“Mirzə Şəfi Vazeh və Fridrix Bodenştedt: böyük dostluq və böyük ayrılıq”  

 

 

 

Xəzər Universitetində vaxtaşırı təşkil edilən “Elm və sənət məclisi”nin 64-cü toplantısına özümü qaranəfəs çatdırdım. Toplantının keçirildiyi otağa daxil olar-olmaz, məni öncə bas- bariton səsi ilə Şalyapin “qarşıladı”. Sözləri Mirzə  Şəfi Vazehə aid, ecazkar şəkildə ifa etdiyi məşhur “Klubitsya volnoyu” ilə...

 

Universitetin təsisçisi professor Hamlet İsaxanlı “Mirzə Şəfi Vazeh və Fridrix Bodenştedt: böyük dostluq və böyük ayrılıq” mövzusunda məruzəsinə də, demək olar ki, elə Şalyapin qədər şövqlə başladı.

 

Rektorun bildirdiyi kimi, Mirzə Şəfi və Bodenştedt mövzusu sanki bir qədər çeynənmiş olsa da, həzm olunmamış və ziddiyyətli məqamları özündə saxlamaqdadır: “Azərbaycanda bu mövzu ilə bağlı çox əmək sərf edilib, amma bununla bərabər həm ölkəmizdə, həm də Almaniyada qəribə fikirlər də əmələ gəlib.

 

Düşünürəm ki, bugünkü müzakirəmizlə bəlkə Mirzə Şəfi və Bodenştedt ətrafında olan problemi daha yaxşı başa düşməyə çalışacağıq. Mirzə Şəfi Vazehin anadan olduğu tarixi 1794-cü ilə aid edirlər. Amma əslində elə deyil, müzakirəmiz boyunca görəcəyik ki, bu ya 1795-ci ildi, ya da ondan sonra. Fridrix Bodenştedt adlı gənc bir alman 1844-cü ildə gəlib Tiflisdə Mirzə Şəfi ilə görüşüb. Və bu görüşün nəticəsində, geriyə - Almaniyaya qayıdanda “Mirzə Şəfi nəğmələri” adlı bir şeirlər kitabı çap etdirib. Bu, qeyri-adi dərəcədə məşhur bir kitab olub. Almaniyada və Avropada  XIX əsrin ikinci, XX əsrin birinci yarısında bu, ən çox nəşr olunan kitab sayılıb. 1874-cü ildə çıxardığı kitabda isə Bodenştedt yazıb ki, o şeirlərin müəllifi Mirzə Şəfi deyil, mənəm. Biz bu gün bu problemə işıq salmağa çalışacağıq.

 

Dediyim kimi, bu mövzuda çox zəhmət çəkilib. Amma bununla belə qaranlıqlar məlum olanlardan sanki daha çoxdur”. H.İsaxanlı müzakirə boyu sübuta ehtiyacı olan bir neçə müddəanı vurğulayıb: “1-ci müddəa: Bodenştedt 1844-cü ildə Mirzə Şəfi ilə tanış olub və o kitabı çap etməsəydi, Mirzə Şəfi tanınmayacaqdı - nə Azərbaycanda, nə dünyada. Yəni, Mirzə Şəfinin şöhrətinə görə biz Bodenştedtə  borcluyuq.

 

2-ci müddəa: Mirzə Şəfi şeirlərinin əksəriyyətini farsca yazıb. Azərbaycanca cəmi bir neçə şeiri var.

 

3-cü: Mirzə Şəfi istedadlı olsa da, məhsuldar şair olmayıb.

 

4-cü: Məşhur “Mirzə Şəfi nəğmələri” böyük ehtimalla nə Mirzə Şəfinindi, nə də Bodenştedtin. Burada hər ikisi var. Mümkündü ki, Mirzə Şəfi daha çoxdu. Eləcə də orada başqa Şərq şairləri var.

 

5-ci: Bodenştedt  Mirzə Şəfi nəğmələri”nin müəllifi mənəm” deməyə müəyyən dərəcədə məcbur olub.

 

6-cı: Mirzə Şəfi - Bodenştedt problemi istiqamətində Azərbaycan ədəbiyyat tarixçiləri çox zəhmət çəkiblər və bir çox hallarda birtərəfli,  bəzi hallarda isə çox birtərəfli mövqe nümayiş etdiriblər. 7-ci: Alman, ingilis və digər dillərdə yazan tədqiqatçılar əksər hallarda o şeirlərin müəllfi olaraq Bodenştedti göstəriblər, lakin alman araşdırmaçılarını birgə və düşünülmüş “cinayətdə” günahlandırmaq doğru deyil.

 

8-ci: Mirzə Şəfi probleminin yaranmasında erməni izi axtarmaq, erməni barmağı olduğunu iddia etmək əsassızdır”.

 

Adətən, Mirzə Şəfi mövzusunda söhbət düşəndə hamı onun bioqrafiyasını danışmağa başlayır, H.İsaxanlı isə məsələyə başqa tərəfdən yanaşma sərgiləyib, o, Mirzə Şəfinin parlaq obrazını yaradan Bodenştedtin avtobioqrafiyasına ilkin mənbə kimi yanaşmağın vacibliyini bildirib.

