Qadın olmaq...

 

 

XXI yüzillik həm deqradasiya, mənəvi aşınma əsridir. Texnikanın, informasiya texnologiyalarının, internetin sürətli inkişafı, hüdudsuz imkanları danılmazdı.

 

Bununla belə, incəsənətin, az qala, bütün sahələrindəki  geriləməni, əsl sənət kriterilərinin dəyişilməsini, itməsini açıq-aydın görmək olar. Amma daha ciddi qorxulu olan insan münasibətlərinin, insanlıq meyarlarının sıradan çıxmasıdı. Dünən ayıb sayılan bu gün normal qarşılanır, hətta təqdir edilir.

 

Azadlıq, sərbəstlik düşüncəsi, demokratiya ideyaları çoxlarını sanki çaşdırıb, təlaşa salıb. Azadlıqdan sonacan yararlanmaq arzusu, sərbəstliyi maksimum nümayiş etdirmək istəyi eybəcər bir mənzərə yaradıb.

zamanla bu eybəcərliyin özü o qədər adiləşib ki, daha  bununla mübarizə aparmaq, nəyisə dəyişmək, düzəltmək cəhdlərinin mənası qalmayıb. Bir sözlə, dünya öztaleyiilə barışıb. Amma hər halda mühafizəkar Şərq inkişafı, yenilikləri Qərbdən gec qəbul etdiyi kimi, geriyə doğru addımları da daha ləng atır. Qərbdə çoxdan sıradan çıxan ailə, insan münasibətləri, kökə, keçmişə sayğı, bağlılıq Şərqdə hələ indi-indi “can verir”... Bir sözlə, Şərq hələ tam robotlaşmayıb. məncə, bunun səbəblərindən biri qadınlardı. Şərq qadını Qadınlığı az-çox qoruyub...

 

Əgər cəmiyyətdə qadının kişinin vəzifələri bölüşdürülsə, qadının boynuna düşən işlər gözəgörünməzdi. Kişi gücdüsə, Qadın enerjidi... Kişi bədəndisə, Qadın ruhdu. cəmiyyət bunların  birgəliyindən, yanaşı addımlamasından, hər kəsin öz yerində olmasından yalnız xeyir görə bilər. Amma təəssüf ki, son vaxtlarda bu məsələlərdə aləm qarışıb bir-birinə. Qadın kişi bərabərliyi, gender məsələləri zərif cinsin başını gicəlləndirib. Hamı lider olmaq, aparıcı qüvvəyə çevrilmək, əmr vermək  istəyir. yenə azadlıq, sərbəstlik təlaşları qəribə görünür.

 

Nədənsə müasir qadın heç bir ölçüyə, qaydaya sığmayanazadlıqarzusundadı. Mətbuatı, televiziyanı, gündəlik həyatı, ictimai mənzərəni müşahidə etdikcə, adama elə gəlir ki, yalnız bir çıxış yolu var; zamanı maqnitafon lenti kimi bir az geriyə fırlatmaq. Azərbaycanda qadın azadlığının tarixini təxminən XIX əsrdən hesablamaq olar. XIX əsrin sonu XX əsrin əvvəllərində ölkəmizdə maarifçi qadınlar cəmiyyətlərinin meydana çıxması, Tağıyevin qızlar məktəbinin açılması, “İşıqadlı birinci qadın jurnalının işıq üzü görməsi, Həmidə xanım CavanşirinMolla Nəsrəddin”də qadın problemlərini qaldırması - bütün bunlar ilk ürkək addımlar idi.

