Yaxın, uzaq
körpülər
Rəşad Məcidə
Şair-bəstəkar Davide Qualtieri Milan Universitetinin professorudur. Azərbaycan ədəbiyyatının
yaxın dostudur.
Azərbaycanın Xalq şairləri
Məmməd Arazın,
Fikrət Qocanın şeirlərini italyancaya çevirib. Hazırda D.Qualtieri
Rəşad Məcidin
şeirlərini italyan
dilinə tərcümə
edir. Bəstəkar həmçinin şeirlərə
musiqi də bəstələyib. Bu il Milanda R.Məcidin kitabının
təqdimatı və
D.Qualtierinin bəstələdiyi
musiqilərdən ibarət
konsert olacaq. Elə bu şeirlərin tərcüməsi üzərində
çalışarkən Davide
Qualtieri Rəşad Məcidə şeir də ithaf edib.
Həmin
şeiri “525”in oxucularına
təqdim edirik.
Öncə özümdən başlayım,
Rəşad!
Mənim
ömür hekayətim
Körpü olsun söhbətimə.
Çətində bərkiyər kişi.
Hərbidə
mətinləşdim
mən də.
Laurentinada
Cəsur
bir əsgərdim,
hazırdım hər əmrə.
Gərəksə, atıcı, nişançı,
gərəksə,
minaaxtaran,
diversant.
Bəzən də tikir, qururdum.
Körpü salırdım,
Ağır panellər daşıyırdım.
Bir sözlə,
cin kimi bacarıqlı,
canım da polad kimi.
Asan alışdım hər şeyə,
Mənə arxa, qardaş oldu
sardinyalı, siciliyalı
oğlanlar.
Kasıb
gözütox olar, Rəşad!
Biz həm də
ürəkliydik.
Qənaətlə yığdığımız pulları
boşuna xərcləməzdik.
Ağrılı taleləri
bir az yüngülləşsin deyə,
kiçik məvacibimizi
hər ay
dul analarımıza
göndərərdik.
Əsgərlik məktəb oldu
mənə,
silah tutmağı,
körpü salmağı
öyrəndim.
Dünyanın ən gözəl
peşəsini-
başqalarını düşünməyi,
özünü unudub da,
özgənin dərdini
çəkməyi öyrəndim.
Sevgimlə körpü saldım ürəklərə.
Eyib deyil öyrənmək.
Yaxında, ya uzaqda,
harada insan varsa,
o insanın üzündə
nur,
İçində İNSAN varsa,
O İnsandan öyrəndim.
İnsan
olmaq şərəfini
əyilsə də, çiyinləri
ağır yük daşımaqdan,
üzlərindən gülüş,
ürəklərindən nəğmə
daşan
Sardinyalı,
Siciliyalı qardaşlardan öyrəndim.
Yenə
körpü salıram,
Rəşad!
İllər öncə
Laurentinada saldığım körpü
Dünyanın bu başından
o başına uzanır indi.
Bəşər çayı üstündən,
Həyat
çayı üstündən
keçir
Dünyada ən uzun körpü.
O körpüdən sənə
səslənirəm!
Nə qədər səsində
güc var,
İlham
çağlayır ürəyində,
Əlində qələm var,
Susma, yaz, anlat.
Başı qallı ölkənin
ötəsini, indisini
anlat.
Anlasın, duysun dünya!
Əsarətdən istiqlala
uzanan yolu,
hələ də bitməyən
qanlı savaşı anlat.
Ən yaxşı elçidir dünyada,
Ən yaxşı körpüdür şeir, sənət.
İtalyancadan sətri tərcümə:
Mais Nuriyev,
Bədii tərcümə:
Bəsti Əlibəyli
Davide Qualtieri
525-ci qəzet.- 2015.- 4 aprel.- S.29