Unudulmayan Süleyman Rəhimov
GÖRKƏMLİ YAZIÇIMIZIN 115
İLLİYİNƏ
Ədəbiyyata
gəldiyim ilk illərdə (keçən əsrin
yetmişinci illəri) Süleyman Rəhimov və onun kimi ustad sənətkarlar
mənim üçün son dərəcə əlçatmaz
idi və günlərin bir günündə onlarla
üz-üzə gəlmək, oturub söhbət eləmək
ağlımdan belə keçmirdi.
Tələbəlik illərində və sonralar mən
bu böyük sənətkarı - üz-gözündən
ciddilik yağan bu zəhmli kişini küçədə,
Sahil bağında və əlbəttə, dinləyici kimi
iştirak elədiyim bir sıra ədəbi məclislərdə
dəfələrlə görmüşəm. Hətta bir dəfə
Nizami adına Ədəbiyyat Muzeyinin
birinci mərtəbəsində (orada kitab mağazası yerləşir,
mərkəzdə olduğundan yazıçıların əksəriyyəti
öz təzə kitablarının sorağına bura gələrdilər)
Süleyman Rəhimovu lap yaxından, yarım addımlıqdan
gördüm. O, böyük səxavətlə
özünün yenicə çapdan çıxmış
“Ana abidəsi” romanından təxminən on beş
nüsxə götürdü və yan-yörəsini
bürüyən oxuculara (o cümlədən, mənə)
avtoqrafla kitabını hədiyyə verdi.
Bir dəfə isə bulvarda Süleyman Rəhimovla Əli
Vəliyevin yanaşı getdiyini, şirin söhbət etdiyini
gördüm.
Onları
beş-on addımlıqdan izlədim . Hiss
elədim ki, dünyada bunlardan mehriban dostlar ola bilməz. Bir dəfə
isə - “Azərbaycan” jurnalında təzəcə işə
başladığım illər idi - telefon zəng
çaldı, dəstəyi qaldırdım. Amiranə
bir səs jurnalın Baş redaktorunu - Əkrəm Əylislini soruşdu.
Cavab verdim ki, o, otaqda yoxdur, katibliyə
düşüb, bir azdan qayıdar, qayıdarsa, mən ona
kimin sorduğunu deyim?
Müsahibim təkidlə dedi ki, redaktorunuza deyin mənə
zəng çalsın, danışan Süleyman Rəhimovdur. Səsini tanımadığıma görə
özümü qınadım.
O zaman
(70-ci illərin axırları-80-ci illərin əvvəlləri)
bəzi söhbətlərdə, çıxışlarda
“yeni nəsil-köhnə nəsil” “qarşıdurması”
baş qaldırmışdı. Doğrudur, bu
söhbətlərin qızışdırıcı mahiyyəti,
indi çox dəbdə olan ifadə ilə desək,
“ekstremist” ruhu gün kimi aydın idi. Lakin
çox qəribə idi ki, “yeni nəsil-köhnə nəsil”
söhbətini ciddi ədəbi münaqişəyə
çevirmək istəyənlər də
tapılırdı. Hətta ustadların
arasında da açıq-açığına yeni ədəbi
nəslin yaradıcılığını bəyənməyənlər,
dodaq büzənlər, hətta inkar edənlər vardı.
Ya əksinə, yeni ədəbi nəslin
içərisində də çılğıncasına
“daloy qocaman nəsil” deyənlər tapılırdı. Bir də görürdün ki, hansı bir mötəbər
qəzetin səhifələrindəsə cavan şairlərin
şeirlərindən “qara tənqidə” tuş gələn
ayrı-ayrı misralar seçilib-sonalanır, ironiya hədəfinə
çevrilirdi, ya da əksinə, hansı bir məqalədə
isə yaşlı sənətkarların dilinə,
üslubuna, yazı tərzinə iradlar tutulurdu. Əlbəttə,
bütün bunların ədəbiyyatın saf havasına
cüzi də olsa, lap ötəri də olsa, bir kəsafət
yaydığı məlum məsələ idi.
