“Rüşvət alan müəllimlər
cinayət məsuliyyətinə cəlb olunmalıdır”
Feyziyyə ilə Xəzərin sahilində
Düzünü deyim ki, Aliyə xanımı xanım
millət vəkilimiz Jalə Əliyeva ilə söhbətdən
sonra tanımışam. Jalə xanımın sevimli müəlliməsi
olub. Haqqında danışdıqlarından
sonra Aliyə xanımla görüşməyə qərar
verdim. Tanımayanlar üçün bildirim ki, Aliyə
Təhmasib uzun illər Bakı şəhəri 132 saylı məktəbdə
direktor vəzifəsində çalışandan sonra
1985-1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin
deputatı seçilib. Respublika Qadınlar
Şurasının sədr müavini olub. 2007-ci ilin mart
ayında Aliyə xanım təhsil sahəsindəki xidmətlərinə
görə və ömrünün 60, əmək fəaliyyətinin
40 ili tamam olması münasibətilə
Prezidentin fəxri təqaüdünə layiq
görülüb.
- Hər
evin qibləsi var. Tale elə gətirib ki, mənim evimin qibləsi
oxuduğum, müəllim işlədiyim və direktoru
olduğum məktəbə baxır. Yeddi yaşından, təqaüdə
çıxana qədər əvvəl şagird, sonra qiyabi təhsil
ala-ala müəllim, daha sonra direktor olmağım mənim məktəbdən
bir an belə ayrılmağıma imkan verməyib.
Sovetlər dönəmində, kolxozçulardan, fəhlələrdən
millət vəkili daha çox seçilirdi. Əgər
kolxozçulardan on-on beş nəfər vəkil
seçilərdisə, respublika üzrə yalnız bir həkimin
seçilmək imkanı var idi. Ziyalıların
yalnız bir dəfə seçilmək imkanı var idi.
Özü də müəllim namizəd
mütləq qadın olmalı idi. SSRİ
dövründə millət vəkilinə seçiləcək
adamların ailə tərkibinə diqqət yetirirdilər.
Ailədə ticarətçi, polis
işçisi, cinayət məsuliyyətinə cəlb edilən
bir nəfər də olmamalı idi. Seçiləcək
adamın ziyalı ailədən və Bakıdan olması
önəmli idi. Savad dairəsi və rus
dili biliyi yoxlanılırdı. Namizədləri
bu cür ələyib seçirdilər. Mən
də bu cür ələnənlərin arasında idim və
sona iki nəfər qalmışdıq. Səhərisi
gün bizi Mərkəzi Komitəyə
çağırdılar. Katib bizim hər
ikimizlə söhbət edəndən sonra o biri namizəd
qadını geri göndərdilər. Həmin
gün axşam Heydər Əliyev məni qəbul elədi.
Onun təsdiqinin səhəri günü qəzetlərdə
mənim namizədliyimi irəli verməyim xəbəri
yayıldı. Sonra özüm seçki
kampaniyası yaratdım, seçicilərlə
görüşdüm. Səsvermə oldu
və mən seçildim.
Kifayət qədər qarışıq bir dönəmdə
siyasi proseslərin içində olmuş millət vəkilindən
iki ayrı-ayrı məclisin fərqlərini soruşdum. Dedi ki, SSRİ
dövründə, bildiyiniz kimi sözünü deməyə
o qədər də imkan yox idi. Soruşanda ki, bəs təkliflərinizi
necə, səsləndirə bildinizmi, dedi:
- Həmkarlar
İttifaqının qurultayında müəllimlərlə
bağlı iki təkliflə çıxış elədim.
İclasın sonunda çıxış edən
Heydər Əliyev iki yerdə mənim adımı çəkdi
ki, xanım Təhmasib təkliflərində haqlıdır.
Sonra mənim verdiyim hər iki təklif qəbul
olundu və həyata keçirildi. Onlardan
biri müəllimlər üçün
sanatoriya-profilaktoriyanın tikilməsi, digəri isə müəllimlər
evinin yaranması idi. Onların hər ikisi
yarandı. Tarqovıy deyilən
küçədə müəllimlər evi fəaliyyətə
başladı. Müəllim evində
istedadlı müəlimlər musiqi, rəsm dərnəklərinə
yazılırdılar, asudə vaxtlarını səmərəli
şəkildə keçirirdilər. Azərbaycan
Qadınlar Şurasının sədri Əzizə Cəfərzadənin
müavini idim. 1989-cu il, sentyabrın
19-da Moskvada SSRİ Qadınlar Şurasının iclası
çağırılmışdı. Bütün
müttəfiq respublikaların qadınlar
şuralarının sədrləri ordaydı. Əzizə xanım xəstələndiyi
üçün müavin kimi məni göndərmişdi.
