BİR DURNA QATARI
- ÜZÜ QÜRBƏTƏ...
Dərdimi dilimə gətirəmmədim,
Günlərim sovuşdu haraysız, haysız.
Ləngidim, gecikdim...sonda təkliyim -
Qaldı qar üstündə bir yarpaq payız.
Bir vaxt üstümüzdən əsdi küləklər,
Çiçəkdin - küləkmi qopardi səni?
Bəlkə də durnalar çəkdi gözünü,
Bir durna qatarı
apardı səni.
Hardasan,
ömrümə dönməyin
güman,
Göy üzü
sözümü söylər
nə qədər.
Sən demə, gileymiş üstümə yağan,
Məndən gileyliymiş göylər
nə qədər.
Bir budaq payıza çevrilər zaman,
Bir durna qatarı
- qayğılı illər.
Keçər o payızdan, o qayğılardan.
Qayıdar üstümə ağrılı
illər.
Bir durna qatarı
- üzü qürbətə,
Mən də öz yükümü daşıyım belə.
Durnam, sən sinəni axına tut,uç,
Mən köksü yaralı yaşayım belə...
ÇÖLLƏR
Çöllərin çiçəyi,yağışı, seli...
O vaxtdan gör neçə illər keçibdi.
Dönüb bir həsrətə,
nisgilə indi
Ayağım altından çöllər
keçibdi.
Qaynayıb sinəsi günəşlə
birgə,
Günəşli günlərin pətəyi
- çöllər...
Dağlar
bir arxalıq geyinib bəlkə
Barlı-bərəkətli ətəyi - çöllər...
Torpaqdı - bəhrələn, torpaqdı - becər,
Sinəmdə göyərər, bitər
naxışlar...
Bulud kölgələri üstümdən
keçər,
Hardasa əriyər,
itər naxışlar.
Köç gedib dağlara...
kövrəlmişəm mən,
Bir həsrət
köçü var illərdə bəlkə.
Bir az barınmışam
nemətlərindən,
Sınaqdan keçmişəm çöllərdə
bəlkə.
Tapdanar bir dilək, solar bir yarpaq,
Sığınar könlümə qayğılar
mənim.
Görsəm bir çiçək
var - könüldən
uzaq,
O çöllər ömrümə
qayıdar mənim.
Dumana dönəydim, bacara bilsəm,
O yurd yerlərini sinəmə sıxım.
Yovşanlı çöllərin ətrin
gəzirəm,
Yataq qoxusundan arınıb çıxım...
KAŞ MƏNDƏN DÖNMƏSİN
ÜZÜ DAĞLARIN
O ucqarlardan yurd həsrətli şeirlərini
gözləyirik deyənlərə
Nə vaxtdır başıma fırlanır aləm,
Qalıb yaddaşımda sözü
dağların.
Uludan, ərəndən yazar hər qələm
Bilməzmi doludur gözü dağların?!
Gün düşüb sinəsi dürdü hardasa,
Həyatdı - Arazdı, Kürdü
hardasa,
Bilinən-bilinməz sirdi hardasa,
Qəfil sırsırası, sisi dağların.
Bəlkə üz qoymalı
üz itirmişəm,
Dan yerini görən göz itirmişəm,
Cığır itirmişəm, iz
itirmişəm,
Gör harda qalıbdır izi dağların?
Həsrəti, ağrısı dağ
oldu elə,
Ağrını sinəmdən indi
kim silə...
Görüşsək dərdimi, gül
nəfəsiylə
Can deyib almazmı özü dağların?!
Yaxşı bax, ay Musa, çəndən
amandır...
Bu necə yanmaqdır gendən,
amandır!
Kaş dağlar sınmasın səndən, amandır,
Kaş səndən dönməsin
üzü dağların!
BU YOLDA
Ruhumu əzmirsə, ayaqlamırsa,
Ötənlə, keçənlə barışmağım
var.
Duman var, sürünür üzü yurduma,
Sürünüb dumana qarışmağım
var.
Haqqa, həqiqətə qul oluram mən,
Bir şeh damlasıtək duruluram mən.
Hərdən arılara qoşuluram
mən,
Hərdən çiçəklərlə danışmağım
var.
Bilirəm, qarışır durum hardasa,
Çətin, yalanları udum hardasa.
Bəlkə də azalıb
nurum hardasa
Yenidən üfüqdə alışmağım
var!
Biçili-biçisiz xəyallar çoxdu.
Qayğılar qış olsun, ya bahar, çoxdu.
Qarşımda cavabsız suallar
çoxdu,
Hələ ki, bir üzdən
çalışmağım var.
Yenildim oyunla...
qalxacam necə?
Kaş dönə biləydim qüdrətə, gücə!...
Qarşıda sınaqlar... çıxacam
necə? -
Bu yolda... özümlə vuruşmağım var!
