“Rənglərin fəlsəfəsi”

 

“GÜZGÜDƏ ÖZÜNÜ TANIYAN RƏSSAM” XƏYYAM ABDULLAZADƏNİN YOZUMUNDA

 

 

 

Rənglər təbiətdə olduğu kimi heç yerdə parlaq “dil açmır”. Əlimdə təbiət kimi canlı kitab var: “Rənglərin fəlsəfəsi”...Tanınmış rəssam Məryəm Ələkbərli ilə rejissor, şair Xəyyam Abdullazadənin birgə işi olan, təbiətlə həyatın tandemi kimi bir nəşr. Sözəgəlişi demədim təbiətlə həyat tandemini. “Rənglərin fəlsəfəsi”ndə Məryəm Ələkbərlinin rəngləri dil açıb, sözə çevrilib, Xəyyam Abdullazadənin fəlsəfəsi isə rənglənib. Onun hər bir rəsmə verdiyi poetik fəlsəfi yozumlar isə rəngbərəng işıqlar kimi sayrışmada... Bu kitabda Məryəm Ələkbərli rənglə təbiəti yaradıb, Xəyyam Abdullazadə sözlə həyatı... Təbiətlə həyat qarışıb-qovuşub bir-birinə və bu sevgidən “Rənglərin fəlsəfəsi” doğulub. Məryəm Ələkbərlinin hər bir rəsmi hansısa rəngin fonunda təqdim edilib, yanındakı səhifədə isə Xəyyam Abdullazadənin həmin rəsm üçün yozumladığı poetik nümunələr... Fon rəngi qətiyyən təkrarlanmır, rənglərin nə qədər çaları, sözün, fikrin nə qədər sayrışması varmış... Və bunlar hamısı “Rənglərin fəlsəfəsi”nə sığışdırılıb.

 

Kitab “Dincəlmə” rəsmi ilə açılır... Üstündə yetişmiş barı olan nar kolunun dibində incə bir qız uzanıb... Ətrafında yetişmiş narlar... Qara saçları dağılaraq nar ağacının köklərinə qovuşub sanki... Üzündəki laübalı ifadə ilə elə bil kimisə gözləyir... Bəlkə də heç gəlməyəcək birini... Xəyyam Abdullazadəyə görə isə “Dibinə

düşmüş nardır bu qız...”

 

“Cülyettanın portreti” gəlir ardınca... Çox maraqlı rəsmdi. Qadının üzü təsvir edilməyib, dərirəngi bir qarışım yayılıb üzünə-gözünə... Fikrə gedib... Və qəribədir ki, üzü  təsvir edilməsə də, üzünün ifadəsi var sanki... Kədərli, qayğılı bir sima canlanır çəkilməmiş üzündə... Qara saçları ilə qara paltarı uyum təşkil edən bu qadına bəlkə bir gülərüz yaraşardı, siması da oturduğu güllü fonda olduğu kimi çiçəkləyərdi, bir təbəssüm tumurcuqlayardı üzündə... Xəyyam Abdullazadənin fəlsəfi sualları yağır həmin qadının başından aşağı:

 

Üzsüzlər üzündə üz qoymadımı,

Yaradan üzünə iz qoymadımı?...

 

Qadın mövzusu Məryəm Ələkbərlinin yaradıcılığında xüsusi yer tutur. Onun fırçasının məhsulu olan çılpaq  qadın rəsmləri nədənsə mənə çox kədərli təsir bağışladı. Sarı fonda təqdim edilən “Luiza və ay” rəsmində göydəki ay da sarı təsvir olunub. Ümumən, isti bir duyğu oyadan rəsmdəki çılpaq qadın isə sanki soyuqdan büzüşüb uzanıb. Bu, təbiətin soyuqluğundan deyil. Qadın təbiətinin, qadın mahiyyətinin simvolu olan Aya arxasını çevirib uzanmış Luiza əslində elə öz mahiyyətindən küsmüş kimi görünür... Öz içində qadınlığına arxa çevirib yatan qadından daha ağrıdıcı mənzərə varmı? Bir çox qadın məhz elə bu şəkildə yaşamaqda deyilmi? Xəyyam Abdullazadə rəsmə fərqli yozum verib:

 

Mən ölümdən sənə,

Sən əbədiyyətdən mənə sığınıb,

yatmaq istəyirik...

 

Kitabda həmin rəsmi “Ağrı” izləyir... Qapqara fonda qırmızı ilə qaranın ən müxtəlif tonlarında bir insan başı təsvir edilib. Baxışlar da qeyri-müəyyəndi, dodaqların vəziyyəti də... Əzab dolu gözlər harasa yuxarı - məchul bir boşluğa dikilib. Xəyyam Abdullazadə bu ağrını ölümə bənzədib:

 

Demək, sən qadın sevgisi kimisən!