Toplantı Ermənistan-Azərbaycan münasibətləri
ilə bağlı deyildi.
Amma onların xislətinə bələd olduğuma və
Mərkəzi Komitədən xəbərdarlıq
aldığıma görə ora hazırlıqlı
getmişdim. Həm Sumqayıt hadisələri ilə
bağlı, həm Ermənistandan Azərbaycana gələn
köçkünlərin avtobuslarının yandırılma
fotoşəkillərini və digər məlumatları
özümlə aparmışdım. Ermənistandan gələn
sədr mikrofonu əlinə alan kimi,
başladı ki, azərbaycanlılar bizə bu
haqsızlığı edib, filan. Mən olduqca
səbrlə dinlədim. Ermənistandan gələn
nümayəndə çıxışını bitirəndən
sonra söz mənə verildi. Mən erməni
qadından fərqli olaraq qışqıra-qışqıra
deyil, çox sakit tərzdə, zalda əyləşənlərə
əslində, nələrin baş verdiyini, azərbaycanlıların
heç də erməni qadının təqdim etdiyi kimi
olmadıqlarını, əksinə bizim onlar tərəfindən
hansı təzyiqlərə məruz
qaldığımızı fotoşəkillərlə, faktlarla
izah elədim. Qırx dəqiqəyə
yaxın çıxışımda özümü saxlaya
bilmirdim, gözümdən yaş sel kimi axırdı. İndi də danışanda tüklərim ürpənir.
Mən şəkilləri zalda oturanlara
paylamağa başlayanda erməni qadın yenidən
qışqıraraq etiraz edəndə, sədr onu yerində
oturdurtdu. Şəkillər paylananda buna
dözməyib qapını nümayişkaranə şəkildə
çırpıb zaldan çıxdı.
İclasdan sonra sədr Puxova da, digər qadın həmkarlarım
da məni qucaqlayıb bizə dəstək olduqlarını
bildirdilər.
Aliyə
xanım doxsanıncı illərdə baş verən məlum
hadisələri belə xatırlayır:
-
Yanvarın iyirmisi idi. Filarmoniya tərəfdən
insan axını məktəbin qabağına
axışırdı. Nizami heykəli tərəfdən
də tanklar gəlməyə başladı. Küçə boyu tank qoşunu irəliləyirdi.
Mənim oğlanlarım, yuxarı sinif
şagirdləri tankların qarşısında əl-ələ
tutub dayanmışdılar ki, məktəbə
toxunmasınlar. Qoşun insan
axınını görəndə dayanıb,
başladılar bizə atmağa. Bərk
güllə-baran səsi aləmi götürdü. Amma
heç kim bilmir ki, bu güllələr
boşdu. İnsanlar
qışqırışıb qaçışmağa
başladı. Qaçıb məktəbin
qapılarını taybatay açdım ki, insanlar gəlib
doluşsunlar foyeyə. Arvad-uşaq
bir-birini itələyə-itələyə məktəbə
doluşub yerə uzandılar. Çıxıb
bayırda oğlanlarımın adını
çağırırdım. Onları
tapa bilmirdim.
Mənim nələr çəkdiyimi təsəvvür
edə bilməzsiniz. Bu ərəfədə rus əsgərləri
elə gülürdülər ki, əlimdə silah
olsaydı, atəş açardım. Ölən
olmadığını biləndə anlamışdıq ki,
güllələr boş imiş. Mənim
bir məqam yadımdan çıxmırdı. Bir qoca müəllimə var idi, məktəbin
foyesindəki seyfin arxasında gizlənmişdi. Məni çağırdı ki, Aliyə müəllimə,
gəlin bura, sizi vurarlar. Onda bilmirəm nə
qəhrəmanlıq hissi idi, mənim içimə
dolmuşdu, qışqırırdım ki, mən bunların
qarşısından qaçıb yerdə oturmaram. Bu mənim yadımdan heç çıxmır.
