Elçin
yaradıcılığının növbəti Türkiyə
təntənəsi
Azərbaycanın
Xalq yazıçısı Elçinin “Ağ dəvə”
romanı Türkiyənin məşhur nəşriyyatlarından
biri sayılan “Ötüken”də ilk dəfə 1999-cu ildə
çap olunub.
Bu günlərdə isə nəşriyyat oxucuların marağını nəzərə alaraq “Ağ dəvə”ni yeni tərtibatda təkrar nəşr edib. Romanı türk dilinə professor Ali Duymaz uyğunlaşdırıb. O, eyni zamanda, kitaba “Ön söz” yazaraq, Elçinin yaradıcılığını və onun türkdilli ədəbiyyatda tutduğu mövqeyi yüksək qiymətləndirib.
Bu yeni nəşr Xalq yazıçısı Elçinin “Ötüken” nəşriyyatı tərəfindən çap edilmiş on birinci, ümumilikdə isə, Türkiyədə nəşr olunmuş iyirmi üçüncü kitabıdır.
Daha bir sevindirici xəbər isə Elçinin “Şekspir” əsəri ilə bağlıdır. Yazıçının bu əsərinin tamaşası Taksim-Bebek Rotary Klubu tərəfindən üçüncü Rotary teatr mükafatına layiq görülüb. Bu, əməkdar incəsənət xadimi Məlahət Abbasovanın səhnə tərtibatı ilə quruluş verilən tamaşanın layiq görüldüyü sayca 10-cu mükafatdır.
Klubun qərarı ilə Məlahət Abbasova “İlin ən yaxşı rejissoru", tamaşada tibb bacısı rolunu ifa edən aktrisa Ezgim Kılınç isə “İlin ən yaxşı köməkçi qadın aktrisası” nominasiyalarında mükafatlara layiq görülüblər. Tamaşa yüksək səhnə dekorasiyasına görə də üç müxtəlif teatr mükafatı ilə təltif olunub.
Xatırladaq ki, “Şekspir”in Türkiyədə səhnələşdirilməsi bu əsərin qardaş ölkədə sürətlə populyarlaşmasına gətirib çıxarıb. Tamaşa İstanbulun ən mötəbər teatr səhnələrində maraqla oynanılmaqda və baxılmaqdadır. Təkcə ötən il tamaşada oynayan 5 aktyor “İlin ən yaxşı aktyoru” mükafatına sahib olub. Tamaşanın musiqilərinin müəllifi Aygün Səmədzadədir.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 4 aprel.- S.17.