Qaragilə
Qürur
mənbəyimiz, güvənc yerimiz Əlincəqala
haqqında bir il bundan qabaq sərəncam imzalanıb: -
Qazıntı-bərpa işlərinə başlanılsın
və Tarix Mədəniyyət Muzeyi yaradılsın!...
Axır ki, tariximizin bu daş yaddaşına üz tutub
səslənən, ondan qopan əks-sədanı hər kəsə
çatdırmaq istəyən tapıldı.
Yaşı
min illərlə ölçülən bu tarixi abidənin
qalaüstü tikililəri, istehkamları, müdafiə sədləri,
nə Sovet dönəmində, nə də yüz illər
ondan əvvəl, heç bir qayğı, diqqət görməmiş,
təbii aşınmalara, atmosfer təsirlərinə məruz
qalaraq yerlə-yeksan olmuş, üstünə əsrlərin
tozu çökmüşdü.
Əsasən
sosial şəbəkələrdən izləyə bildiyim
arxeoloji-bərpa işləri, atların belinə
aşırılmış xurcunlarla qalaya qaldırılan
daşlar, qazılıb aşkarlanan, bərpa edilib
ucaldılan istehkam divarları, tikililər, drenaj
qurğuları, dəyirman daşları, müxtəlif maddi
mədəniyyət nümunələri insanı valeh edir və
bu məqamda Əlincəni ziyarət etməkdən
ötrü, lap burnumun ucu göynəyir.
Məmməd Araz təbirincə desək, daş
ayaqlı, daş əlli bir insan olub, enib daşdan-daşa
düşmək, qayaların lal dilini başa düşmək
istəyi ilə alışıb-yanıram.
Böyük qürur hissi ilə, çiynimə bir
xurcun atıb, o tarixi daşları, çilik-çilik
olmuş “o nərləri, o ərləri, o qaya sərkərdələri”
bir yerə toplayanlara, bərpa edənlərə
yardımçı olmaq istəyirəm.
Deyirəm,
gecəni də çadırda qalar, fəhlələr
yatıb dincələndə mən yatmayıb, gündüz əlimlə,
gözümlə toxunduğum o tarixi, gecələr
oxşayar, əzizləyər, laylaya, bayatıya, sözə,
Məmməd Araz şeirinə tutub, Əlincənin ürəyindən
tikan çıxaran söz sovqatı göndərərəm
dəyərli Rəşad Məcidə!
Doğrusu, məni kiçik vətənimə elə həmişə
söz havası çəkib aparıb. Naxçıvanın tarixi
örnəkləri, daş yaddaşı, rəmzləri,
nişanələrı, yurd yerləri, təbiəti, sözə-yazıya
sığa bilən insan münasibətləri haqda “525-ci qəzet”də
bir neçə yazım gedib və hamısı da Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən
Prezident kitabxanasına daxil edilib.
Ötən
maydan getmək istədiyim Əlincə ziyarəti isə hələ
baş tutmayıb, ancaq bu il “mayovkanı”
mütləq Naxçıvanda keçirməyi planlaşdırıram.
Və bu anonsu verməklə də bəhanə
tapıb səfərdən yayınmaq yollarını
özüm öz əlimlə bağlayıram.
Hələlik
isə, “Yurd yeri” silsiləsindən olan, 18 il
əvvəl yazdığım bir yazını “525”in
oxucularına təqdim edir və özümü Əlincə
üstə kökləməyə başlayıram.
1997-ci
ilin mayında Əlincə qalasını ziyarət edərkən
dayıoğlum Əmralının, dahi Şəhriyarın
özünün oxuduğu, “Heydərbabaya salam”ı
maşının maqnitofonundan səsləndirməsi
bütün sinirlərimi tərpədib!
Qalanın fonunda Ustadın səsini, nəfəsini duymaq
İlahi bir ovqat yaradıb və bu yazının yaranmasına
səbəb olub.
Ulu Şəhriyarın “Heydərbabaya salam”ında
xatırlanan Xoşginab və Şəngilava kəndləri ilə
Qazançı arasında həmişə bir paralellik,
oxşarlıq axtarmışam. Böyük ustadın
uşaq vaxtı qonaq qaldığı kəndlərlə
bağlı xatirələri, “Heydərbabaya salam”dakı
lövhələr mənə nağıl qədər
şirin, doğma görünüb və o əsərdən
misraları bu yazıya leytmotiv seçmişəm.
Heydərbaba,
dünya yalan dünyadı,
Süleymandan,
Nuhdan qalan dünyadı,
Oğul
doğan, dərdə salan dünyadı,
Hər
kimsəyə hər nə verib, alıbdı,
Əflatundan bir quru ad qalıbdı.
Qazançı mənim Xoşginabım, Əlincə
qalası isə Heydərbaba dağım olub. Hələ
tarix çayı - dağ çayı Əlincənin
yaratdığı gözəlliyi, nağıl sehrini də
bura əlavə etsəm, mənzərə mənim xeyrimə
dəyişir. Vətən sevgisi mənə bu kəndin
dağından-qalasından, gədiyindən-yoxuşundan,
çayından-çeşməsindən,
mamırından-otundan, adamlarından keçib! Ümumiyyətlə,
uşaq hafizəsinə həkk olunan çox duyğunu -
baba-nənə mehri-məhəbbəti,
dayı-bacıoğlu telləri, təbiətlə canlı təmas,
ərköyünlük, şıltaqlıq, qəriblik,
ata-ana xiffəti və qəfil görüşməyin sevinci
- ilk dəfə burda yaşamışam...