O gün mən nə zərbə aldımsa, şəkər
xəstəliyi tutdum.
İndinin özündə də insulinlə
yaşayıram.
Kədərlənir. Sonra xatırladır
ki, sonralar bir oğlu ağır xəstəlikdən sonra vəfat
edib. Özünü toparlayıb xatirələrini
danışmaqda davam edir:
-
Çox çətin vəziyyətə
düşmüşdüm. Özüm də
millət vəkili idim, düşünmədim ki, buna görə
mənə yuxarıdan söz gələ bilər. Mitinqdə tribunaya çıxıb
çıxış elədim. Mandatımı yerə
atıb dedim ki, mən bu qanlı sovetin deputatı olmaqdan
imtina edirəm. Gecə saat on ikidə rəhmətlik Bəxtiyar
Vahabzadə mənə zəng elədi ki, sabah
səhər növbədənkənar sessiya
çağırırıq. Bildirdim ki, mən
mandatımı atmışam. Dedi, o mandatı
hamımız atmışıq. Amma sabah
mütləq sessiyada iştirak eləmək lazımdır.
Həmin gün bizi tanklar mühasirəyə aldılar. Bir nəfər
də olsun bayıra çıxa bilməzdi. Biz müzakirələri mühasirədə, Elmira
Qafarovanın sədrliyi ilə aparırdıq. Onda Moskvaya ultimatum hazırlayırdıq.
Ultimatumda deyilirdi ki, rus qoşunu Bakıdan hissə-hissə
çıxarılmalıdır. Onda mən deyəndə
ki, bəyanata “dərhal” sözü əlavə
olunmalıdır, dedilər ki, biz başa düşürük
ki, sən bunu hansı ağrı, həyəcan ilə deyirsən.
Amma bu boyda qoşunun birdən-birə
çıxması mümkün deyil. Biz saatlarla mühasirədə
qaldıq. Milli Məclisin foyesində gəzişəndə
Zeynəb Xanlarova qapıda dayanan adamlarımıza əli ilə
işarə elədi ki, acıq. Bir az
keçmiş bizə qapının arasından çörək
uzatdılar və biz o çörəyi ordaca
parçalayıb yedik. Rus qoşunlarından əlavə,
xalq cəbhəsinin adamları da bizi əhatəyə
almışdılar. Onlar Milli Məclisi
boykot eləmişdilər. Millət vəkillərini
bəzi məsələlərdə günahkar bilirdilər.
Demişdilər ki, burdan çıxan millət
vəkilini daşqalaq edəcəyik. Saat artıq beş idi. Mən dedim ki, daş da atsalar,
güllə də atsalar, burdan çıxacam,
uşaqlarım evdə məni gözləyir. Mən
çıxdım, heç kimi də qoymadım məni
ötürsün. Heç kim
heç nə demədi, heç bir təxribat törətmədi.
Deyir bu
hadisələrdən hamı üzüağ çıxa
bilmədi:
- İcra
Hakimiyyətindən mənə zəng eləmişdilər
ki, sənin səsin, nitqin yaxşıdı, get indiki
İçərişəhərə, səni orda gözləyəcəklər.
Orda camaata müraciət elə ki, rus qoşunu
Bakıya girməyəcək, dağılışın
evinizə. Bu sözləri diktor kimi,
dövlətin adından deyəcəksən. Dedim, məni işdən çıxarsanız
da bu sözləri deməyəcəyəm. Çünki
mən özüm əmin deyiləm, qoşun gələcək,
ya yox, başqalarına niyə yalan məlumat verməliyəm
axı? Sonra başqa bir nəfərin səsi
ilə bu məlumatı verdilər. Amma
adamlar onsuz da dağılışmadı meydandan. Bilmirəm bu məlumatın yayılmasında məqsəd
nə idi. Bəlkə də Qorbaçov Vəzirova
belə tapşırıq vermişdi. Bu on
doqquzu səhər olmuşdu. Camaat
dağılışmadı və həmin gecə tanklar
şəhərə girdi. Və mən
Allaha şükür elədim ki, nə yaxşı şəhərə
tankların girməyəcəyi xəbərini demədim,
yoxsa özümü bağışlaya bilməyəcəkdim.