Elə qadın sevgisi də sənin kimi...

...adınsa Ölüm.

Bir qabam - qanla dolu,

Tanrı qədəh kimi tutub əlində

Sərxoş baxışlarla süzəcək məni.

Mələklərdi sağı-solu,

Lakin öz sağlığına içəcək məni...

 

Məryəm Ələkbərlinin 12 saylı kompozisiyasına yazılmış bu fəlsəfi uyğunlaşdırma həmin rəsmi tamamilə izah edir... Bu, xüsusilə gözəl təsir bağışlayan rəsmlərdəndir.

 

“Çılpaq” rəsmində yenə qadın öndədir. Maraqlıdır, Məryəm Ələkbərlinin çılpaq qadın rəsmlərində vücud çılpaq olsa da,  hisslər, duyğular çılpaq deyil və bəlkə də məhz bu amil o çılpaqlığın üstünə görünməz bir örtü kimi çəkilir. Məryəmin rəsmlərindəki qadınlar adətən yanakı uzanaraq sağ əlini arxaya başı üzərindən geriyə atır sərbəst şəklidə. Bu jest bəzən laqeydliyin, bəzən qadın cazibədarlığının, bəzən də sadəcə qadın duyğusallığının nişanəsidir. Xəyyam Abdullazadə “Çılpaq”dan belə təsirlənib:

 

Gecələr bir qadının bədəninə

Şeir yazıram.

O qadın, heç vaxt çap olunmayacaq

Əlyazmam.

Bu əlyazmamdakı şeirlərin mövzusu

Bir kişinin tənhalıq qorxusu.

Bir qadının bədəninə şeir yazıram

Dodaqlarımla.

Bəzən də yazdıqlarımı pozuram

Yanaqlarımla.

Yaza bilmədiklərimin,

Yazıb poza bilmədiklərimin,

Əlyazması çılpaq Qadın.

 

Məryəmin bir “Dilək ağacı” da var rəsmlərin arasında. Bütün gövdəsi, budaqları ilə gözgörəsi nəfəs alan dipdiri ağac. Ağlımdan keçirirəm: görəsən Məryəm o rəsmi çəkərkən ürəyində hansı diləyi tutubmuş?... Xəyyam Abdullazadəyə görə, o həm də Qədr ağacıdır:

 

Səni bu şəhərdə axtarmadığım bağ,

Aramadığım bağça qalmayıb

Elə bil ərşə çəkilmisən.

Əgər varsansa,

Bəs harda, harda əkilmisən

Qədr ağacı?

Bildim sənin sirrini.

Sən yeganə ağacsan ki,

Yalnız sözə əkilmisən...

 

“Şarpanteli qadının portreti”ndə yenə Məryəm Ələkbərlinin özünəməxsus tərzi gözə çarpır: Qadının üzü aydın sezilmir. Simada qırmızı dodaqlar, allanmış yanaqlar və qəribə bir ifadə ilə naməlum boşluğa zillənmiş gözlər olsa da qətiyyən onun nə düşündüyünü anlamağa imkan vermir. Məryəmin çəkdiyi qadınların ortaq cəhətidir bu: qəribə bir sirr var simalarında. Və o qadınlar bədən dili ilə “danışsalar” da, mimikaları qətiyyən daxili təbəddülatlarını, nə hiss etdiklərini büruzə vermir. Və düşünürəm ki, yəqin bu, Məryəm Ələkbərlinin rəssam kimi özəlliyini şərtləndirən amillərdən biridir. Onun çəkdiyi sağlam görünüşlü, gözəl qadınların daxilində tamam başqa bir qadın gizlənib. Məryəm çəkdiyi qadınların simasında, o cümlədən də “Şarpanteli qadının portreti”ndə bunu ustalıqla təsvir edib. Onun çəkdiyi qadınlar ilk baxışda sadə, anlaşılan, üzdə olduqları qədər də dərindədirlər, hardasa öz iç dərinliklərində bir yerdə... Xəyyam Abdullazadə üçün bu qadın:

 

Unuda bilmədiyim Adam,

Sənin ucbatından Allaha yadam.

Səni unuda bilmədiyim üçün

Hamı tərəfindən unudulmuşam.

Buna, şadam...

Buna, şadam! 

 

Məryəmin ən təsirli əsərlərindən biri də “Qar yağır” rəsmidir. Bir andaca qar saflığının, qış təmizliyinin ortasına düşürsən sanki...və bu saflıq təkcə ağappaq qarın yağmasına görə deyil, birbaşa rəsmin və o saflığı kətana köçürən rəssamın ruhundan qaynaqlanır. Xəyyam Abdullazadə bu saflığın nişanəsini şeirə belə gətirib:

 

Qar dənəsi,

Niyə qara, qırmızı yox, ağappaqsan?

