Ləyaqətlər və qüsurlar
tarixin sınmayan güzgüsündə
“Özümə gəldikdə mən elmdə məskun
olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən
və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”.
Konfutsi
(Əvvəli
ötən şənbə sayımızda)
Müqəddəs Avqustinin (354-430-cu illər)
baxışları da həmçinin cinsi əlaqə arzularına
görə xristian kilsəsinin nəzər-nöqtəsini
formalaşdırmaqda mühüm əhəmiyyətə malik
idi. Erkən xristianlardan çoxu tselibata və ya cinsi fəallıqdan
tam uzaqlaşmağa riayət edirdi, bunu müqəddəsliyə
çatmaq yolu hesab edirdi. Avqustin
inanırdı ki, xristianlar yəqin ki, cinsi əlaqədən
imtina edəcəklər, həmçinin belə bir fikri də
nəzərə alırdı ki, xristianların çoxu buna
qadir deyildir. Ona görə də nikah yaxşı
alternativ hesab olunurdu, lakin belə anlamda ki, hətta nikahda da kişi ilə qadın arasında cinsi əlaqə
yalnız bir məqsədə – uşaq dünyaya gətirməyə
xidmət etməlidir. Tselibatın yüksək
idealını qoruyub saxlamaq isə din xadimlərinin üzərində
qalmalı idi.
Erkən kilsənin ataları qəbul edirdilər ki,
tselibat və cinsi yaxınlıqdan imtina ideal vəziyyət
olmaqla, nikahdan da yuxarıda durur. Nəticədə erkən
kilsə tədricən din xadimlərinin tselibatına
keçdi, baxmayaraq ki, erkən orta əsrlərdə bunu həyata
keçirməyə məcbur etməyin
qeyri-mümkünlüyü də özünü büruzə
verirdi.
Erkən dini atalar həm də bunu
vurğulayırdılar ki, tselibata riayət etmək
üçün heç də bütün adamların öz
intizamı çatmır. Beləliklə, nikah
icazə verilənə çevrildi. Müqəddəs
Pavel özünün korinflilərə ilk məktubunda qeyd
etdiyi kimi: “Bu kişi üçün yaxşıdır ki,
qadına toxunmasın. Buna baxmayaraq, zinakarlıqdan
uzaqlaşmaq üçün qoy hər bir kişi
öz arvadına malik olsun... Mən ancaq evlənməmişlərə
və dul qalanlara deyirəm ki, onlar üçün
yaxşıdır ki, hətta mənim kimi dözsünlər.
Lakin əgər onlar bunu bacarmırlarsa, qoy onlar
evlənsinlər; çünki (ehtirasda) yanmaqdansa, evlənmək
yaxşıdır”. Kilsə nikaha iki şərdən
nisbətən kiçiyi kimi baxırdı. Bu insanın zəifliyinə güzəşt olmaqla,
cütlük, cinsi əlaqə və uşaqların olması
ehtiyacını ödəyirdi. Ümumən
onunla razılaşırdı ki, nikah cinsi yaxınlıq
hüququna güzəştə getməkdir. Axı din də
bütün insanları təbiətin qanununa tabe olmaqdan
uzaqlaşdıra bilməzdi. Təkcə növün
artması üçün canlıların əksəriyyətinə
xas olan cinsi əlaqə vacib şərt olduğundan, belə
ağılsız qadağa bəşəriyyətin
inkişafına, çoxalmasına mane olmaqla, onun fiziki cəhətdən
sıradan çıxmasına səbəb ola
bilərdi. Beləliklə, cinsi əlaqəyə
nikah yolu ilə icazə verilirdi, lakin o müddətə ki, bu
uşaq törətmək, əmələ gətirmək
üçün istifadə edilsin, uşaq yaransın, deməli,
həzzə xidmət etməsin.
Kilsənin səylərinə baxmayaraq, bəzi din xadimləri,
hətta Roma Papaları da zinakarlıq subyektlərinə
çevrilirdilər. 1492-ci ildə Papa seçilmiş VI
Aleksandrın (dünyəvi adı Rodriqo Borcia idi,
1431-1503-cü illər) dörd uşağı var idi,
qızı Lukretsiya ilə intsest yaxınlıqda olduğu
güman edilir. Oğlu Çezare Borcia isə
atasından geri qalmayıb, əxlaq pozğunluğunda və
törətdiyi qətllərdə ad
çıxarmışdı.