Bu gün Milli Məclisdə oturanların fəaliyyətindən
nə dərəcədə razı qaldığını
soruşuram. Deyir ki, son dövrlər deputatların fəallığından
razıdı. Daha aktivdilər. Sözlərini deyə bilirlər. Sonra deyirəm
ki, müəlliməniz və qaynananız Bilqeyis xanım
haqqında demişdiniz ki, ən yaxşı müəllim o
müəllimdir ki, onun haqqında hətta qırx il sonra belə danışırlar. Bəs o zaman ən yaxşı millət vəkili
necə olmalıdır? Cavab verir ki, ən
yaxşı millət vəkili elə adından da
göründüyü kimi, millətinin vəkili
olmalıdır. Sonra soruşuram ki, Aliyə
xanım, müəllimlər necə, məktəblərdə
sözlərini deyə bilirlərmi? Adətən
direktorlardan çəkinirlər axı. Ümumiyyətlə,
azad fikir daşıyıcıları olan müəllimlərimiz
nə qədərdir?
- Bizim məktəbdə
azad fikir olduqca önəmli olub. Mən
direktorluğum müddətində bircə dəfə də
olsun diktatorluq hallarına yol verməmişəm. Heç vaxt səsimi yüksələn tonda
eşitməyiblər. Heç vaxt kiminsə
hüququnu pozmamışam. Hər zaman məsələləri
kollegial şəkildə həll eləmişəm. Məsələn,
bir müəllim istəyirdi ki, biz ona iyirmi dörd saat dərs
verək, halbuki, çox zəif müəllim idi, ona heç
beş saat da dərs vermək olmazdı. Mən yenə həmkarlarımı çağırırdım,
iclas keçirirdim, müəllimin dərslərində
otururduq və ona izah edirdik ki, istədiklərinə layiq
deyil. Sovetlər dövründən bəri
məktəblərdə azad sözlə bağlı məsələdə
xeyli irəliləyiş var. Amma yenə də, insanlar daha cəsarətli
olmalıdırlar. Fikirlərini azad şəkildə
deməlidirlər. Valideyn
qorxmamalıdır ki, iradlarımı bildirsəm, şagirdlərimi
incidə bilərlər və ya şagird çəkinməməlidir
ki, hansısa fikrimə görə valideynimə söz gələr.
Təhsil
müəssisələrində baş verən neqativ hallardan söhbəti
yayındıra bilmədik. Görək, bu sahədə
saçını ağartmış Aliyə xanım necə
düşünür, doğrudanmı məktəblərdə
müxtəlif adlarla yığılan pulların səbəbi
maaşın azlığı ilə bağlıdır?
- Maddi vəziyyəti
çətin olduğuna görə müəllimlər var
ki, rüşvət alırlar. Amma maddi vəziyyəti
çox çətin olan, bəzən çörək
almağa belə pulu çatmayan müəllimlər var ki,
öldürsələr də bir manat belə rüşvət
götürməz. Mənim müəllimlərim
bunu etməzdilər. Mən də bu məktəbdə
oxumuşam axı. Biz heç vaxt təsəvvürümüzə
gətirməzdik ki, müəllimə şokolad qutusu vermək
olar. Amma indi elə müəllimlər var
ki, dilləri ilə tələb edirlər. Nə qədər qarşısını almağa
çalışsam da, bu hallar mən işlədiyim məktəbdə
də var idi. İndi də var, yəqin ki.
Tutaq ki, müəllimin maaşı qalxaraq min manat oldu. Müəllim
var ki, o rüşvəti yenə alacaq. Onun
üçün fərq etməyəcək. Elə vəzifəli adamlar var ki, onların pula
ehtiyacları yoxdur, amma işə götürəndə
rüşvət alırlar.
Mən də bilmirəm bunun çarəsini. Mən də
bilmirəm nə etmək olar ki, bu kimi halların
qarşısı tamam alınsın.
Məncə,
rüşvət alan müəllimlər
cinayət məsuliyyətinə cəlb olunmalıdır, bəlkə
də onda gözləri qorxa. Amma son illər bu
kimi hallar xeyli azalıb. Jalə Əliyeva,
bilirsiniz ki, mənim şagirdim olub. Bəzən
şagirdlərim görüşüb
yığışır, müəllimlərini
xatırlayırlar. Bəzən hansısa
müəllimin adını belə çəkmək istəmirlər.
