Memuar janrının ustadı
BÖYÜK ƏDİB VƏ ALİM ƏZİZ ŞƏRİFİN 120 İLLİYİ TAMAM OLUR
Tarixi çox
da qədim olmayan Azərbaycan memuar ədəbiyyatı müxtəlif istiqamətləri
əhatə edir.
İndiyədək Birinci və İkinci Dünya müharibələrinin iştirakçıları,
partizan hərəkatının
nümayəndələri, ayrı-ayrı elm sahələri
üzrə xüsusi xidmətləri olan məşhur şəxsiyyətlərə
aid xatirələr toplanılıb,
çap edilərək
oxuculara çatdırılıb. Memuar ədəbiyyatımızı
zənginləşdirən bir istiqamət də məşhur şair, yazıçı,
mədəniyyət və
incəsənət xadimlərimiz
haqqında yazılan xatirələrdir. Bu xatirələrin
bir qismində müəlliflər öz
ədəbi-mədəni və
ictimai fəaliyyəti
haqqında yazıblar.
İkinci qisim xatirələr
isə başqa müəlliflərin müxtəlif
şair, yazıçı,
mədəniyyət və
incəsənət xadimləri
haqqında yazdıqlarıdır.
Bu qrupa daxil olan xatirələrin olduqca az miqdarı "Gündəlik"lər
və müxtəlif sənədlərə əsaslanmaqla
yazılıb.
Azərbaycan memuar ədəbiyyatının
bu tipli nümunələrinin yaradıcısı
filologiya elmləri doktoru, professor Əziz Şərifdir. Düzdür, Ə.Şərifdən bir
qədər əvvəl,
yəni XX əsrin ilk
illərində görkəmli
yazıçı Y.V.Çəmənzəminli
də "Gündəlik"
yazıb və hətta həmin gündəlik qeydləri və yaddaşına əsaslanaraq "Bir cavanın dəftəri"
adlı əsərini
də yazıb. Lakin bu iş
ardıcıl, sistemli
və elmi ümumiləşdirmə yolu
ilə yerinə yetirilməyib, daha çox bədii xarakter daşıyıb. Ə.Şərifin xatirələri isə
onun təxminən 80 illik bir dövrü
əks etdirən
"Gündəliy"inə və müxtəlif sənədlərə istinadən
yazılmış və
mühüm elmi əhəmiyyət kəsb
edir.
Ə.Şərifin özünün etirafına
görə 1908-ci ildən
"Gündəlik" yazmağa
başlamış və
bu mədəni vərdişi demək olar ki, ömrünün
sonunadək davam etdirmişdir. "1908-ci il yaydan etibarən
mən "Gündəlik"
yazmağa başlamışdım.
Bu, mənim ilk təcrübəm idi, gündəlik yazmağı
hələ öyrənməmişdim.
Odur ki, "Gündəliy"imin
səhifələrini lüzumsuz
təfsilatla doldururdum.
Lakin bununla belə bu gündəliklər yenə də bir para maraqlı
hadisələrdən xəbər
verir".
Çox
keçmir ki, Ə.Şərifin gündəlik
yazmaq sahəsində təcrübəsi və səriştəsi artır,
hətta o, sonralar gündəlik qeydlərini
aparmaq üçün
özünəməxsus bir
üsul da tapır: "Mənim gündəlik yazmaqda bir üsulum var idi. İllik gündəliklər
dörd hissəyə
bölünürdü - qış,
yay, yaz, payız. Hər fəsildə yazılan
dəftərlər bükülüb
iplə bağlanıb
xüsusi qutuya qoyulur, qıfılla bağlanırdı, təzə
fəslin dəftərləri
yazılmağa başlayırdı.
Beləliklə də hər
gün yazdığım
gündəliklər ildə
dörd hissədən
ibarət olurdu".
Gündəlik yazmaq vərdişi Ə.Şərif üçün
həyat normasına çevrilmişdi. "Bu gündəliklər
mənim çox vaxtımı alırsa da, mən onları
davam etdirəcəyəm,
çünki bunsuz yaşaya bilmərəm".
"Gündəliy"indəki müxtəlif illərin hər gününə
aid çox əhatəli
qeydlər onu sübut edir ki, Ə.Şərif həqiqətən taleyin onun ömür payına yazdığı
günlərin xeyli saatını bu işə həsr etməyə əsirgəməmişdir. "...Gecələr
oturub bəzən səhərə kimi gündəlik yazmağı...
adət etmişdim";
"Moskvada da, Naxçıvanda da mən öz gündəliyimi əldən
buraxmaz və hər günün az-çox əhəmiyyətli
hadisələrini qeyd
edərdim".
Alim
"Gündəliy"inə son nöqtəni qoyma anını isə çox təsirli bir dillə (həmin səhifələr
rus dilində yazılıb) belə təsvir edir: "11-XI,
1987. Ömür
yolumun sonu yaxınlaşır və
75 il hər
gün məşğul
olduğum əmək
fəaliyyətimin son səhifəsini
yazıram. Sanki dumanda yazıram - gözlərim yazılanları
seçmir, soyuq barmaqlarım qələmi
zorla tərpədir.