 

Eyni zamanda, ədəbiyyat da, incəsənət öz təsirini göstərirdi. Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin, Cəfər Cabbarlının o dövrdə yazıb-yaradan neçə-neçə sənətkarların öz əsərlərində aşıladıqları azad qadın ideyaları effektini verirdi. Amma heç şübhəsiz, o zaman qadını sərbəst görmək istəyən Cəfər Cabbarlı Sevilə çadrasını atdıranda bundan o tərəfə soyunmağın tərəfdarı deyildi. Yaxud o vaxtkı milyonçuların xanımları cəmiyyətdə imkanlı qadının simvolu idisə bu adamlar ərlərinin maddi vəsaitindən istifadə edib xeyriyyəçiliklə məşğul olurdularsa, indi hər şey tamam fərqlidi. Əlbəttə, hamının gözü önündə olan bu ağrılı fərqləri təsvir etmək niyyətində deyiləm. Sadəcə, əsası ötən əsrlərdə qoyulmuş, min əziyyətlə başlanılmış məsələlərin indi hansı görkəmə düşməsinə diqqət çəkmək istəyirəm.

 

Yusif Vəzir Çəmənzəminli Şərq qadınının savadsızlığından ürək ağrısı ilə yazırdı, savadlı anaların cəmiyyət üçün qədər faydalı olmasını vurğulayırdı. Amma Yusif Vəzir beş-üç mənasız kitab oxuyubburda mənəm...” deyəcək qadınları təsəvvürünə gətirmirdi, bəlkə . Bu gün bir çox universitetlərin əsas tələbə kütləsi qızlardı, ancaq bircə sosial şəbəkələri izləmək yetər ki, bubiliklilərinkəmsavadlıqdan gələn bəsit düşüncələrinə heyrətlənəsən. Bir sözlə, sanki mizan-tərəzi, orta xətt pozulub. elə bil mətbuat da Azərbaycan qadınlığına qənim kəsilib. Sputnik vasitəsiylə bütün dünyaya yayımlanan televiziya məkanımızda qadınlar, az qala, kloun kimi, karikatura kimi təqdim olunur. Kanalın birində baş soğan yemək yarışmasında cani-dildən qalib gəlməyə çalışan qadınlarımız, digərində tum çırtlayıb sponsorunu reklam edir. Hələ ədəbiyyatımızda bayağılığın, harınlığın simvolu kimi göstərilən pul cırmaqdan danışmıram. Tok-şoularda ən abırsız mübahisələrə girişib qarşısındakını susdurmaq da əlimizdə. Efirdənkişilər nəyimizə lazımdıdeyib bəyanatlar verən, əli pula çatan kimi özünü zirək alverçi görkəminə salanlar da heç... Şou-biznesin bayağılığına, duzsuz, mənasız mübahisələrinə yoluxan efir evdar qadınlarının böyük əksəriyyətini öz təsirinə salıb.

 

Ötən əsrin 60-cı illərindən sonra quruluşun müğənnilər üçün qoyduğu qaydaları, çərçivələri sındıran Zeynəb Xanlarova tamaşaçıya zövq verirdi. Əgər o zamankı senzura efirdə, az qala, robot kimi durub ağzını açıb-bağlamağa icazə verirdisə, Zeynəb Xanlarova rəqs edə bilərdi, mahnıya uyğun emosiyalarını da çatdırardı. Sənətinin böyüklüyünə, istedadına görəyuxarılarda, senzura da ona bu şeyləri bağışlayırdılar. Amma tamaşaçı üçün bütün bunlar qürurverici idi, çünki Zeynəb xanımın hərəkəti, sənətinə, gücünə arxalanıb qaydaları pozması Azərbaycan qadınının azadlığından, sərbəstliyindən xəbər verirdi. Ancaq bu gün heç bir qadağa ilə, senzura ilə qarşılaşmayan bəzi qadın müğənnilərin davranışları azadlığı yox, məhdudluğu, boşluğu, mənəvi kasıblığı ifadə edir. təəssüf ki, efirdə, saytlarda da daha çox bunlar reklam olunur, bunlar qabardılır. Hələ yetkinləşməmiş müasir yeniyetmə qız gözünü açıb bunları görür, bunları ideallaşdırır.

