Tarixi həqiqətlərin izi ilə
Azərbaycan
Milli Elmlər Akademiyasının Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutu Güney Azərbaycanın tanınmış
tarixçi və tədqiqatçı alimi Səməd Sərdariniyanın
Tehranda fars dilində nəşr olunmuş "İrəvan
müsəlman sakinli vilayət olmuşdur" adlı əsərinin
tərcüməsini Azərbaycan dilində nəşr
etmişdir.
İlk
öncə qeyd edilməlidir ki, "İrəvan müsəlman
sakinli vilayət olmuşdur" kitabı xarici ölkə vətəndaşı
tərəfindən yazılmış və xaricdə nəşr olunmuş Azərbaycanla
bağlı tarixi həqiqətləri əks etdirən ciddi tədqiqat əsəridir. S.Sərdariniyanın
sözügedən əsəri İranda, eləcə də
bir sıra digər xarici ölkələrdə azərbaycanlılara
qarşı iftira və böhtanlarla dolu qondarma "erməni
soyqırımı" barədə
yazılmış kitab və məqalələrin
müqabilində tarixi faktları ortaya qoymaq, erməni və
ona havadarlıq edən ölkələrin "siyasətçilərinin",
"tarixçi alimlərinin" yalan və
uydurmalarını ifşa etmək məqsədi ilə qələmə
alınmışdır. Müəllif kitaba yazdığı
müqəddimədə qeyd edir ki, İran - Rusiya müharibələrindən,
xüsusilə də Türkmənçay müqaviləsindən
sonra ermənilərin Çuxursəd vilayətinə (indiki
Ermənistan Respublikası ərazisinə) və onun mərkəzi
İrəvana köçürülməsinə rusların
birbaşa himayədarlıq etmələrinə və "məşəqqətlər
görmüş millətə" hər cür dəstək
vermələrinə baxmayaraq, 1918-ci ilə qədər ermənilər
Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini
təşkil etməmişlər. Yeri gəlmişkən,
görkəmli alim tarixi faktları səsləndirərkən
erməni müəlliflərinin özlərinə istinad etməyi
daha məqsədəuyğun saymışdır. O, erməni
yazıçısı Anahid Ter-Minosyanın "XX əsrin əvvəllərində
bir çox əyalətlərdə ümumiyyətlə erməni
yox idi" fikrini bu gün "Böyük Ermənistan"
xülyasında olanların yalan və uydurmaları
qarşısında tutarlı fakt kimi səsləndirmişdir.
"İrəvan
müsəlman sakinli vilayət olmuşdur" kitabı İrəvanın
ilkin yaşayış məskəni kimi formalaşması mərhələsindən
başlayaraq burada yaşayan müsəlmanların (azərbaycanlıların)
daşnakların əli ilə kütləvi şəkildə
qətlə yetirilməsinə qədərki böyük
tarixi mərhələni əhatə edir. Kitabın ilk hissələrində
müəllif tarixi sənədlər və fotolar əsasında
rus işğalı ərəfəsində İrəvanın
tarixi-coğrafi mənzərəsini,
şəhərin türk-müsəlman
memarlığı əsasında yaradılmış
arxitektura quruluşunu, mədəniyyət
abidələrinin, dini mərkəzlərin (yeddi məscidin),
karvansaraların və digər
ictimai müəssisə və təşkilatların şəklini oxucuya təqdim etməklə onun
tarixi bir müsəlman-türk şəhəri olduğunu
sübut etməyə nail olmuşdur. Müəllifin
sadaladığı toponimlər və hidronimlər də (Gərni,
Culfa, Sərdar, Tağlı, Sulu, Susuz karvansara və məscidləri,Zalxan,
Fəhlə, Böyük, Şəhər meydanları, Gedər
çay, Qırxbulaq, Zəngi çay və bulaqları və s.) onun fikrini
qüvvətləndirir və tarixi həqiqətin üzə
çıxmasına yardım edir.
