Görkəmli bəstəkar Nəriman Məmmədov
dünyasını dəyişib
Aprelin 7-də Azərbaycan
musiqi sənətinin görkəmli nümayəndəsi,
tanınmış bəstəkar,
Xalq artisti Nəriman Məmmədov
son mənzilə yola salınıb.
Vida mərasimində tanınmış
mədəniyyət və
ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Mərhumun cənazəsi Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının matəmsayağı bəzədilmiş
böyük zalında
vida üçün postament üzərinə qoyulub.
Salonda Nəriman
Məmmədovun bəstələdiyi
unudulmaz mahnılar, həmçinin həzin matəm musiqisi səsləndirilib.
Nəriman Məmmədovun həmkarları,
dostları, tanışları,
tanınmış mədəniyyət
və incəsənət
xadimləri, tələbələri,
bənzərsiz musiqilərinin
pərəstişkarları Musiqi Akademiyasının binasına gəlib, görkəmli bəstəkara
və gözəl insana son mənəvi borclarını veriblər.
Vida mərasimini Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev açaraq Nəriman Məmmədovun
mənalı ömür
yolundan, zəngin yaradıcılıq axtarışlarından,
bəstələdiyi ölməz
musiqilərdən, bir
pedaqoq kimi zəhmətsevərliyindən və
qoyub getdiyi zəngin irsdən söz açıb.
Nazir bildirib ki, Nəriman Məmmədovun milli musiqi mədəniyyətimizdə
özünəməxsus yeri
var. Onun yaradıcılığı
musiqisevərlər tərəfindən
rəğbətlə qarşılanır. Bəstəkarın müxtəlif musiqi janrlarını əhatə
edən yaradıcılıq
irsi çox zəngindir. O, 7 simfoniyanın,
2 baletin, 3 musiqili komediyanın, 2 müziklin,
7 instrumental konsertin, 3 oratoriyanın,
3 kantatanın, 25-dən artıq
dram tamaşasına yazılmış
musiqinin, 300-dən artıq
mahnı və çoxlu sayda kamera-instrumental əsərin
müəllifidir.
Nazir deyib ki, bəstəkarın
böyük Azərbaycan
şairi Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında
yazılmış "Humay"
baleti 1981-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uğurla səhnəyə
qoyularaq müəllifinə
şöhrət gətirib.
Nəriman Məmmədovun musiqili
səhnə əsərlərindən
Tofiq Bakıxanovla birgə yazdığı
3 musiqili komediyası
- "Altı qızın
biri Pəri",
"Qız görüşə
tələsir" və
"Məmmədəli kurorta
gedir" - tamaşaçıların rəğbətini
qazanıb.
Bəstəkarın yaradıcılığında instrumental musiqi müxtəlif janrlarla təmsil olunur. Onun xüsusilə proqram
xarakterli simfoniyaları
- Hüseyn Cavidə həsr olunmuş IV simfoniyası, Xocalı faciəsinə həsr olunmuş VII simfoniyası
və "Fərhad və Şirin" poeması - diqqətəlayiqdir.
Ə.Qarayev deyib ki, Nəriman
Məmmədovun instrumental konsertləri
də musiqi ictimaiyyəti tərəfindən
maraqla qarşılanıb. Onun
fortepiano ilə orkestr,
skripka ilə orkestr, tar ilə orkestr üçün yazılmış konsertləri
ifaçıların repertuarına
daxil olmuş uğurlu əsərlərdir.
Bəstəkarın yaradıcılığında mahnı və romansların xüsusi yer tutduğunu söyləyən Mədəniyyət
və turizm naziri vurğulayıb ki, məhz bu
səbəbdən onu
haqlı olaraq "lirik bəstəkar" adlandırırlar. Bəstəkarın
"Xumar baxışlar",
"Kaş səni görməyəydim", "Üzmə
məni", "Sənin
eşqin" kimi lirik mahnıları öz səmimiliyi ilə xalqın qəlbinə yol tapıb.
Diqqətə çatdırılıb ki, bəstəkarlıqla yanaşı Nəriman Məmmədov folklorşünaslıq sahəsində diqqətəlayiq xidmətləri olan musiqiçi kimi də tanınıb. Hələ tələbəlik illərindən başlayaraq N.Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı kimi çalışıb. O, 40 ildən artıq klassik musiqi abidəmiz olan muğamların not yazısı və tədqiqi ilə məşğul olub. Müxtəlif illərdə Nəriman Məmmədovun nota saldığı "Çahargah" və "Rast" vokal-instrumental muğamları, "Bayatı-Şiraz" və "Şur" instrumental muğamları Moskvanın "Sovetski kompozitor" nəşriyyatında, habelə "Rast", "Çahargah", "Humayun", "Segah-zabul", "Şahnaz", "Rahab" instrumental muğamları Bakıda çapdan çıxıb. Bununla yanaşı N.Məmmədov professor Əhməd İsazadə ilə birlikdə iki hissədən ibarət "Xalq mahnı və oyun havaları" məcmuəsini də çap etdirib.
Bəstəkarın pedaqoji fəaliyyətinin də çox önəmli olduğunu söyləyən Ə.Qarayev deyib ki, o, uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda, 60-cı ildən isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim kimi çalışıb. Bəstəkar həmçinin Bakı Musiqi Akademiyasının "Xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının professoru kimi fəaliyyət göstərib. Fəal musiqi xadimi kimi respublikanın mədəni həyatında yaxından iştirak edən Nəriman Məmmədovun əməyi hər zaman yüksək qiymətləndirilib.
Vida mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, şair-dramaturq Ramiq Muxtar və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə çıxış edərək Nəriman Məmmədovun çoxşaxəli yaradıcılığından söz açıblar.
Bildirilib ki, bəstələdiyi musiqilər korifey sənətkarlarımız tərəfindən səsləndirilən Nəriman Məmmədovun musiqi xəzinəmizə bəxş etdiyi ölməz incilər öz müəllifinə əbədiyaşarlıq gətirməklə yanaşı, həm də hər zaman böyük sevgi və məhəbbətlə dinləniləcək.
Mərhumun ailəsi adından çıxış edən yaxın qohumu, professor Əli Əhmədov bəstəkarın xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Vida mərasiminə yekun vuran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bir-birindən gözəl əsərləri ilə adını Azərbaycanın musiqi tarixinə həkk edən tanınmış bəstəkar, təcrübəli pedaqoq və səmimi insan Nəriman Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Sonra görkəmli bəstəkarın cənazəsi son mənzilə yola salınıb.
Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
525-ci qəzet.- 2015.- 8 aprel.- S.7.