Mədəniyyət evinin
tağları
Mədəniyyət evi Ağdamda keçmiş Sovet dövründə inşa
edilən və görkəmi ilə yaddaqalan abidələrindəndir.
Bina təxminən qırx illik zaman çərçivəsində rayon sakinlərinə xidmət
göstərib.
Qoynunda Ağdam
Dram Teatrına da yer verən mədəniyyət
ocağı 1950-ci ildən
1990-cı ilədək fəaliyyət
göstərib. Danılmaz
faktdır ki, teatr
mədəniyyətinin formalaşmasında
bu binanın xüsusi yeri olub. Ağdamın teatr tarixi ilə bağlı
apardığım araşdırmalar zamanı diqqətimi ilk növbədə
məhz haqqında
danışacağım mədəniyyət
evi çəkdi.
Öncə qeyd edim ki,
şəhərdə inşa
edilən bütün
obyektlər 1941-ci ildə,
Kübra Əliyevanın
şəhər sovetinin
sədri olarkən təsdiq edilən baş plana uyğun icra edilirdi. Bir nömrəli məktəbın
binası, 16 yerlik mehmanxana binası və mədəniyyət
evi hələ müharibədən əvvəl
baş plana salınmışdı. Hər
üç obyektin inşasına eyni vaxtda,
yəni 1946-cı ildə başlansa da, Mədəniyyət evinin tikintisində bəzi problemlər olmuş, yalnız 1950-ci ilin noyabrın 4- də istifadəyə
verilmişdi.
Yuxarıda qeyd etdiyim hər
üç obyektin inşasına nəzarəti
isə tanınmış
ziyalı, o illərdə
şəhər sovetinin
sədri vəzifəsində
çalışan Məşədi
Abbas Rzayevə həvalə edilmişdi. Açılış
mərasimini idarə
edən Məşədi
Abbasın tədbirdə
alovlu çıxışından
sonra, söz Azərbaycan Nazirlər Soveti yanında Mədəni-maarif
müəssisələri komitəsinin
sədri Süleyman Rəhimova verilir. Qeyd edək ki, təntənəli
açılış mərasimində
başda Ağdam RPK-nın birinci katibi Məmməd Orucov olmaqla bütün rayon rəhbərliyi
iştirak edirdi. Açılış
tədbirində mədəniyyət
evinin Mir Cəfər
Bağırov adının
verilməsi qərara alınır. Və az müddətdən sonra respublika liderinin büstü mədəniyyət evinin qarşısında qoyulur.
Lakin Mir Cəfər Bağırov xalq düşməni elan
edildikdən sonra ərazidən büstü
və Mədəniyyət
evinə verilən adı götürülür.
Məhz ondan sonra Mədəniyyət
evi Səməd Vurğunun adını daşıyası olur.
Bir məqamı da əlavə edim ki, Məşədi Abbas tanınmış inqilabçı idi. Səttarxanın silahdaşı olmuşdu. Mir Cəfər
Bağırovla birbaşa
əlaqəsi
və münasibəti
var idi. Mədəniyyət evinin tikintisi
zamanı binanın yuxarı hissəsində öz adını həkk etdirsədə, bu addım ona
baha başa gəlir. Belə ki, Sovet rejimi
belə məqamları
qəbul etmədiyindən,
sonradan o yazı silinmiş və Məşədi Abbasa ciddi irad tutulmuşdu...
Mədəniyyət Sarayında on dörd otaq və
bir 400 nəfərlik böyük
zal, digəri 200 nəfərlik
kiçik zalı var idi. Burada kitabxana
və qiraət zalı da fəaliyyətdə
idi. Mədəniyyət
evinin direktoru vəzifəsinə Yunis Rzayev, bədii rəhbər vəzifəsinə isə
Narınc Məlikova təyin edilmişdi.
Mədəniyyət evində o illərdə üç əsas: dram, nəfəsli
orkestr və tikiş dərnəkləri fəaliyyət
göstərirdi. Hər bir
dərnəyin 60 nəfərdən
artıq üzvü var idi. Bunlardan ən fəalı isə dram dərnəyi idi.