Çünki əlaçılar belə o
müəllimdən pul vermədiyinə görə
yaxşı qiymət ala bilmirdilər. Belə
adamlar azdır və bütün kollektiv ona nifrət edir.
132 nömrəli məktəbdə daha çox
ziyalıların, yazıçıların, şairlərin
övladları oxuyurdu. Müəllimlər
onlarla bu barədə söhbətə girə bilməzdi.
Buna görə də bu hallar olduqca az idi
bizim məktəbdə.
Söhbətin
mövzusu kişi müəllimlərin təhsil
müəssisələrində nəzərəçarpacaq dərəcədə
azlıq təşkil edilməsinə yönəlincə yenə
gəlib maddi problemlərin üzərində dayanırıq.
Yenə maaş, yenə pul...
- Son illər
riyaziyyat, coğrafiya, tarix kimi fənlərdən hansısa məktəbdə
kişi müəllimlərin olduğunu
görməmişəm. Kişilər ailə
saxlamaq üçün daha pullu sahələrə üz
tuturlar.
- Sizcə
müəllimin maaşı nə qədər
olmalıdır?
- Məncə beş yüz manatdan başlamalıdır.
Bu isə yaşamaq üşün çox
azdır.
- İndi millət vəkillərindən yəqin ki, bu
müsahibəni oxuyanlar olacaq. Müəllimlərlə,
təhsillə bağlı hansı qanunların qəbul edilməsini,
hansı problemlərin həll olunmasını istəyərsiniz?
-
Çox istəyərdim ki, müəllimliyə yalnız
gedim iki saat dərsimi deyim qaçım gəlim evə, kimi
düşünən insanlar gəlməsin. Siz
yəqin ki, mənim Bilqeyis müəlliməm haqqında
danışdıqlarımı oxumusunuz. Bir aktyorun
fanatı olmaq
kimidir mənim ona heyranlığım. Onu xatırlayanda həmişə canıma bir
üşütmə gəlir.
Yalnız mən yox, bütün şagirdləri onu
çox istəyirdi. Yəni insana gərək Allah tərəfindən
vergi verilsin ki, o əsl müəllim olsun. Məsələn, mənim gəlinim də müəllimədir.
Elə 132 nömrəli məktəbdə dərs
deyir. İndi məktəbin ən
yaxşı müəllimlərindən biridir. Anası danışır ki, bu uşaq olanda həyətdə
uşaqları başına yığardı, qabağına
bir taxta qoyub əlinə təbaşir alıb
başlayardı uşaqlara dərs deməyə. Yəni
bu tip adamlar başqa heç bir sahəyə getməzdi. Məni dəfələrlə müxtəlif vəzifələrə
dəvət etmişdilər. Dəfələrlə
rayon Təhsil şöbəsinə rəhbər təyin etmək
istəyiblər. Dedim yox, mən heç vaxt kabinetdə
oturub, məktəb direktorlarını yanıma
çağıraraq göstəriş verə bilmərəm.
Müəllimlik gərək uşaqlıqdan
insanın içində böyüsün. Müəllim hər axşam sabahkı dərsə
hazırlaşmalıdır. İndi hər
gün bir yenilik olur, kurikulum, filan. Amma o
vaxtlar bir təbaşir var idi, bir yazı lövhəsi. Amma necə gözəl müəllimlər
yetişirdi. Yalnız məktəbi və
təhsili düşünürdülər. Demirdilər ki, dərs tez qurtarsın qaçım
gedim evə.
- Bəzi
hallarda dərslərini də keçmirlər ki, şagirdlər
repititor kimi yanlarına gəlsin. Elə bizim
müəllimlərin arasında da belələri var idi.
-
Uşaqlar da xeyli savadsızdılar. Məsələn, bu
yaxınlarda on birinci sinif şagirdlərindən soruşdum
ki, “Yevgeni Onegin”i kim yazıb? Tez telefonunu qurcalayıb cavab verir ki, Puşkin.
Amma biz oxuyanda belə hallar ola bilməzdi. Nəinki, Puşkinin “Yevgeni Onegin”ini, onun
bütün əsərlərini sinifdənxaric oxuyurduq,
referatlar yazırdıq. İndiki nəsil ancaq test əzbərləyir.