Yazmaq artıq
mənim üçün
heç nədir. Hər şey
yazılıb, hər
şey övladlarım
Cavada və Güllüyə deyilib.
Mənim
çağırışımla sabah Azərbaycan
MDƏİA-nın rəisi
fədakar və əziz dostum Maarif Teymurov gəlir və mən qalan sənədlərim (sənədlərinin
böyük bir qismini bundan əvvəl də arxivə təhvil vermişdi - F.X.) və əlyazmalarımla birlikdə
45 cildlik "Gündəliy"imi
də arxivə verirəm.
Beləliklə, mən həyatla vidalaşıram və ruhsuz bədənimin vətənim Naxçıvanın
qəbiristanlığında valideynlərim və qardaşımın yanında
nə vaxt dəfn ediləcəyini gözləyirəm.
Bununla da mən böyük
nöqtəni qoyuram"
(fond 255, siy.7, iş 52, v.57-58).
"Qoyuram" sözündəki
nöqtədən sonra
Ə.Şərif son sətrin
aşağısında təxminən
ortada yenidən böyük bir nöqtə qoymuş və imza etmişdir.
"Gündəliy"ə qoyulan bu "böyük nöqtə"dən
sonra Ə.Şərif
düz altı ay 20 gün yaşaya bildi. Görkəmli alim 1988-ci ilin
1 iyununda dünyasını
dəyişdi və vəsiyyətinə görə
Naxçıvanda dəfn
edildi.
Əgər 1908-ci ilin yayından
11 noyabr 1987-ci ilədək
hər gün Ə.Şərifin çox
yox, orta hesabla bir saatını
gündəlik yazmağa
sərf etdiyini nəzərə alsaq, onda rəqəmlərin dili ilə belə
bir təxmini mənzərə ilə qarşılaşmaq olar:
Bir ildə
365 saat, yəni 15 gün, 2 saat.
79 il yarımda
(gündəlik qeydlərin
yazıldığı müddət):
1209 gün, yəni 3 il, 3 ay.
Deməli,
Ə.Şərifin 93 illik
ömrünün 3 ilindən
çoxu ancaq gündəlik yazmağa həsr olunmuşdur ki bu da,
ümumiyyətlə, ədəbiyyat
tarixində nadir hadisələrdən
biri sayıla bilər.
Ə.Şərifin "Gündəliy"inin avtoqrafı S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət
Ədəbiyyat və
İncəsənət Arxivində
mühafizə olunur və bu günədək tam şəkildə oxuculara çatdırılmamışdır. "Gündəliy"in bütövlükdə
yox, müəyyən
hissələrinin çap
etdirilməsində ilk təşəbbüs
isə elə Ə.Şərifin özünə
məxsusdur. Belə ki, o, keçən əsrin 60-70-ci illərində
Bakıda çıxan
"Azərbaycan" jurnalı,
"Kommunist" və
"Ədəbiyyat və
incəsənət" qəzetlərində
dərc etdirdiyi məqalələrinə və
1977, 1983 və 1986-cı illərdə
çap olunan "Keçmiş günlərdən"
adlandırdığı kitablarındakı
xatirələrinə "Gündəliy"indən
çox əhəmiyyətli
və geniş oxucu kütləsinin marağına səbəb
olan parçalar daxil etmişdir.
Biz bu məqaləmizdə
yalnız həmin kitablara daxil edilən xatirələr haqqında bəhs etməyi qarşımıza
məqsəd qoymuşuq.
Ə.Şərifin xatirələrinin səciyyəvi
xüsusiyyətləri çoxdur. Bu barədə bir qədər sonra. Çünki əvvəlcə
onun "Keçmiş
günlərdən" seriyası
ilə çap olunan kitablarına daxil edilən xatirələrinə qısa
nəzər salmaq daha vacibdir.
"Keçmiş günlərdən"in
1977 və 1986-cı il nəşrlərində
ədəbiyyat, elm, mədəniyyət
və incəsənət
xadimlərimiz, Tiflisdə
nəşr olunan bəzi milli mətbuat orqanlarımız,
ədəbi əlaqələrimiz
haqqında maraqlı xatirələr bir-birini əvəz edir. Biz bu xatirələr vasitəsilə "qısaboy,
arıq və zəifvücud, məktəbli
bluzası geymiş Sabirin" Tiflis həyatı,
xəstəlik dövrü,
sağlığında və
vəfatından sonra xalq şairinə olan ümumxalq məhəbbətini əks
etdirən maraqlı faktlarla qarşılaşır,
müəllifin hələ
lap uşaqlıqdan tanıdığı
"böyüklə böyük,
kiçiklə kiçik
olmağı bacaran"
unudulmaz ədibimiz Ə.Haqverdiyevin ayrı-ayrı
əsərləri, elmi-ədəbi
fəaliyyəti haqqında
qiymətli məlumatlarla,
xüsusilə ədibin
öz əli ilə yazdığı və son dərəcədə
böyük elmi əhəmiyyəti olan
"tərcümeyi-hal"ının mətni ilə tanış olur, "səhnədə oynadığı
rollarda olduğu kimi həyatda da çox məlahətli,
olduqca səmimi və sadə görünən" H.Ərəblinskinin
aktyorluq fəaliyyəti,
müəllifin "bir
şair kimi hələ ilk addımlarından
tanıdığı" S.Vurğunun 1953-cü ildə
Ukraynada keçirilən
Azərbaycan ədəbiyyatı
və incəsənəti
ongünlüyündə iştirakı
haqqında zəngin və oxuculara az məlum olan
və heç məlum olmayan məlumatlar əldə edirik.
