Ədəbi-bədii və ictimai fikir tariximizdə silinməz imza - Əbdül Rəhman Dai

 

 

 

Yaradıcılığa Rusiya imperiyası dövründə başlayan, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində nəşr olunan kitablarının sevincini, həyatının xoşbəxt anlarını yaşayan Əbdül Rəhman Dai (Əbdülov Rəhman Əbdül Rəhman oğlu)  Sovet rejimi zamanında gizli siyasi fəaliyyətə görə 1923-cü ildə Azərbaycan Fövqəladə Komissiyası (Az.ÇK) tərəfindən həbs olunub, 13 il amansız repressiyaya məruz qalıb, vətəndən uzaqlarda dünyasını dəyişib. Həyat yaradıcılığı ciddi elmi araşdırmalardan kənarda qalan Ə.R.Dai Cümhuriyyət dövrü İstiqlal poeziyasının istedadlı nümayəndələrindən biri, eyni zamanda dövrünün tanınmış folklor tədqiqatçısı mətbuat xadimi idi.

 

Əbdül Rəhman Dai 1898-ci ildə Bakı yaxınlığındakı Bülbülə kəndində Əbdül Rəhman Gülsüm xanım Əbdülovların ailəsində dünyaya göz açıb. Rəhman ailənin yeganə oğul övladı idi anadan olanda atasının 58, anasının isə 40 yaşı vardı. XX əsrin əvvəllərində Əbdülovlar Bülbülə kəndindən Bakıya köçmüş, Bondarnaya (indiki Şəmsi Bədəlbəyli) küçəsi, 92 saylı ünvanda yaşayıb. Rəhman Əbdül Rəhman oğlu Əbdülov 1905-ci ildə Bakıda Ali-ibtidai məktəbin 1-ci sinfinə daxil olub, 1908-ci ildə yüksək qiymətlərlə bu ibtidai təhsil ocağını bitirib. Bir müddət qoca atasına təsərrüfat işlərində kömək edən gənc Rəhman mətbəə sahəsində çalışmağa daha böyük həvəs göstərirdi. O 1914-cü ildə zəmanəsinin ziyalısı xeyirxahı kimi tanınan Qasım bəy Qasımbəyovun redaktorluğu ilə nəşrə başlayan "Bəsirət" qəzeti ilə əməkdaşlıq edir, "Məktəb" elektrik mətbəəsində mürəttib peşəsinə yiyələnirdi. İlk yazı nümunələri "Bəsirət", "Açıq söz" qəzetlərində işıq üzü görən Əbdül Rəhman Dainin uşaqların rəvan qiraəti üçün yazdığı "Rəhimli səyyah" adlı ilk nəsr kitabı Kazım Vəlizadənin naşirliyi ilə 1917-ci ildə "Məktəb" elektrik mətbəəsində nəşr edilib.

 

Memuar səpkisində yazılmış ilk kitabı sadə aydın üslubda qələmə alındığı üçün müəllifinə böyük uğur qazandırıb. Kitabın sonunda əsərin yazıldığı tarixin 7 aprel 1915-ci il olduğu qeyd edilmişdir. Bu tarixi gənc Əbdül Rəhmanın ədəbiyyata gəldiyi gün kimi qeyd etmək olar. Dainin "Fəhlənin nitqi" adlı nəzmlə yazdığı ikinci kitabı da 1917-ci ildə mürəttib Ağa Həsən Qulamovun naşirliyi ilə "Bakı" mətbəəsində çap olunmuşdur. Məsnəvi janrında qələmə alınan əsərin məzmunu fəhlənin dilindən "xozeyinə", sahibkara ünvanlanan tələb ittihamlardan ibarətdir. Kitabçada Rusiya imperiyasında 1917-ci ildə baş verən fevral oktyabr inqilabının adı çəkilməsə "şimal küləyi"nin gətirdiyi ab-hava əsərin ümumi ruhunda duyulmaqdadır.

 

Əbdül Rəhman Dai Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını böyük sevgi sevinclə qarşıladı. İstiqlal duyğuları, azadlıq arzuları onun bədii yaradıcılığında da təcəssümünü tapırdı. Bu dövrdə onun üç kitabı işıq üzü gördü. Mürəttiblik fəaliyyətini Ağabala Quliyevin "Şura" mətbəəsində davam etdirən Dai 1918-ci ildə uşaqlar üçün yazdığı, tərbiyəvi əhəmiyyət kəsb edən, sərlövhəsi atalar sözü ilə başlayan "Qurunun oduna yaş da yanar" adlı üçüncü kitabçasını oxucuların ixtiyarına verdi. Nəbi adlı uşağın nadincliyindən ədəbsizliyindən bəhs edən bu əsər dilinin saflığı, poetikliyi bədii mənzərənin inandırıcılığı ilə diqqəti cəlb edir.

