zil qaranlıqda əlimi divarlara sürtə-sürtə işığı yandırmaq üçün düyməni axtarıram... Düymənin yerini dəyişiblər, deyəsən... Bu nə xəsislikdir axı? Ürəkdən çıxanda mütləq gözün də işığı söndürülməlidir deyə bir qanunmu yazılıb?! Gedərkən barı işıqları yanılı qoyub getmək olmazmı?...

 

lll

 

İri-iri tabaqları Günəşə gülümsəyən günəbaxanlar artıq çoxdan yoxa çıxıb...Yenə həyatın çiskinli, çəmrəli boşluğa açılan böyük-böyük “pəncərələrinə” yapışıb baş alıb uzaq üfüqlərə yollanan və bu dəfə geri dönməyəcəyini dəqiq bildiyim atamın ardınca baxıram... Pəncərələri yumruqlayıram, eqoistlik damarım tutur- “geri dön, səndən başqa kimsənin çiyni göz yaşlarıma tarla olmayacaq, getmə, qayıtmayacaqsan daha, bilirəm, getmə”- qışqırıram, öz səsimdən qulaqlarım tutulur, ətraf toranlaşır get-gedə, onu alatoranda birdəfəlik gözdən itirəcəyimdən qorxub var-gücümlə səslənirəm ardınca. Bu əbədi, geridönməz  ayrılığın, birdəfəlik gedişin ağrısından, dözülməz nisgilindən bütün ruhum necə tikə-parça olursa, gücsüzlüyümdən, acizliyimdən yaranan isterikliyim son həddə çatır. Necə möhkəmmiş həyatın “pəncərələri”! Bu boyda vur-çatlasından sınmır, səs keçirməyən “şüşədənmiş” demə, səndən çöldəki səsini eşitmir, içəridə çığır çığıra bildikcə... Bircə anlıq geri dönüb baxsa, aynanın qarşısında necə çarəsizcə yanıb-yaxıldığımı,  iki gözümün iki çeşmə olduğunu görərdi...Bəlkə şüşələrə içəridən qara üzlük  də vurulub-mən içəridən çölü görürəm, amma çöldən içəri görünmür?!

 

lll

 

Deyirdilər, hamı getmir... Məni uşaqlıqdan bəri hamının getmədiyinə niyə inandırmışdılar? Axı hamı gedirmiş, hamı... Gec ya tez, əvvəl ya axır hamı sirli-sirli gedirmiş - doğmalar da, yadlar da... Hansısa çox güclü, məchul bir qüvvə varmış hamını aparan: formasız, məzmunsuz, ölçüsüz şəkildə... Doğmaları ölüm aparır, yadları da həyat... 5 yaşından bəri pəncərələr qarşısında durub gedənləri izləməyi alın yazısı kimi yaşadım. Həyatım boyu məni müvəqqəti də, birdəfəlik də tərk edən ən qiymətli kişi sən oldun, ata. Hamı getsə də, sən getməməliydin, belə getməməliydin...Bu gedişinlə indiyədək olan və bundan sonra ola biləcək bütün ayrılıqları, bütün tərketmələri gözümdən saldın, adiləşdirdin... Aynalar önünə ilk dəfə sən gətirmişdin məni, səndən sonra birdəfəlik çəkiləcəm aynalar qarşısından... Yorulmuşam pəncərələrdən...

 

Qapının yerini göstər mənə, çıxım ardınca qaçım... Uşaqlıqda o avtobusda da tapa bilməmişdim qapını, indi də tapa bilmirəm...Bizi qorumaq üçün bağlamışdın qapını- onda da, indi də... Ancaq pəncərələr vardı axı, böyük-böyük pəncərələr... Getməmişdən öncə de ki: “Gücsüzsən, acizsən, yığıl daha pəncərələrin qarşısından, yığışdır gözünü gedənlərin ardından...Yetər artıq  öz-özündən qisas, iztirablarından həzz aldığın...Getmək elə getməkdir, başqa adı yoxdur bunun, don geyindirib bəzəməyə çalışma getməyi, o natural varlıqdır, ona çılpaqlıq yaraşır. Həqiqət kimi...” Qərar verilən andan (qərarı hansı qüvvənin verməsindən asılı olmayaraq) geridönməz vəziyyət yaranır. Getmək qərarı verilibsə, gedən yoxdur artıq, qayıtsa belə o qayıdan gedən deyil, olmayacaq da. Qayıdanda mütləq və mütləq dəyişən nələrsə var. Dəyişən heç bir şey artıq əvvəlki kimi xoşbəxt eləməyə qadir deyil...