 

Müasir dəb haqqında düşünəndə adam xeyli pessimistləşir. Bu günlərdə məktəbdə valideyn iclasına gedən dostlarımdan biri təəccübünü gizlədə bilmirdi; nədənsə bütün xanımlar bir-birinə bənzəyirdi, hamısı eyni idi elə bil - deyirdi. Səbəb plastik əməliyyatlar, silikonlar, botokslar, qoyma, uzun kirpiklərdi. Kim dəb saldı bu dəzgahdan çıxmış burunları, “üfürülübşişirdilmiş, hissiyyatsız dodaqları, plastmas kirpikləri, bilmirəm. Düşünürəm ki, Pərisini vəsf eləyibağız nazik, dodaq nazik, dil nazik...” - deyən Molla Pənah Vaqif indiki dövrdə yaşasaydı, yəqin çaşıb qalardı. Bu mənada bir müddət sonra şairlərimizin işi çətin olacaq. Şair qadının üzündə, simasında təbii rəng, şirinlik, istilik, doğmalıq görməyəcəksə, nədən ilhamlanıb yazacaq görəsən?!

 

Təbii ki, bu yazdıqlarımla xanımların baxımsız, səliqəsiz daha gözəl, maraqlı olduğunu demək istəmirəm. Qətiyyən! Hər kəs öz qüsurlarını gizlədə, müasir vasitələrdən istifadə edib aradan qaldıra bilər. Amma nədən ölçü hissi bu qədər itib, insan özünü qoruyaraq dəyişmək, gözəlləşmək istəmir?! Hamıdan biri olmaq, hamıya bənzəmək nədən belə xoş gəlir müasir qadına?!

 

Bütün bu sadaladığım və bir yazıya sığışdırılması çətin olduğu üçün demədiyim məsələlər ilk öncə ailəyə, daha sonra ümumi cəmiyyətə təsir edir. Qadın “azadlaşdıqca”, “sərbəstləşdikcə” heç bir çərçivəyə sığmaq istəmir. Və ailənin özünübuxov kimi, məhdudiyyət kimi qəbul edir. Təbiətin kişiyə aid etdiyi məsələlərlə barışmır. Hətta “zərif”, “incə” kimi sözləri də, az qala, təhqir sayır. Çox güman ki, son illərdə “xasiyyətimiz tutmadı”, “bizdə alınmadı” kimi mənasız bəhanələrlə dağılan, ömrü beş-üç ay sürən ailələrin sayının artmasının bir səbəbi də budu.

 

Amma axı, Qadın olmaq ocağı qorumaqdı...

 

Həm də bir az sığınmaqdı, özünü güclü kişidən “asılı” saymaqdı Qadın olmaq.

 

Qadın olmaq hirsini, qəzəbini udmaqdı...

 

Qadın olmaq özünü, səviyyəni qorumaq üçün nələrəsə göz yummaqdı...

 

Qadın olmaq kişidən üstünlüyü nümayiş etdirmək deyil, ona - ərinə (sevgilinə) ruh, güc, enerji bəxş etməkdi.

 

Qadın olmaq qılığlı, mehriban, gülərüz simanı saxlamaqdı hər zaman.

 

Oxumaqdı, öyrənməkdi, amma biliyini başa qaxınc etməməkdi. 

 

Sevməkdi Qadın olmaq! Sevginin gücüylə dağları aşmaqdı!

 

Essemin əvvəlində vurğuladığım kimi, bütün bu məsələlər o qədər adiləşib, bonal həqiqətlərə çevrilib ki, onlar haqda danışmaq, yazmaq, hər hansı şəkildə mübarizə aparmaq mənasız, yersiz görünür. Amma axı, məşhur bir deyimvar: dünyanı gözəlləşdirməyə, düzəltməyə özündən başla. Elə bu gündən, sabahdan, biri gündən başla! Sən - evdar qadın, alim xanım, qadın yazar, müəllimə, şairə, katibə...

 

 

PƏRVİN

525-ci qəzet.- 2015.- 11 aprel.- S.21.