O yurdun hər
cığırı, hər yolu məndən keçir və
mənə də qayıdır. Böyüyüb
ağlım kəsən vaxtlarda az-az gedib gəlmişəm
deyə, uşaq sadəlövhlüyü ilə duyub
qavradığım, gördüyüm, əxz etdiyim
işıqlı nə varsa, hamısı hafizəmdə
öz ilkin bakirəliyi - səmimiliyi ilə qalıb, qorunub.
Qazançı-Əlincə xatirələrini uşaqlıq
şəkillərini vərəqləyən kimi vərəqləyirəm...
Xatirə
dünyama - Əlincəyə ən geniş şüurlu
qayıdışı isə “Nəsimi” filmi ilə
tapmışam. Belə tapıntılar insan həyatında
çox olmur! O filmə ilk dəfə bütün qrupumuzla
baxırdıq. Əlincə qalasının,
Əlincə çayının ətəkləri, ümumi
panoramadan olan görüntülər qəfil alov kimi məni
qarsalamışdı. 347-ci qrup tələbələrinin
uzaq tarix kimi baxdığı filmin səhnələrində
mənim əlimin, ayağımın, gözümün,
yaddaşımın, çoxdan unutduğum və o anda
bütün gücü, sehri ilə qayıdan
uşaqlığımın kövrək xatirələri
canlanırdı. Yəqin sevgi də belə
olur, yaxud belə hərarətlə, həyəcanla gəlir.
Yəni bir vaxt tərpənib, ayılıb etiraf edirsən, təəccüblənirsən
ki, bahoo, sən demə, sevirəmmiş! Məndə konkret
qıza-qadına qarşı belə bir etiraf olmayıb, nə
istədiyimi həmişə qabaqcadan bilmişəm, ancaq
Qazançı ilə, uşaqlığımla bağlı
bu proses beləcə başlayırdı: “Nəsimi” filmi gedə-gedə,
elə zaldaca! Zehnimin bütün hüceyrələrində,
qanımda, genimdə partlayış kimi bir etiraf baş
verirdi! Elə “Drujba” kinoteatrındaca tanıtmaq istəyirdim
qrup yoldaşlarıma oraları! 70-ci illərdə
biz video görməmişdik axı və tarixi bir filmə
baxdıgımız yerdə mən çoxdan unutduğum
canlı Əlincə mənzərələrini görür,
sanki hansısa sirrə, sehrə, elə Teymurləngin, Nəsiminin
özünə toxunurdum. Ancaq təəssüf ki,
heç kim o yurd
yerlərini mənim gözümlə görə
bilmirdi...
O məqamda
“təsadüfən” yanımda oturan qızın - qrup
yoldaşımın da, özümün də gələcək
həyatında çox şey başqa cür ola
bilərdi. Təəccübümə, həyəcanıma,
xatirələrimə o anda şərik ola
bilənə mən ürəyimi lap asanlıqla verərdim! Əfsus ki, o vaxt o anlaşma olmadı, Əlincə
qalası, Əlincə çayı, heç kimi heyrətləndirmədi.
Qrup yoldaşlarım eləcə təəccübləndilər
ki, buna nə olub ey bu gün, imkan vermir kinoya baxaq!... Və
sonradan - birgə oxuduğumuz illər ərzində - o
qızın mənə yönələn mütəmadi eyhamları,
gizli-açıq etirafları, ah-ufları, “yuxuda görmələr”i,
nə bilim nələri, nələri mən də,
acığa düşüb, ya da namərdlik edib, guya ki,
“qanmadım”!
Uşaqlıqdan bir kənddə böyüyüb, bir məktəbdə
oxuduğumuz Mirqadir, Məmməd mənə “Vətən
xaini” damğasını bu yerlərə görə vurublar. Arqumentləri sadədir:
öz kəndini qoyub, Qazançıya - anasının kəndinə
Vətən deyir! Ancaq o da var ki, mən
Naxçıvana gedəndə - Məmməd Araz şeiriyyətli
məclisdən sonra - hər ikisi məndən xəbərsiz
maşınları Qazançıya sürüblər. Özləri Naxçıvanda yaşadıqları
üçün, məni qonaq hesab edib, mənəvi
qonaqlıq qayğısına da qalıblar. Birbaşa
Daş arasına gəlmişik, ilk rast gəldiyimiz adam dərədə quzu otaran Nuruş kişi
olub. Söz ustasıdı! Bizim “havalı” olduğumuzu hiss edən
Nuruş dayı Alqayıtdan, Bəhməndən
başlayıb, Məmməd Arazda bitirəndə, az qalırdı, Daş arası qovuşa!
Əlləri üzlərində qalıb uşaqların,
demişəm, bu kəndin hələ çobanı bu dəstgahın
sahibidi, indi hesabınızı aparın!
...Qazançının
leksikonunda olan ən adi sözlər, ləhcə,
danışıq mənə babalı-nənəli,
dayılı-daycanılı uşaqlığımı
xatırladır. Çayın o tayına,
Daş çeşmənin tuşundakı təpəyə
qalxanda, ömrü-günü çölçülüklə,
çobanlıqla keçmiş Zeynal babamın səsini
eşidirəm. Üzünü ildə bir-iki dəfə
qonaq gedəndə gördüyü anama tapşırardı
ki, o tayda, evin qarşısındakı yalda olacağam, sən
həyətdən məni çağır ki, ay dədə
heyyy! Mən də deyim:
- Hay can!
Hay can!...
İstəyin
ölçü vahidinə, sadədilliyinə, səmimiyyət
dərəcəsinə heyrətlənməmək olmur!....
Halal duz-çörəkli, ağzıdualı,
uşaqdan da sadəlövh, pak olan elə adamlara indi rast gəlmək
mümkün deyil.
Tez keçdi mən gördüyüm o karvan.
Keçib
gedib gedər-gəlməz yollara,
Tozu qonub
bu daşlara, kollara...