 

lll

 

...Uzaq dağ rayonunda şaxtadan qıpqırmızı qızarmış əllərini hovxura-hovxura uşaqlar məktəbə rahat gedə bilsin deyə, evin pilləkənindən başlamış böyük yola çıxana qədər yolu təmizləyib açan bir kişi vardı keçmişin astar üzündə.... Bizi evdən başlanan cığırla böyük yollara büdrəmədən çıxardanların varlığının necə böyük bir səadət olduğunu anlamadığımız vaxtlardı onda hələ... Tərtəmiz ürəyimizi kirlədən arzularımız da vardı: Arzular da nə arzu! Ya göydən ulduz dərmək, ya da o ulduzu dərəcək birini tapmaq həvəsindəydik. Bu qədər maddi arzular yəni...Heç demə, gözümüz göylərdə ulduz gəzəndə gələcəkdə arzulayacağımız ən böyük səadətin içindəymişik həmin vaxt... Ulduzları dərəcəkdik dərməyinə də, amma sonra əlimizdə də ulduzlar o yüksəkliklərdən yerə çırpılacaqdıq... Min bir tərəfə dağılmış qırıntılarımızın hər biri ilə dözülməz ağrı duyduğumuz o günlərin birində yalnız iri-iri tabaqları xəfifcə yırğalanan o günəbaxanları, bahar günü yamyaşıl, təravətli  otların üstündə ayaqyalın qaçışa-qaçışa gülüşlərimizdən ağacların budaqlarını silkələyən çağı arzulayacaqdıq... Tikanlı məftillərə ilişən ruhumuzun qanı yanağımız boyu özünə arx açanda ayaqlarımızı tumarlayan o yaşıl otlardan, ürəyimizə sığal çəkən o doğma baxışlardan başqa istəyimiz olmayacaqdı... Ən böyük arzumuzun böyümək olduğu uşaqlığımızda heç demə, elə ən böyük arzularımızın içində, bir də heç vaxt  geri dönməyəcək  səadətin qoynunda  yaşayırıqmışıq əslində...

 

Uşaqlıqdan başlanan bütün bu çabala(mala)rın sonunda bircə məntiqi nəticə olmalıymış, bircə labüd son varmış: Qarşı çıxdığımız, dirəndiyimiz, savaşdığımız, inadlaşdığımız iki qüvvənin -həyatın və ölümün qarşısında gec-tez indiyədək möhkəm-möhkəm sıxdığımız ovuclarımızı açıb ömür boyu dərdiyimiz ulduzları hara gəldi tolazlamaq, sonra da diz çöküb əlimizin  arxasını yerə qoymaq və...Doğmaları ölümə, yadları həyata bağışlamaq... Sözün bütün mənalarında...Hər kəs doğma və yad olaraq yalnız həyata, bir də  ölümə məxsusdur...

 

Ey həyat və ölüm! Bütün gedənlərin inadına getməyəcəyəm heç birinizdən... Ölümüm, səninlə deyiləmsə, deməli, həyatın yanındayam, yadlar kimi... Darıxanda məni orda axtar... Həyatım, səndən gedəndə isə ölümün yanında olacam, doğmalar kimi... Yəqin bu, sonsuza qədər də belə davam edəcək - növbəti həyatlara və növbəti ölümlərə qədər...

 

 

Sevinc Mürvətqızı

525-ci qəzet.- 2015.- 4 aprel.- S.27.