“Yeni Azərbaycan nəsri” şərti termin olsa da,
artıq o zamankı Ümumittifaq və Azərbaycan ədəbi
tənqidində tez-tez işlənirdi. Azərbaycan nəsrinin yeni
nəsli - “altmışıncılar” - İsa Hüseynov, Sabir
Əhmədli, Anar, Yusif Səmədoğlu, Əkrəm Əylisli, İsi Məlikzadə, Elçin,
Sabir Azəri, Maqsud və Rüstəm İbrahimbəyov
qardaşları, Fərman Kərimzadə, Əlibala
Hacızadə, onların ardınca gələnlər -
Mövlud Süleymanlı, Məmməd Oruc, Şahmar
Hüseynov, Vaqif Nəsib, Afaq Məsud, Baba Vəziroğlu,
Saday Budaqlı və başqaları
doğrudan da, ədəbiyyata təzə nəfəs gətirdilər.
Sənətdə reallıq hissi, həyatilik
meylləri qüvvətləndi, yeni ədəbi qəhrəmanlar
yarandı, dilimizin yeni ifadə imkanları ilə
qarşılaşdıq və s. O zamanlar bir çoxları
kimi məni də bu ədəbi nəsillə ustadların
münasibətləri maraqlandırırdı. Fikirləşirdim ki, görəsən Anarın bir
yazıçı kimi Süleyman Rəhimova ya Əli Vəliyevə
münasibəti necədir, Elçin Mirzə İbrahimovun,
İsi Məlikzadə İlyas Əfəndiyevin nəsrini bəyənirmi?
Yaxud əksinə, Əli Vəliyev tamamilə
başqa tərzdə yazan nəvəsi Afaq Məsuda
acıqlanmır ki? Mirzə İbrahimovun Mövlud
Süleymanlı yaradıcılığına münasibəti
necə ola bilər?
Əlbəttə, bu sualların bir çoxuna indi də
cavab tapa bilmirəm, amma bəzisinə elə o zaman cavab
tapmışdım. Mənə bəlli olmuşdu ki, ədəbiyyatda
“köhnə nəsil-yeni nəsil” söhbətinin elə bir
ciddi əsası yoxdur.
1980-ci ildə Süleyman Rəhimovun anadan
olmasının 80 illiyi münasibətilə keçirilən
təntənəli yubiley gecəsi indi də xatirimdədir.
Məruzəçi çıxışında bunu
vurğuladı ki, “yazıçının gördüyü
iş, hardasa bir azca da xəritəçəkənlərin-kartoqrafların
gördüyü işə bənzəyir. Fərq
bircə burasındadır ki, xəritəçilər
dünyamızın coğrafi mənzərəsini
yaradırlar, yazıçılar isə ictimai, mənəvi,
insani mənzərəsini. Bu mənada
Süleyman Rəhimov yaradıcılığının
öz ayrıca mənzərəsi, öz ayrıca xəritəsi
var. Bu xəritədə özünün yarım əsrlik
ömrünü ədəbiyyata həsr eləyən azərbaycanlı
yazıçının keşməkeşli həyat yolunun
özünəməxsus mənzərəsi görsənir”.
Məncə,
ədəbiyyatda hər yeni nəsil pöhrələndiyi,
qol-budaq atdığı ağacın gövdəsinə
borcludur və bu mənada “altmışıncılar”ın,
daha sonra “yetmişincilər”in əvvəlki nəsillərə
münasibəti də budaq-gövdə müqayisəsi
kimidir. Və eyni
zamanda, gövdənin özü də min bir əziyyətlə
boya-başa çatdırdığı, üzərində
dikəltdiyi pöhrələrə baxıb sevinməli, gələcəyini
görməlidir. Bu məlum
fikri söyləyəndə də, mən Süleyman Rəhimovun
ömrünün son illərində gənc
yazıçı Afaq Məsudun ilk kitabına böyük bir
sevinc hissi ilə yazdığı “Yaradıcılıq baharı”
məqaləsini xatırladım: “Öz yaradıcılıq
təcrübəmdən müəyyən cizgiləri ciddi
yaradıcılıq tələbkarlığı ilə Afaqa
məsləhət görürəm. Öz təcrübəmə
görə yeri gəlincə bu sözü o sözlə əvəz
edirəm.
“Bax, belə olsaydı, daha yaxşı olardı” deyirəm. Məncə,
biz qocamanlar üçün gənc ədəbi nəslə
yanaşmaq, əyani olaraq bəzi düzəlişlər etmək,
məsləhətlər vermək yaxşıdır,
faydalıdır. Məncə, ədəbi gənclik
üçün nə ucdantutma tərif, nə də
işıqlı tərəfini bir yana
qoyub, ucdantutma inkarçılıq gərək deyil. Əgər bir ədəbi gəncin
yaradıcılığında bir ümidverici işıq
varsa, biz bu işığı həssaslıqla
artırmalıyıq, getdikcə gücləndirməliyik.