 

Ə.R.Dai 1919-cu ilin əvvəllərində Kərbəlayi Vəli Mikayılovun dəvətilə onun rəhbərlik etdiyi "Hökumət" mətbəəsində naşirlik fəaliyyətinə başlayır özünün iki kitabını burada nəşr etdirir. "Qanqal" Əbdül Rəhmanın ilk satirik şeirlər toplusudur. "Ay Baba!" müraciətilə başlayan satiralar çox güman ki, fədakar mətbuat xadimi Əlabbas Müznibin redaktorluğu ilə nəşr edilən "Babayi-Əmir" (1915-1916) gülgü dərgisinə ünvanlanmışdı. Dainin tənqidi poeziyasının formalaşmasında "Molla Nəsrəddin" ədəbi məktəbinin güclü təsiri özünü büruzə verməkdədir.

 

Əbdül Rəhman Dainin ədəbi fəaliyyətində tərtibçilik naşirlik işi xüsusi əhəmiyyət kəsb edir. Onun toplayıb hazırladığı çap etdirdiyi çoxcildli "Əsgəri nəğmələr"in birinci hissəsi 1919-cu ildə "Hökumət mətbəəsi"ndə çıxmış bu gün aktuallığını bədii təravətini qoruyub saxlamaqdadır. Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal olunduğu üçün kitabın ikinci hissəsi nəşr edilməyib.

 

27 aprel çevrilişindən sonra Ə.R.Dai bir müddət naşirlik fəaliyyətini dayandırıb, işsiz qalıb. Yalnız 1921-ci ilin baharında o, Əli Həsən Babayev Əbdül Vahab Məmmədzadənin dəvətilə gizli fəaliyyətə başlayan "İstiqlal" qəzetinin nəşrinə cəlb olunub. Dai 1921-1923-cü illərdə 19 sayı məxfi şəraitdə çaplanan qəzetin əksər mətnlərinin mürəttibi, xüsusilə Azərbaycanın işğal günü - 27 aprel münasibətilə milli ruhda yazılan, Sovet istilasını yamanlayan bəyannamələrin yığıcısı idi.

 

Əbdül Rəhman Dai 1923-cü ilin fevral ayında fəaliyyətə başlayan "Gənc işçi" qəzetinin məsul katibi vəzifəsinə irəli çəkilib, avqust ayında Süleyman Sani Axundov, Hüseyn Cavid, Seyid Hüseyn, Məmməd Əli Sidqi, Hənəfi Zeynallı, Məmməd Səid Ordubadi, Nemət Bəsir, Salman Mümtaz b. İştirakı ilə yaradılan "Türk ədib, şair ədəbiyyat həvəskarları" cəmiyyətinin katibi seçilib. Onun xalq ədəbiyyatına dair tədqiqat xarakterli məqalələri, xüsusilə "El şairi Aşıq Cavad", "El şairəsi Ağa Sənəm", "El şairi Xələf", "El şairi Dəli Mehdi", "Bakı tarixində el şairləri", eləcə çoxsaylı şeirləri o dövrün "Kommunist", "Gənc işçi", "Yeni yol" qəzetlərdə, "Maarif mədəniyyət" jurnalında  dərc olunub. "İki məktəbli" adlı mənzum pyesi M.Əzizbəyov adına kitabxanada həvəskarlar tərəfindən oynanılıb. Əbdül Rəhmanın "Kommunist" qəzetinin 12 oktyabr 1923-cü il tarixli ədəbiyyat səhifəsində çap etdirdiyi bir bayatısı diqqəti cəlb edir.

 

Şəftəliyəm, kalam mən,

Dilim yoxdur, lalam mən,

Çərxi-fəl

ək qoymadı

Arzu-kamım alam mən.

 

Çox keçmir ki, "çərxi fələk", bolşevik rejimi gənc ədibi "arzu-kam" almağa, milli ədəbiyyata xidmət etməyə imkan vermir.

