“Ulduz” jurnalının mart sayı
Bugünlərdə
“Ulduz” jurnalının mart sayı nəşr olunub.
Dərgi
Yazıçılar Birliyinin katibi, yazıçı
İlqar Fəhminin “Fevral “Ulduz”u... Mart qeydləri” adlı
ekspert yazısı ilə açılır: “Ulduz”
jurnalının növbəti sayındakı yazılara da nəzər
salarkən çox narahatlıq keçirirdim. Çünki
deyəcəyim istənilən fikir, yəqin ki, subyektiv
xarakter daşıyacaq... Jurnalın ümumi ab-havasının
yeniləşdiyini yazmaq, yəqin ki, artıqdır. Son aylarda
“Ulduz”da müxtəlif yeni layihələr, maraqlı müəlliflər,
orijinal əsərlərlə daha çox
rastlaşırıq. Jurnalın son sayı da istisna deyil.
...Jurnalın
bu sayı, həmişə olduğu kimi, ədəbi prosesin
mənzərəsini maraqlı şəkildə ifadə etməyə
nail olub. Həm klassik üslub, həm də müasir, modern
düşüncədən doğan ədəbi materiallar
bir-birinə oxucu qavrayışı üçün təkan
verir. Amma arzu edərdim ki, bundan sonrakı saylarda gənc
müəlliflərə ayrılan yer daha çox olsun..."
Jurnalın
bu sayında Vəli Xanın “Özüylə söhbəti”
verilib: “Məni qınamayın ki, təşbehim,
mübaliğəm, təzadım, təkririm, rəmzlərim,
nə bilim daha hansı poetik qaydalarım yerində deyil. Sizə
qurban, bu mənim çatdığım qəzəldir.
Özüm olduğum qəzəldir. Qəzəli
yaşatmalıyıq, düzdü. Amma mən qəzəl
yazsam da, yazmasam da, onsuz da qəzəl yaşayacaq". Müəllifin
“Özüylə söhbəti”ni qəzəlləri davam
etdirib.
Gənc
yazarlar Xanım Aydının “Əllərimi buraxma", Vəfa
Mürsəlqızının “Alatoran fəsil” hekayələri
jurnalın “Nəsr” bölməsində təqdim edilib.
“Tərcümə
saatı”nda bu dəfə Qardaşxanın tərcüməsində
Hötenin şeirləri yer alıb.
“Litva ədəbiyyatında
lirik nəsrin və Avropa novella formasının banisi”
yazısında Litva yazıçısı Yonas Bilyunasın
həyat və yaradıcılığına geniş yer
ayrılıb. Materialları Litva dilindən Mahir Həmzəyev
tərcümə edib.
Yaşar
Süleymanlının poetik nümunələri dərginin
“Qürbət şeirləri” bölməsində öz əksini
tapıb.
Professor
Gülşən Əliyeva-Kəngərlinin “İki əsri
öldürən şair” yazısında Xalq şairi Vaqif Səmədoğlunun
yaradıcılığından ətraflı bəhs olunub.
“Ulduz”un
bu sayında Hüseyn Bağıroğlu, Nurlan Umud, Balayar
Sadiq, Namiq Hacıheydərli və Süleyman Cəfərinin
şeirləri işıq üzü görüb.
Qəşəm
Nəcəfzadənin “Hücrə”də yer alan “Gözləmədiyim
tərəfdən gəldin” yazısında Nuranə Nurun
yaradıcılığı araşdırılıb.
Firuz
Kazımoğlu “Ana haqqında ballada”sında Mahirə
Nağıqızının şeirlərini təhlil edib.
Zemfira Məhərrəmlinin
“Yuxunu suya danış", Nərgiz İsmayılın “Gilənar
rənginə boyanan ovuclar", Rəfail Həbiboğlunun “Qardaşımın pencəyi”
hekayələri də jurnalın bu bölümündə dərc
olunub.
Rusdilli gənc
yazar Firəngiz Ağaların “Sən Allaha inanırsan?"
hekayəsi “Ulduz”un “Debüt” rubrikasında Arifə
Arifqızının tərcüməsində oxuculara təqdim
edilib.
Qədiməli
Əhmədin “Bu qədər tənhalıq varkən..."
yazısında Şəmşadın
yaradıcılığından söz açıb.
Sabir
Rüstəmoğlu “Ümiddən kitab bağlayan” adlı
yazısında şair Ramiz Məmmədzadənin “Ümid
kitabı”ndan söhbət açıb.
İlham
Abbasovun təqdimatında “Ulduz” jurnalı ilə ayb.az
saytının “Ədəbiyyat üzrə Nobel mükafatı
laureatları” adlı birgə layihəsində verilən “Ənənələrin
davamçısı” yazısında ispan dramaturqu Xasinto
Benaventenin yaradıcılığı incələnib.
Jurnalın
ənənəvi “Dərgidə kitab” layihəsinin budəfəki
qonağı İkinci Mahmuddur. Layihədə yazarın “Mən
cüzam xəstəsiyəm", “Babamın dişi",
“Tanımal Mustafa” hekayələri dərc edilib.
“Ulduz”u
alan oxucular Xalq yazıçısı Anarın “Dədə
Qorqud oğuznamələri” kitabını və şair Əjdər
Olun “Ömür elə budur, bu!" şeir diskini hədiyyə
olaraq əldə etmək imkanı qazanacaqlar.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 4 aprel.- S.29