Son dövrlərdə isə istər katolik, istərsə
də protestant ya pravoslav kilsəsini biabır edən cəhət
– kilsə xadimlərinin pedofiliya cinayətlərində
iştirak etməsi, azyaşlı qızları və
oğlanları əxlaq pozğunluğuna cəlb etməsidir. İnternet də
pedofiliyanın, pornoqrafiyanın təbliğatında və
yayılmasında olduqca mənfi rol oynayır. Sosial şəbəkə beləliklə sosial bəlanın
mənbəyi rolunda çıxış etmək kimi biabırçı
bir vəzifəni öz üzərinə götürür.
Elə səhv bir fikir yaranmasın ki, qüsurlar
yalnız uzaq keçmişə məxsus idi, sonrakı
dövrlər onlarla vidalaşmağı
bacarmışdır. Əsla belə deyildir, hətta bəzi
xalqlar öz fərdi qüsurlarına malikdir. Jan Jak Russo XVIII əsrdə ona məlum olan iki xalq
haqqında yazırdı ki, ingilislərdə məğrurluq
xurafatı, fransızlarda isə şöhrət
düşkünlüyü xurafatı vardır. Orta əsrlərdə Rusiyaya səfər edənlər
bu xalqdan olanların bədəninin və sifətinin gözəlliyini
heyranlıqla qeyd edirdilər. Bu ölkəyə
921-ci ildə səyahət edən müsəlman ərəb
Volqa çayının sahilində yaşayan ruslar barədə
yazırdı ki, “Mən heç vaxt fiziki cəhətdən
belə kamil olan xalq görməmişəm.” Fransız
markiz Astolf de Kyustin özünün ifşa xarakterli “Rusiya
1839-cu ildə”, rusca tərcümədə “Nikolayevskaya
Rossiya” adlanan kitabında həmin cəmiyyətin bütün
xüsusiyyətlərini kəskin surətdə pisləsə
də, rus qadınlarının çox gözəl
olduğunu qeyd edir. Rus yazıçıları A. S. Qriboyedov,
N. V. Qoqol, F. M. Dostoyevski və A. P. Çexov isə doğma
ölkələrində cəmyyətə və xalqa xas olan
qüsurları amansızcasına
qamçılayırdılar. M.Y. Saltıkov-Şedrin
yazırdı ki, “Əgər mən mürgüləsəm və
100 il sonra yuxudan ayılsam və məndən
soruşsalar ki, Rusiyada nə baş verir, mən cavab verəcəyəm:
içirlər və oğurlayırlar”. Təəssüf
ki, onun gələcək üçün öncəgörməsi
düzgün çıxdı. Yazıçının
ölümündən bir əsr sonra dağılan
SSRİ-nin xarabalıqları üzərində Rusiyada rəhbərliyə
gələn, daha çox sərxoşluğu ilə məşhurlaşan
Boris Yeltsin ölkəni oğurluqdan da betər, əsl qarət
və soyğunçuluq məkanına çevirdi. Onun vurduğu ağır yaradan Rusiyanın
sağalması çətin olmaqla uzun çəkdi. Xəstəliyin bəzi təzahürləri hələ
də özünü biruzə verir. Bu
ölkədə alkoqolizmə qarşı aparılan
mübarizə isə elə bir ciddi nəticə vermir.
Prezident Vladimir Putin Rusiyanı Yeltsin cəhənnəmindən
çıxara bildi, ölkə tənəzzül
sferasını tərk etməyə və iqtsadi qüdrətə
yiyələnməyə başladı. Lakin ölkə
rəhbərliyinin qonşuları barədəki izahı
çətin olan hərəkətləri Rusiyanı
ağrılı iqtisadi sanksiyalara məruz qoydu. Dünya bazarında neftin qiymətinin iki dəfədən
də çox aşağı düşməsi Rusiyanı
maliyyə böhranı ilə üzləşdirdi, iqtisadi vəziyyət
də xeyli ağırlaşdı.
Meritokratiya
və həqiqi demokratiya qüsurlara müəyyən sədd
çəkə bilər
Eybəcərliklərin, qüsurların çoxu həm
də dövlət quruluşunun tipindən irəli gəlirdi. Onlara şərait
yaradan cəmiyyət bu qüsurlardan bumeranq zərbəsi
alır, zəifləyir, dövlətin əvvəlki
forması öz yerini daha mükəmməl olanlara verir.