 

Azərbaycan Fövqəladə Komissiyasının (Az.FK) hərbçiləri 1923-cü il oktyabrın 5-dən 6-na keçən gecə vətənpərvər, hürriyyətçi, istiqlal fədailərinin böyük fəal bir qrupunu həbs edir. Qəfil həbslər zamanı sol müsavatçıların gizli nəşr etdiyi 19 sayı işıq üzü görən "İstiqlal" qəzetinin bəzi məxfi kitabçaların çap olunduğu mətbəə aşkar edilmişdi. Kütləvi həbslər zamanı saxlanılan azadlıq mübarizlərindən Əbdül Rəhman Əbdül Rəhman oğlu Əbdülov (təxəllüsü Dai) olmaqla yanaşı Əbdül Vahab Məmmədzadə, Cəfər Cabbarlı, Rəhim bəy Vəkilov, Kərbəlayi Vəli Mikayılov, Novruz Ağayev, Qurban Musazadə, Ağa Səlim Rəhimov, Əli Abbas Əliyev, Əli Həsən Babayev, Nəsrulla İsrafilov, Məşədi İslamov, Salman Rəhimov, Hacı Baba Cəbiyev, Ağa Kərim Əliyev b. dövrünün tanınmış ziyalıları, mətbuat nümayəndələri vətənpərvər qüvvələr idi.

 

Əbdül Rəhman adları çəkilən məsləkdaşları ilə müqayisədə xeyli gec - 1923-cü ilin dekabrın 11-də ordersiz həbs olunub. Onun adına verilən 475 saylı orderi və 1588 saylı məhkumluq vərəqini Az.FK-nın sədr müavini Qaber Korn yalnız dekabrın 24-də imzalamağa "vaxt tapmışdır". Dainin ilk müstəntiqi məxfi və xüsusi şöbənin müdiri, sonralar Azərbaycan Ali Məhkəməsinin (1934-1937) və Nazirlər Sovetinin sədri (1937-1954) işləmiş Teymur Quliyev idi. Müstəntiq 11 dekabr 1923-cü il tarixli protokola əsasən Əbdülov Rəhman Əbdül Rəhman oğlundan suallarına cavab alır. Müttəhim təsdiqləyir ki, mətbəə müdiri Əli Həsən Babayevin dəvəti ilə Qurban Musazadənin (yazıçı Qılman İlkinin qardaşı - A.R.) evində "Müsavat" təşkilatının üzvü olmuş, gizli "İstiqlal" qəzetinin antisovet intibahnamələrinin çapında fəal iştirak etmişdir.

 

Sonrakı ifadələrində və üzləşmələrdə ilkin izahatını  Rəhman Əbdül Rəhman oğlu dəyişmir. Ailənin yeganə oğlunu və çörəkqazananı yuxarılara yazdığı fəryad dolu məktubları ilə Gülsüm Allahverdi qızı Əbdülova müdafiəyə qalxır. O, Rəhmanın həbsindən 26 gün sonra ilk məktubunu Az.FK-nın sədri Mir Cəfər Bağırova ünvanlayır. Məktub 1924-cü il yanvarın 5-də Bağırova çatır və cavab üçün məxfi şöbəyə göndərilir. Gülsüm xanım 2-ci məktubunu yanvarın 19-da Azərbaycan MİK-nin sədri Səmədağa Ağamalıoğluna göndərir.

 

Ərizədə yazılırdı: "Oğlum Rəhman Əbdülov təxminən bir ay yarım əvvəl Az.FK tərəfindən həbs edilib, işi müstəntiq Nikolayevə verilib. Mənim oğlum vərəmə yoluxub, hər bir həkim bunu təsdiqləyə bilər.

 

Qorxuram ki, o ağır şəraitdə xəstəliyə dözə bilməyə, ölə, onda qoca atası və anası üçün necə olacaq? Bizi oğlum saxlayırdı. Hökumət evində yaşayırıq və ayda 1 çervon istəyirlər, haradan ödəyək?! Mən gözləri yaşlı qadın sizə yalvarıram, qoca ata-anaya yazığınız gəlsin, hansı ki, heç yaşamaq imkanları da yoxdur.

 

Əllərimi açıb sizə yalvarıram, oğlumu mənə qaytarın" (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-18).

 

S.Ağamalıoğlu ərizəyə şəxsən "Baxılmaq üçün" dərkənar qoyaraq Az.FK-ya ünvanlayır. Gülsüm Allahverdi qızı müraciətinə müsbət cavab almayıb növbəti ərizəsini Mir Bəşir Qasımovun adına göndərir. Müstəntiq Malçenkova verilən ərizənin üstünə qırmızı mürəkkəblə "İmtina edilsin" dərkənarı qoyulur. Fəryad edən köməksiz ananın ümidləri Azərbaycan rəhbərliyindən üzülür...

 

(Ardı var)

Asif Rüstəmli

525-ci qəzet.- 2015.- 9 aprel.- S.6.