Daha sonra
müəllif uzaq tarixi keçmişə səyahət edərək,
ciddi elmi mənbələr əsasında şəhərin
bünövrəsinin qoyulması tarixini dəqiqləşdirməyə,
onun inkişaf yolunu mərhələ-mərhələ izləməyə
çalışır. Böyük alim İrəvanın əsasının
hicri tarixinin başlanğıcında qoyulması və IX əsrə
qədər onun kiçik bir kənd olması fikrinə birbaşa
münasibət bildirməsə də, həmin tarixdən
çox-çox öncə bu yerdə türk etnosunun
yaşaması barədə ayrı-ayrı tarixi məlumatları
oxucuların diqqətinə çatdırır. S.Sərdariniya
İrəvanın bir şəhər kimi
formalaşmasından öncə həmin məkanın Dvin
(yaxud Dəbil) adlandığını, müsəlman
hökmdarlarının inzibati mərkəzlərindən biri
sayıldığını xüsusi qeyd edir. Müəllifin
araşdırmalarının dəyərini artıran cəhətlərdən
biri də onun birbaşa ərəb, fars və Avropa mənbələri
ilə işləyə bilməsidir. Tarixçi alim öz
kitabında fakt və sənədləri sadəcə
sadalamır, eyni zamanda da müqayisə yolu ilə həqiqəti üzə çıxarmağa,
dediklərini sübut etməyə çalışır.
S.Sərdariniya
kitabın müvafiq bölməsində "bu gün Ermənistan
Respublikası adlanan torpaq əsrlər boyu Çuxursəd
adını daşımış yurdun bir hissəsidir",-
deyə yazır. Müəllif bunun ardınca Çuxursəd
sözünün etimologiyasını izah edir və onun
"çökək" və qədim Azərbaycan
tayfalarından olan "səədlu" tayfasının
adından götürüldüyünü vurğulayır.
Buradan isə, "Çuxursədin" sırf Azərbaycan
dilinə məxsus söz birləşməsi olduğu üzə
çıxır.
Kitabın
"İrəvan Şah İsmayıldan Şah Abbasa qədər",
"İrəvan I Şah Abbas dövründə", "İrəvan sonuncu Səfəvi
şahları dövründə", "İrəvan Nadir
şah Əfşar dövründə" və "İrəvan
Ağa Məhəmməd şah Qacar dövründə"
adlı bölmələrində İrəvanın tarixi
inkişaf prosesi, inzibati-idarəçilik sistemi, şəhərin
sosial-mədəni həyatı və s. xronoloji
ardıcıllıqla tədqiq olunur.
Müəllif yuxarıda adları çəkilən Azərbaycan
hökmdarların hər birinin bu əyalətə xüsusi
diqqət yetirdiklərini, onun abadlaşdırılması,
inkişafı istiqamətində gördükləri tədbirləri
diqqətə çatdırır.
Kitabda XIX
əsrin astanasında İrəvanın iqtisadi durumu ayrıca
araşdırılmışdır. Təbii ki, bu da gözlənilən
müharibələr ərəfəsində buradakı
mövcud iqtisadi-hərbi şəraitin sonrakı hadisələrə
təsirinin əsaslandırılması məqsədini
daşımışdır. Həmin bölmədə şəhər
sakinlərinin sinfi tərkibi, tacir və sənətkarların
mövqeləri, onların istehsalda və ticarətdə payları
dərindən tədqiq edilərək real mənzərəni
əks etdirən ciddi faktlar ortaya qoyulur. Müəllif fikrini təsdiq
etmək üçün Qafqaz regionunun öyrənilməsi
üzrə nüfuzlu alim, Kembric Universitetinin professoru Pyotr
Arviyə istinad edir. P.Arvidən gətirilən sitatda deyilir:
"İrəvan Azərbaycanın iqtisadi baxımdan
inkişaf etmiş şəhərləri sırasına daxil
idi. Ağa Məhəmməd şah Qacar İrəvan, Xoy, Rəşt,
Qəzvin kimi şəhərləri xarici ticarətin əsas
dayaqları səviyyəsinə qaldırmışdı. İrəvan və Xoy şəhərləri
Qara dəniz vasitəsilə Qafqaz və Osmanlıların
ticarət mərkəzi sırasında idilər".
"İrəvan
İran-Rusiya müharibələrində" adlanan növbəti
fəsildə İrəvan azərbaycanlılarının
müharibədəki rolu və yeri tədqiq edilir. Müəllif İrəvan hakimi Məhəmməd
xan Qovanlı Qacarın ruslarla razılığa gəldiyi
halda, onlarla döyüşü davam etdirməsi
faktını şəhərin müsəlman sakinlərinin ləyaqət
və cəsarəti ilə əlaqələndirir. Hətta,
İrəvan müsəlmanlarının cəsarətinin Rusiya çarı
I Nikolayı narahat etdiyini və bununla bağlı onun general
Patskeviçə xüsusi məktub yazdığını da
qeyd edir. Bununla bağlı
tarixçi alim yazır: "Lakin müharibənin gedişində
ermənilərin Qacarlar ordusuna xəyanət etməsi,
onların ruslara casusluq etmələri, 1826-cı ildən isə
silahla rusların tərəfində vuruşmaları İrəvanın
sonrakı taleyində müdhiş rol oynadı. Beləki, ermənilər
öz xəyanətlərinin müqabilində mükafatlandırıldılar".