HARDASAN?
Gəl qəlbimin yaz havası,
Dərdlərə qənim, hardasan?
Köküm, gövdəm, ucalığım,
Vüqarım mənim, hardasan?
Yadlaramı satılmısan...
Alağamı qatılmısan?
Şoranamı atılmısan,
Saf, qızıl
dənim, hardasan?
Neçə namərd haqqı
dandı,
Şər də bir od alovlandı.
Yoxsa dilim buxovlandı,
Dil-dil ötənim,
hardasan?
Tarixdimi
bu iz, ləpir,
Varlığımı üzüb gedir,
Ruhum sınır, küsüb gedir,
Ölmüş bədənim, hardasan?
Sındıq könül talanından,
Nakəslərin yalanından.
Gəl çıx vaxtın toranından,
Gözdən itənim, hardasan?
Qorunan haqq-diriliyim,
Vətən-Vətəndaş birliyim!
Daş,
harayım, daş, kürlüyüm,
Bütöv Vətənim, hardasan?
lll
Ağ yalanlar tarixdə
Qara ləkəyə
dönmüş.
O ağlardan üzümüz
Ağararmı, güman yox...
Dərdlərimizdən yazaq,
Təzə-köhnə, bax ancaq.
Dərman
özümüzdədir
Özgələrdə dərman yox.
Elə bulanıq su var
Durultmaz durulducu.
Başdan
gəlirsə o su
Durularmı, güman yox.
Bizi izləyir zaman,
Mübarizləş, ey cavan!
Bu yolu tut, bu yoldan
Çıxsaq bizə aman yox..
SEVGİ
ÜZÜYƏ DÖNSÜN
Sevgimizə qarşılıq -
Barmağında bir üzük,
Ömrümə beləcə gəl.
O üzüyün qaşından
Ömrə-günə qarışan
Bir damla nur nə
gözəl!
Ömrümə beləcə gəl!
Qoy bir az sadə olsun,
Nə eybi var o üzük.
dəyər bir ayrı dəyər...
Nuru xəmrə, çörəyə
qarışsın axşam,
səhər...
Hiss etmirsən bəlkə də
iş-güc sənlə
bəxtiyar
Sənin
əlindən keçən
xırda-böyük işlərə
qarışan bir işıq var.
Günlər belə işıqlı
Sular beləcə duru,
Sən
o işığı qoru,
Sən
o sevgini qoru!...
lll
Xəyalım süzüb gedir
Qoşulub buludlara.
Məni
sən aparırsan
Bir de, əzizim,
hara?
Bu buludlu, günəşli
Göy üzü
bizdən keçir.
Salam verək beləcə
Qoy gələcək çağlara!
Buludların ardından
İşıq süzülüb gələr.
O işıq bizdən keçib
Dönər yaşıllıqlara!...
KÖRPÜNÜN
ORTASINDA
Gəldik,
Körpünün ortasınadək,
Körpünün ortasındayıq indi.
Gözləyirik, gələn olacaqmı
-
Qarşı tərəfdən...
Saata baxmağın
vaxtı deyilmi?
OCAQ
Bir gözəllik var uzaqda,
Məni
isidər-isitməz,
Nə desəm
yalan olar.
Yaxınlıqda bir ocaq var
Qış gününün soyuğuna
belə
meydan oxuyacaq
bir ocaq...
qoruya bilsəm...
lll
Üstümə gələn nədir,
Kimdən gözlədim xətir.
Ömür - gün batıb
gedir,
Ağır sükut içində.
Gündüzlərim bir anlıq,
Gecələrim amanlıq-
Odur... sirli aydınlıq
Yağır sükut içində...
Hanı
bahar aylarım,
Nə səslər,
nə haylarım.
Qaldımı haraylarım
Axır sükut içində?
Musa, bu gün nəyin var?
Bir az gücün,
heyin var...
Bəlkə ruh köməyin var.
Çağır, sükut içində.
YAŞAR MƏNİM SİNƏMDƏ
Çaşqınlıq da bir zaval,
Qal, ey işıq, mənlə qal!
Gah gerçəklik, gah xəyal
Çaşar mənim sinəmdə.
Uğur
varmı xəyalla,
Bu gedişlə, bu halla...
Haray sonuncu balla
Daşar mənim sinəmdə.
Dolandıq əyri çərxə,
Layiq bizikmi fəxrə?
Kim illəri tarixə
Qoşar mənim sinəmdə?
Boğmalıdır haqq şəri!-
Yurdumun igidləri
Qalxar, aşar sədləri
Aşar...
mənim sinəmdə!
Səsimi
duy, alış, yan,
Canım-yurddan kəsik can
Neçə yaralı məkan...
Yaşar mənim sinəmdə.
Musa ASLANXANLI
525-ci qəzet.- 2015.- 7 aprel.-
S.7.