Belə dövlətlər xeyli dərəcədə stabil ola bilərlər, çünki yüksək
zümrələr bir-birlərinə güzəştə
getməklə, möhkəm dairə yaradırlar. Adamlar fərdi fayda axtarışında ümumi
qaydanı, sabitliyi pozmamaq yolunu tuturlar. Bütün
bunlar rituallarla, dinin təsiri və ideyalarla möhkəmlənir,
onlar elitanın idarə etməsinin konkret formasına
legitimlilik verir. Belə elit qruplar cəmiyyətdəki
digər qruplardan daha yaxşı təşkil olunmuşdur.
Xüsusən də qədim ölkələrin
əsas əhali kütləsini təşkil edən aqrar cəmiyyətlərdəki
dağınıq və kasıb kəndlilər etiraz etmək
gücünə malik olmurdular. Yeni tarix
dövründə də kəndli qiyamları məğlubiyyətlə
nəticələnirdi. Rusiya tarixindən
göründüyü kimi Stepan Razinin 1670-1671-ci illərdəki
və ya Yemelyan Puqaçovun 1773-1775-ci illərdəki Kəndli
müharibələri adlanan üsyanları çar hökuməti
tərəfindən asanlıqla yatırdılmış,
onların rəhbərləri edam
edilmişdilər. Axı onların silah əldə
etmək üçün böyük imkanları yox idi, həm
də zorakılığı tətbiq etmək sferasında
yaxşı hazırlığa malik deyildilər.
Müasir dövlətlərdən əvvəlki və elit
qrupların başçılıq etdiyi bu quruluşların
oxşar tipləri əsrlər boyu yaşamaqda davam
etmişdi. Onlar zamanın nəbzini tutmağı da
bacarırdılar. Ona görə də
ordunun yaradılmasında öz ümumi prinsiplərindən
vaz keçib, bu işdə meritokratik (layiq olanların idarəçiliyi
qaydasında) seçmək üsulundan istifadəyə meyl
etdilər. Məhz çinlilər hələ
bizim eradan əvvəl III əsrdə meritokratiyanı icad
etmiş və vəzifələri tutmaq üçün
dövlət imtahanları qaydasını tətbiq etməyə
başlamışdılar.
Səmərəli idarəetmə prinsipi meritokratiya olan
kimi, demokratiyanın prinsipi isə idarəetmədə
xalqın iştirakıdır. Elə etmək olar ki,
bu iki prinsip bir yerdə işləsin, lakin onların
arasındakı gizli gərginlik qalacaqdır. Ancaq bu prinsiplərin arasında antaqonizm yoxdur və
onlardan ağıllı qaydada vəhdət şəklində
istifadə edilsə, onlar yaxşı şəkildə
uzlaşa, çuğlaşa, bir-birinə nüfuz edə bilərlər.
Ona görə də dövlət idarəçiliyində
meritokratiya elementlərinin tədricən ayaq açmasına
yalnız müsbət yanaşmaq lazımdır.
Əgər dövlətə loyallıq ailəyə,
dinə, tayfaya loyallıqdan üstün tutulursa, bu,
etimadın sosial kapitalının daha geniş radiusunu tələb
edir.
Dövlət institutları çox vaxt tarixi irslərlə
müəyyən olunur və ya xarici qüvvələr tərəfindən
formalaşır. Ona görə də müasir dövlətlərdə
keçmiş quruluşların relikt qalıqlarını,
atavizm elementlərini tapmaq çətin deyildir, özü də
bunlar həm müsbət, həm də mənfi xarakter
daşıya bilər. Axı
keçmişi bütünlüklə rədd etmək
mümkün deyildir, onun kabusu addımbaşı
özünü xatırlatmamış qalmır. Əgər keçmiş böyük mədəniyyət,
ədəbiyyat və incəsənət
yaratmışdırsa, ona necə qapıları bağlamaq,
belə nəhəng irsə göz yummaq olar?!
İrqçilik,
haqsız nifrət insanlığa qarşı cinayətdir
İrqçiliyin əsası bəşər irqlərinin
fiziki və psixiki qeyri-bərabərliyi, cəmiyyətin
tarixinə və mədəniyyətinə irqi fərqlərin
təsir göstərməsi barədə olan qeyri-elmi
konsepsiyaların məcmuudur. İrqçilik adamların
binövrədən ali və
aşağı irqlərə bölündüyünü
iddia edir, guya ki, əvvəlincilər sivilizasiyanın yeganə
yaradıcıları olmaqla ağalıq etməlidir,
axırıncılar isə yüksək mədəniyyəti
nəinki yaratmağa, hətta onu mənimsəməyə
qadir deyillər və istismara məruz qalmalıdırlar. XIX əsrin ortalarında fransız J.A.Qobino ariləri
“yüksək irq” adlandırmışdı. Sonralar irqçilik sosial darvinizmlə
çuğlaşdı.