Babamla nənəm rəhmətə gedəndən sonra
da o evin, o ocağın ərköyünü olmuşam mən.
Məhəllədə qoca erməni ər-arvad
yaşayırdı və o iki nəfərə görə də
məhəlləyə “erməni məhləsi” deyirdilər. Onların
hasardan keçən almasını daşlayardıq, Aşqen
haray-həşir salardı. Püstə daycanım deyinərdi:
-
Aydın genə gəldi, dayna! Aşqenin dişini tökəcək!
Ay bala, həyətimizdəki də həmin almadandı dayna,
gedin yeyin, onu niyə qışqırdıb səsini
salırsız başıma.
Kimə
deyirsən...
Hər
yan gəldi, şıllaq atıb aşardıq,
Allah, nə
xoş, qəmsiz-qəmsiz yaşardıq!
Qazançıda
hər cümlədə işlədilən bu “dayna” deyimini
anam, təzə gəlin gəldiyi vaxtlarda, Qabıllıda da
işlədib və o vaxtdan bu “dayna” sözü anamın
ayaması kimi qalıb.
Şəngilava
yurdu, aşıq alması
Gah da
gedib orda qonaq qalması,
Daş
atması, alma, heyva salması
Qalıb
şirin yuxu kimi yadımda,
Əsər qoyub ruhumda, hər zadımda.
Dayımla o gün olmazdı ki, küşdü tutub
zorxana açmayaq, yəqin mənim yerə-göyə
sığışmamağım, qaynarlığım
dayımın xoşuna gəlirmiş. Xəlçə-palaz,
yastıq-döşəkcə qalmazdı,
qırışdırıb sürüşdürərdik belədən-belə,
torpaq döşəmədən toz qalxardı.
Daycanım məni dilə tutar, qucaqlayıb oturdardı ki, sən
ağıllısan, qanansan, Əsədə qoşulma, o,
uşaqdı... Dayım bu atmacanı cavabsız qoymayıb,
daycanımla da zarafat edər, çəkib
yıxardı... 25-30
yaşları varmış da onda yazıqların... Rəhmətə gedəndə birinin 41, o birinin 47
yaşı olub.
Dayıma “Gəl sən birəlli ol, mən ikiəlli”,
yaxud “Sən oturduğun yerdə, mən ayaq üstə
güləşək” - deyib əl çəkməzdim. Təsadüfən
qolum-qıçım çarpayının ayağına, ya
harasınasa zərblə dəyib məni göynədəndə
dayım da qeyri-iradi əlini ürəyinə qoyub
ufuldayardı. Və belə epizodlar ətrafdakıların
diqqətindən yayınmazdı: “Bunların işi sirdi - deyərdilər,
- bu istəkdə dayı-bacıoğlu görməmişik”.
“Kişi qırığı” sözünü də
Qazançıda mənə çox ümidlə, əminliklə,
inanaraqdan deyərdilər, ironiyasız, dalınca da
“Maşallah! Maşallah!” nidaları səslənərdi. Həmyaşıd
dayıoğlanlarım Məhərrəmə, Əşrəfə
baxıb: “Dağ uşağı palax, lırt olur” - deyərdilər.
Mən aran uşağı idim! “Palax, lırt”
sözlərini başa düşməsəm də,
dolayısıyla xeyrimə olduğunu bilirdim.
Dayım anamı söyməkdən ləzzət
alardı, qəribsədikcə bu söyüşlərin
tezliyi, mərtəbəsi də artardı. Deyərdilər, ay Əsəd,
deyəsən, bacından ötrü bərk darıxmısan,
vallah elə biz də darıxmışıq...
Əlüstü yeddi mərtəbəli söyüşdən
hərəyə bir pay çatdırar və bu heç kimin
acığına gəlməzdi, əksinə,
söyüşsüz danışanda deyərdilər, görəsən,
nolub Əsədə, kefi yoxdu?!
Surəyyənin
“Qaragilə”si
Yayda hamı ya səkidə, ya da damın üstündə
yatardı.
Axşamtərəfi, mal-qara örüşdən
dönüb, kəndə vəl-vələ düşəndə,
mən də, iş olacaq deyə, əkilərdim. Kənd
camaatı maldarlıqla məşğul olduğundan, hərənin
iki-üç baş malı vardı,
onların sağılması, yemlənməsi, rahatlanması
gündəlik işlərdən idi. O məhəllədə
mal-heyvan qayğısından azad olan bircə Mənsurə
xalagil idi: heç toyuq da saxlamırdılar. Ertədən
çıxardılar damın üstünə, səhərlər
qatlanıb yığılan, günün altında qalan
yorğan-döşəyi açardılar ki, sərinləsin.
Evləri qarşı tərəfdən adi
hündürlükdə idi, ordan özləri nərdivanla
çıxırdılar, arxası - dayımgilə tərəf
olan yeri isə uşaq boyu qədər idi. Mən də gedib oturardım yanlarında. Evin bizimlə yaşıd qızı - Surəyyə
döşəyin üstündə, əlini belinə vuraraq,
artist kimi əda ilə dayanar və “Qaragilə” oxuyardı.
Bu pozaları anası öyrədirdi, ancaq yaxından kişi, ya qadın keçəndə yalandan
üstünə çəmkirərdi ki, otur
aşağı, kəs səsini... O vaxtlar “Qaragilə”,
“Sürəyya” mahnıları dəbdə idi.
Gəlmişəm
otağına, oyadam səni,
Qaragilə, oyadam səni.
Nə
gözəl xəlq eyləmiş Yaradan səni,
Qaragilə, Yaradan səni.