Alimin böyük şairimiz H.Cavid haqqındakı xatirələri isə xüsusi elmi əhəmiyyətə malikdir. Burada o, H.Cavidin 1906-1910-cu illərdə atası, görkəmli maarifpərvər Q.Şərifzadəyə İstanbuldan yazdığı səkkiz məktubunu ilk dəfə olaraq oxuculara təqdim edir. Məktublardan aydın olur ki, H.Cavidin İstanbulda keçən həyatı fərəhli olmamışdır. Lakin ağır maddi çətinliklər içərisində yaşamasına baxmayaraq, o, İstanbula çatdığı ilk günlərdən təhsil almaq, əsaslı biliklərə yiyələnmək üçün xüsusi səy göstərmişdir. H.Cavidin Tiflisdə və Bakıda yaşadığı illərdəki həyat və fəaliyyəti haqqında da oxuculara yeni və zəngin məlumatlar verilir. Müəllif H.Cavidin şöhrətli bir sənətkar olmasına baxmayaraq bu şəhərlərdə də necə ağır və acınacaqlı bir vəziyyətdə yaşadığını müşahidə etdiyi konkret məqamlarla və tarixi sənədlərə söykənməklə gözlərimiz önündə canlandırır və fikrini ümumiləşdirərək qeyd edir ki: "Qoy böyük şairimizin əsərlərini sevə-sevə oxuyan, onu hörmət və minnətdarlıqla yada salan gənclər və bütün oxucular onun vaxtilə nə qədər ağır və əzablı şəraitdə təhsil aldığını (və yaşadığını - F.X) bilsin, onu daha yaxşı tanısınlar".
Yuxarıda haqqında bəhs etdiyimiz xatirələrin bir qismi ("Sabir Tiflisdə", "Hüseyn Cavid", "Hüseyn Ərəblinski", "Səməd Vurğunla Ukraynada", "Əbdürrəhim bəy Haqverdiyev") "Keçmiş günlərdən"in ikinci kitabına da daxil edilmişdir. Lakin burada alimin yeni xatirələrinə də rast gəlirik. Bu xatirələrdə F.Köçərli, N.Nərimanov, Ü.Hacıbəyov, M.S.Kirmanşahlı, Ö.F.Nemanzadə, B.Talıblı, R.Nəcəfov, M.D.Rəsulzadə, A.Tuqanov, gürcü ədəbiyyatşünası B.Jğenti, rus şairi D.Bednı kimi elm və mədəniyyət xadimlərinin həyat və fəaliyyəti ilə bağlı məlumatların hamısı oxucular üçün yeni və maraqlı, tədqiqatçılar üçün isə həm də mötəbər bir elmi mənbə sayıla bilər. Həmin xatirələrdən öyrənmək olur ki, F.Köçərlinin zəngin arxivində hansı qiymətli sənəd və materiallar var imiş, N.Nərimanovun bəzi şəxsi keyfiyyətləri necə imiş və mühacirətdə nəşr edilən mütərəqqi və demokratik Şərq mətbuatını uzaq Naxçıvanda yaymaq üçün Q.Şərifzadənin vasitəsilə abunəçilər tolayırmış, Ü.Hacıbəyovun "Koroğlu" operasının Bakıda ilk dəfə tamaşaya qoyulmasında müəllif və digər ədəbiyyat və mədəniyyət xadimləri hansı hazırlıq işlərini aparıbmış, operaya ictimai baxış hansı səviyyədə keçirilib və əsərin ilk tamaşasının əks-sədası necə olub.
Ömrünün son illərini Azərbaycan teatrına həsr edən rus aktyoru və rejissoru A.Tuqanovun 1937-ci ildə V.Şeksprin "Romeo və Cülyetta" əsərini M.Əzizbəyov adına Azərbaycan Dram Teatrında tamaşaya qoyulması ilə bağlı təfsilat, məşhur rus şairi Demyan Bednı tərəfindən M.Ə.Sabirin şeirlərinin bir neçəsinin rus dilinə tərcümə edilməsinə cəhd olunması və bu işin baş tutmamasının səbəbləri də burada öz əksini tapıb.
(Ardı var)
Fərman XƏLİLOV
525-ci qəzet.- 2015.- 7 aprel.- S.6