 

“Mən Qafqazın ən müdrik adamıyam...”

 

Mövzuya dair çox maraqlı məqamlara aydınlıq gətirən H.İsaxanlı söyləyib ki, Bodenştedtlə Mirzə Şəfinin görüşündə Vazeh özünü Qafqazın ən müdrik adamı kimi təqdim edib və birinciyə deyib ki, sən məndən dərs alsan, ikinci müdrik adam sən olacaqsan: “Düzdür, məndən başqa da bir müdrik adam var- Omar Əfəndi. Türkdü, Axıska tərəfdə yaşayır, onunla da səni tanış edəcəm, əgər məndən dərs ala bilməsən, onda Omar Əfəndinin yanına gedərsən”. Bodenştedt Azərbaycan dilini (bundan sonra tatar dili) öyrənməyə başlayıbmış, ancaq sonralar onun yazdıqlarından da belə çıxır ki, fars dilini öyrənmədən bu, mümkün deyil, ona görə hər iki dili bərabər öyrənir.

 

H. İsaxanlı diqqətə çatdırıb ki, Bodenştedtin yazdıqlarında Abbasqulu ağa Bakıxanov haqqında da maraqlı nüans var və məhz bu nüans Mirzə Şəfinin gerçək doğum tarixinə aydınlıq gətirir: “Bodenştedt yazır ki, məclislərin birində Abbasqulu Xan gəlir: “Əsil-nəcabətli, Bakı xanlarının nəslindən, Rusiya tərəfdarı olan, dağıstan tarixini yazan bir insan idi. Mirzə Şəfi ilə bir xeyli  Sədi, Hafiz, Füzuli və Quran barədə söhbət etdilər. Sürətlə danışdıqlarından, söhbəti tam başa düşməsəm də, mövzunu anlayırdım. Sonra mən Abbasqulu xandan xahiş elədim ki, şeir desin. O bir az düşünüb mənə “Fatma tar çalır” şeirini söylədi. (O şeirin orijinalı bu gün əlimizdə yoxdur. - H. İ) Mirzə Şəfi şeiri çox bəyəndi və dedi ki, bu şeir Abbasqulu xana böyük şöhrət gətirəcək. Sonra Abbasqulu xan getdi. Mirzə Şəfi şərabı sevərdi, həmişə məclislərdə bir az şərab içər, sonra uzun qəlyanından bir qullab alar, bir az fikrə gedib şeir söylərdi. Ancaq Abbasqulu xanın yanında Mirzə Şəfi şərab içmədi. Səbəbini soruşanda dedi ki, sən nə danışırsan, Abbasqulu ağa böyük, şöhrətli adamdı və yaşca məndən böyükdü, mən onun yanında elə iş görə bilmərəm”. Abbasqulu ağa 1794-cü il iyulun 21-də anadan olub. Məhz bu məqama görə biz deyirik ki, Mirzə Şəfi 1794-cü ildə anadan ola bilməzdi. Ya 1795-ci ildi, ya da 1796-cı il”.

 

H.İsaxanlı çıxışında vurğulayıb ki, Bodenştedt ən müxtəlif mövzular barəsində cəsarətlə fikir söyləməkdən çəkinmir. Onun xalqlar barəsində özünəməxsus düşüncələri var: “İki yəhudi bir rusa bərabərdi. Yəni, bir rus iki yəhudi qədər hiyləgərdi. Bir pers (fars) iki rusa bərabərdi. Bir erməni iki persə bərabərdi. Bir yunan iki erməniyə bərabərdi...”

 

Bodenştedtin İrəvana səfəri zamanı qələmə aldığı təəssüratları da maraq doğurur: “Səfər zamanı rast gəldiyim bütün ermənilər tatarca öz doğma dilləri kimi danışırlar və mahnıları da tatarca idi (yəni, Azərbaycan türkcəsində -H.İ). Yolboyu görürdüm ki, qadınlar necə işləyirlər, necə əziyyət çəkirlər. Qadınların əlləri nə qədər çirkli idi. Özüm-özümə şükür elədim ki, nə yaxşı bu ölkədə qadınların əllərini öpmək adəti yoxdu...Gürcü qadınları isə Avropada deyildiyi kimi gözəl deyillər, ancaq cəlbedici, cazibədardırlar. Burada Almaniyadakı kimi sentimental sevgi yoxdur. Burada insanlar sevgiyə görə özlərini öldürmürlər”.   Bodenştedt bütün bunları Mirzə Şəfiyə danışanda fantastik dərəcədə gözəl cavab eşidir: “O qadınların ki, əlləri çirklidir, onların kişilərinə ayıb olsun! Kişi qadını elə saxlamalıdır ki, onun əlindən öpmək istəsinlər. Qadının əlindən öpsələr, əlini, ayağından öpsələr, ayağını təmiz saxlayacaq...” İndiyədək söhbətləri zamanı Bodenştedtə, Züleyxa və Hafizə adlı, sevdiyi qadınlar haqqında danışan Mirzə Şəfi qadınlığa böyük bir himn oxuyur:

 

Allahın yerdəki mahiyyəti qadınlardır...