Surəyyə şəhərdən gələn
qızlar kimi ağappaq idi, elə bil vəzifəsi də
ancaq gözəl olmaq, naz satmaqdı. Yeridiyi, durub dayandığı yeri
də gözəlləşdirər, bu gözəllikdən hələ
ətrafa da pay verərdi. Heç kim
inanmazdı ki, onu bu qapqara Mənsurə doğub; səsi də
çox bənzərsiz, qəribə
qığıltılı idi... Və əsas məsələ
də buydu ki, Surəyyə yayda damın üstündə,
göyün yeddi qatı görünən Naxçıvan
axşamlarının qara sərinində, məhz ağappaq səslə
“Qaragilə” oxuyardı!
Səsin
rəngi olmasa da, mən başqa ifadə seçə, tapa
bilmirəm; - “Qaragilə” ağ rəngli səslə
oxunub, vəssəlam!....
Hər şeyi rahatlayıb, çörəyə
oturanda Məhərrəm məni haylayardı, qaçıb gələrdim. Bütün günü ayaq
üstə qalan Püstə daycanım süfrə
başında, bir hovur ayağını altına
yığıb oturanda ufuldayardı:
- Bəxtəvər
Aydınnan Qara Mənsurənin başına, - deyərdi, - nə
sağıllar, nə əmizdirillər!
Böyüklərdən
birinə tay tutulmağım yaman xoşuma
gələrdi. Özüm-özümə
çox sirli-sehirli görünər, həmin gün
daycanımın buyruğuna həvəslə baxardım.
Ay
özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim.
O
çağlardan ötən 35-40 il ərzində
“Qaragilə” mahnısı məni hansı məqamda, hansı
şəraitdə, harda, necə, nə vaxt haqlayıbsa, eyni qəribə
duyğuları yaşamışam. “Qaragilə”də
uşaqlığımın, Qazançının, Surəyyənin
səsi, nəfəsi, əksi qalıb. Məhəmmədhüseyn
Şəhriyarın da vaxtilə Sürəyya adlı bir
qızla eşq macərası yaşadığını biləndən
sonra çox düşüncələrə dalmış, onun Sürəyyası
ilə “bizim” Surəyyə arasında paralellər
aparmışam. Güman etmişəm ki, onun da
Sürəyyası ağappaq və canayaxın olub. Şəhriyarın o qıza görə tibb təhsilini
axırıncı kursdan yarımçıq qoymasına bəraət
qazandırmışam, düşünmüşəm ki, mən
daha böyük fədakarlıq edərdim. Həmişə
bu fikirdə olmuşam ki, “Heydərbabaya salam”
üçün çəkilmiş mücərrəd
illüstrasiyaların yerində “bizim” Surəyyənin
gerçək rəsmini vermək daha təsirli
çıxardı.
Heydərbaba,
yolum sənnən kəc oldu,
Ömrüm
keçdi, gələmmədim, gec oldu,
Heç
bilmədim gözəllərin necoldu,
Bilməz
idim, döngələr var, dönüm var,
İtginlik var, ayrılıq var, ölüm var.
Uzaq Şərqdə
- Çində, Rusiyada işləyərkən, təfərrüatını
aça bilməyəcəyim, bir təsadüf qan
yaddaşımı təzələyir, az
qalıram, qışqıram ki, tapdım! Surəyyənin səsi
belə idi - təzə, təmiz, işlənməmiş,
qığıltılı və ağappaq...
“Heç dəxli var?!” Öz tapıntıma özüm təəccüb
qalıram! O anda, yatsam, yuxuma da gəlməyəcək, bir
yaddaş necə qayıdır?! Sözsüz, belə
sentimentallığa görə özüm də
özümü qınayır və həm də etiraf edirəm:
uşaqlıqla bağlı ən primitiv hisslər belə, mənə
çox əsrarəngiz görünür və bu
olayları, yazıya sözə gətirməkdən
özümü saxlaya bilmirəm.
Qızıl
gül əsdi, səbrimi kəsdi,
Sil
gözün yaşın, Qaragilə,
Ağlama, bəsdi.
Hamının
təsəvvüründə Cənubi Azərbaycandan
Şimali Azərbaycana Rübabə Muradovanın səsi, nəfəsi
ilə gələn “Qaragilə”, mənim xəyalımda, həmişəlik,
Surəyyənin səsi ilə Qazançıdan gəlmiş
kimi qalıb. O mahnıya hopmuş həsrət, nisgil, incə
kədər mənim xatirələrimdə həmişə
bir bəyazlıq, ağlıq, hansısa uşaq
şıltaqlıqları, uşaqlıq sirləri
yaşadır.
“Qaragilə”
mahnısı Qazançının və Surəyyənin,
özləri də bilmədən, mənə ərmağan
etdikləri ən şirin nəğmə payıdı... Gec
də olsa: - Payınız çox olsun! - deyirəm...
Kənd dəyirmanı
və Koroğlu izi
Bir də
o çağdan yaddaşımda möhkəm qalan - kənd dəyirmanı
və dəyirmançı Əsgər kişi
olub. Pırpız qaşlı, qulaqlarından,
burnundan da qılçıq-qılçıq
ağlı-qaralı tüklər çıxan bu dəyirmançı
əsl nağıl adamına oxşayırdı. Sonralar - məktəb vaxtı Koroğlu
dastanını oxuyarkən, özümü
yaşıdlarımdan bir boy böyük, müdrik
sanmışam. Çünki keçəl Həmzənin
Koroğlunun Düratını qaçırıb, sonra dəyirmanda
Qıratla dəyişməsi səhnəsinin məhz
Qazançıda, Əsgər kişinin dəyirmanında
baş verməsini “öz gözlərimlə
görmüşəm”. Elə həmin dəyirmançının
Əsgər kişinin özü olmasına da tam
inanmışam. Deməli, Koroğlunun
özünü, keçəl Həmzəni görməsəm
də, dəyirmançını görməyim bəs edib
ki, özümü Qabıllı uşaqlarından daha
dünyagörmüş sayım.