Ondan sonra da o suallar yaddan çıxır, beləliklə də
beyində heç nə qalmır...
Sonra Aliyə
xanım sevimli müəlliməsinin evinə necə gəlin
köçməyini nağıl edir:
- Yeddinci
sinifdə atamı, səkkizinci sinifdə anamı itirdim. Üç qız uşağına valideynsiz
çox çətin idi. Hərçənd
qohumlarımızla eyni həyətdə qalırdıq.
İçərişəhərdə
yaşadığım mülk babam tərəfindən
tikdirilmişdi. Babam Kərbəlayi Xosrov məşhur adam idi və hələ Sovetlər Birliyi
yaranmamışdı. Babam atam doğulanda
İçərişəhərdə bir bina tikdirib. Böyük qala küçəsi 22, ordan keçsəniz
bir baxın, binanın üstündə də balaca ərəb
əlifbası ilə atamın adı və doğum tarixi
yazılıb. Əmilərim də o həyətdə
yaşayırdı. On birinci sinfi bitirəndən
sonra müəlliməm Bilqeyis xanımın evinə gəlin
köçdüm.
- Bəs
millət vəkilliyinə namizədliyiniz veriləndə
yoldaşınız etiraz eləmədi ki?
- Ədəbiyyatşünas alim, folklorşünas Məmmədhüseyn
Təhmasib mənim qaynatam idi. Bilqeyis xanımla
bir-birlərinə olduqca tən adamlar idilər. Mən evdə Bilqeyis xanımın hər hərəkətini
izləyirdim. O mənimlə davrandığı kimi, mən
də gəlinimlə davranıram. Bu cür ailədə
böyüyən uşaqlar heç vaxt buna etiraz edə bilməzdilər.
Əksinə yoldaşım da mənimlə tədbirlərə,
iclaslara gedirdi.
Bir
çox ailələrdə çox ciddi problemlərdən
olan gəlin-qaynana münasibətlərindən
danışdı:
- Birinci
növbədə gəlini sevməlisən. Gəlini
bütün qüsurları və üstünlükləri ilə
qəbul eləməlisən. Çünki qızım
olsaydı, qızımın da qüsurları olacaqdı.
Qüsursuz insan yoxdur. Getdiyi evdə onun qaynanası
qızımın qüsurlarını üzə vursaydı,
mən nə vəziyyətə düşərdim? Oğlum o
qızı sevib, mən də oğlumun xoşbəxt
olmasını istəyirəm. Ana müdaxilə edəndə
aləm qarışır. Ona görə də gəlini sevmək
lazımdır və gəlin hiss eləməlidir ki, bu sevgi səmimidir.
Yalandan
“ordan oturma, burdan otur” olmamalıdır. Bu baxımdan
çox rahat olmuşam. Mənə gəlincə,
bizdə gəlin-qaynana münasibəti olmayıb. Mənim Bilqeyis müəllimənin evinə gəlin
getməyim elə bir xoşbəxtlik idi ki, hansısa
şahın oğlu ilə evlənmək məni o qədər
sevindirə bilməzdi. Başımı onun dizinə
qoya bilirdimsə, o da barmaqları ilə saçımı
oxşayırdısa, mənim üçün bundan gözəl
hiss ola bilməzdi. O çox müdrik
qadın idi. Yoldaşım işdən gələndə
dönüb anasına baş çəkirdi. İçəri girəndə onu xörəyin
xoş ətri vururdu. Yoldaşım
anasından soruşanda ki, nə bişirmisən, deyirmiş
ki, Aliyə indi xörək bişirib, səni gözləyir.
Burda yesən, evdə yemək yeyə bilməyəcəksən.
Bir dəfə də yolda yoldaşımın
köynəyinin düyməsi düşüb. Dönüb anasıgilə ki, anası düyməni
tiksin. Onu tikməmişdi ki, mən onu
başqa cür başa düşərəm. Belə bir adamla mənim nə söhbətim
düşə bilərdi ki? O hətta evdəki
bacısına tapşırmışdı ki, Aliyənin
yanında ana söhbəti eləməyin.
-
Ananız yadınıza düşür indi?
- Əlbəttə, yadıma düşür. Ona məktublar yazıram...
Feyziyyə
525-ci qəzet.-
2015.- 4 aprel.- S.14-15