Binanın istifadəyə verilməsi dövlət statusu ləğv edilmiş dram teatrının kollektivinə ən böyük töhfə oldu. Yeni bina həm tamaşaların hazırlanmasında, məşqlərin keçirilməsində, həm də tamaşaların daha keyfiyyətli şəkildə göstərilməsinə imkan vermişdi. Ümumiyyətlə, 1950-ci il Ağdam teatrının inkişafında yeni bir mərhələ sayıla bilər. XX əsrin 50-90-cı illərində məhz bu binada onlarca yeni tamaşa hazırlanaraq rayon sakinlərinə təqdim edilmişdi. 1968-ci ildə teatrın statusu bərpa edildikdən sonra mədəniyyət evində həm sarayın, həm də teatrın rəhbərliyi və kollektivi fəaliyyətdə idi.
Maraqlıydı ki, rayona gələn birinci katiblərin hər biri Mədəniyyət evinin yerləşdiyi şəhərin baş meydanına öz əlavələrini edirdi. Və bu artıq ənənəyə çevrilmişdi. Məşədi Abbas Rzayevin bacısı oğlu olan Nadir Abbasovun dövründə "Fərhad"ın heykəli, Həsən Əliyevin rəhbərliyi dövründə baş meydanda Leninin heykəli ucaldıldı. Qeyd edək ki, Leninin heykəli əvvəllər mehmanxana ilə üzbəüz ərazidəki kiçik parkda inşa edilmişdi. Sadıq Murtuzayevin dövründə isə "Fərhad"ın heykəlinin yeri dəyişdirilərək mərkəzi poçtun qarşı tərəfinə keçirildi. Nizami küçəsinin Kommunist küçəsinədək olan hissəsində isə minik maşınlarının hərəkəti dayandırıldı. Ərazi piyadalar üçün uyğunlaşdırılaraq abadlaşdırıldı. Fəvvarələr quraşdırıldı. Sözügedən yerdəyişmədən sonra baş meydanda paradın keçirilməsində hər hansı maneə qalmamışdı.
Meydanda 1949-cu ildə mehmanxana binası, 1965-ci ildə Ağdam RPK üçün iki mərtəbəli inzibati binası, 1972-ci ildə "rayispalkomun" binası, 1985 -ci ildə isə mədəniyyət eviylə üzbəüz RPK- nın daha müasir üçmərtəbəli binası istifadəyə verildi...
Qeyd edim ki, hər iki mədəniyyət ocağı 1983- cü ilədək adıçəkilən binada fəaliyyət göstərəsi oldu. 1983-cü ilin noyabrında Kommunist küçəsində, bulvarın yan tərəfində geniş müasir üslubda yeni Mədəniyyət Sarayının açılışı keçirildi. Bu dəfəki açılışda da rayon rəhbərliyi, başda Ağdam RPK- nın birinci katibi Sadıq Murtuzayev olmaqla iştirak edirdi. Dahi ziyalımız Xudu Məmmədovun da qatıldığı tədbirdə bir xeyli şəhər sakini iştirak etmişdi. Tam müasir standartlara cavab verən sarayın böyük zalı 600 nəfərlik idi. Əlavə edim ki, bu binanın istifadəyə verilməsində məqsəd hər iki mədəniyyət ocaqlarının ayrıca binalarda fəaliyyətdə göstərməsi idi. Yeni binanın inşasından təxminən dörd il sonra, yəni 1987- ci ildə ilk Mədəniyyət evinin tağları qalmaqla yenidən qurulmasına başlanıldı. 1990-cı ilədək ərazidə xeyli tikinti işləri aparıldı. Ümumi işlərin demək olar ki, 40 faizədək hissəsi görülmüşdü. Lakin ermənilərin ölkəmizə qarşı apardıqları ərazi iddiaları binanın inşasına mane oldu...
Bu gün ruhların gəzib dolaşdığı şəhərdə mədəniyyət evinin salamat qalmış tağları bütün sakinlərin ürəyinə elə bil dağ çəkir. Ancaq rayonun işğal altında olmayan 28 faizlik ərazisində aparılan quruculuq işləri hər bir rayon sakininə şəhərə qayıdacağımız günə ümidi xeyli artırır.
Vüqar Tofiqli
525-ci qəzet.- 2015.- 8 aprel.- S.4.