Keçəl
Həmzənin Qazançının içindən gələn
yol ilə Düratı sürüb, Əsgər kişinin dəyirmanının
qabağında bağlamağının, “Koroğlunun
atlarına qotur düşüb, dəyirmançı beyni
axtarırlar” - deyə Əsgər kişini aldadıb dəyirmanın
“donuzluğu”na salmağının və
Koroğluya da kələk gəlib Qıratı
qaçırmağının sanki gözlərimin
qabağında baş verdiyinə inanmışam. Düzdür, “donuzluğun” dəyirmanın
harasında olduğunu indi də bilmirəm, ancaq o vaxt bilirdim
ki, ora hardadırsa, girib-çıxandan sonra dəyirmançının
bütün tükləri ağarır - xamırlayır və
çox bədheybət, qorxunc görünür. Keçəl Həmzənin Qıratın
üstündə Dəyirman arxının
qırağındakı meydançada dayanıb Koroğlunun
sazla oxuduğu tapşırmaya qulaq asmağından tutmuş,
Daş körpüyə qədər Qıratı
çapmasına qədər, hər şeyin sanki birbaşa
şahidiydim. Bircə onu bilmirdim ki,
Keçəl Həmzə Daş körpünün
üstündən o taya adlayıb, ya elə Dəyirman səmtdən
Əlincə çayı boyu gedərək gözdən itib.
Onu da bilmişəm... Çox sonralar, aradan 40 ildən
artıq vaxt keçəndən sonra!
İki il bundan əvvəl Qazançıya toya gedərkən,
fürsət tapıb, Yaqub dayımın atı ilə,
uşaqlığımın izinə düşmək istəmişəm.
Artıq kənar divarları qopmuş Daş körpüdən
keçərkən, at sürüşüb və doğrudan
da ciddi təhlükə yaranıb, nə edəcəyimi bilmədiyimdən,
cilovu boşlayıb, gözləmişəm, irəli, yoxsa
geri getməyi atın öhdəsinə buraxmışam! Bu gərginlik, təhlükə hələ
sovuşmadığı anda beynimə gəlib ki, yoox,
Keçəl Həmzə körpüyə qalxmayıb,
düz gedibmiş.
... Bu,
artıq, qan yaddaşı idi!
Daş
arasının zehnimdə qalan sehrindən, xofundan da müxtəlif belə
nağıllar uydurmuşam.
Təbiət
muzeyi, Daş arası
Təəssürat
yaranması üçün yazıram bunu: Qazançı
qalasına, Daş arasına uzaqdan baxanda, adama elə gəlir,
dağa oxşar böyük bir tortun bir zolağını su
axını “yeyib, yəni yuyub, tən ortadan dərin
şırım açıb özünə. Bir
ovuc torpağı da görünməyən, gün
düşməyən bu nəhəng dağ kəsiyi təbiətin
böyük sirri, möcüzəsidir. Əlincə
çayı onun arasından keçir.
Hərdən məhəllə uşaqları ilə
yığılıb, nağıl qəhrəmanı Məlikməmməd
olar, Daş arasının üstündəki Bürcdən
içəri düşən kaha-quyuya girməyə cəhd
edərdik, sonra hərə bir yalan uydurardı.
Mən də
xəyalən Daş arasının hər iki tayını
“minib”, bir-birinin üstünə “sürər”, kəl kimi
fınxırdıb döyüşdürərdim.
Sən demə, Məmməd Araz da onları
döyüşdürübmüş, ancaq kəl kimi yox, tank
kimi.
Dağlar
axa -
Dağ
döyüşü başlaya;
Qayaların
tank döyüşü başlaya...
Evdə “bir keçi başı tutmağa” da qəlplik
etdiyim halda, Daş arasının üstündən dərəyə
bəlkə maşın-maşın daş ağnadıb, səsinə
qulaq asmışam. Bir daşa yol boyu neçəsi qoşulardı, dağ
diksinər, dərəyə hay-küy, təlaş
düşərdi, sınıq-salxaq qayaların saçyoldusu yatanacan
dinləyər, dincələr, sonra yenə “oxudardım”
daşları. Təbiətin o daş
simfoniyasını “yazdığım” anlarda Bethovenlər,
Baxlar yanımda “uşaq-muşaq” olublar. Hələ
öz əks-sədamla danışmağım... Dərələrə,
daşlara, bürclərə, əsrlərə, tarixlərə
dəyib qayıdan səslərimizi bəlkə o mətin
qayalar - təyyarələrin qara qutuları kimi - öz daş
sinələrinə yığıb, hələ də
saxlayırlar, kim bilir?....
Alınarmı,
alınmazmı - burasını bilməsəm də, xəyalımda,
Daş arasından nənni asıb yellənərdim... Bir dəfə
Moskvada, “Tarzan” deyilən atraksionda çox böyük
hündürlükdən - yalnız ayaqlarımdan iplə
bağlanıb - aşağı tullanarkən ilk təəssüratım,
qorxum, ağlıma gələn bu olub ki, vaayyy, Daş
arasından asdığım nənninin ipi qırıldı,
uçurumun dibinə gedirəm!!!
Ümumiyyətlə, mənim təfəkkürümdə
dağ məfhumu həmişə canlıdır. Uşaqlığımı
keçirdiyim Qazançının o dağı, daşı,
qalası sonralar Məmməd Araz poeziyası ilə
çulğalaşaraq məndə bu inamı yaradıb.
Dağlarla özüm arasında duyduğum
baba-nəvə mərhəmliyi heç vaxt məni tərk
etmir.