Bəlkə yerin üzünə olduğun kimi,

Göy üzünə də olmusan?

Qar dənəsi, qar yağışı...

Göy üzünə olan ruhların

Yer üzünə qayıdışı...

 

Məryəmin “Yağış”ı elə qəribə yağır ki, bu yaşıl-çəhrayı, sarı yağışın ən müxtəlif tonlarında yağan yağışın altında ruhun tamam islanıncaya qədər gəzmək istəyirsən... Yaşadığın bomboz bir həyatın içindən bu al-əlvan yağış rənginin içinə atlamağı arzulayırsan. Bəlkə bu rənglərdədir rahatlıq tapmayan ruhun dincliyi?...

“Gün batımı” elə qəribə rənglərin qarışımından yaranıb ki, bu fantaziyaya heyrətlənməyə bilmirsən. Və düşünürəm ki, uzaq üfüqdə artıq batmaq üzrə olan və sanki bütün narıncı rəngini, istisini mavi dənizin yaxasına tərk etmiş ağappaq(!) Günəşin soyuqluğu necə də üşüdür... Hətta rəngi, yalnızlığı, genişliyi ilə ətrafa soyuqluq hissi aşılayan dənizdən də soyuqdu Günəş.. Maraqlıdır, rəssam günəşin rəngini dənizə tapşırmaqla, onu ağappaq, sönmüş ulduz kimi təsvir etməklə nə demək istəyib  əcəba?... Xəyyam Abdullazadəyə isə bu rəsm, bu dəniz, bu soyuq Günəş “get” deyib:

 

Min illərdir dönə-dönə, təkrar-təkrar

Eyni sözü söyləyirsən, “get” deyirsən.

Min illərdir “qal” deyəcəyin birinimi gözləyirsən?

Kimdir? Nədir sənin belə sevdiyin?

Bunca vəfana layiq bildiyin?

Cavabın da “get”dir.

Sualın da “get”!

İncitmirəm səni, gedirəm dəniz...

 

Bu da “Küsdürdülər” rəsmi... Yenə qadın, yenə göz yaşı... Kədərdən islanan gözlər, incikliklə büzülən dodaqlar... İsti rənglərin fonunda gözdən axan soyuq, mavi göz yaşı... və bu qadın sadəcə kiminsə acı sözündən, iynəli tikanlı kəlməsindən küsməyib. Həyatın küskünüdür çəkilən... Narıncı, sarı rənglərin sıcaqlıq fonunda soyumuş, mavilənmiş göz yaşı göstərir ki, bu indicə küsməkdən axan göz yaşı deyil, illərdir küsməkdən göz yaşı soyuyub, göyərib... Necə də tanış rəsm, tanış üz ifadəsi... Necə də ruha doğma bir əsər! Xəyyam Abdullazadənin sualları, fantaziyaları, yaraşdırmaları bitmək bilmir:

 

Sevincdənmi, kədərdənmi ağlayırsan,

bunu bilmək istəyirəm...

Nə hıçqırıq, nə hönkürtü, nə də ağı səsi gəlir

Nə gülüş, nə qəhqəhə, nə lağlağı səsi gəlir.

Səsini içinə, yaşını üzünəmi atmısan?

Heç vaxt sevincə girməyib,

hər vaxt kədərəmi batmısan?

 

Demək, hələ dərdin güldürən mərhələsinə çatmamısan...

Göz yaşını yanağına döymə kimi döydürən,

Kədəri könlünə, göz yaşı üzünə yaraşan qadın...

 

Məryəmin özünü, ruhunu, istedadını ifadə edən ən gözəl rəsmlərindən biri də avtoportretidir, zənnimcə. Bu, həm göz qarşısında olan, həm də görmədiyimiz, tanımadığımız, bilmədiyimiz Məryəm Ələkbərlidir. Rənglərin möhtəşəm harmoniyasından onun həm özü olan, həm də özü olmayan təkrarsız bir əsər yaranıb. Xəyyam Abdullazadənin rəsmdən çıxardığı qənaət isə belədir:

Təəssüf ki, hər kəs güzgüdə üzünə baxıb,

Özünü tanıya bilmir.

 

Sənsə rənglər məkanında zamansan, vaxtsan,

Özünü tanıyan rəssam, özünü tanıyan rəssam!

 

Sevinc Mürvətqızı

525-ci qəzet.- 2015.- 11 aprel.- S.30.