Ədəbi gəncliyə həm bu
günün, həm sabahın-gələcəyin
qayğısı ilə yanaşmalıyıq.
Mən Afaq Məsudun fərdi
yaradıcılığını nəzərdən
keçirəndə cavan yazıçımız öz
sözləri ilə məni tərpətdi.
Bizim ədəbi gəncliyimizin içində belə
bir yazıçının yetişdiyini görəndə
sevinməyə, onunla öz övladım, öz nəvəm
kimi öyünməyə bilmirəm”.
Süleyman Rəhimovun tərcümeyi-halı,
keçdiyi məşəqqətli həyatı,
ağlı-qaralı günləri onun “Ömür yolu”
xatıratında əks olunub. Bu, XX əsrlə yaşıd olan
bir sənətkarın ömür yoludur-qara, ehtiyaclı
günlər də yazılıb onun səhifələrinə,
mürəkkəb düyünləri də var bu ömrün..İşıqlı, parlaq günləri,
ayları, illəri də...
Əsrin sonundan boylananda bəlkə də çox
şey aydın görünür. Adi bir kəndli
oğlu səviyyəsindən bütün məmləkətdə
və onun hüdudlarından kənarda tanınan bir sənətkar
zirvəsinə yüksələn bu ömrün hər səhifəsi
bəlkə də bir romandır. Və Süleyman Rəhimov
öz 55 illik yaradıcılıq ömrünün timsalında o
romanlardan bir neçəsinə həyat vəsiqəsi verdi.
O taylı-bu taylı Azərbaycanımızın XX əsrdəki
bütün keşməkeşli mənzərəsi oxunur,
görünür bu romanlarda. Süleyman Rəhimovun
ömür yolu - Azərbaycanın XX əsrdə keçdiyi
yoldur... Mürəkkəb və təzadlı.
Fərəhli və fərəhsiz. Sevincli və kədərli. Mən
bu fikri söyləyəndə qətiyyən bir
yazıçının yaradıcılığını
ideallaşdırmaq fikrində deyiləm, onu xalqla eyniləşdirmək
fikrindən də uzağam. Əslində,
buna ehtiyac yoxdur, çünki Süleyman Rəhimov
yaradıcılığı bütünlüklə xalq
fenomenindən ayrılmazdır.
Süleyman
Rəhimovun “Şamo”, Azərbaycan kəndini KƏND
KİMİ TANIDAN, KƏND KİMİ OXUDAN və yaddaşlara
həkk edən bir əsərdir. Açığını
desək, otuzuncu illərdən üzü bəri heç bir
romanımızda kəndimizin Şura inqilabına qədərki
mənzərəsi bu cür realistcəsinə əks
olunmayıb.
Süleyman Rəhimov “Şamo” romanını təqribən
45 ilə yazıb tamamlamışdı. Sevimli
oğlunun faciəli ölümündən sonra bu işə
daha dərindən bağlanmışdı.
“Şamo” çoxplanlı, mürəkkəb xarakterlərlə
zəngin bir romandır. Bu əsər Süleyman Rəhimovun geniş epik
lövhələrə meyl edən bir romançı kimi həyat
materialı, ədəbi faktura ilə işləmək
prinsipləri haqqında daha dolğun təsəvvür
yaradır. Məlum məsələdir ki, hər
hansı istedadlı yazıçı, canrından
asılı olmayaraq, qələmə aldığı sənət
əsərində həyat həqiqətinə, həyatdan
aldığı mövzuya özünün orijinal münasibəti
ilə fərqlənir.
İstedad kimin nə yazmasından yox, necə
yazmasından bəllənir. Əvəzsiz hekayə
ustası Çexov da roman yazmağa girişmişdi, ancaq
tezliklə onu yarımçıq saxlamalı oldu. Bəlkə o roman bitmiş olsaydı da, bədii
siqləti, sanbalı etibarilə ən qısa hekayəsindən
yüksəyə qalxmayacaqdı?! “Şamo” romanı ilə
Süleyman Rəhimov bir romançı kimi özünün ədəbi
konsepsiyasını işləyib hazırlamışdır:
hadisələri yerli-yataqlı təsvir etmək, Şamonun
bir qəhrəman kimi siyasi-sinfi “boyartımı” və
inkişafını göstərmək, ən kiçik
ştrixdən, hadisədən belə imtina etməmək!
