Şair Xəyal Rzanın doğum gününə
Mənimçün, Yaradanın insana verəcəyi ən böyük hədiyyə - şairlikdir! Şairlik - insanın ruhi
vəziyyətidir. Yazılasını yazmayanda özünə yer tapmırsan, yazandan sonra - yağışdan sonra torpağın yanğısı
sönüb təravətlənən
kimi, sənin də ürəyinin yanğısı sönür.
Qəlbində bahar çiçəkləyir...
Belə
istedadlardan biri - ədəbiyyatda “oğlum”,
həyatda “dostum” dediyim
dəyərli qələm
sahibi, sadə insan - şair, publisist Xəyal Rzadır!
Dünyada yeganə sevdiyim,
sevdirmək istədiyim,
yolunda hər şeydən imtina edə biləcəyim və hər şeyimdən keçə
biləcəyim təkrarolunmaz,
ədəbiliyinə əmin
olduğum bir ucalıq var ki, o da ƏDƏBİYYATdır!Bu kəlmələri
kimsə pafosla deyilmiş gəlişigözəl
sözlər hesab edə bilər. Etsin! Bu, yalnız
onun saxtalığının
isbatı olar.
Rus şairi Yevgeni Reyn deyir ki,
xalqın yenilməz bayrağı - onun ədəbiyyatıdır!
“Mən Türkəm, Türk oğluyam,
Qanım
Türkün qanıdır!
Ürəyim Türk ürəyi,
Biləyim Türk biləyi,
Canım Türkün canıdır!” - deyən Xəyal Rza da, o bayrağı
uca tuta biləcək, onun müqəddəsliyini hər
kəsə isbatlayacaq
ədəbiyyat adamlarındandır.
Bəlkə də kimsə onu soyuqqanlı, təkəbbürlü biri
kimi tanıyır. İnandırıram ki, yanılır. Hərdən
soyuq və qürrəli görünən
bu insanın qəlbində, kəm bir sözdən yaralanıb kövrələ
bilən, uşaq gizlənir.
Hər kəsə
məlum olan bir həqiqət var ki, körpələrə,
qocalara və zavallı heyvanlara olan şəfqət - insanlığın birinci
sübutudur. Mən də öz
dostumu ilk günlərdən
belə bir insan kimi tanımışam.Onun
yetimxanalara və qocalar evinə dəfələrlə yardım
etdiyini bilirəm.
Maşınında sahibsiz pişik
balaları üçün
xüsusi yem alıb gəzdirdiyini də görmüşəm.
Xəstə bir heyvanın
ölümünə gözlərinin
dolduğunun da şahidi olmuşam.
Xəyal Rza Azərbaycan Yazıçılar Birliyinin
mətbuat katibi təyin olunduqdan sonra tez bir
müddətdə Birliyin
ayb.az saytı olduqca fəal nəzərə çarpmağa başladı. Bilmirəm,
fərqinə varan oldumu, amma saytın
səhifəsində tam bir
il, keçmiş
mətbuat katibi mərhum Ədalət Əsgəroğlunun şəkli
durdu. İndiki özünüreklam və eqoizm zamanında bu davranış - insanpərvərlik
və dostcanlılıq
demək idi. Bu, böyük bir qəlbdən gələn
təbiilik idi, kimsədən “sağ ol” gözləmədən...
Amma onu da deyim ki,
heç kimin xətrinə dəyməyi
sevməyən Xəyal
Rza, dostları üçün açıq
kitab olsa da, ədəbiyyata biganə yanaşanlar üçün keçilməz
qayadır. Mən onun ədəbiyyat
sevgisinin vurğunuyam.
Xəyalın bu sevgi uğrunda nə fədakarlıqlar etdiyini bilirəm.
Bəzən, bizimkilərin yersiz adama yersiz tərifi üz qızardır, tənqid isə çox zaman kimisə ruhdan salmaq, gözdən düşürmək, irəli gedənə həsəd aparmaq məqsədi güdür. Dostun səhvini üzünə vurmamaq, pisini gizlətmək, birləşmələr, qruplaşmalar və başqa ürəkağrıdıcı hallar var... Yolunun üstə duranı, istedadlı da olsa, görməzlikdən gəlmək var. Xəyal isə tam başqadır. Onun tənqidində qərəz olmur. Bəyəndiyinə qısqanclıq hissi duymur, bəyənmədiyini isə heç zaman tərifləmir. Qruplaşmadan, kütlələşmədən uzaqdır. Bir yandan yüzlərlə dostu-tanışı olan, bir yandan isə özlüyündə təklənən biridir - təkliyində möhkəmlənən, mükəmməlləşən.
İndi elə bir dövrdür ki, düşünənlərin yerini düşünənləri müzakirə edənlər tutub. Düzdür, müasir ədəbiyyatda yaxşı, oxunaqlı, mənalı və dəyərli yazılar çoxdur. Mənasız, dəyərsiz, heç kimə lazım olmayan, oxucunun zövqünü xarab edən, müasir oxucu kütləsini şikəst edən yazılarsa ondan da çoxdur. Lakin yenə də, hər şeyə rəğmən, gözəl yazan gənclərimiz var. Hər biri, zamanla, gələcəyin ünlü şairləri, nəsr ustaları olacaq yüksək potensiala malikdirlər. Bəzilərinin kitablarımı yoxdur? Çox yaxşı məlumdur ki, kitab məsələsi indi ancaq və ancaq maddi durumla bağlı problemə çevrilib. Pulu olan hər bir adam bərbad yazılarını toplum halına sala bilir, elə gözəl yazılar da olur ki, maddiyyat üzündən yığcam vəziyyətə gələ bilmir. Xəyal Rza bu yolda da gənclərə öz yardımını əsirgəmir, onları ruhlandırır.
Azərbaycanda Şairlər Günü kimi təntənəli və ildən-ilə daha gözəl qeyd olunan bir bayramın adı Xəyal Rzanın fəaliyyəti ilə bağlıdır.
İlk dəfə 2011-ci ilin iyun ayının 5-də (Mikayıl Müşfiqin doğum günündə) bir neçə şairin və ədəbiyyatsevərlərin əhatəsində qeyd etmişdik bu bayramı. 2014-cü ildə isə Muğam Mərkəzində, yüzlərə yazarın, ədəbiyyatşünasın, jurnalistin və eləcə də Azərbaycan ziyalısının iştirakı ilə keçirildi bu əziz gün. Bir çox şairə Müşfiq mükafatı təqdim olundu...
İlk dəfə “Ugurun olum!” şeirilə tanıdığım Xəyal Rza! Sən çox xoşbəxtsən, çünki iti qələmin, susmayan ilhamın, ciddiyyətin, həm də səmimiyyətin var! Yüksək amalın, böyük arzuların var və... səni çox sevən iki şair anan var. Elə bu sarıdan, mən də xoşbəxtəm, çünki belə bir şərəfli insan məni öz anası kimi dəyərləndirir.
Şairə Tamaşa Xəyalinin şair oğlu! Doğum günün mübarək! Qoy bu mürəkkəb və təlatümlü dünyada Ədəbiyyat sənin uğurun olsun!
Moskva
Afaq Şıxlı
525-ci qəzet.- 2015.- 11 aprel.-
S.22.