Mən
uca dağlara babam demişəm,
Ərköyün balayam dağlar yanında.
Zirvələr
qaşına yuvam demişəm,
Əyilməz qalayam dağlar yanında.
Daş arasının zəhmində
nağıllardakı əzazil divlərin, yarğanqarın əjdahaların
ədasını, çayı içib qurtarmaq
iddiasını görmüşəm. Əlincənin nəfəsini
kəsən Daş arasının sol
sıldırımında bir oyuq var: gecələrin bəxtinə
çıraq yandırıb, o taxçaya qoymaq, oraların
xofunu, qorxusunu azaldıb, nağıl sehrini artırmaq istəklərim
də olub.
Bu dərə
nə dərin, nə dar dərədir;
Bu dərə qəribə, məzar - dərədir.
Udur nərələri,
qıyları udur,
Gürşad - boğazında bir içim sudur.
Mənə
indi də möcüzəli görünən odur ki, eynən
Məmməd Araz kimi, o vaxtlar özüm də Əlincə
çayının Daş arasında boğula bilməsi təhlükəsini
hiss etmişəm, qışqırsam, “birdən nəfəsimi
sümürər dərə” qorxusunu yaşamışam.
Baxıram:
çay hərdən bükür boynunu,
Dərə boğmağamı sürüyür onu?!
Bu dərə nə dərin, nə dar dərədir.
Bu dərə qəribə, məzar - dərədir.
Əlincə çayı ancaq Daş arasından
keçəndə belə fağırlaşır. Sən gəl, bir az aşağıda, Daş çeşmənin
tuşunda bu çayın sel ədasına fikir ver.
Çeşmənin borusunu neçə dəfələrlə
o yuyub aparıb, Yamin müəllim bərpa edib. Yamin müəllimin
son qələbəsi, deyəsən, həmişəlikdir:
çeşmənin borusunu çaydan iki metr hündürə
qaldırıb.
Daş arasına, bu təbiət muzeyinə səksəninci
illərdə tonlarla partlayıcı yığıb, su
anbarı düzəltmək məqsədilə,
partladıblar.
Sonradan iş dayandırılıb! İndi orda
nə su anbarı var, nə də təbiətin bakirəliyi.
İlk dəfə daş məzarlığını görəndə
ürəyimdən keçdi ki, dağıdılan təkcə
Daş arası deyil, həm də Məmməd Arazın “Dərə”
şeiridir: misralar, sözlər, hərflər beləcə,
bu daşlar kimi çilik-çilik olub.
Bir də,
dağıdılan mənim bir az qorxulu,
bir az da kövrək uşaqlıq xatirələrimdir!
Onda
eraların hiddəti yatır,
Doğulub-öldüyü müddəti yatır.
Burdan
çıxmalıyam uca dağa mən,
Qorxuram
qorxumdan qışqırmağa mən!
Bu dərə
nə dərin, nə dar dərədir,
Bura muzey
- dərə, məzar - dərədir...
“Qorxuram qorxumdan qışqırmağa mən!” Misranın tutumuna baxın! Bütöv bir dünyanın sehrini, xofunu hopdurub
canına. Daş arası kimi! Heyf Daş arasından!....
O vaxtdan kəndin
çox bulaqları axarını, Daş arası isə
baxarını dəyişib... Ancaq bu nişanələrin
əlindən, ətəyindən tutub, illərin
yaddaşını qurdalamaq, o illərə qayıdıb xatirələrlə
üz-üzə qalmaq istəyi həmişə mənimlədi.
Daş
qoxusu
Yeniyetməlik çağlarımda uşaq
yaddaşıma hopmuş olub-keçənləri beləcə,
təfərrüatı ilə, yarpaq-yarpaq çevirdikcə,
məndə Vətən anlayışı formalaşıb. “O dağ
toxtaqlığı, çay işləkliyi, o qaya
şaxlığı, dərə təkliyi” xasiyyətimdə
öz izlərini qoyub.
İçimdən
qalın qırmızı xətlə Məmməd Araz
poeziyası, sözü, şəxsiyyəti keçib, məni
öz sehrinə, cazibəsinə salandan sonra isə,
kiçik vətənin hər daşında, dərəsində
Məmməd Araz şeiriyyətinin izlərini
axtarmışam. Təbiətin ürəyi
dolanda, gecələr çəkilib Şəbə dərəsində
ağlamasına, “qasırğa əlindən, tufan əlindən
qaçırıb dumanın” orada saxlamasına
inanmışam.
Bir də burnumda daş qoxusu qalıb. “Yağış
yuyan, gün qurudan” bu daşların hər birinin özünəməxsus
əbədiyyət qoxusu var. Qədim qəbiristanlıqda
qoyun-qoç heykəllərinin, sandıga oxşar qəbir
daşlarının üstünə uzanar, daşın
mamır qoturlarına boğazımız quruyanacan
tüpürüb, kiçik çay daşı ilə
sürtər, sürtər və ondan xına alıb
barmaqlarımıza yaxardıq. O daş qoxusu indi də
burnumdadı. Neçə dəfə o nağıl qoxusunu
duyub, yerimdəcə sehirlənmişəm, sonra mənbəyini
tapıb sakitləşmişəm: Anam saçına xına
isladanda bu qoxu gəlir.
Əlincədə göyərənə kimi çimib,
qızınmaq üçün sahildəki isti sal daşlara
uzananda isə, daşların bir başqa qoxusunu duyardıq.
Sonralar
Özbəkistanda başıma gələn və az qala faciə ilə nəticələnə
biləcək bir təsadüfdən sonra suyun da qoxusunu
bilmişəm. Kimya fənni suyun rəngsiz, dadsız, iysiz,
şəffaf maye oldugunu öyrətsə də və mən
özüm kimyaçı olsam da!