Süleyman
Rəhimov “Saçlı” romanı ilə əlaqədar
yazdığı “Müəllif qeydləri”ndə deyirdi ki, mənim
üçün “Şamo”nu yazmaq, “Saçlı”nı yazmaqdan
asan başa gəlmişdir. Əgər “Şamo”nu yazanda
romantik xəyal aləminə qapılıb
qanadlanmışamsa, “Saçlı”nı
yazarkən, sanki daş-qaya üstündə buruq qoyub yerin
qatlarını qazmışam. O dövrün ən
oxunaqlı və populyar romanlarından olan “Saçlı”nı ədəbi tənqid bir qədər sərt
qarşılamış, bu əsərin uğurlu cəhətləri
ilə yanaşı, kəm-kəsirlərini də
bütün açıqlığı ilə təhlilə
çəkmək meyli güclü olmuşdur.
Ədəbi prosesin ən qaynar nöqtələrinə
enməyi, qızğın ədəbi döyüşləri
sevən Mehdi Hüseynin münasibəti xüsusilə səciyyəvi
idi. Mehdi Hüseynin fikrincə, Süleyman Rəhimovun nəsri
bütövlükdə, bütün varlığı ilə
həyata bağlanan, böyük ictimai hadisələri,
mürəkkəb həyat prosesini görməyə və
göstərməyə çalışan bir
yazıçının nəsridir. M.Hüseynin
tənqidi qeydləri əsasən bundan ibarət idi ki, raykom
katibi Dəmirov hərtərəfli işlənmədiyindən
əsərə bədii natamamlıq gətirir, romanda hələ
əsrimizin qəhrəmanı yoxdur... düşmənlərin,
banditlərin geniş surətdə, Zamanov kimi qəhrəmanların
isə yalnız bir planda verilməsi romanın epik vüsətini
məhdudlaşdırmışdır.
Fikrimizcə, S.Rəhimov bu romanı yazarkən heç də planla işləməmişdi, o, öz qəhrəmanlarına xüsusi rəğbətlə yanaşmışdı. Amma dövrü, mürəkkəb ictimai hadisələri təsvir edərkən mənfilikləri də geniş təsvir etməyi unutmamışdı. Hər halda nəzərə alınmalıdır ki, Süleyman Rəhimov xalq həyatına-real gerçəkliyə sadiq qaldığı üçün ictimai həyatın kölgəli cəhətlərindən heç vaxt sərf-nəzər etməyib. Hətta ədəbi həyata sirayət edib müəyyən mənada onu iflic edən “konfliktsizlik” dövründə də Süleyman Rəhimov məhz həyat həqiqətinə sadiq qaldığı üçün tənqid edilib. Ustad yazıçı irili-xırdalı bütün əsərlərində işlədiyi mövzuya xalq həyatı prizmasından baxmağa çalışıb.
S.Rəhimovun yaradıcılığı Azərbaycan romançılığında xüsusi bir hadisədir. Onun romanlarında folklor, dastan poetikası ilə bağlı cəhətlər ayrıca bir tədqiqatın mövzusudur. Onun romanları (“Şamo”) Azərbaycan nəsrində ilk epopeya sayılır. Ancaq onun roman yaradıcılığı təkcə “Şamo” ilə məhdudlaşmır: “Saçlı”, “Ağbulaq dağlarında”, “Məhtəban”, “Qafqaz qartalı”-bu romanlar da Azərbaycan nəsrinin qiymətli nümunələridir.
O, həm də məsul vəzifələrdə çalışıb, amma harada olursa-olsun, quru kabinet adamı olmayıb. Öz işini, vəzifə borcunu ləyaqətlə yerinə yetirib.
Mərhum şair-tədqiqatçı Qasım Qasımzadə yazırdı ki, Üzeyir Hacıbəyli musiqidə, C.Cabbarlı dramaturgiyada, S.Vurğun poeziyada kimdirsə, S.Rəhimov da Azərbaycan nəsrində odur. Süleyman Rəhimov bir yazıçı kimi - “Dədə Süleyman” kimi Azərbaycan xalqının mənəvi dünyasında həmişə yaşayacaq...
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2015.- 4 aprel.- S.30