S.Sərdariniya
kitabın "İrəvan Türkmənçay müqaviləsindən
sonra" adlı bölməsində İrəvanda müharibədən
sonrakı vəziyyəti, bu
müsəlman şəhərində rusların ermənilərə himayədarlıq etmələrini
son dərəcə dəqiq və ciddi şəkildə
araşdırmışdır. Müəllif 1985-ci ildə Ermənistan
Respublikasında çap olunmuş "Ermənistan tarixi"
adlı kitaba əsaslanaraq Türkmənçay müqaviləsindən
sonrakı ilk dövrlərin müqayisəli
statistikasını təqdim etmişdir: "...bu zaman İrəvanda
1805 azərbaycanlı ailəsinə qarşı cəmi 567
erməni ailəsi olmuşdur".
Bundan sonra isə rusların özlərinin hazırladıqları hesabatdan istifadə edən alim Türkmənçay müqaviləsindən əvvəlki və ondan sonrakı dövrlərdə İrəvan və Naxçıvan xanlıqlarında əhalinin milli tərkibinə aid rəqəmlərin müqayisəli təhlilini təqdim etmişdir: "Kameralnoeopisanie" adlanan sənəddə göstərildiyi kimi, 1828-ci il müqaviləsinin ardınca 20 mindən artıq azərbaycanlı türk-müsəlman bu iki xanlığı (İrəvan və Naxçıvan) tərk etmək zorunda qaldı və İrana köçdülər. Nəticədə 1828-ci ildə müsəlman əhalinin sayı 93 min nəfər azaldı. Dörd il sonra, yəni 1832-ci ildə müsəlmanların sayı 82.373 nəfərə qədər azaldı. Lakin həmin 4 il müddətində, yəni 1828-1832-ci ilə qədərki dövrdə ermənilərin sayı 82.377 nəfər artdı. Daha doğrusu, erməni əhalinin sayı 25.151 nəfərdən 82.377 nəfərə qalxdı. Bir sözlə, erməni əhalinin sayı 3 dəfə artdı".
Bu, bir millətin didərgin salınması, digər millətin zorakı yolla hakim mövqeyə gətirilməsi demək idi. Daha sonra müəllif ermənilərin İrandan və Osmanlı Türkiyəsindən bu bölgəyə köçürülməsini təsvir edir.
S.Sərdariniya sonrakı dövrlərdə bu siyasətin daha intensiv xarakter aldığını, azərbaycanlıların fiziki və mənəvi təzyiqlərə məruz qalaraq İrəvandan sıxışdırılıb çıxarılmasını, ermənilərin isə hərtərəfli himayə edilərək say baxımından bu şəhərdə üstünlük qazanmasına şərait yaradıldığını tarixi sənəd və faktlarla ortaya qoymuşdur. Onu da qeyd edək ki, kitabda azərbaycanlıların başına gətirilən faciələrin real təsvirlərinə də rast gəlirik. Kitabın son hissələrində İrəvanda dağıdılmış məscidlərin, azərbaycanlılara məxsus müqəddəs yerlərin nadir təsvirləri və İrəvanın tanınmış ziyalılarının sonrakı taleləri də öz əksini tapmışdır.
Bir sözlə, Səməd Sərdariniyanın "İrəvan müsəlman sakinli vilayət olmuşdur" kitabı tarixi təhrif edənlərə, bu gün dünyada məzlum erməni obrazı yaratmaq istəyənlərə, "Böyük Ermənistan" xülyası ilə yaşayanlara və bu məqsədlə azərbaycanlıların vəhşi obrazını yaratmaq istəyənlərə tutarlı cavabdır. Tarixi sənədlərə, elmi mənbələrə əsaslanan kitabın tezliklə həm adi oxucuların, həm də mütəxəssislərin stolüstü kitabı olacağına inanırıq.
Gövhər
Baxşəliyeva
Millət vəkili,
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru
525-ci q?zet.- 2015.- 10 aprel.- S.5.