Natsizmin rəsmi ideologiyasına çevrilən
irqçilik dünyanı fəlakətə sürüklədi,
tarixə Holokost kimi dəhşətli cinayəti bəxş
etdi. XX əsrdə bir sıra ölkələrdə bu
ideologiya irqi ayrı-seçkiliyə, seqreqasiyaya və aparteidə
haqq qazandırmaq üçün istifadə edilirdi. Amerika
Birləşmiş Ştatlarında quldarlığın bir əsr
yarım əvvəl ləğv edilməsinə baxmayaraq, qara
-dərili vətəndaşlar hələ də bəzən
ikinci sort adam kimi qəbul edilməklə,
onlara qarşı heç bir əsas olmadan, apriori cinayətkar
hesab olunduqlarına görə, yalnız nifrətdən
qidalanan sərt tədbirlər görülür. Polis günahsız adamları dərisinin rənginin
fərqinə görə atəşlə qətlə yetirməkdən
də çəkinmir.
İrqçiliyin baş alıb getməsi üçün ayrı-ayrı xalqlara qarşı cürbəcür saxta ittihamlar irəli sürülür, onların ali irqdən xeyli aşağıda durması, hətta insan olmaması barədə gülünc fərziyyələr uydurulur. Natsist Almaniyasında hələ yəhudi qırğınlarına start verilməmişdən əvvəl, onlar insan olmayan (Untermenchen) adlanırdı və ziyanvericilərə, xəstəliklər yayan həşəratlara oxşadılırdı. Hitler bu ideoloji silahdan istənilən xalqa qarşı istifadə edirdi. Polşaya hücum edəndə polyakları heyvan adlandırmışdı, bütün slavyanları insan hesab etmirdi. Belə münasibət dehumanizasiya xarakteri daşımaqla, insanlığa, bəşəriyyətin digər üzvlərinə nifrət aşılamaq məqsədini güdürdü. Bütün zamanlarda və hər yerdə belə baxışlar zorakılığın və zülmün səbəbinə çevrilirdi. Adamlar bir-birlərini kütləvi qaydada dehumanizasiya edir, yad xalqı təhqiramiz adlarla adlandırmaq qaydasına keçirdilər. Bəzi siyasi xadimlər də bu mərəzdən kənarda qala bilmir. İsrailin baş naziri Benyamin Netanyahu 2014-cü ildə oğurlanmış üç yəhudi yeniyetməsinin qatillərini yırtıcı heyvanlar adlandırmışdı, əlbəttə ki, bu vaxt o, ərəbləri nəzərdə tuturdu. Lakin fələstinli oğlanı qisas naminə yandıran yəhudi ekstremistlər barədə isə belə təşbih işlətməmişdi. Axı vaxtilə Hitler onun bütöv millətinə oxşar təhqiramiz ad verirdi, indi dövr dəyişmişdir və nifrət edilən xalqı hər cür alçaldıcı adla adlandırmaq məqbul hesab edilə bilər. Təəssüf ki, nifrət qızışanda, dili də öz tabeliyinə sala bilir.
XIX əsrin əvvəllərində dövriyyəyə daxil olan “dehumanizasiya” termini digər adamları insan olmayan məxluqlar kimi qəbul edilməsini bildirirdi. Bunu əsas götürməklə vəhşicəsinə davrananlar öz qurbanlarını adətən insan hesab etmirlər. Natsistlər yəhudiləri nəinki ziyanverici (vermin) adlandırırdılar, bütövlükdə onlara insan qiyafəsində olan ziyanverici heyvanlar kimi baxırdılar. Afrikada məskunlaşan ilkin avropalılar qula çevirdikləri qaradərili afrikalılar barədə deyirdilər ki, düzdür, zəncilər öz bədən quruluşlarına görə bir qədər insana bənzəsələr də, onlar heç də adam deyillər. “Onlar adam deyillər, onlar könüldən məhrumdurlar; onları heyvan hesab etmək lazımdır və onlara müvafiq qaydada münasibət bəslənilməlidir”. Bu, Afrikanın Avropa mənşəli sakinlərinin düşüncələri idi.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2015.- 11 aprel.- S.25