İnna Kostinanın
"Anima"sı Müasir İncəsənət
Muzeyində
Müasir İncəsənət Muzeyində
Azərbaycanın tanınmış
rəssamı İnna
Kostinanın "Anima" adlı
fərdi sərgisi açılıb.
Açılış mərasimində
muzeyin icraçı direktoru Xəyyam Abdinov sərginin əhəmiyyətindən danışıb:
"Sərgidə rəssamın
55 əsəri nümayiş
olunur. Bu qeyri-adi
əsərlərdə süjet
xətti xüsusi əhəmiyyət daşımır.
Əsərlərdə əsasən güllər,
qadın və musiqi mövzusu yer alır. Bütün bunlar
psixologiyadan gələn
"Anima" anlayışı ilə əlaqələndirilir.
Bu anlayış təbiətə sirayət
edən və müxtəlif səviyyələrdə
bütün canlılara
xas olan qadınlığı və
ümumilikdə qadın
varlığı anlamını
ifadə edir".
Tədbirdə çıxış edən
İ.Kostina diqqətə
çatdırıb ki,
bu onun 24-cü fərdi sərgisi olsa da, yenə
də həyəcanlıdır.
Sərginin təşkilində əməyi
olan hər kəsə dərin təşəkkürünü bildirən rəssam burada nümayiş etdirilən əsərlərindən
tamaşaçıların zövq alacağına ümidvar olduğunu bildirib.
Sonra tədbir iştirakçıları
sərgi ilə tanış olublar.
İ.Kostina 1962-ci ildə Bakıda dünyaya gəlib. O, 1984-cü ildə
"1905-ci il Xatirəsinə"
Moskva İncəsənət
Texnikumunun Rəngkarlıq
fakültəsini bitirib.
1984-1989-cu illərdə Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunda
bədii film və televiziya üzrə quruluşçu rəssam
ixtisası üzrə
təhsil alıb.
Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq və kino kafedrasında dərs deyir. Azərbaycan Rəssamlar İttifaqı və Respublika Kinematoqrafçılar İttifaqının üzvüdür.
Rəssam bir sıra yerli və beynəlxalq müsabiqələrin laureatıdır və 250-dən artıq müxtəlif sərginin iştirakçısıdır. İ.Kostina fərqli üslubu ilə tanınır. Həmçinin rəssam "batik" texnikası ilə ipək üzərində rəsm işləyən dünyaca məşhur rəssamlardan biridir.
1987-ci ildən başlayaraq rəssamın əsərləri dünyanın İtaliya, Norveç və Almaniya kimi 30-dan çox ölkəsində müxtəlif muzey və qalereyalarda nümayiş olunur.
Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində, Tomsk Vilayət İncəsənət Muzeyində, Gürcüstanda "Old Gallery" və Karvasla Muzey Mərkəzində, İtaliyada "IL Leone" İncəsənət Mərkəzində, həmçinin Azərbaycanda və dünyanın 25-dək ölkəsində şəxsi kolleksiyalarda saxlanılır.
İ.Kostinanın ən maraqlı mükafatlarından biri "IL Leone" İncəsənət Mərkəzində keçirilən fərdi sərgisində aldığı "Mükafat Roma - 2010" olub.
Rəssam 1995-ci ildən istedadlı uşaqlar üçün təşkil olunan "7 əlvan kəpənək" studiyasına rəhbərlik edir.
İ.Kostina 1996-cı ildən Norveçin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Şəkidə keçirilən "Kağız 1", "Kağız 2" incəsənət simpoziumlarının əlaqələndirici direktorudur. Bu simpoziumlar yaradıclıq fəaliyyətini stimullaşdırmaqla yanaşı, dünya miqyasında Azərbaycan incəsənət xadimlərinin şöhrətini artırmağa xidmət edir.
Rəssamın Müasir İncəsənət Muzeyində sərgisi mayın 5-dək davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.-9 aprel.- S.7.