...Qəribçilik
hisslərini də əvvəl-əvvəl Qazançıda
keçirmişəm. Axşamlar darıxanda, elə bilmişəm,
qarşıda duran o yuxulu Ballı qaya üstümə gəlib
məni əzəcək, yol verməyəcək
çıxıb öz kəndimizə gedəm!
Qazançının çuxurundan,
basırığından, öz kəndimizin -
Qabıllının o səhra genişliyinə çıxam!
Kəndimizin - göz açandan torpaqla əlləşən,
ancaq su qıtlığından axırda yenə süfrəsi
tərəvəzsiz, meyvəsiz qalan - adamlarına baş
çəkəm! Atamı, anamı görəm!
Gördüyüm, bildiyim təzə nələrləsə
uşaqları təəccübləndirəm!
Qazançının gecələri çox qaranlıq,
xəfəli, xoflu olur. Çayın şırıltısı
da kəndin bu kar qaranlığının yaydığı
xofu azaltmır. Ay işığında isə
ağacların, daş-divarların əcaib kölgəsi,
artıq kəndin ortasında qalmış qədim qəbiristanlıq
uşaq olan kəsi qorxudur.
Darıxdığımdan, təbiətin də
tarazlığına, haqq-ədalət bölgüsünə
daxilən etiraz etmişəm. Bir tərəfdə Qabıllı -
hərənin istidən, susuzluqdan yanıb-qovrulan bir hektar həyəti
və bu barsız, bərəkətsiz torpağı təpcəyində,
belində səhərdən axşama heşanlayan Əyyub əmi
kimi adamlar; o biri tərəfdə isə Qazançı,
başlı-başına axıb gedən Əlincə
çayı, bapbalaca, dar-darısqal həyətlər və
çölün otunu da biçməyə ərinən
dağ adamları.
O tərəfdə
günün günortasında, dünyanın kölgəsizləşdiyi
vaxtda da bir hovur oturmayan, papağını belə
çıxarmayan, xirtdəyəcən düymələnmiş
köynəyinin bircə düyməsini belə boşaltmayan,
təpərinin, dözümünün, qeyrətinin kölgəsinə
söykənən Əyyub əmiyə ürəyim yanıb
həmişə.
Bu tərəfdə isə, Əlincə
çayının şırıltısı
qulağımı döyənək edib, dayımgilin, elə
Bayram əminin də, üç həyəti tutan o nəhəng
ağsaqqal cəvizinin yaratdığı xəfədən,
havasızlıqdan, xofdan təngə gəlmişəm. Gündüzün
bütün uşaq əyləncələri arxada qalıb,
axşamları yerimin içində özümü, tək-tənha,
qərib sanmışam, darıxmışam... Yuxularımda
öz kəndimizə - Qabıllıya getmişəm, ancaq
çatanda görmüşəm ki, əynimdə bir köynək
var, paltarsızam, kor-peşman geri qayıtmışam, yuxudan
ayılıb var səsimlə ağlamaq istəmişəm.
Ancaq qüruruma
sığışdırmayıb, ağlamağımı
içimdə boğmuşam, boğazım qovuşub,
ağrıyıb, burnumun ucu göynəyib. Sonra yerimin içində xəyala dalıb,
Qabıllını, necə var, eləcə Qazançıya
köçürmüşəm, Daş körpünün
altında, o tayda, çayın su tutan yerində, ayrıca sahədə
yerləşdirmişəm. Tərəfkeşlik
edib, Əyyub əmiyə çox torpaq vermişəm, bir də
öz evimizi dayımgilə yaxın səmtə çəkmişəm;
Sonra kənd uşaqlarını arxamca aparıb
Qazançının hər yerini tanıtmışam. Hətta onların yanında daha da ürəklənib,
Nəcəfi, sədrin oğlu İboşu döyüb
“şücaətimi” də göstərmişəm.
Xəlvətcə
Mirqadirə, qız istədiyimi də demişəm.
Yuxularım uğursuz olsa da, xəyalda beləcə
xoşbəxt olmuşam. Ancaq dayıoğlum Məhərrəmin gəlib
bizim kənddə üç gün qalanda zır-zır
ağladığı kimi ağlamamışam. Əksinə,
böyüklərin: “Heç yata bilməmişəm... Səhərə kimi dağı arana, aranı
dağa daşımışam” - tipli gileylərinin guya hikmətini
başa düşmüşəm. “Aranı dağa
daşımışam” - yəni, mən Qabıllını
Qazançıya köçürdüyüm kimi! Və bir
boy daha böyümüşəm... eeh! Bütöv bir
dünyadır, uşaqlıq təəssüratlarım!
Özüm daş çevirib nizamını pozmasam, bu durna qatarı sıralanıb uçacaq uça
bildikcə.
Heydərbaba,
ildırımlar şaxanda,
Sellər,
sular, şaqqıldayıb axanda,
Qızlar
ona səf bağlayıb baxanda,
Salam olsun
şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.
İndi uşaqlığımdan boylanan o xatirələri,
təəssüratları saxlayıb, bugünkü hisslərimi
bölüşmək istəyirəm.
Salam, Ulu
Sərkərdəm
Mən bu gün Nəsimi kimi dərisi soyulmuş
çılpaq Əlincə qalasına çatanda,
qarşısında ehtiramla baş əyirəm.
- Salam Ulu
Sərkərdəm! - “Ey daşlaşan, torpaqlaşan Ulu
Babam!” - necəsən, deyib, canlı adamla
danışırmış kimi, danışa bilirəm Onunla.