 

H.İsaxanlı məruzəsində vurğulayıb ki, Omar Əfəndi görüşlərin birində Bodenştedtə bir əlyazma bağışlayır və deyir ki, bunlar mənim atamın və babamın yazdığı şeirlərdir. Beləliklə, Bodenştedt Mirzə Şəfidən, Xaçatur Abovyandan və Omar Əfəndidən əlyazma şəklində xeyli material götürür.

 

Bodenştedt Almaniyada əvvəlcə Hafizin, Sədinin, Mirzə Şəfinin və başqa şairlərin birgə şeirlərini nəşriyyatda yığdırarkən naşir deyir ki, Mirzə Şəfinin şeirləri daha maraqla qarşılanır. Ona görə də Bodenştedt Mirzə Şəfinin şeirlərini seçib ayrıca kitab halında çap etdirir. 1851-ci ildə tərtib olunan “Mirzə Şəfi nəğmələri” bir çox xarici dilə tərcümə olunur.

 

H. İsaxanlının dediyinə görə, alman şərqşünası Berje Mirzə Şəfi haqqında araşdırmalarının sonucu kimi bu qənaətə gəlib ki, o, gözəl insan olub, ancaq şair kimi böyük irsi yoxdur. Berje bildirir ki, mən bu şeirlərə görə Bodenştedti təbrik edirəm, düşünürəm ki, “Mirzə Şəfi” gələcək nəsillərə alman şairinin ləqəbi kimi çatacaq. Berjenin bu qənaətini deməsindən 4 il sonra - 1874-cü ildə Bodenştedt Abbasqulu ağa Bakıxanovun divanı ilə bağlı yazdığı kitabın girişində qeyd edir: “İndi mən Mirzə Şəfidən daha görkəmli bir şairi tərcümə edirəm”. Kitaba yazdığı 35 səhifəlik çox böyük bir əlavədə isə yazır ki, mənəm o şeirlərin müəllifi”. Orda belə sözlər işlədir: “Mirzə Şəfi nə böyük şairdir, nə böyük alim...” Bizim mirzəşəfişünaslardan biri bunu belə tərcümə edir: “Mirzə Şəfi böyük alim və böyük şairdir...” Bodenştedt davam edir:

 

“Mirzə Şəfi doğumuna görə tatar, təhsilinə görə persdi...”

 

“Tatarların perslərdəkinə bənzər zəngin ədəbiyyatları yoxdu. Dilləri şərqin fransızcasıdır, çox geniş yayılıb, amma perscənin təsirinə çox məruz qalıb. Başqa bir işlə məşğul olmadığı üçün Mirzə Şəfi dil müəllimi kimi də güclü deyil, ona görə mən onu tanımazdan əvvəl ölsəydi, azsaylı tanışlarından başqa onu heç kim xatırlamazdı... Mirzə Şəfi dərsə heç vaxt kitabla gəlməzdi. Fantastik yaddaşının heç ona xəyanət elədiyini görmədim... Sufi idi. Onun qeydlərindən çox az istifadə eləmişəm. İstifadə eləyəndə də obraz kimi, ideya kimi ifadələrdən istifadə etmişəm.  Şeirlər özümündür. 4-5 şeir var ki, tərcümə eləmişəm, ola bilər ki, Mirzə Şəfinindir, ya da başqa şairlərin də ola bilər. Amma dəqiq bilirəm ki, biri özünün şeiridir. “Mirzə Şəfi nəğmələri”ndə Füzulinin, Hafizin, Sədinin, Abbasqulu ağa Bakıxanovun müəyyən şeirləri də öz əksini tapıb...”

 

Bodenştedt mistifikator olub...

 

H.İsaxanlı bildirir ki, Bodenştedti “mistifikator” adlandırırlar: “Yəni, uyduran, çaşdıran, kobud desək, kələkbaz. Məsələn, Puşkindən, Lermontovdan elədiyi tərcümələri öz şeirlərinin arasına qoyub, aradan bir müddət keçəndən sonra deyib ki, özüm yazmışam. Yəni, Bodenştedtdə bu məsələlər olub, onu müdafiə edənlər də bunu təsdiqləyir... Mənim arqumentlərim var ki, şeirlər Mirzə Şəfinindir. Sonda Bodenştedtin dostu, sonralar Nobel mükafatı almış Paul Heysenin fikrini sitat gətirmək istərdim: “Bodenştedtin büründüyü Şərq maskasını çıxarıb atsaq, söhbət yalnız az ya çox dərəcədə ruhla dolu orijinal əsərlərin yenidən işlənməsindən gedə bilər”. Yəni ki, Bodenştedt özü orijinal nəsə yazmağa qadir olan adam deyil...”

 

 

 

 

Sevinc Mürvətqızı

 

525-ci qəzet.- 2015.- 11 aprel.- S.23