NECƏSƏN

 

Allahım, neyləyim ki, bu qanmazlar qansın.

Barı bir dəfə ağıllı söz deyəydilər;

Deyəydim: Necəsiniz, qanmayın, atamız yansın.

 

GÜNAH

 

Ağıllı: Gözələ baxmaq savabdı - dedi,

günaha batdı.

Bəziləri o saat çadraya əl atdı.

 

QAYDASI VAR

 

Çalmağın da, oynamağın da qaydası var.

Qaydasız yerdə

kar-kor olmağın da faydası var.

 

YAZIĞIM GƏLİR

 

Nələr görməyir gözüm,

Həm görüm, həm də dözüm...

Gözə hayıfım gəlir.

Bu nadan adamlara

Acı sözlər yazardım.

Sözə hayıfım gəlir.

 

SEVGİ

 

Sevgi ən şirin nemət,

Həm ən ağır işdi.

Leyli-Məcnuna qalsa,

Kökümüz kəsilmişdi.

 

DÜNYA

 

Dünya qəliz dünyadı,

Sən yaşa, döz, dünyadı.

Dünya haqlı olacaq,

Əyri ya düz dünyadı.

 

HƏKİM VƏ XƏSTƏ

 

Dedilər: ağır xəstədir.

Xəstə lap can üstədir.

Həkim işə girişdi.

Dedi: çox ağır işdir.

Vaxt əridi, gün keçdi,

Həkim lap əldən düşdü.

Xəstə durub baxır,

ağlamır, gülmür.

Həkim yazıq neyləsin?

Xəstə dirənib durub,

Xəstə ölmür ki... ölmür!

 

XƏNCƏR KƏSƏRDİ

 

Xəncər kəsmir qınını,

Kəsərdi, onu qoymur

Mərdliyin sərt qanunu.

21 mart 1962

 

BAHAR GƏLİR

 

Bahar gəlir,

Yarpaqlar dolmalıq olur,

Qızlar yeməli.

Evdə oturmusan, ay dəli!

19 mart 1968

 

QATİL KİMDİR

 

Gülün gözəlliyi öz qatilidi,

Bülbülü ömürlük qəfəsə salan

Gözəl nəğməsidir, şirin dilidir.

16 mart 1976

 

ACGÖZ ARVAD

 

Acgöz arvadın

Allahı pul olur,

əri qul olur.

Özü axırda dul olur.

22 mart 1981

 

QANUNDAN KƏNAR

 

Qanundan kənar

İki addım atırıq dünyada.

Biri dünyaya gələndə,

O biri , ...

27 fevral 1963

 

SƏN YAXŞI OL

 

Xoş söz de, gülər üz göstər bahara,

Qaya kövrələcək, daş ağlayacaq.

Qızılgül tikanla sülh bağlayacaq.

Bassan ayağını qara torpağa

Əlində barmaqlar yarpaqlayacaq.

9 mart 2015

 

ALİMƏ YAZMADIĞIM ŞEİR

 

(Xalq artisti Alim Qasımovu dinlərkən)

 

Heç bilmirəm kainatın harasında,

Bardaş qurub səyyarələr arasında

İnsan səsinin alimi oxuyur,

Mənə yox, dünyaya, aləmə oxuyur.

Əllərini uzadıb bizi yaradana

Səsi də, özüyana-yana oxuyur.

İnsan sevgisini, insan dərdini oxuyur.

Ruhu, əxlaqı, dili, dini oxuyur:

Rəbbim, qana batıb zamanın əli.

Zaman insan sümükləri üstündə

gedir irəli.

Bizdən yaxşı bilirsən özün ,

İnsan sevgisi tükənib yer üzündə.

Nifrət silah doğur,

Silahlar günah doğur.

Allahım bizi kainatda Yersiz qoyma,

Bizi sevgisiz, arzusuz, şeirsiz qoyma.

Elə ki insan ürəyi eşq ilə oxuyur.

O səhər bütün kainat bənövşə qoxuyur.

Allahım sevgini qaytar insanlara

Qovuşsun dost-dosta, yar-yara.

Alim oxuyurdu...

Səsinə qoşulub

Mən kainata getdim.

Alim oxuyurdu;

Mən öz eşitdiklərimi qeyd etdim.

 

22.III. 2015

 

 

 

Fikrət Qoca

525-ci qəzet.- 2015.- 11 aprel.- S.29.