Əhliman
Ərəfsəlinin:
Fatehlərin,
əlin-qolun bağladıb,
Teymurləngin
sinəsini dağladıb,
Miranşahın
anasını ağladıb,
Vüqarımsan,
qeyrətimsən, Əlincə,
Şeirə
dönmüş heyrətimsən, Əlincə!
Məmməd
İsmayılın:
Babaların
düşmənə cavabıdır Əlincə!
Ordular əldən
düşüb, zirvəsinə gəlincə
Neçə-neçə
fatehin yerə verib xışını,
Səcdəsinə əyilib, Teymurləngin qoşunu.
- şeirlərini oxuyuram ona.
Məmməd Arazın isə, əksər şeirləri
elə birbaşa bu qalaya, bu daşlara, bu qayalara vurulan
naxışlardı. Onun şeirlərində nəinki insanın,
zamanın, hətta daşın da, torpağın da
ağrısını, acısını duymaq olur.
Əlincə
aşırımında dayanıb Daş arası ilə
danışıram:
- Salam, dərə
ağızlı nəhəng! - deyirəm.
- Salam, Qazançı Qalaboynu! Salam Şəbə dərəsi!
Qazançının möhtəşəmliyi
üçün təkcə Qazançı qalası da kifayət
edərdi. Əlincə çayının üstündə
görünən Daş körpü donqar dəvəni
xatırladır.
- Salam,
tarixlərin daş yaddaşı, Daş körpü! - deyirəm.
Bu tənha daş abidənin yalqız duruşu insanda qəribə
duyğular oyadır. Elə bil bir misra Füzuli şeiridir, şair qələmindən
düşüb qalıb çayın üstündə... Bəlkə
də Söz Babasının özü bilərəkdən
atıb bu misranı...
- Salam,
diş göynədən Daş çeşmə! Salam,
dağ çayı, tarix çayı - Əlincə!
Uşaq vaxtı balıq kimi suyundan
çıxmazdıq. Mənbəyini qar sularından, buz
bulaqlardan götürən bu çayın suyu ilin
çoxunda dupduru olur - göz yaşı kimi. Əlincə
çayının dağların göz yaşı
olduğunu, kim istəsə, sübut da edərəm.
Məmməd Arazın “Dağ ağlar - göz
yaşı çıxar dizinə” misrası məndə bu yəqinliyi
yaradıb. Həm də axı baharın
yaylandığı, bulaqların çaylandığı
Əlincə mənim içimdən axan çaydır.
- Salam,
Kom söyüdün indi boş qalmış yeri!
Bugünkü baxımsız halın o vaxtlar olsaydı,
heç xəyalımda Qabıllını sənin yan-yörənə,
sərinliyinə köçürməzdim.
Beləcə,
hər sal daşa, yatmış qayaya, yoxuşa, gədiyə,
yarğana salam verirəm.
Haşiyə:
Bu
yazını oxuyan Mirqadirin kinayəli etirazını, daş
dəymiş ayı kimi donquldanmasını indidən
eşidirəm:
- Ə,
qazançılılara satılanda nolar?! Balam, öz kəndinin
də bir Çölmək arxacına, Hürüxan gilliyinə,
Böyük bulağına (cəmi bircə bulağı var
Qabıllının, ona da “Böyük” deyirik), Bostan təpəsinə,
Bayquş dərəsinə, Qancıqöləninə salam
göndərsəydin, qələmin quruyacaqdı?! Sənin qələminə...
Əmioğlum
Məmmədin hədəsi də öz yerində:
- Ələyəz
pencərini bundan sonra gedib qazançılılardan istəyərsən...
Pilləkən kimi çaydan başlayıb dikə qalxan Qazançı “dağ kəndi” simasını bu gün də qoruyur. Dağ yamacında, çayın kənarında salınmış bu balaca kənd Məmməd Arazın “Kəndim, balacasan” şeirindən elə şirin-şirin boylanır ki - lap elə 1973- cü ildə “Nəsimi” filmindən boylandığı kimi:
Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq,
Çaylı, baldırqanlı dağ dərəsində.
Əlincə qalasının aşırımında durub Qazançıya baxıram: yadıma Əlincənin döşündə kolxozun arıq-axsaq, sürüyə qoşula bilməmiş mal-qarasını otaran dəli Qaraş gəlir. Ağlayan uşaqları: “Dəli Qaraş gəlir haa, kimin səsi çıxsa salıb xurcununa aparacaq” - deyib qorxudardılar. Qaraş da Qazançının qədim nişanələrindən biri idi. Belinə üç-dörd qayış, ip bağlayıb bıçaq asan, uzun, dördkünc, dimdikli “kepka” qoyan, incidəndə “Şura hökumətinə şikayətə gedən” Qaraş! Yeməyə çörəyi hər gün bir evdən gələrdi Qaraşın və bu adət elə bil o vaxtkı adamları birləşdirərdi... Qaraşdan sonra Qazançıda o cür birlik yoxdu.
Belə... Sonra adətən, dünyadan gedən tanıdıqlarımı yad edirəm. İçimdən, uşaq vaxtlarımda olduğu kimi, Əsəd dayımla zorxanaya çıxmaq həvəsi oyanır, istəyirəm, dayım sağ ola, yenə kövrələ, anamı, südümü söyə...
Bütün bu zəruri ehtiramdan, etiraflardan sonra kəndə girmək, seyrələn, uzaqlaşan qohum-qardaşla görüşmək və uşaqlığımın izini görə bildiyim hər daşa, ağaca toxunmaq istəyirəm. İndi tez-tez işlədilən ziyarət kəlməsi mənim Qazançıya hər səfərimdə, sözün əsl mənasında, bir ayin kimi icra olunur.
10.12.1997
Aydın QACAR
525-ci qəzet.- 2015.- 11 aprel.- S.26-27-28